YEPİSKOP VLADİMİR FEKETE ALMATI ŞƏHƏRİNİN KAFEDRAL KİLSƏSİNDƏ MÜQƏDDƏS MESSA KEÇİRİB

Sentyabrın 10-da Azərbaycanda Katolik Kilsəsinin Apostol prefekti, yepiskop Vladimir Fekete Almatı şəhərinin Əqdəs Üçlük​ katedral kilsəsini ziyarət edib. Almatı yeparxiyasının başçısı, arxiyepiskop Xose Luis Mumbiel Sierranın dəvəti ilə yepiskop Vladimir Fekete Rəbb Günü Müqəddəs Messa ibadətinə qatılıb və imanlılara vəz ilə müraciət edib. İbadət zamanı Vladimir Fekete həzrətlərini və arxiyepiskop Xose Luis Mumbiela Sierra həzrətlərini kilsənin baş keşişi ata Yan Bohumil Bednarski və prixodun keşişləri müşaiyət ediblər.

Almatı yeparxiyasının imanlıları ilə görüş zamanı yepiskop Vladimir Fekete Azərbaycanda Katolik Kilsəsinin tarixindən və bu günündən, Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri arasında formalaşmış xoş münasibətlərdən, Azərbaycanın dinlərarası dialoqa və sülhə göstərdiyi diqqətdən danışıb.