KARDİNAL KLAUDİO QUCEROTTİ MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ İBADƏTƏ BAŞÇILIQ EDİB
Dini Liderlərin Qlobal Sammitində iştirak etmək üçün Bakıda səfərdə olan Müqəddəs Taxt-Tacın Şərq Kilsələri Dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti Müqəddəs Məryəm kilsəsində ibadətə başçılıq edib.
İbadət başlamazdan əvvəl Azərbaycanın apostol prefekti yepiskop Vladimir Fekete ali qonağı səmimiyyətlə salamladı, Azərbaycan katolikləri adından kardinal həzrətləri ilə görüşdən böyük sevinc duyduğunu bildirdi. 2001-2011-ci illərdə kardinal Klaudio Qucerotti Müqəddəs Taxt-Tacın Cənubi Qafqaz ölkələrində səfiri olub və tez-tez Azərbaycana səfər edib. Kardinal həzrətləri Azərbaycanda Katolik Kilsəsinin dirçəlişinə, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında xoş münasibətlərin qurulmasına mühüm töhfələr verib.
Kardinal Klaudio Qucerotti moizə ilə imanlılara müraciət edərək, ölkənin katoliklərini bir zaman Rəbbdən ənam olaraq aldıqları imanı qəlblərində qoruyub saxlamağa və Allaha Onun İsa Məsihin Qurbanı vasitəsilə göstərdiyi qeyd-şərtsiz və tükənməz məhəbbətinə görə şükür etməyi dayandırmamağa çağırıb.
İbadətdən sonra kardinal həzrətləri Müqəddəs Məryəm kilsəsinin imanlıları ilə qeyri-rəsmi görüş keçirib.