DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ RAMİN MƏMMƏDOV BAKI ŞƏHƏRİ MÜQƏDDƏS MƏRYƏM KATOLİK KİLSƏSİNİ ZİYARƏT EDİB
Bakı şəhərinin baş katolik kilsəsi – Müqəddəs Məryəm katolik kilsəsində Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov.arasında görüş keçirilib
Yepiskop Vladimir Fekete Dövlət Komitəsinin rəhbərini səmimiyyətlə qarşılayıb, “Müqəddəs Məryəm” kilsəsinin tikintisinin tarixindən, Azərbaycanın katolik icmasının dini həyatının dirçəlişi və ölkəmizdə Kilsə strukturlarının bərpası işində Roma Papası II İohann Pavelin və Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan danışıb.
R. Məmmədov məbədin ibadətgahları, onların daxili bəzəyi, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və yardımı ilə quraşdırılmış vitrajlar və keramik dini təsvirlərlə tanış olub.
Dövlət Komitəsinin sədri Roma Papası II İohann Pavelin və Roma Papası Fransiskin Azərbaycana tarixi səfərlərindən fraqmentləri əks etdirən fotostendlərlə də tanış olub.
Müqəddəs Məryəm kilsəsinin çay süfrəsi zalında davam edən görüş zamanı Azərbaycan Dövləti ilə Katolik Kilsəsi arasında yüksək səviyyədə qarşılıqlı hörmət və anlaşma olduğu vurğulanıb.
Yepiskop Vladimir Fekete Azərbaycan hökumətinə katolik icmasının ehtiyaclarına göstərdiyi diqqətə və ölkədə dini icmaların azad fəaliyyəti və müxtəlif konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması üçün yaradılan şəraitə görə dərin minnətdarlığını bildirib.
Azərbaycan katoliklərinin başçısı tolerantlıq və multikulturalizm siyasətinin həyata keçirilməsində Dövlət Komitəsinin rolunu xüsusi qeyd edib və Komitənin rəhbərliyinə və əməkdaşlarına Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası ilə səmərəli qarşılıqlı əlaqələrə və yüksək operativlik səviyyəsinə görə təşəkkür edib.
Komitənin sədri R.Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın katolik icmasına göstərdiyi böyük diqqət və qayğısından, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycan ilə Katolik Kilsəsi arasında xoş münasibətlərin və səmərəli əməkdaşlığın qurulmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun rolundan danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dinlərin və mədəniyyətlərin harmoniyada yanaşı yaşaması siyasətinin beynəlxalq səviyyədə təbliğinin vacibliyinə toxunan R.Məmmədov qeyd edib ki, Azərbaycanın zəngin dini və etno-mədəni müxtəlifliyi ölkənin sürətli inkişafında əsas amillərdən biridir.
Daha sonra Dövlət Komitəsi ilə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası arasında qarşılıqlı fəaliyyət və əlaqələrin intensivləşdirilməsi məsələləri müzakirə edilib və gələcək əməkdaşlığın perspektivləri müəyyən edilib.