AZƏRBAYCAN KATOLİKLƏRİ QƏBƏLƏDƏ ƏQDƏS ÜÇLÜK BAYRAMINI QEYD EDİB

Mayın 26-da Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Əqdəs Üçlük Bayramı günündə Qəbələ rayonu Nic qəsəbəsinə zəvvar səfəri edib.
Alban-Udi Xristian icmasının müqəddəs Elişa (“Cotari”) kilsəsində keçirilən Müqəddəs Messa ibadətinə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete həzrətləri başçılıq edib. Yepiskop həzrətlərini ibadət zamanı Prefekturanın ruhaniləri ata Emil Şafar və ata Selva Kumar müşayiət ediblər.
Bayram ibadətində Alban-Udi Xristian icmasının ruhani rəhbəri Rafiq Danakari və udi icmasının nümayəndələri də iştirak ediblər.
Müqəddəs Messanın əvvəlində yepiskop Vladimir Fekete kilsəyə toplaşanlara salamlama nitqi ilə müraciət edib.
“Hamınızı Üç Simada Bir Olan Allaha xristian imanımızın ifadəsi olan Əqdəs Üçlük bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu gün biz bu qədim məbədin tağları altında toplaşmışıq ki, Rəbbi iman ənamına görə izzətləndirək. O imana görə ki, onu biz Məsihin ilk şagirdlərindən, həmçinin bu kilsənin həsr olunduğu müqəddəs Elişadan miras olaraq almışıq.
Mən xüsusi olaraq udi qardaşlarımıza, sizə, hörmətli Rafiq müəllim, qonaqpərvərliyinizə görə, iman şəhadətinizə görə təşəkkür etmək istərdim. Nic qəsəbəsi artıq Azərbaycanın bütün xristianları üçün bir ziyarətgaha, bütün ölkə üçün bir lütf məkanına çevrilib”, – deyə Vladimir Fekete həzrətləri salamlama nitqində qeyd edib.
Azərbaycan katoliklərinin başçısı moizəsində vurğuladı ki, bir İlahi təbiətlə və məhəbbətlə birləşən Üçlükdə Bir olan Allaha iman xristianları birlik şahidi olmağa təşviq etməlidir.
“Çağdaş dünyamız “əlaqələr böhranı” adlandıra biləcəyimiz böhrandan keçir: yeni siyasi münaqişə ocaqları yaranır və köhnələr alovlanır. Dünyagörüşündəki fərqlərə görə yaxın insanlar, bir ailənin üzvləri, köhnə dostlar düşmənə çevrilir.
Ziddiyyətlərlə parçalanmış bu dünyada biz xristianlar olaraq dialoq, başqalarına hörmət və birlik dəyərlərini daim xatırlatmalıyıq”, – yepiskop Vladimir qeyd edib.
Müqəddəs Messanın sonunda Alban-Udi Xristian icmasının ruhani rəhbəri Rafiq Danakari zəvvarlara müraciət etdi: “Hörmətli yepiskop Vladimir həzrətləri, katolik bacı və qardaşlarımız! Bu gün bizim üçün özəl bir gündür. Səhər biz Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə birlikdə Qafqaz Albaniyasına məsihi nurunu gətirən müqəddəs Elişanın gününü qeyd etdik, indi isə bizi Əqdəs Üçlük bayramı birləşdirib”.
İbadətin sonunda zəvvarlar ilə udi icmasının nümayəndələri qardaşlıq süfrəsi ətrafında toplaşdılar.