Sən İsa Məsihə iman edirsənmi?

Böyüklərə katolik imanının əsasları barədə

Giriş sözü

«Sən Allahın Oğluna iman edirsənmi?» (Yəh 9, 35) – bu sualı İsa Məsih anadangəlmə kor olan və Allahın mərhəməti ilə gözləri açılan bir adama verdi. Müjdəçi Yəhya bəhs edir: «İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da ge­dib yuyundu və gözləri açılmış halda qayıtdı. Qonşuları və əv­vəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə «Şiloah hovuzuna get, yuyun» dedi, mən də gedib yuyundum və gözlərim açıldı»… O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?» O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi» (Yəh 9,1; 11; 35-38).

Anadangəlmə kor olan adam ruhani cəhətdən də kor idi, çünki Allah haqqında tam həqiqəti dərk etməmişdi. Allah barədə onun təsəvvürü az idi və çox vaxt həqiqətə uyğun gəlmirdi: o, ətrafda olanların çoxunun təsəvvür etdiyi kimi Allahı təsəvvür edirdi. Lakin budur, o öz həyat yolunda İsaya rast gəldi. İsa bu insanın nəinki fiziki gözlərini, həmçinin qəlbinin gözlərini açdı, çünki kor adam Rəbbə həqiqi Allah Oğlu kimi iman etdi. Gözləri açılan bu adam ailədə məsihçi tərbiyəsi və həyatında Ümumdünya Kilsəsinin iştirakı olmadığından Allahı tanımayan, lakin öz həyat yolunda İsaya rast gələn və Ona həyatın mənasına gözlərini açmağa izn verən, hər bir “anadangəlmə kor” olan insanın ruhani cəhətdən gözlərinin açılmasının surətidir.

I-ci HİSSƏ

Məsihçilərin imanı

«Ya Rəbb, iman edirəm!» (Yəh 9, 38)

Yaşadığımız dövr dolğun və hərtərəfli məlumat dövrüdür.

Allahı tanımaq istəyən şəxs bir çox təkliflərlə rastlaşır: çoxsaylı protestant ayinləri Allah və xilas yolu barədə öz anlayışlarını, şərq dinləri (induizm, buddizm və s.) varlığın öz konsepsiyasını təklif edirlər.

Hər şeyi eyni zamanda əldə etmək istəyən şəxs tezliklə səmtini itirir, çünki onda müxtəlif anlayışlar qarışmağa başlayır və nəticədə o, Allahı tanımaq arzusunu da itirə bilər. Lakin istənilən xeyirxah işdə olduğu kimi Allah barədə həqiqətin axtarışında da düşüncə zəruridir: yadda saxlamaq lazımdır ki, hər bir adam ilk növbədə insan və yalnız sonra bunun əsasında imanlı olmalıdır. İnsan olmaq başqalarının baxışlarını və faktları qiymətləndirməkdə sağlam düşüncəli və sadə olmaq, yaşamaq və çalışmaq sevincini və yaşamaq arzusunu qoruyub saxlamaq deməkdir. İnsan olmaq cəmiyyətdən təcrid olmamaq, cəmiyyətdə öz yerinə məxsus olmaq, öz çağırışına uyğun olaraq adamlarla nemətlə bölüşmək və başqalarından aldığın nemətlərdən istifadə etmək deməkdir. İnsan olmaq qohumlar, qonşular və iş yoldaşları ilə təbii insani münasibətləri saxlamaq deməkdir. İman insanda yaxşı olan bütün cəhətləri kamilləşdirir və onu Yaradan Allaha tərəf istiqamətləndirir, onda Allahla əbədi həyata ümid yaradır, ona həyatda öz çağırışını yerinə yetirməyə qüvvət verir. Bir sözlə, həyatı dərin, əbədiyyət istiqamətli məna ilə doldurur.

Allah barədə həqiqəti öyrənmək arzusu olan insan ehtiyatlı olmalıdır və müəyyən mənfi təsirlərə düşməməlidir. Bu, məsələn, hər şeyi qara görən pessimist yazıçının, həyatı sevməyən və insanları sevməkdənsə onlara nifrət etməyi öyrədən “yalançı peyğəmbər” olan təşviqatçının, adlarını açıq göstərməyən, lakin öz üzvlərini “həddindən artıq sevən”, hətta vicdan səsini susduraraq onlardan qəti və tənqidsiz tabeçiliyi tələb edən təriqətlərin təsiri ola bilər. Özgə, başqa bir şəxsiyyətin yaxud qapalı qrupun gözləri ilə dünyanı görməyə başlamamaq üçün ehtiyatlı olmaq lazımdır. İnsan həmişə “daxildən”, həmişə ürəkdən, həmişə sağlam düşüncəyə müraciət edərək həqiqəti axtarmalıdır: “İman üçün mənə təklif olunan şey mənim insaniyyətimə, vicdanıma zidd deyilmi, onu qırıb məhv etməzmi?” Katolik Kilsəsinin Katexizisi öyrədir: “İman insanın şüurlu və azad, insan şəxsiyyətinin şərəfinə layiq olan bir hərəkətidir” (KKK 180).

Məsihin gözlərini açdığı anadangəlmə kor olan adam Məsihə imanını etiraf edən yeganə şəxs deyil. Artıq iyirmi əsr ərzində Ona milyonlarla insan iman edir. Bizim eramızın ilk üç əsri dövründə milyonlarla insan qətlə yetirilməyi Məsihi inkar edərək bütpərəstliyə qayıtmaqdan üstün tutdu. Onları bu qərara nə vadar edirdi? Dərk etdikləri həqiqətə iman və Məsihə olan məhəbbət. Əsrlər boyunca Məsihə iman milyonlarla kişi və qadını öz həyatlarını cəmiyyətin zəif üzvlərinə – xəstələrə, yetimlərə, əlillərə və azmışlara xidmətə həsr etməyə ilhamlandırırdı. Buna görə bir çox rahib cəmiyyətləri təsis edilirdi. İman böyük rəssamları, yazıçıları, bəstəkarları və memarları ilhamlandırırdı və onlar bu günədək bəşəriyyəti sevindirən şah əsərlərini yaradırlar.

İnsan bu gün də Allahı axtarır. Allaha aparan yol iman yoludur. Allah bizdən ilk növbədə iman etməyi tələb edir. Adəmlə Həvvadan və imanına görə İlahi Xalqın həm də “iman edən hamının” (Rom 4, 11) atası olan İbrahimdən Allah iman tələb edirdi. Allah həmçinin imanı Müqəddəs Bakirə Məryəmdən də tələb edirdi və məhz imana görə o, “bəxtiyar” oldu (Luka 1, 45). Məsih də şagirdlərindən iman tələb edirdi: “İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq” (Мark 16, 16). Allah Oğlu Məsihə iman xilas üçün zəruridir, çünki iman günahların buraxılmasını təmin edir və səmaları açır. Buna görə də bu gün Allah Ona yaxınlaşan hər bir insandan iman tələb edir. Katexizis öyrədir: “Kilsədən aldığımız imanı biz qayğıkeşliklə qoruyuruq, çünki o, dayanmadan, Müqəddəs Ruhun təsiri ilə, gözəl qabda yerləşmiş qiymətli girov kimi cavanlaşır və onu saxlayan qabı da cavanlaşmağa məcbur edir” (ККK 175).

Katolik Kilsəsi demək olar ki, iyirmi əsr ərzində Məsihin ilk şagirdləri və davamçıları olan, Məsihin təlimini ən yaxşı anlayan Həvarilərin imanını qoruyub saxladı. Rəbb onlara imanlılara rəhbərlik etməyi, onları öyrətməyi və təqdis etməyi əmr etdi. Həvarilərin dini on iki müddəadan ibarət olan Həvari İman Rəmzində cəmləşir. Allah övladı və Ümumdünya Kilsəsinin üzvü olmaq istəyən, Vəftiz ayinini icra edən hər kəs bu İman Rəmzinə uyğun olaraq imanını etiraf etməlidir.

Həvarilərin İman rəmzi öyrədir:

İman edirəm.

Yeri və göyü yaradan Külli-ixtiyar Ata Allaha

ve Onun Yeganə Oğlu, Müqəddəs Ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış, külli-ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm.

Müqəddəs Ruha, Müqəddəs Ümumdünya Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata iman edirəm.

Amin.

Gəlin Həvari İman Rəmzinin hər bir müddəasını daha dərindən anlamağa çalışaq.

1. « Yerİ və göyü yaradan, Küllİ-İxtİyar Ata Allaha İman edİrəm»

Ateist ailəsində tərbiyə almış insana elə gəlir ki, Allahın mövcudluğunu inkar edən bir çox dəlil var. Əslində isə bu belə deyil. Ateistlər Allahın mövcud olmadığını təsdiq edən heç bir məntiqi dəlil gətirə bilmirlər. İnsanın ağılı, ürəyi, tarix, maddi aləm, eləcə də böyük alimlər bizə Allahın mövcudluğunu təsdiqləyən bir çox məntiqi dəlil gətirirlər. Gəlin bunlardan bəzisinə nəzər salaq.

Maddi aləm Allahın mövcudluğu barədə nə söyləyir?

Makkaveylərin İkinci Kitabı ananın oğluna ətraf mühitdə onu yaradan Allahın müdrikliyini görməyi öyrətməsi barədə bəhs edir: «Yalvarıram sənə, mənim balam, göyə və yerə bax, orada olanları görəndə bil ki, Allah hər şeyi heç nədən düzəltdi və beləliklə, insan nəsli yarandı» (2Макк 7, 28). Həvari Pavlosus deyir ki, gözəl və harmoniyalı dünyanı seyr edən hər kəs belə nəticəyə gəlməlıdır ki, hər şeyi yaradan Allah mövcuddur: «Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və İlahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır» (Rom 1, 20). «Kilsə öyrədir ki, insan ağlının təbii nuruna görə bizim Yaradanımız və Rəbbimiz olan Yeganə və Həqiqi Allahı Onun əməlləri vasitəsilə, şübhəsiz ki, tanıya bilər» (ККK 47).

Kainatı biz «kosmos» adlandırırıq, yunan dilindən tərcümədə bunun mənası «nizam, gözəllik, harmoniya»dır. Bir dəfə məşhur mütəfəkkir Balmesə sual verdilər: «Allahın mövcudluğunu təsdiq etmək mümkündürmü?» O cavab verdi: «Allahın mövcudluğunun təsdiqini mən cibimdə gəzdirirəm» və saatını göstərdi. Həqi­qə­tən, yaxşı saatda mexanizmlərin hərəkət etdiyi kimi planetlərin də hərəkət etdiyi, hər bir quruluşdan üstün olan kosmosda nizam barədə düşünəndə bu nəticəyə gəlirik: saatı düzəldən usta mövcud olduğu kimi kainatın da mütləq Yaradanı olmalıdır.

Qədim yunan filosofu Ərəstun yazırdı: ”Dəniz səyahətçisi ona yaxınlaşan gəmini görəndə onu idarə edən sükançının mövcud olduğu barədə düşünür. Buna bənzər, günəşin şərqdən qərbə hərəkət etdiyini, ulduzların kamil şəkildə göydə hərəkət etdiyini ilk dəfə görənlər kainatın bu ecazkar sistemi ilə idarə edəni axtarmağa başlayırlar. Çünki hər şeyin öz-özünə yarana bilməyə­cəyi, lakin əzəmətli əbədi həyatdan başlanğıc götürməsi barədə nəticəyə gəlirlər”.

Böyük şəxsiyyətlər Allahın mövcudluğu barədə nə söyləyirlər?

Bəziləri heç düşünmədən “elm Allahın mövcud olmadığını təsdiq edib” ifadəsini təkrarlayırlar. Lakin bu adamların birindən belə bəyanatı dəstəkləyən fizika, kimya, riyaziyyat, astronomiya, tarix yaxud arxeologiya qanunlarından konkret nümunə gətirməsini xahiş etsəydik, o cavab verməzdi, çünki elmin qanunları hamı – iman edənlər və iman etməyənlər üçün eynidir. Lakin biz məşhur alimlərin bu barədə rəylərinə diqqət yetirsək görəcəyik ki, onların əksəriyyəti imanlı olub. Məsələn, Çarlz Darvin yazırdı: «Kainatın Yaradıcısı Allahın mövcudluğu barədə suala yaşadığı zamandan asılı olmayaraq bütün məşhur alimlər müsbət cavab verirlər». Nyuton “Allah” sözünü söyləməzdən əvvəl həmişə başından beretini çıxarırdı. Nikolay Kopernik yazırdı: «Allahın kainatda qurduğu ecazkar nizama heyran olmaq və öz mənəvi həyatımızı nizama salmaq ehtiyacını dərk etməmək necə mümkündür». Məşhur filosof Frensis Bekon deyirdi: «Səthi fəlsəfə məşğələləri, həqiqətən, ateizmə gətirib çıxara bilər, lakin daha dərin tədqiqatlar yenidən dinə gətirməlidir. Başqa sözlə, səthi alimlik Allaha insanı imandan uzaqlaşdırır, əsaslı elmi məşğələ isə yenidən Allaha gətirir».

Məşhur rus fizioloqu, 1904-cü ildə Nobel mükafatı laureatı İvan Pavlov çox dindar olub. Hər gününü dua ilə başlayıb, Rəbbin Günlərində (bazar günlərində) isə həmişə İlahi Liturgi­yada iştirak edirdi. Bir dəfə kilsədən çıxanda bir nəfər ona bu sözlərlə müraciət edərək onu dayandırdı:

  • Hə, baba, burjua Allahına dua edirdin?

  • Bəli, əzizim, bəli, – deyə Pavlov cavab verdi.

  • Savadsızlığın dərəcəsinə bax, – deyə o deyindi, – yalnız dar düşüncəli adamlar Allaha inanırlar.

  • Yoldaş, hamı sizin kimi savadlı ola bilməz ki, – deyə alim gülümsədi.

XX əsrin böyük fiziklərindən biri Albert Eynşteyn deyirdi: «Allaha iman edirəm və doğrusunu deyirəm ki, ateist fəlsəfə ilə heç vaxt razılaşmamışam».

Eliza Ojeşko Qrodnodan yazdığı məktublarından birində nida edir: «İnsanların ürəklərində imanın zəiflədiyini görürəm. Heç ola bilər ki, gələcəkdə ümidsiz vəziyyətə çatmış milyonlarla insan qəbirlə­rimizə üz tutaraq «bizə Allahı qaytarın» deyə qışqırmasın? Ey Yaradan, qəlbimin və ürəyimin dərin guşələrində Səni saxla­yıram. Əzablı anlarımda mənimlə danışırsan, gecələr tənha qalanda Səninlə söhbət edirəm».

Bəşəriyyət Allahın mövcudluğu barədə nə deyir?

Yalnız imansızlar arasında yaşamaq istəyən bir adamı təsəvvür edək. Belorusiyada, Rusiyada, Polşada, Almaniyada, Fransada o belə bir yer tapa bilərmi? Əlbəttə, hətta Afrikada yaxud Hindistanda da o belə bir yer tapa bilməz. Hər yerdə o, məbədlərə və dua edənlərə rast gələrdi. Plutarxın məşhur ifadəsi var: «Müdafiə səddi, padşahı, yazıb-oxumaq bacarığı, pulu, teatr və sirki olmayan şəhər tapmaq olar, lakin heç bir yerdə duası və məbədi olmayan şəhər tapmaq mümkün deyil». Çoxsaylı təbii dinlər insanın daim axtardığı Allahın mövcudluğu barədə şəhadət edir. İnsanlar tərəfindən yaranan bu dinlərin əksəriyyəti səhv edir, çünki yalnız ağılla Allahı dərk etmək qeyri-mümkündür. Lakin bu dinlərdə həqiqətin bəzi hissəcikləri var. Bunlara buddizm, induizm, daosizm, konfusiçilik, lamaizm, yapon dinləri aiddir. Hətta ateizmin və Allahla mübarizə edən təşkilatların (masonluq, şeytanpərəstlik, “Yeni Era”) mövcudluğu dolayı yolla əleyhinə çıxdıqları Rəbb Allahın mövcudluğu barədə şəhadət edir.

Bütün bəşəriyyət yekdilliklə əmindir: Allah mövcuddur, lakin yer üzündəki adamların əksəriyyəti Onun barəsində səhv anlayışa malikdir.

İnsanın ürəyi Allahın mövcudluğu barədə nə deyir?

Məşhur rus yazıçısı Lev Tolstoy yazırdı: «İnsanın qəlbi qəfəsdən düşən quş balası kimi Allahı çağırır». Hər bir insan anadan olandan qəlbində səs duyur. Həmin səs ona şərdən qaçmağı və xeyirxah olmağı söyləyir. Hər kəs bilir ki, insan suda batanda onu xilas etmək lazımdır, başqasını döymək, oğurluq etmək olmaz. Qəlbimizdəki bu səsi biz “vicdan” adlandırırıq. Vicdan bizdə necə yaranır? O məndən asılıdırmı, mən ondan azad ola bilərəmmi, oğurluğun yaxşı, “çox sağ ol” söyləməyin isə pis olmasına inana bilərəmmi? Xeyr! Daxilimdəki vicdanın səsi məndən, dünyadan və zamandan asılı deyil. Rəbb Allah insana vicdanı verib.

Katolik Kilsəsinin Katexizisi öyrədir: «Vicdanının dərinliyində insan qanun aşkar edir. Bu qanunu o özünə verməyib, lakin o bu qanuna tabe olmalıdır və onun səsi onu həmişə sevməyə və xeyirxah işlər görməyə, şərdən yan keçməyə çağırır. Lazım gələndə bu səs cavab verir. İnsanın ürəyində Allahın yazdığı qanun var. Vicdan insanın ən gizli və ən müqəddəs yeridir, burada insan Allahla təklikdə olur. Allahın səsi insan qəlbinin dərinliyində səslənir» (ККК 1776).

Hər kəs qəlbində qəti əmr eşidir: «Yaxşılıq et və pislik etmə!» Qədim yunan yazıçısı deyirdi ki, Bessus adlı bir nəfər öz oğlu tərəfindən öldürülmüşdü. Heç kim həqiqəti bilmirdi, lakin o andan etibarən qatil qaranquşların cikkildəməsinə dözə bilmirdi. Ona elə gəlirdi ki, o “Budur qatil! Budur qatil!” səsini eşidir. Qaranquşları eşitməmək üçün onların yuvalarını dağıdırdı, lakin sülh tapa bilmirdi. Bir dəfə o, qaranquşların ona sakitlik vermədiyini və onun atasını öldürdüyü barədə qışqırdıqlarından şikayətləndi. Məsələ məhkəməyə gəlib çıxdı, həqiqətin üstü açıldı. Vicdan əzab verir, şər işə görə ittiham edir, lakin eyni zamanda, xeyirxah işə ruhlandırır və yaxşılığa görə tərifləyir. Qəlbimizdə olan bu səs onu bizə verən Allahın mövcudluğuna şəhadət edir.

İnsanın ürəyi həqiqəti, ədaləti və xoşbəxtliyi axtarır. Qəlbimizdə olan bu istəyi heç kim və heç nə boğa bilməz. Allah Özü barədə deyir ki, O, həqiqətdir: «Yol, həqiqət və həyat Mənəm» (Yəh 14, 6). Digər tərəfdən, bu həyatda heç kim tam xoşbəxt ola bilməz, çünki onun xoşbəxtliyinə mane olan bir şey mütləq tapılacaq. Yunanlar tez-tez Sofoklun “Edip” əsərindən bu sözləri təkrar edirdilər: «Yaxşısı budur ki, doğulmayasan. Doğuldunsa, ən yaxşısı mümkün qədər tez ölməkdir». Bu sözlərlə onlar demək istəyirdilər ki, bu dünya tam xoşbəxtliyi verə bilmir. Dante “İlahi komediya” əsərində deyir ki, axtardığımız xoşbəxtliyi biz yalnız Allahda tapa bilərik. Müqəddəs Avqustin nida edir: «İlahi, məni Özün üçün yaratdın və Səni tapmayınca, qəlbim rahat olmayacaq».

İctimai həyat Allahın mövcudluğu barədə nə deyir?

Bir nəfəri din əleyhinə olan təşkilata qəbul edirdilər. İmtahanda ona sual verdilər:

  • Allah kimdir?

  • Allah savadsız insanlar üçün bir əfsanədir, – deyə o cavab verdi.

  • Cavab düzdür, – deyə imtahanı götürən şəxs onu təriflədi. – İndi isə de görək din nədir?

  • Din xalq üçün tiryəkdir.

  • Cavab düzdür, – deyə sualı verən sevindi. – Kilsə nə üçün mövcuddur?

  • Kasıbları öz maraqları naminə istifadə etmək üçün, – deyə cavab səsləndi.

  • Çox yaxşı! İmtahandan keçdin! – deyə imtahanı götürən şəxs elan etdi.

  • Şükür Allaha! – deyə namizəd nida etdi və xaç çəkdi.

İnsan təbiətcə dindardır və onun Rəbb Allaha səcdə etmək tələbatını reallaşdırmağa ehtiyacı var. İnsanlar Rəbbi gözləri önündən itirəndə çox vaxt alçaq və insana layiq olmayan başqa bir dəyər Onun yerini tutur. İctimai həyat ağırlaşır, bəzən də dözülməz olur: cinayətlərin sayı artır, ədalətsizlik çoxalır, ictimai münasibətlər mürəkkəbləşir. Əflatunun bu sözləri həyata keçir: «Allaha imanı olmayan xalqın normal həyatını təşkil etmək buludların üzərində şəhər tikməkdən daha çətindir». Şiller də buna bənzər fikir söyləyirdi: «İmanın iflasa uğradığı ölkə məhv olacaq». Roma Papası II İoann Pavel «Ümid astanasına qədəm qoymaq» adlı kitabında yazır: «”Allah varmı?” sualına cavab yalnız dərrakə məsələsi deyil, bütün insan varlığının sualıdır… Bu, insanın ürəyinin sualıdır».

Rəbb Allah Özü barədə nə deyir?

Allah Özünü daim insanlara zühur edib və edir. Fövqəltəbii din olan və Özünün aşkar etdiyi məsihçiliyin başlanğıcını O Özü qoydu. Müqəddəs Kitabda (Bibliyada) Allahın insan nəslinə daim müraciət etməsinin tarixi yazılıb. «Müqəddəs Yazıda Allah Kəlamı var, Allah tərəfindən ilham aldığına görə o, həqiqətən, Allah Kəlamıdır» (ККK 135). Burada biz Allahın Adəm və Həvva, Qabil, Nuh, İbrahim, Musa ilə necə danışması barədə oxuyuruq. Allah Musaya Özü haqqında bir çox həqiqəti açıqladı. Musa bizim eramızdan əvvəl XIII əsrdə yaşamışdı. Musaya Allahın ilk zühuru Xoriv dağında yanan, lakin yanıb qurtarmayan kol vasitəsi ilə oldu. Musa Allaha Onun adı barədə sual verəndə Rəbb Allah cavab verdi : «Var Olan Mənəm (ibr. Yahve)». Sonralar Rəbb Allah Musa vasitəsilə İsrail xalqına on əmr verdi. Bir çox əsrlər ərzində Allah Öz xalqı (İsrail) ilə peyğəmbərlər vasitəsilə danışırdı. Peyğəmbərlər tövbə etməyi adamların yadına salır, cəzadan əvvəl xəbərdarlıq edir, əzablarda təsəlli verir, Allah tərəfindən seçilmiş xalqı və bütün bəşəriyyəti İsa Məsihin gəlişinə hazırlayırdılar. Onlar dünyanın Xilaskarının doğulmasının hətta vaxtı, şəraiti və yeri barədə xəbər verirdilər, Onun əzabları və fidiyə ölümü barədə söyləyirdilər. İlahi Vəhyin birinci hissəsi Əhdi-Ətiq adlanır və 46 kitabda yazılıb.

İsa Məsih gələndə isə insanlara xilas üçün bilmək lazım olan hər şeyi açdı. «Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim» (Yəh 15, 15). Məsihin təlimi Müqəddəs Yazının 27 kitabdan ibarət olan və Əhdi-Cədid adlanan başqa hissəsində yazılıb. Beləliklə, Müqəddəs Yazının bütün mətni Allah tərəfdən ilham almış, yəni Müqəddəs Ruhdan ilhamlanan adamlar tərəfindən yazılan 73 kitabdan ibarətdir.

Müqəddəs Yazılarla bərabər, məsihçilik Rəvayətləri də bizə Allah Kəlamını çatdırır. «Allahın buyruğuna görə, Müjdə iki yolla ötürülürdü: şifahi ­– bunları həvarilər Məsihlə yaşadıqları və Onun əməllərini gördükləri dövrdə Ondan öyrəndiklərini şifahi vəzlə, nümunələrlə və qaydalarla yaxud da Müqəddəs Ruhdan ilhamlanmış sözlərlə ötürmüşlər; yazı vasitəsilə – «həmin Həvarilər və onların ətrafında olan adamlar yenə də Müqəddəs Ruhdan ilham alaraq Xilas Müjdəsini yazılı şəkildə qeydə aldılar», – deyə yeni Katexizis öyrədir (ККK 76).

Müqəddəs Yazı və digər katolik kitablarını oxuyaraq, xüsusilə də, Rəbbin Günlərində (bazar günlərində) Liturgiyada iştirak edərək və vəzləri dinləyərək Allah Kəlamını daha kamil öyrənmək hər məsihçinin borcudur. Məsihçi dini tədqiqatlardan qorxmur, çünki o, həqiqidir. Buna görə də Katolik Kilsəsi öz təlimini daha dərindən öyrənməyi məsləhət görür və buna təşviq edir. Məşhur alim Aleksandr Volt özü barədə yazırdı: «Məsihçi imanımızın əsaslarını dərindən tədqiq etdim, katolik kitablarını, həmçinin başqa təriqətlərin və ateistlərin də kitablarını oxuyaraq onu yoxladım, bu həqiqəti gördüm ki, pis arzu və ehtiraslarla korlanmamış hər bir sağlam düşüncə, açıq və ədalətli, aydın dərrakəli məsihçi dinini qəbul etməli və onu sevməlidir».

Allah necədir?

Allah təkdir – bu gün vəftiz olunmuş hər uşaq bunu bilir. İsa Məsihdən əvvəl bəşəriyyətin əksəriyyəti yanılaraq bütpərəstlikdə (çoxallahlılıqda) yaşayırdı. İnsanlar təbiətin təzahürlərini və yaratdığı şeyləri ilahiləşdirir, özləri üçün daşdan, metaldan bütlər düzəldirdilər. Bu, insan düşkünlüyünün ən aşağı səviyyəsi idi, çünki bütpərəstlik mənəvi nizamsızlığa gətirib çıxarır. Çox vaxt bütlərə günah vasitəsilə ibadət edirdilər. Belə ki Vakxa həddən çox spirtli içki içməklə, Marsa qəddar müharibələrlə, Veneraya isə əxlaqsızlıqla ibadət edirdilər.

«Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir», – deyə İsa öyrədirdi (Yəh 4, 24). Allah kamil Ruhdur, Onun əqli və azad iradəsi var, lakin Onun bədəni yoxdur. Buna görə də biz Onu fiziki gözlərlə görə bilmirik. Biz mövcud olan bir çox başqa şeyləri də görə bilmirik: hava, elektrik cərəyanı, maqnit və səs dalğaları, həmçinin fikirlər, sözlər və insanların hissləri. İnsana Rəbb Allahın ruhani varlığı barədə həqiqəti anlamaq çox çətindir, çünki o, Allahı canlı məxluqlara bənzər təsəvvür etmək istəyir. Rəssamlar Allahı kainatı idarə edən bir ahıla bənzədirlər, lakin bu, antropomorfizmdir (Allaha insani xüsusiyyətlər vermək). Beləcə onlar Yaradanın əbədiliyini və müdrikliyini təsvir etməyə çalışırlar. Allah isə tamamilə təmiz Ruhdur. Müqəddəs Avqustin öyrədir: «Allahı düşüncəmizlə əhatə edə bilmərik. Allahın nədən ibarət olduğunu deməkdən Onun kim olduğunu demək daha asandır. Allah nə torpaqdır, nə də dəniz. Dənizdə, havada olanlar Allah deyil. Planetlər, ulduzlar, günəş, ay – bunlar Allah deyil. Allahın Kim olduğunu bilmək istəyirsənmi? Allah gözün görmədiyi, qulağın eşitmədiyi, insan ürəyinin dərk etmədiyi bir varlıqdır. İnsan ürəyinə yerləşməyən bir şeyi onun dili necə təsvir edə bilər?»

Siseron bəhs edir: bir dəfə Sirakuz hökmdarı filosof Simonidə sual verir: «Allah kimdir?» Müdrik insan düşünmək üçün bir gün müddət istədi. Bir gün keçəndən sonra o daha bir gün istədi. Sonra iki, dörd, səkkiz… Axırda isə dedi: “Bu sual barədə nə qədər çox düşünsəm, o qədər də cavab tapmaq mənə çətin gəlir”.

«Allah məhəbbətdir» (1Yəh 4, 16). Allah məhəbbətdən ilhamlanaraq insanı yaratdı: «(Ey Allah) Sən mövcud olan hər şeyi sevirsən və yaratdığın heç bir şeyə nifrət etmirsən. Çünki nifrət etsəydin, yaratmazdın», – deyə Süleymanın Müdrikliyi kitabı öyrədir (Müd 11, 25). Məhəbbətdən ilhamlanan Allah dünyaya vahid Oğlunu göndərdi: «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun» (Yəh 3, 16).

Rəbb hər bir adama səmada əbədi xoşbəxtlik hazırlayıb və onu insana verməyi arzulayır, lakin sədaqətinə görə daha çox mükafatlandırmaq üçün onu yer üzündə sınayır. Yeşaya peyğəmbər vasitəsilə Allah söyləyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram» (Yeş 49, 15).

Sınaq və əzablarda Allaha ümidi və etibarı itirməmək üçün çarmıxa çəkilmiş İsa Məsihi yada salmaq lazımdır.

Bir gəminin kapitanı gənc matrosu sınamaq üçün ondan soruşdu:

Dor ağacına dırmaşa bilərsənmi?

Bəli! – deyə gənc cavab verdi.

Lakin dor ağacına çıxanda aşağı baxdı və başgicəllənmə hiss etdi, qorxudan qollarının gücləri azalmağa başladı. Kapitan bunu görüb qışqırdı:

Oğlum, aşağı baxma, göyə bax!

Gənc sözə baxdı, gözlərini göyə qaldırdı, başgicəllənmə və qorxu yox oldu.

Eləcə də hər bir məsihçi həyatının çətin anlarında Allah barədə düşünməli, əbədi mükafat barədə fikirləşməli, daha çox dua etməli, hər şeyə imanla baxmalıdır.

«Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəb­bətlidir. Rəbb hamıya xeyirxahlıq edər» (Zəb 145, 8-9). Allah müqəddəs olduğuna görə günaha nifrət edir, lakin günahda yaşayan insana yazığı gəlir. İnsan səmimi qəlbdən tövbə edərək Ona müraciət edirsə, Allah bağışlayır. İnsan səmimi tövbə edirsə, Allah hər günahı bağışlayır və Onun bağışlamadığı günah yoxdur. Katolik Kilsəsi bir çox müqəddəsləri övliyalar sırasına keçirmişdir (onların səmalarda olduğunu təntənəli şəkildə elan etmişdir), lakin heç kimin məhkum olması barədə bir söz demir. Qəbul olunmayanlar öz-özlərini cəhənnəmdə əbədi iztirablara məhkum ediblər, çünki günahlarına görə üzr diləmək istəmirlər və artıq mərhəməti qəbul edə bilmirlər. Allah isə insanın məhkumiyyətini arzulamır. İsa Məsih deyir: «Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib. Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək» (Yəh 5, 22; 12, 47. 48).

İndiki zamanda Rəbb müqəddəs Faustina Kovalskaya vasitəsilə insanlara günahkarlara olan mərhəməti və şəfqəti barədə xatırladır, günahları tövbə etmək və imanla Ondan üzr diləməyi əmr edir: «İsa, Sənə ümid edirəm!»

Allah ədalətlidir – O, xeyirxah fikirlər, sözlər və əməllərə görə mükafat verir, pis işlərə görə isə cəzalandırır, lakin cəza verməyə tələsmir, çünki insanın tövbə etməsini və bağışlanmasını arzulayır. Allah heç bir xeyirxah işi mükafatsız qoymayacaq, «hər kəsə əməlinə görə əvəzini verəcək» (Rom 2, 6).

İnsan bu həyatdakı xeyirxah işlərinə görə aşkar mükafat, şər işlərinə görə isə aşkar cəza almırsa, bu o deməkdir ki, o bunu ya görmədi, ya da Allahın ədaləti bunun əvəzini əbədiyyətdə verəcək. Bu, insanın pis əməllərinə də aiddir. Müqəddəs Yazı öyrədir: «”Günah etdim, nə oldu?” demə, çünki Rəbb çox səbirlidir. Rəbbin qəzəbi qəflətən gələcək və qisas zamanı öləcəksən» (Sir 5, 4. 9).

Allah əbədidir – həmişə olub və həmişə olacaq. Onun başlanğıcı olmayıb və sonu da olmayacaq. Rəbb Allahın mahiyyəti həyatdır. O Özü barəsində demişdi: «Var Olan Mənəm (Yahve)» (Çıx 3, 14). «Dağlara təvəllüd verməmişdən əvvəl, kainatı, dünyanı doğmazdan əvvəl, əzəldən axıradək Allah Sənsən» (Zəb 90, 3), – deyə məzmurçu nida edir.

Məşhur rus yazıçısı Turgenev öz kitablarından birində Alp dağlarında iki zirvənin xəyali söhbətini təsvir edir.

Yuxarıda təmiz mavi göy, aşağıda – ağ qar var.

Bir zirvə o birisindən soruşur:

Çəmənliklərdə təzə nə var?

Yer üzünü qaranlıq bürüyüb, – deyə o cavab verir.

Bir neçə min il keçir. Əbədiyyətlə müqayisədə bu heç nədir. Zirvə yenə sual verir.

Yer üzündə bir dəyişiklik görürsənmi?

  • Hər şey olduğu kimidir, – deyə o cavab verir, – dağın ətəklərini buz bağlayır, hər tərəfdə də çoxlu ikiayaqlı soxulcanlar görünür.

Bir neçə min il keçir, yenə sual verilir:

Bəs indi bir yenilik varmı?

Hər şey olduğu kimidir, yalnız iki ayaqlı soxulcanların sayı artıb, – deyə qonşu cavab verdi.

Min illiklər keçdi. Zirvə maraqlanır:

Bir şey dəyişib?

Görünür, iki ayaqlı soxulcanların sayı azalıb, su azalıb, meşələr də azalıb, – deyə ikinci zirvə cavab verdi.

Bəs indi? – deyə bir neçə minilliklərdən sonra sual yenidən səsləndi.

Yer üzü qar və buzla örtülüb, lakin yatmaq olar.

İkiayaqlı soxulcan” olan bizlər doğuluruq, yaşayırıq, hərəkət edirik, hətta bir-birimizlə dava edirik… Bu nə qədər davam edəcək? Bir neçə minillik, onlarla minillik? Lakin bunun sonu gələcək. Yalnız Rəbb əbədidir! Allah zamandan üstündür, Onun üçün “olub” və “olacaq” anlayışı yoxdur, Onun üçün yalnız “var” anlayışı mövcuddur. Allah üçün keçmiş və gələcək yoxdur, Allahın yalnız indiki zamanı var.

Məşhur fransız yazıçısı Blez Paskal Paris Akademiyasında iclaslardan birinin açılışında demişdir: «Ulduzlu göyün arxasında nə tapacağıq? Yeni göy. Yaxşı, bəs sonra nə? İnsan ruhunun ecazkar qüvvəsi “Daha nə var?” sualını verməyə məcbur edir. Lakin belə suala cavab vermək olmur: zaman, məkan, sonsuzluq… çünki belə anlayışlarla heç kim düşünmür. Buna görə də belə fikirlər insanı narahat edəndə, o, diz çökməkdən başqa bir şey edə bilməz».

Allah Külli-İxtiyar (hər şeyə qadir)dir – Müqəddəs Yazı öyrədir: «Göylərdə, yer üzündə, dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər» (Zəb 135, 6).

Allahın hər şeyə qadir olması barədə İsa Məsih də şəhadət edir: «Allah üçün hər şey mümkündür» (Mat 19, 26).

Həmçinin baş mələk Cəbrayıl Məryəmə xoş xəbər söyləyəndə demişdi: «Allah üçün mümkün olmayan şey yoxdur» (Luka 1, 37).

Müqəddəs Peter Xrizoloq deyir: «İstədiyini edə bilməsəydi, Allah daha Allah olmazdı».

Katexizis öyrədir: «İman Rəmzində İlahi xüsusiyyətlərdən yalnız hər şeyə qadir olma xüsusiyyətinin adı çəkilib. Həyatımız üçün onu etiraf etmək çox vacibdir. Biz iman edirik ki, Allahın hər şeyə qadir olması ümumdünya xarakterə malikdir, çünki Allah hər şeyi idarə edir və hər şeyə qadirdir. Allah hər şeyi yaradıb. Allahın hər şeyə qadir olması məhəbbətlə doludur, çünki Allah sizin Atanızdır. Allahın hər şeyə qadir olması müqəddəsdir, çünki “zəiflikdə” baş verəndə onu yalnız imanla görmək olar» (ККК 268).

Allah göyü, yeri və bütün mövcud olanı Öz iradəsinin hərəkəti ilə yaratdı. Allah hər şeyi Özü lazım bildiyi kimi yaratdı. Dünyanı yaradanda Allah bütün imkanlarından istifadə etmədi. Yaratdığı dünyadan qat-qat daha kamil dünya yarada bilərdi, lakin yaratdığı dünya da yüksək dərəcədə kamildir.

Müqəddəs Fedeorit deyir: «Allah istədiyini edə bilər, lakin bacardığının hamısını istəmir». Allah, məsələn, hər günahkarı yerində cəzalandıra bilər (bəzən O bunu edir), lakin həmişə bunu etmək istəmir, çünki hər şeyə qadir olmasından savayı, həm də mərhəmətlidir. Allah heç vaxt mənasız və ya şər iş görməz. Məsələn, insanı aldada bilməz, ədalətsiz ola bilməz.

Biz Rəbb Allahın hər şeyə qadir olmasını Öz təlimini təsdiqləmək üçün Məsihin etdiyi möcüzələrdə müşahidə edirik. Məsih cüzamlılara şəfa verirdi, çolaqlara yerimək, korlara görmək qabiliyyətini verirdi, ölüləri dirildirdi.

Allahın hər şeyə qadir olmasını təsdiqləyən möcüzələr bu gün də baş verir. Məsələn, 1858-ci ildə Fransanın Luvr şəhərində Bernardetta adlı bir qıza Məryəm Ana göründü. Həmin yerdən bulaq axmağa başladı və orada bu günədək möcüzələr baş verir. Allah Anasının göründüyü yerdə inşa edilmiş kilsədə Beynəlxalq Tibbi Komissiya yerləşir və Rəbbdən möcüzəli şəfa diləmək məqsədi ilə buraya gələn hər bir xəstəni müayinə edir. Möcüzə baş versə, həkimlər yenidən şəfa tapmış xəstəni müayinə edirlər və təbii səbəblə şəfa ala bilməsi barədə rəy verirlər. Lakin bu mümkün deyilsə, onda bu şəfa Allahın bilavasitə iştirakı barədə xronikada qeyd olunur. Bu, “möcüzə” adlanır. 1858-1974-cü illər ərzində xərçəng, vərəm, korluq və başqa xəstəliklərdən 4000-dək möcüzəvi şəfa qeyd olunub.

Allah hər şeyi bilən və hər yerdə olandır – O, kamil Ruhdur. Bütün kainat Onda yerləşir. Heç kim və heç nə Ondan gizlənə bilməz. İnsanın ən gizli düşüncələri Allaha məlumdur. İmanlı daim yadda saxlamalıdır ki, Allah onun fikirlərinin, sözlərinin və əməllərinin sadiq şahididir. «Hara gedim ki, Ruhun orada olmasın? Hara qaçım ki, hüzurunda olmayım? Əgər göylərə çıxsam, Sən oradasan, ölülər diyarında yatsam, Sən oradasan» (Zəb 139, 7-8), – deyə məzmurçu dua edir. Rəbbin hər yerdə olmasını unutmayan Patriarx Yusif Misirdə Potifarın ehtiraslı arvadından gələn sınağa qalib gəlməyə güc tapdı (Yar 39, 6-18). Rəbbin hər şeyi bildiyini unutmayan günahsız Susanna iki ağsaqqalla günah etməməyə və ədalətsiz edam cəzası ilə üzləşməyə hazır oldu (Dan 13, 15-24).

Allah müqəddəsdir – yəni O, tam kamildir. Rəbb Allahın bütün gözəl xüsusiyyətləri mütləqdir, şər və nöqsanlar isə Onda yoxdur. Peyğəmbər Yeşaya röyalarının birində taxtın üstündə Rəbbi gördü; Seraflar üzlərini örtüb nida edirdilər: «Ordular Rəbbi1 müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!» (Yeş 6, 3). Müqəddəs Allah gözəl, yüksək, təmiz olan hər şeyi sevir, lakin günaha nifrət edir. Allah yaratdığı insanlardan kamillik istəyir. Məsih deyir: «Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun» (Mat 5, 48). Allahın sizi müqəddəs görmək istədiyi kimi olmağı arzulamaq lazımdır. Müqəddəs Tereza və Müqəddəs Maksimilian uşaqlıqdan deyirdilər: «Müqəddəs (kamil) olmaq istəyirəm».

Allah sözünə sadiqdir – O vəd etdiyi kimi xeyirxah işi mükafatlandıracaq, qadağan etdiyi şərə görə isə cəza verəcək. Allah Əhdi-Ətiqdə Patriarx və peyğəmbərlər vasitəsilə vəd etdiklərini yerinə yetirdi. Məsihin söylədikləri də yerinə yetəcək: «Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək» (Мark 13, 31). Ümumdünya Kilsəsi barədə Onun söylədiyi sözlər də yerinə yetəcək: «Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək» (Mat 16, 18), həmçinin dünyanın sonu, Onun təkrar gəlişi, bütün insanların dirilməsi və Qiyamət Günü barədə Onun söylədiyi sözlər də yerinə yetəcək: «Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları üzərində gəldiyini görəcəksiniz» (Mat 26, 64). Buna görə də Rəbb bizi Öz əmrlərinə sadiq olmağa çağırır: «Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm» (Vəhy 2, 10). Müqəddəs Bakirə Məryəm həmişə sadiq qalıb və Rəbbə ümidlə dolu olub, buna görə də sadiq Bakirə adlanıb.

Allah birdir, lakin üç Siması var: Ata, Oğul və Müqəddəs Ruh – Katolik Kilsəsi ona üzv olmaq istəyən hər kəsə belə bəyan edir. «Müqəddəs Üqnumun (Üçlüyün) sirri imanın və məsihçi həyatının mərkəzi sirridir. Yalnız Allah bizə onu dərk etmək imkanını verə və Özünü Ata, Oğul və Müqəddəs Ruh kimi göstərə bilər» (KKK 261). Bu həqiqəti etiraf edərək Kilsə «Ata və Oğul və Müqəddəs Ruh adı ilə» müqəddəs vəftizlə İlahi həyatda iştirak etmək üçün yol açır.

Üqnumu etiraf etmə və xaç işarəsi məsihçinin işarəsi olur. Üç Allahı deyil, üç Simada olan bir Allahı etiraf edirik. Üç sima bir Allahdır, buna görə Hər şeyə Qadir olmaqda, mərhəmətdə, məhəbbətdə, əbədilikdə və s. bərabərdir. İlahi Simalar mənbələri ilə fərqlənirlər: «İlahi Simalar real olaraq bir-birindən fərqlidir. «Allah birdir, lakin tənha deyil». «Ata», «Oğul», «Müqəddəs Ruh» İlahi varlığın növlərini işarə edən sadəcə adlar deyil, çünki onlar, həqiqətən, bir-birindən fərqlənir: «Oğul olan Ata deyil, Ata Olan Oğul deyil və Müqəddəs Ruh Ata yaxud Oğul deyil». Onlar ilkin münasibətlərinə görə fərqlidir: «Ata törədir, Oğul törəyir. Müqəddəs Ruh çıxır». İlahi Birlikdə Üqnum var» (KKK 254). Üç simada olan Tək Allahın sirri Müqəddəs Üqnumun Sirri adlanır.

Kilsə Ataları Üqnumun Simalarının arasında olan münasi­bət­ləri bu müqayisə ilə təsvir etməyə çalışırlar: kötükdən gövdənin, on­ların ikisindən də gülün əmələ gəldiyi kimi eləcə də Oğul Ata­dan törəyir, Müqəddəs Ruh isə Ata və Oğuldan gəlir. Mənbədən kiçik çayın, bunların ikisindən isə gölün yarandığı kimi eləcə də Ata Oğulu törədir, Ata və Oğuldan isə Müqəddəs Ruh çıxır.

Rəbb Allahın daxili həyatının sirrini – Üqnumda Birliyi – insanlara İsa Məsih açdı. O, Atadan danışanda Özünü Oğul adlandırır: «Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz» (Mat 11, 27). «Mən və Ata birik» (Yəh 10, 30). İsa Müqəddəs Ruh barəsində deyir: «Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək» (Yəh 15, 26). Göylərə yüksəlmə­sin­dən əvvəl Xilaskar Həvarilərə əmr edir: «Gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin» (Mat 28, 19). İlahi Simaların hər biri İsanın vəftizi zamanı görünür: səmadan Atanın səsi gəlir: «Bu Mənim sevimli Oğlumdur» (Mat 3, 17). Allah Oğlu İsa İordan çayında vəftiz olunur, Müqəddəs Ruh isə göyərçin şəklində Onun üzərinə enir.

Müqəddəs Avqustin Müqəddəs Üqnumun sirri barədə çox düşünürdü, onu daha da yaxşı anlamağa çalışırdı. Bir dəfə o, dəniz sahili ilə gedib düşünürdü. Burada gözəl bir oğlan gördü. Oğlan balıqqulağı ilə dənizdən suyu götürüb balaca quyuya tökürdü. Yepiskop dayandı və uşaqdan onun nə etmək istədiyi barədə soruşdu. O cavab verdi ki, dənizdən suyu quyuya köçürmək istəyir. Yepiskop gülümsəyib dedi: «Bu mümkün deyil». «Müqəddəs Üqnumun sirrini anlamaq bundan da qeyri-mümkündür», – deyə uşaq cavab verdi və yox oldu. Müqəddəs başa düşdü: Rəbb ona təsəlli vermək və onu Allaha etibar etməyə həvəsləndirmək üçün Öz mələyini göndərmişdi.

Allah mövcud olanların Yaradanıdır – «Başlanğıcda Allah göyləri və yeri yaratdı» (Yar 1, 1). Müqəddəs Yazının bu ilk sözlə­rin­də üç bəyanat var: əzəli Allah Ondan kənarda mövcud olan hər şeyə başlanğıc qoydu; Yaradan yalnız Odur; mövcud olan­ların dolğunluğu Ona mövcudluq Verəndən asılıdır» (KKK 290).

Dünya Allahın izzəti üçün yaranıb. Dünyanı yaradanda Rəbb yaratdıqları ilə yalnız məhəbbət və mövcudluğun xoşbəxtliyi ilə bölüşmək arzusuna əsaslanırdı. Müqəddəs Foma Akvinalı deyir: «Yaradılış işini həyata keçirmək üçün Allah məhəbbət açarı ilə Öz əlini açdı». Rəbb yalnız Öz iradəsi ilə dünyanı «heç nədən» ya­rat­dı. «Yaratmaq üçün Allaha əvvəlcədən mövcud olan şeylər və heç bir kömək də lazım deyil. Allah «heç nədən» sərbəst şəkildə yaradır (KKK 296).

Yer üzündə Allahın surətinə və bənzərinə görə yaranan ən kamil məxluq insandır (Yar 1, 26). Allahda olduğu kimi insanda da ağıl və azad iradə var; yer üzündəki başqa məxluqlarda bunlar yoxdur. İnsanda iki təbiət var – ruhani və maddi, onun ölməz canı və bədəni var. Onun həyatı ana bətnində mayalanma zamanı başlayır, lakin onun sonu olmayacaq. Rəbb Allah Öz mərhəmətinə görə insanları insan yaratma planının iştirakçıları etdi. Ata və ana hər dəfə yeni həyatın başlanğıcının səbəbi olanda Allah mayalanmış təbii həyatla birləşən ölməz can yaradır. Ruhla maddənin belə birləşməsi insan dərrakəsindən və elmin tədqiqat imkanlarından üstün olan bir şeydir.

Maddiçilik və ateizmin güclü təsiri altında tərbiyə almış bəzi müasir adamlara insanın ölməz varlığı barədə Katolik Kilsəsinin təlimini anlamaq çox çətin gəlir. Ateist maddiyyatçılığı canın mövcudluğunu inkar edir, düşünmək qabiliyyətini beyinin xüsusiyyətinə aid edir. Lakin düşünmək üçün beyin kifayət deyil: hər gün insanlarla ünsiyyətdə olan heyvanların da beyini var, lakin onlar abstrakt düşünməyi bacarmırlar və əsrlər boyu bu istiqamətdə heç bir tərəqqi etməyiblər (itlər, pişiklər, quşlar min və on min il bundan əvvəl davrandıqları kimi bu gün də elə davranırlar, yalnız instinktlə istiqamətlənir və heç vaxt oxumağı, yazmağı, danışmağı, musiqi və şer bəstələməyi, maşın və təyyarə qayırmağı bacarmayacaqlar. Axı beyin maddi bədəndir, onu duymaq, onun həcmini və çəkisini ölçmək olar. Bəs fikir, məhəb­bət, sevinc nədir? Bunlar ruhani anlayışlardır və onları maddi ölçülərlə müəyyən etmək qeyri-mümkündür.

Materiya ruhani bir şeyi törədə bilməz. Məşhur bioloq Klod Bernard deyir: «Fikrin beyindən gəlməsi barədə bəyanat vaxtın saatdan yarandığını söyləyən iddia kimi axmaq sözdür». Əgər fikirlər beyindən gəlirdisə, onda bunlar insanın qidalanmasının növündən asılı olardı, lakin biz bunun belə olmadığını görürük. Eləcə də əgər fikirlər materiya məhsulu olsaydı, onda biz onları idarə edə bilməzdik, lakin biz bilirik ki, insan öz fikirlərini dayandırmaq və başqa tərəfə istiqamətləndirməyə qadirdir.

Bəziləri canın mövcud olması ilə razılaşmırlar, çünki bunu təcrübə yolu ilə təsdiq etmək mümkün deyil. Bu belədir, lakin insan ədalətə toxuna bilməyib, o, elektrik cərəyanını görə bilmir – bir çox şeylərin mövcudluğunu onların təzahüründən bilirik.

Həmçinin canın mövcudluğu barədə biz onun təzahüründən bilirik. İnsan dünyanı qavrayır və bədəninin orqanları vasitəsilə özünü ifadə edir, lakin qavramanın sonuncu nöqtəsi və özünü ifadə etməyin mənbəyi dərrakəli qəlbdir. İnsan qəlbi ilə fikirləşir, oxuyur, yazır, danışır, musiqini anlayır, sevinir yaxud kədərlənir. Dü­şünmək və azad seçim etmək qəlbin xüsusiyyətləridir, hey­vanlar buna malik deyillər.

İnsanın düşüncəsində beyin hansı rolu oynayır? Duyğu orqanları vasitəsilə insanın əldə etdiyi məlumat onun beynində toplanır. Bu məlumat insanın yaddaşında saxlanılır. Heyvanların da yaddaşı var, lakin onların yaddaşı sensitivdir. Məsələ bundadır ki, heyvanlar belə məlumatdan instinkt səviyyəsində şüursuz istifadə edirlər (şüuru oyanmamış insan kimi); insan isə özünü dərk edən məxluq kimi bu məlumatdan tamamilə başqa səviyyədə istifadə edir. İnsan abstrakt ideya və anlayışlar yaratmağa qadirdir, heyvanlar bunu edə bilmirlər. Ruhi xəstə olan insan öz yaddaşından tam istifadə edə bilmir, çünki onun bədəni ilə canı arasında əlaqə pozulmuşdur.

Katolik Kilsəsi təkamül nəzəriyyəsini inkar etmir, yalnız bu nəzəriyyədə Rəbb Allah istisna olunmamalıdır. Allah, əlbəttə, inkişafın müəyyən mərhələsində canlı məxluqların bəzisinə düşünmək bacarığı və azad iradə verə bilərdi. Belə təkamül nəzəriyyəsi Rəbbin müdrikliyinə daha da çox işarə edir. Çarlz Darvin məhz Allahı nəzərə alan belə təkamül nəzəriyyəsini təklif edirdi. Kilsə heç vaxt bu proseslə idarə edən Allahı inkar edən materialist təkamül nəzəriyyəsi ilə razılaşmayacaq.

Yaradan əzəldən insanlara böyük ləyaqət, lütf və xoşbəxtlik verdi. Onlar əzab, xəstəlik, ölüm və daxildə harmoniyanın olmamasının nə olduğunu bilmirdilər. Allah onları sınamaq istədi ki, sonra mükafatlandıraraq onlara səmada ali xoşbəxtlik vəziyyətini versin. Lakin insanlar bu sınaqdan keçmədilər. Müqəddəs Yazı öyrədir ki, onlar günaha batmış mələklərin ardınca getdilər və Rəbb Allahın iradəsinə və əmrlərinə zidd olaraq Ondan kənarda daha kamil xoşbəxtlik axtarmaq istədilər. Rəbbə tabe olmadıqlarına və Ondan üz döndərdiklərinə görə onlar İlahi lütfü, daxili harmoniyanı, ləyaqəti və ölməzliyi itirdilər. Yaradanla dostluğun itirilməsinin nəticəsi əzablar, ruh çaşqınlığı, ağır zəhmət və ölüm oldu. İlk insanların (ulu valideynlərin) günahı ilk günah adlanır. Bu günahın ağırlığını ulu valideynlərin bütün övladları miras aldılar. İndi hər kəs ilk günah vəziyyətində və xilasa ehtiyacla dünyaya gəlir. ­İsa Məsih çarmıxda ölümü və dirilməsi ilə bizi satın aldı və indi müqəddəs Vəftiz ayini vasitəsilə biz yenidən Allah övladları ola və Onun lütfünü əldə edə bilərik. Lakin ilk günahın nəticələri (şərə böyük meyl, əzablar və xəstəliklər, ağır əmək və ölüm) hətta Vəftizdən sonra da bizim üçün var.

İsa Məsih Öz dirilməsi ilə bütün dünyaya göstərdi ki, insan ruhani-maddi məxluqdur və o, əbədi həyat üçün yaranıb.

Gözə görünən dünyanın yaranmasından əvvəl Allah gözə görünməyən dünyanı yaratdı; kamil ruhların dünyasını, ağıl və azad iradəyə sahib olan, lakin bədənə sahib olmayan mələkləri yaratdı. Mələklər təmiz ruh olduqlarına görə Allaha daha yaxındırlar. Onlar kamil və gözəldirlər, insanlardan daha böyük qüvvəyə və bacarıqlara malikdirlər. Biz insanlar nahaq yerə demirik: «O, mələk kimi gözəldir; mələk kimi mehribandır; mələk kimi səbirlidir». Mələklər bir-birindən ləyaqət və imkanların dərəcəsinə, həmçinin Rəbb Allahda yerinə yetirdikləri tapşırığa görə fərqlənirlər. Mələklər ordusunun sayı yoxdur. Sınaqdan sonra daha böyük xoşbəxtlik vermək üçün Allah onlara azad seçim verdi.

Böyük kamilliyi və ləyaqətləri olan Mələk Lüsifer (Dan oğlu) sınaqdan keçmədi və Allahın ona verdiyi ənamlardan istifadə edərək Öz Yaradanına qarşı üsyan edib dedi: «Xidmət etməyə­cə­yəm!» Mələklərdən bəzisi onun ardınca getdi. Onda Baş mələk Mikayılın rəhbərliyi altında Allaha sadiq olan ruhlar «Kim Allaha bənzəyə bilər?» deyə nida edərək onları cəhənnəmə endirdilər. O vaxtdan etibarən günaha batmış ruhlar iblis, cin, şər yaxud murdar ruhlar adlanır və Allaha, bütün yaradılışa qarşı daim nifrət edərək cəhənnəmdə qalırlar və dözülməz əzablar çəkirlər. Onlar nifrət və paxıllıqla idarə olunaraq ulu valideyn­lərimizi aldatdılar və indi də digər insanları aldadırlar, onları Allahın iradəsini pozmağa (yəni günaha) istiqamətlən­dirirlər, insanı əbədi xoşbəxtlikdən məhrum etmək və onları cəhənnəmə gətirməyə çalışırlar.

Xoşbəxt olan Allaha sadiq mələklər adamlara yaxşılıq arzulayır və onlar üçün dua edirlər. Mərhəmətli Allah hər bir insana Qoru­yucu-Mələk təyin edir, həmin mələk onu şərdən qoruyur və xeyir­xah işlər etməyə həvəsləndirir. Qoruyucu-Mələk həmişə insanın yanındadır, yer üzündəki yolunda onu daim müşayiət edir.

Müqəddəs Həvarilərin İşləri kitabı Həvariləri zindandan möcüzəli yolla çıxaran Allahın göndərdiyi mələk barədə bəhs edir: «Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin» (Həv 5, 19-20).

Bir dəfə şagirdlərdən ibarət olan bir qrup meşəyə ekskursiyaya getdi. Yağış başlayanda uşaqlar şam ağacının altında gizləndilər. Birdən bir qız ağacın altından qaçmaq arzusunu güclü şəkildə hiss etdi. O, ağacdan uzaqlaşaraq qaçdı və başqalarını da çağırdı. Onlar ağacdan kənarlaşdıqları an böyük qüdrətlə ildırım ağacı vurdu. Qızın valideynləri ona sonra başa saldılar ki, bu, onun həyatını xilas etmək istəyən Qoruyucu-Mələk ağacdan uzaqlaş­maq arzusunu onun ürəyinə qoydu.

II. «Və Onun Vahİd Oğlu, Rəbbİmİz İsa Məsİhə»

Kilsə İsa Məsihdə həqiqi Allahı və həqiqi insanı etiraf edir. «İsa» (ibr. «Yeşua») adının mənası «Allah xilas edəcək, Xilas­kardır», «Məsih» (ibr. «Maşiax») «Allahın məsh edilmişi»dir. Ata Allah İsa Məsihin Vəftizi və Rəbbin Simasını dəyişməsi zamanı Onun İlahiliyi barədə şəhadət etdi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın» (Мark 9, 7). İsa Özü barədə deyirdi ki, O, həqiqi Allahdır: «Mən və Ata birik» (Yəh 10, 30). Baş kahinin qarşısında İlahi Üqnumun İkinci Siması olduğu barədə Məsih Özü də şəhadət edirdi: «Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» İsa ona dedi: «Mənəm» (Мark 14, 61 62). Xilaskar Öz İlahiliyini müqəddəs həyatı, möcüzələri və peyğəmbərlikləri ilə təsdiqlədi. İsa hətta kiçik bir günah etmədi və edə bilməzdi. Din alimlərinin və fariseylərin tənələrinə O, adi bir insanın cəsarət edib söyləyə bilməyəcəyi sözlərlə cavab verdi: «Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm?» (Yəh 8, 46). Saysız möcüzələr şahidləri bu sualı verməyə məcbur edirdi: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» (Mat 8, 27). İsa yalnız Allahın bildiyi gələcəyi söyləyirdi və Onun söylədikləri tam yerinə yetdi: Yəhudanın xəyanəti, Peterin inkar etməsi, Özünün ölümü və dirilməsi, Yerusəlimin dağılması, Kilsənin bütün dünyaya yayılması. Əzəldən Kilsə İsaya insan olan həqiqi Allah kimi imanını etiraf edir. Məsihi «Kəlam» (çünki Onun vasitəsilə Allah adamlarla danışır) adlandıran Həvari Yəhya etiraf edir ki, İsa bədəndə gələn əbədi Allahdır: «Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı» (Yəh 1, 1. 14). Məsih İsanın İlahiliyinə iman etdiklərinə görə milyonlarla şəhid öz həyatını qurban verdi.

İsa Məsih Rəbbimiz və Padşahımızdır, çünki O, insanları yaratdı və bizi Öz Qanı ilə satın aldı. «İsaya İlahi Rəbb adını verərək Kilsənin ilk iman şəhadətləri əzəldən təsdiq edirlər ki, Ata Allaha məxsus olan hakimiyyət, ehtiram və izzət həmçinin İsaya da aid edilməlidir, çünki O, “Allahın surətidir” (Fil 2, 6) və Ata Onu ölülərdən dirildərək, izzətlə səmalara qaldıraraq Onun padşaha məxsus səlahiyyətini göstərdi» (KKK 449). O bizim müəllimimizdir, çünki Öz Kilsəsi vasitəsilə, Öz xadimlərinin dilləri ilə dayanmadan bizə Müjdəni vəz edir. O, Ali ­Baş Kahindir, çünki müqəddəs Messa zamanı daim Özünü bizə görə qurban verir. O, Çobandır, çünki bizi əbədi həyata aparır. Müqəddəs Kilsə hər duanı bu sözlərlə bitirir: «Rəbbimiz Məsih vasitəsilə. Amin». İsa Axır Zamanda insan nəslini mühakimə edəcək, buna görə də O bizim Hakimimizdir.

IV əsrdə Yulian Roma imperatoru oldu. Əvvəlcə o, vəftiz olundu, lakin sonra Məsihi inkar etdi, buna görə də dönük adlandı. Yerusəlim məbədinin həmişəlik dağılması və Kilsənin bütün dünyaya yayılması barədə Məsihin peyğəmbərliklərini təkzib etmək üçün o, məsihçiləri təqib etməyə başladı və Yerusəlim məbədinin bərpa edilməsi barədə əmr verdi. Lakin bərpa işləri başlayanda yerdən alov çıxdı və inşaatçılarla tikintiləri məhv etdi. Buna görə də işləri dayandırmağa məcbur oldular. Yazıq imperator yalnız iyirmi ay hökm etdi. 363-cü ildə farslarla müharibədə o yaralandı və ucadan «Qalileyalı, Sən qalib gəldin!» fəryadı ilə öldü (Məsih 30 yaşa qədər Qalileyada yaşadı).

III. «O, Müqəddəs Ruhla döllənmİş bakirə Məryəmdən doğuldu»

Allah Oğlunun bədəndə gəlməsi (insan bədənini qəbul etməsi) Allahın planına uyğun oldu. Allah adamları cənnətdən qovandan dərhal sonra onlara Xilaskar göndərməyi vəd etdi. Sonralar Əhdi-Ətiq peyğəmbərləri Xilaskarın harada, nə vaxt, hansı şəraitdə doğulması barədə peyğəmbərlik etdilər. Yaradan əvvəlcədən müəyyən etmişdi ki, Məsih Fələstində, Bet-Lexem şəhərində, Bakirədən doğulacaq.

Allah Müqəddəs Bakirə Məryəmi Öz Oğlunun Anası olmaq üçün əzəldən seçdi. Məryəmin valideynləri Yoakim və Hanna olub. Məryəm döllənmişdi və adi uşaq kimi bu dünyaya gəldi. Yeganə fərq onda oldu ki, öz mövcudluğunun ilk anından ilk günahdan və onun nəticələrindən azad idi. Onun Oğlu İsanın Öz Qanı ilə bütün insan nəslini satın alacağına görə Allah Onu dərhal günahdan azad etdi. Allah Məryəmin insani təbiətini dəyişmədən Ona bu qeyri-adi lütfü verdi, çünki ilk günah insanın təbii xüsusiyyəti deyil. Bir an belə, iblisin hakimiyyəti altında olan qadından Müqəddəs Allah insani bədən ala bilməzdi. Məryəm bu günahsızlıq mərhəmətini tamamilə qoruyub saxladı və Allahın köməyi ilə heç vaxt hətta kiçik günah da etmədi və mənəvi cəhətdən onun kiçik natamamlığı belə, olmayıb. Katolik imanının bu həqiqəti Müqəddəs Bakirə Məryəmin Günahsız Döllənməsi barədə ehkam adlanır.

Rəvayətə görə valideynlər Məryəmi gənc yaşlarından tərbiyə almaq və xidmət etmək üçün Əhdi-Ətiq ziyarətgahına verdilər, burada O, dua, düşüncə, Müqəddəs Yazı oxuma və işlə məşğul idi. Hər yəhudi qız ərə getməyə və mümkün qədər çox uşaq dünyaya gətirməyə çalışırdı. Məryəm isə təvazökarlıqla Allaha bakirəlik barədə vəd verdi, ərə getməməyi və bakirəliyini qoru­ya­raq Allahdan Onun vədinin yerinə yetirilməsi barədə yalvarmağı qə­rara aldı. Allah məhz Məryəmi Xilaskara Ana olmağa layiq gördü.

Bakirə Məryəmin valideynləri qocalanda qızlarının gələcəyi barədə düşünərək Onu Yusif adlı mömin və saleh insana ərə verdilər. O vaxt artıq evə qayıtmış Məryəm Allaha etibar edərək və öz vədi barədə heç kimə bir söz deməyərək bununla razılaşdı. Nişanlanma ilə nikahın bağlanması arasındakı vaxt ərzində Ona Baş mələk Cəbrayıl göründü və Rəbbin Onu Öz Oğlunun Anası olmaq üçün seçdiyini Ona xəbər verdi. Məryəm ümid edirdi ki, Allah Ona bakirəlik barədə vədini qoruyub saxlamağa kömək edəcək. Məryəm bunun necə mümkün olması barədə soruşdu. Baş mələk cavab verdi ki, döllənmə möcüzəli yolla, Müqəddəs Ruhun qüdrəti ilə baş verəcək: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq» (Luka 1, 35). Məryəm razılaşdı və beləliklə, xilasımızın ən böyük sirlərin­dən biri olan Allah Oğlunun bədəndə gəlməsi baş verdi.

Müqəddəs Yusif Məryəmin hamilə olduğunu görəndə gizlicə evini tərk edərək özgə bir yerdə yaşamaq üçün köçmək istədi. Lakin Allah ona yuxuda Məryəmin Müqəddəs Ruhun qüvvəti ilə döllənməsi barədə xəbər verdi, Onun və Oğlunun qeydinə qal­ma­ğı ona tapşırdı. Yusif Məryəmi öz evinə qəbul etdi və ömrünün sonuna qədər sədaqətlə ona himayəlik etdi. Beləliklə, Məryəm bakirəlik vədini yer üzündəki həyatının sonuna qədər yerinə yetirdi. Bakirəlik və analıq Məryəmdə möcüzəli yolla baş verdi.

İsa Roma İmperatorluğunda əhalinin siyahıya alınması barədə əmr verən qeysər Avqustun hakimiyyəti zamanında doğuldu. Yusif və Məryəm siyahıya alınmada iştirak etmək üçün Bet-Lexemə getməyə məcbur oldular. Onlar Yerusəlimdən altı kilometr yaxınlıqda yerləşən bu şəhərciyə gələndə Məryəmin doğuş vaxtı gəldi. Şəhərə gələn adamların çoxluğu səbəbindən onlara nə mehmanxanada, nə də bir evdə yer tapıldı. Məryəm İsanı çobanların heyvanları saxladığı mağarada dünyaya gətirdi və axura qoydu.

Xilaskar dünyaya gəlir və bu dünyada çox kasıb və səfil vəziyyətdə yaşayır. Bununla Allah Özü ilə insan arasında insanların günahı və qüruru üzündən yaranmış bütün şərti maneələri aradan qaldırır. Bundan sonra insanlar arasında hətta ən düşkün və başqaları tərəfindən rədd olunmuş ən böyük gü­nah­kar da barışmaq üçün Allaha yaxın gəlməkdən çəkinməyəcək. Öz kasıblığı ilə Xilaskar şagirdlərini maddi nemətə, şəhvani həzzə və başqaları üzərində ağalıq etmək arzusuna bağlanmanın məhvedici nəticələri barədə xəbərdarlıq edir. Allahın xilasına layiq olmaq üçün məsihçi təvazökar və sadə həyatı sevməlidir.

İsa Özündə iki təbiəti – İlahi və insani təbiəti birləşdirir. Bədəndə gəlməzdən əvvəl Allah Oğlu təmiz Ruh, İlahi Üqnumun ikinci Siması, başlanğıcı olmayan Allah olub. Bakirə Məryəmdən bədən alandan sonra O, insan kimi yaşamağa başladı. İlahi və insani təbiət İsada həmişəlik bir İlahi Simada birləşdi. İsa insan kimi yedi, yatdı, gəzdi, danışdı, ağrı və soyuq hiss etdi, əzab çəkdi və çarmıxda öldü. İsa Allah kimi vəz etdi, möcüzələr etdi, murdar ruhları qovdu, O, ölülərdən dirildi və səmalara getdi. İsa insan kimi bütün insanların ən kamili, Allah kimi isə mərhəmətli və hər şeyə qadir idi. «Allah Oğlunun Bədəndə gəlməsinin yeganə və təkrarolunmaz hadisəsi o demək deyil ki, İsa Məsih qismən Allah, qismən isə insandır yaxud İlahiliyin bəşəriyyətlə aydın olmayan bir qarışıqlığının nəticəsidir. O, həqiqi Allah olaraq, həqiqətən, İnsan oldu» (KKK 464).

IV. «Pontİ Pİlatın dövründə əzab çəkdİ, çarmıxa çəkİldİ, Öldü və qəbİrə qoyuldu»

Otuz yaşa qədər İsa Öz Anası və Himayəçisi ilə yaşayırdı. O, otuz yaşı olanda insanlara Allah barədə öyrətməyə başladı. Onun vəzləri qeyri-adi inandırma qüvvəsi ilə fərqlənirdi, belə ki «bütün xalq Onu böyük diqqətlə dinləyirdi» (Luka 19, 48) və Onun təliminə təəccüb edirdi, «çünki onlara İlahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi» (Мark 1, 22). Məsih Özünə münasibətdə Allah Oğluna olan imanı tələb edirdi. Minlərlə insan Onu görmək və eşitmək üçün gəlir və bir çoxları iman edirdi. Bu, yəhudi xalqının ruhani müəllimləri olan qanunşünaslar və fariseylərdə paxıllıq yaratdı. Onlar İsanı tutdular, yalançı şahidlərin köməyi ilə Onu ittiham etdilər və Roma valisi Ponti Pilat­dan Ona ölüm cəzası tələb etdilər. Pilat fariseylərin paxıl­lıqdan Məsihi onun əlinə verdiyini görsə də, yəhudilərin fitnələ­rindən çəkinərək Roma imperatorunun cəzası ilə rastlaşmamaq üçün Xilaskarın ölümünə razılaşdı.

İsa dəfələrlə Öz şagirdlərinə əzablı ölümü və dirilməsi barədə əvvəlcədən söyləyirdi: «Bəşər Oğlu başçı kahinlərə və İlahiyyat­çılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər» (Mat 20, 18). Bu şəhadət edir ki, Məsih Özünün məhkum olmasını, əzabını və ölümünü tamamilə könüllü qəbul etdi. Günahsız Allahın Quzusu olan Məsih bütün dünyanın günahı üçün məsuliyyəti Öz üzərinə götürdü ki, onlara görə Rəbb Allahdan cəza çəksin. Buna görə də Allah bütün dünyadakı şərə görə Onu ədalətlə cəzalandırdı. İsa o dərəcədə alçaldılmış, tərk edilmiş və əzab içində idi ki, çarmıxda Atanı belə çağırdı: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» (Мark 15, 34). Əvvəlcə O, dünyanın əvvəlindən sonunadək insanların arsızlığını, alçaqlığını və nankorluğunu görərək Getsemani bağında dözülməz mənəvi əzablardan keçdi, sonra Roma əsgərləri tərəfindən dəhşətli işgəncə gecəsini yaşadı, insanların qarşısında Onun üzünə vurdular, qamçılandı, çarmıxını daşıdı, nəhayət, quldurlar arasın­da çarmıxa çəkildi və çarmıxa mismarlanmış şəkildə üç saat ərzində acından və susuzluqdan öldü. Bu vaxt Onun mərhəmətli və sevən ürəyində ruhani əzablar var idi: Yəhudanın xəyanəti və özünü öldürməsi, Peterin Onu inkar etməsi, şagirdlərinin Onu tərk edib qaçması, Öz xalqı tərəfindən rədd olunması, kütlənin istehza və təhqirləri, soyundurularaq çoxlu adamın qarşısında çarmıxa çəkilməsi. İsa bunların hamısını bizim xilasımız naminə sakit və təvazökar ürəklə yaşadı. Əzabları ilə Məsih insanlar üçün günahların bağışlanmasını və cəhənnəmdəki əbədi cəzadan qurtarmaqlarını istəyirdi. İndi Ona Allah Oğlu kimi iman edən hər kəs öz günahlarından tövbə edəcək, vəftiz olunacaq, Onun əmrlərinə uyğun həyat yaşayacaq, əbədi cəzadan xilas olacaq və o adamın qarşısında səmaların qapıları açılacaq.

V. «ÖLÜLƏR ALƏMİNƏ endİ, üçüncü gün ölülər arasından dİrİldİ»

İsa Məsih, həqiqətən, öldü. Onun ölümündən sonra Roma əsgərlərindən biri nizə ilə Onun Ürəyini deşdi və Qanın qalan hissəsi Onun Bədənindən axdı. Ürəyi deşilmiş və qanı axan insan sağ qala bilməz. Ölümündən sonra Məsihin canı «ölülər aləminə» endi, yəni həyatını tək Allaha imanla yaşayan və vicdanla hərəkət edən insanların canları saxlanılan “yerə” . Yəhudilər bu yeri «şeol» adlandırırdılar. İsa oradan Adəmlə Həvvanın, Habilin, Nuhun, İbrahimin, İman atalarının və Peyğəmbərlərin, həmçinin satınalınmanı gözləyən insanların canlarını çıxartdı. Satınalınma işi baş verməsəydi, onlar Allahı görə bilməzdilər; indi isə göy onlar üçün açıq idi.

Ölümündən üç gün sonra İsa Məsih dirildi (həyata qayıtdı). O, əvvəlcədən demişdi: «Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq» (Mat 12, 40). İsanın dirilməsini məcazi və rəmzi mənada deyil, hərfi mənada anlamaq lazımdır. Müjdə dirilmə zamanı baş verən hadisələri təfsilatı ilə təsvir edir: zəlzələ, boş qəbirin girişində olan daşın kənara qoyulması, Həvarilərin çaşqınlığı və şübhələri, İsanın şagirdlərinə dəfələrlə görünməsi, «imansız» Tomanın şübhələri və öz barmaqlarını Rəbbin yaralarına qoyması, dirilmiş Rəbbin çörək və balıq yeməsi.

Eyni zamanda İsanın dirilməsi bir sirdir, çünki Onun dirilmiş Bədəni artıq yer üzündə olan adi bədən deyildi, ruhani, ölməz və izzətli bədən idi. Bu, həqiqi Bədən idi, lakin onun qidaya və suya ehtiyacı yox idi, soyuqdan, ağrıdan qorxmurdu. İsa bağlı qapıdan keçirdi və gözlənilmədən gəldiyi kimi otaqdan yox olurdu; şagirdləri çox vaxt Onu tanıya bilmirdilər. Lakin bu, Bakirə Məryəmdən doğulan və otuz üç il Fələstin torpağında yaşayan həmin İsa idi. «Dirilməyə olan imanın obyekti baş verən hadisədir. Bu hadisə tarixdə şagirdlər tərəfindən şəhadət olunmuşdur, onlar Dirilmiş Məsihi, həqiqətən, görmüşdülər və bu hadisə eyni zamanda transsedent bir sirdir, çünki bu, Məsihin insani təbiətinin İlahi izzətə daxil olmasıdır» (KKK 656).

Məsihin ölülərdən dirilməsi imanımızın mərkəzidir. Buna iman etməyən məsihçi adlana bilməz və Onun imanı ona xilas verməyəcək. Müqəddəs Pavlos deyir: «Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir» və onda «biz hamıdan yazığıq» (1Kor 15, 17. 19). İsa Məsihin dirilməsinə iman bizə sevinc və Onunla yaşamaq üçün öz dirilməyimizə ümid verir.

632-ci ildə müsəlman dininin banisi Məhəmməd öləndə onun ölümü barədə xəbər bütün ölkəyə tez yayıldı. Məhəmmədin dostu Ömər insanların Məhəmmədin ölümü barədə danışdıqlarını eşidəndə qılıncını çıxarıb qəzəblə qışqırdı: «Kim deyir ki, Məhəmməd ölüb?» Lakin Ömər nə desəydi də, Məhəmməd öldü və daha ayağa qalxmadı, Ömər özü də öldü. Lakin İsanın dirilməsindən sonra yəhudi baş kahinləri və fariseyləri Onun barəsində danışanları ölümlə hədələyirdilər, lakin ölüm üzərində Onun qələbəsi barədə xəbər bütün dünyaya yayıldı və milyonlarla ürəkdə məskən tapdı.

VI. «Göylərə qalxdı və hər şeyə Qadİr Ata Allahın sağ tərəfİndə oturdu»

Dirilmədən sonra Məsih qırx gün ərzində yer üzündə qaldı. Məsih şagirdlərinə göründü, onlara Səmavi Padşahlıq barədə öyrətdi, Tövbə ayinini yaratdı, Həvari Peteri Öz canişini təyin edərək Kilsəni yaratdı. Qırxıncı gün İsa «onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı» (Luka 24, 50-51). Bulud Onu şagirdlərinin gözləri qabağında götürdü. «Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq» (Həv 1, 10-11).

«Atanın sağ tərəfində oturub» – bunun mənası odur ki, İsa bir insan kimi İlahi Üqnumun bütün məxluqlar üzərində izzətində və hakimiyyətində iştirak edir. «Allahın sağ tərəfində» sözlərindən biz Allahın izzətini və ehtiramını anlayırıq; bütün əsrlərdən əvvəl Allah Oğlu olan, Allah və Ata ilə mahiyyətcə bir olan Şəxs bədən alandan və bədəndə izzətlənəndən sonra burada bədəndə əyləşir» (KKK 663). Ata qarşısında daim bizim tərəfdarımız olmaq üçün İsa insan kimi səmalara yüksəldi. O, Həvarilərə deyirdi: «Sizin üçün yer hazırlamağa gedirəm» (Yəh 14, 2). İsa bəşəri təbiətində göylərə yüksəlməsi ilə bizə oraya daxil olmağa imkan yaradır.

VII. «oradan dİrİlərİ və ölülərİ mühakİmə etmək üçün gələcək»

«Qiyamət Günündə dünyanın sonu gələcək, Məsih buğda ilə dəlicələrin bir yerdə bitdiyi kimi yanaşı olan xeyrin şər üzərində tam qələbəsini bayram etmək üçün izzətlə gələcək» (KKK 681). Rəbbin təyin etdiyi və yalnız Onun bildiyi vaxt İsa yenidən böyük izzətlə gələcək və mələklərin əhatəsi ilə insanları mühakimə edəcək. «Dirilər» Allahla barışaraq (təqdis edən lütf vəziyyətində) yer üzündəki həyat yolunu bitirənlərdir. «Ölülər» ağır günah vəziyyətində tövbə etmədən yer üzündəki həyat yolunu bitirən­lərdir. Allahın çağırışı ilə hamı diriləcək: göydə, ərafda yaxud cəhənnəmdə olan insan canları yeni, ruhani bədənlə birləşəcək və Xilaskar qarşısında Məhkəmədə dayanacaqlar. «Bunlar (günahkarlar) əbədi əzaba, salehlərsə əbədi həyata gedəcəklər» (Mat 25, 46). Məhkəmədən sonra Allah göy və yeri təzələyəcək, burada xilas olanlar əbədi olaraq Məsihlə padşahlıq edəcəklər.

Bir nəfər məşhur alman şairi Höteyə Dürerin çəkdiyi İsa Məsihin ikonasını hədiyyə etdi. Höte ikonanı əvvəlcə öz masasının üstünə, lakin bir müddətdən sonra kənara qoydu. Masasında Xilaskarın ikonasının nə üçün olmadığı barədə suala Höte belə cavab verdi: «Onun baxışına dözə bilmirəm». Bütün fikirlərimizə, sözlərimizə, əməllərimizə və öhdəliklərimizi yerinə yetirmədiyimizə görə cavab vermək üçün Qiyamət Günü Onun qarşısında dayanarkən Xilaskarın baxışına dözmək bizim hər birimizə çətin olacaq!

VIII. « İman edİrəm Müqəddəs Ruha»

«Müqəddəs Ruha iman etmək Ata və Oğula mahiyyətcə bərabər olan Müqəddəs Ruhun Müqəddəs Üqnumun Simala­rından biri olmasını etiraf etməkdir» (KKK 685). Müqəddəs Yazı öyrədir ki, Müqəddəs Ruh Şəxsiyyət və Allahdır. Baş mələk Cəbrayıl Bakirə Məryəmə xoş xəbəri söyləyəndə demişdi: «Müqəddəs Ruh sənin üzərinə enəcək» (Luka 1, 35). Vəftiz za­manı «Müqəddəs Ruh bədəndə göyərçin şəklində Onun (İsanın) üzərinə endi» (Luka 3, 22). İmanlıların gözündə olduqlarından yaxşı görünmək istəyən və Kilsəyə yalan danışan Xananya ilə Şapiranın hərəkətini Peter qəti mühakimə etdi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? Sən insanlara deyil, Allaha yalan satdın» (Həv 5, 3.4).

Rəbbin göylərə yüksəlməsindən əlli gün sonra Müqəddəs Ruh Həvarilərin üzərinə endi və Kilsədə həmişəlik qaldı. «Baş olan Məsihin Öz üzvlərinin üzərinə tökdüyü Müqəddəs Ruh Kilsəni qurur, canlandırır və təqdis edir. O, Müqəddəs Üqnumun insanlarla ünsiyyət ayinidir» (KKK 747).

Biz Müqəddəs Ruhu Həyatverici adlandırırıq, çünki O, Ata və Oğul ilə birlikdə dünyanı yaratdı, Məsihin əməlinə görə isə imanlıların canlarını İlahi həyat üçün yenidən dirçəldir. O, Təsəlliverici adlanır, çünki sınaq və əzab anlarında imanlıların qəlbində ümidi yeniləşdirir, şübhə və məyusluq dəqiqələrində təsəlli verir.

IX. «MÜQƏDDƏS ÜMUMDÜNYA KİLSƏSİNƏ, MÜQƏDDƏSLƏRİN ÜNSİYYƏTİNƏ İMAN EDİRƏM»

«“Kilsə” sözü “çağırış” mənasını ifadə edir. O, İlahi xalqı təşkil etmək üçün Allah Kəlamının çağırdığı və Məsihin Bədənindən qidalanan və Məsihin Bədəni olan adamların məclisini ifadə edir» (KKK 777).

Məsih dəfələrlə Ona iman edənlərin birliyi barədə danışır və onu «Allahın Padşahlığı», «Səmavi Padşahlıq», «Mənim Kilsəm» adlandırır. O, məsəllərində Kilsəni yetişib böyük ağac olan xardal toxumu, balıqların düşdüyü tor, çobanın otardığı qoyun sürüsü, dağın zirvəsindəki şəhər, xəmiri qaldıran maya ilə müqayisə edirdi. İsa xüsusilə qeyd edirdi ki, Onun Padşahlığı ruhani Padşahlıqdır: «Mənim Padşahlığım buradan deyil» (Yəh 18, 36).

Müqəddəs Ruhla ilhamlanan Müqəddəs Peter İsanı Var olan Allahın Oğlu kimi etiraf etdi, Məsih söz verdi ki, Peterin etirafı üzərində Öz Kilsəsini yaradacaq, Peterə isə onun üzərində hakimiyyət verəcək: «Mən sənə deyirəm ki, sən Petersən və Mən Kilsəmi bu Qayanın üzərində quracağam. Cəhənnəm qapıları ona qalib gələ bilməyəcək. Səmavi Padşahlığın açarlarını sənə verəcəyəm» (Mat 16, 18-19). Sonralar bütün Həvarilərə müraciət edən İsa dedi: «Yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq» (Mat 18, 18). Beləliklə, Peterlə birgə olan Həvarilər Məsihin Kilsəsinin təməli və özəyidir. Əlbəttə, Peter heç vaxt tək olmayacaq, Həvarilər də çobansız qoyunlar kimi onların birliyini təmin edən Petersiz heç vaxt olmayacaqlar. Peter birliyin rəmzidir. Birlik olan yerdə məhəbbət və həqiqət var, bununla da Rəbb Öz Kilsəsini düzlüklə təmin etdi, çünki o, bir olacaq və İsanı əvəz edən Peterin ətrafında toplanacaq. Diriləndən sonra Məsih vədini yerinə yetirdi. Peterə Kilsəsini tapşırmazdan əvvəl O, Peterin üç dəfə Ona məhəbbətini etiraf etməsini tələb etdi: «Ey Yunus oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar» (Yəh 21, 16). Rəbb Ona iman edənləri «quzu» adlandırırdı.

Məsih Həvarilərə Peterlə bir olmağı tapşırdı: «Gedin, bütün millətləri öyrədin» (Mat 28, 19). Kilsə Müqəddəs Ruhun endiyi gündən öz tapşırığını yerinə yetirməyə başladı. Peterin vəzindən sonra həmin gün üç minə yaxın insan iman gətirərək vəftiz olundu. Beləliklə, Allahın Padşahlığına yeni üzvlər daxil olmağa başladı və o, Fələstinin sərhədlərinin kənarlarında da yayıldı. Həvarilər Müjdəni vəz edərək bütün dünyaya yayıldılar, iman edənləri iblisdən və şərdən üz döndərməyə və həmçinin imanı etiraf etməyə çağırdılar və vəftiz vasitəsilə onları Kilsəyə qəbul etdilər.

Müqəddəs Peter əvvəlcə Antakyada vəz etdi, sonra isə Romaya gəldi və burada 25 il ərzində Müjdəni yaydı, 67-ci ildə isə Məsihi vəz etdiyinə görə qətlə yetirildi (başıaşağı çarmıxa çəkildi). Peter Vatikan dağında dəfn edildi, 313-cü ildən sonra onun qəbiri üzərində Kilsənin əsası qoyuldu, XIX əsrdə isə Vatikan dövləti quruldu. Hər bir növbəti Roma Yepiskopu Roma Papası adlanırdı və Peterin tapşırığını yerinə yetirirdi.

Ümumdünya Kilsəsinin quruluşunu Məsih Həvarilərin yaşadığı dövr üçün deyil, dünyanın sonuna kimi, Özünün ikinci gəlişinə qədər nəzərə almışdı. Buna görə də Kilsənin əsas strukturu bu günədək davam edir. Kilsə Roma Papası (Peterin xələfi) ilə birgə olan Yepiskoplar (Həvarilərin xələfləri) tərəfindən idarə edilir. Ümumdünya Kilsəsi Məsihin birlik barədə «onlar da bir olsun» (Yəh 17, 22) əmrini yerinə yetirməyə çalışır, amma buna baxmayaraq, iyirmi əsr ərzində ondan nəinki insan qrupları, hətta bütün xalqlar ayrılmışdır.

Həvari Pavlos Kilsəni Məsihin Bədəni adlandırır, burada Məsih Özü Baş, imanlılar isə üzvlərdir. Məsihlə birgə olmaq yalnız Onun Kilsəsi ilə birgə olmaq vasitəsilə mümkündür; Məsihin Kilsəsini tanımayan Məsihi tanımır. Məsihin təbiəti ikili olduğu kimi Kilsənin təbiəti də ikilidir – İlahi-bəşəri. «Kilsə eyni zamanda gözə görünən və ruhanidir; Kilsə həm iyerarxiyalı cəmiyyət, həm də Məsihin mistik Bədənidir. İkili, İlahi və bəşəri ünsürdən ibarət olduğuna baxmayaraq, Kilsə birdir. Bu onun sirridir və bu sirri yalnız imanla qəbul etmək olar» (KKK 779). Kilsədəki İlahi elementlər bunlardır: Müqəddəs Ruhun lütfü, müqəddəs ayinlər, iyerarxiya, Allahın əmrləri. Bu elementlər müqəddəs və dəyişməzdir. Kilsədəki bəşəri element kamil və dəyişməz deyil. Buraya günahları və nöqsanları ilə insanlar, mərasimlər, ənənələr, dini mahiyyət daşıyan memarlıq, musiqi və s. aiddir.

Kilsənin üç tapşırığı var; o, bunları Yepiskoplar, keşişlər və dyakonlar vasitəsilə yerinə yetirir. Həmin tapşırıqlar bunlardır: Allah Kəlamını vəz etmək, müqəddəs ayinləri insanlara öyrədərək onları təqdis etmək və imanla mənəviyyat məsələlərində onları idarə etmək.

Qədimdən bəri həqiqi Məsih Kilsəsini dörd xüsusiy­yətlərinə görə tanımaq olar: Birlik, müqəddəslik, ümumdünyalıq və həvarilik. «Bu, yeganə Məsih Kilsəsidir, biz onu Müqəddəs, Ümumdünya və Həvari Kilsəsi kimi İman Rəmzində etiraf edirik. Bir-biri ilə sıx bağlı olan bu dörd xüsusiyyət Kilsənin əsas cəhətlərinə və onun missiyalarına işarə edir. Kilsə bunları özündən almayıb – Məsih Müqəddəs Ruhla Öz Kilsəsinə vahid, Müqəddəs, Ümumdünya və Həvari Kilsəsi olmağa imkan verir və O Özü Kilsəni bu xüsusiyyətlərdən hər birini yerinə yetirməyə çağırır» (KKK 811).

Kilsə birdir, çünki bir olan Allah və Xilaskar tərəfindən qurulub və bir Müqəddəs Ruhla idarə olunur. Kilsə (Peterin xələfi olan Roma Papasının imanında əsaslanan) imanına görə birdir, Kilsə müqəddəs Evxaristiya Qurbanı və ayinləri ilə birdir. «Rəbb bir, iman bir, vəftiz bir, hamının Allahı və Atası birdir» (Ef 4, 5-6). Mərasimlərin və ənənələrin müxtəlifliyi Kilsənin birliyinə zidd deyil. İmanı xalqla, dil yaxud mərasimlə eyniləşdirmək primitivdir. Katolik Kilsəsində bir çox mərasim var (latın, vizantiya, amvrosi, kopt, və s.), bu da onun birliyinə zidd deyil.

Kilsə müqəddəsdir, çünki onun üzvlərini təqdis edən Məsih müqəddəsdir, Xilaskardan alınan təlim müqəddəsdir, Kilsə üzvlərinin ürəklərində Məsihin alovlandırdığı məhəbbət müqəd­dəs­dir, həmçinin Kilsənin övladları arasında Məsihin əmrlərini tam yerinə yetirən və xilasa nail olan Müqəddəslər var.

Kilsə ümumdünya kilsəsindən ibarətdir, yəni «katolik», «universal», «bütöv» Kilsədir, çünki onda həqiqətin bütövlüyünü və xilas vasitələrini verən Məsih var; həm də ona görə ki, Kilsə Məsih tərəfindən bütün bəşəriyyət, bütün irqlərdən olan insanlar, xalqlar və zamanlar üçün təsis edilib.

Kilsə həvari kilsəsidir, çünki Həvarilərin təməlində qurulub, onların iman barədə sağlam təlimini qoruyur və vəz edir; onun üzvlərini isə qanuni varisləri olan və Roma Yepiskopu (Papa) ilə bir olan Yepiskoplar öyrədir və təqdis edirlər.

Allahın Padşahlığı yer üzündə başlayır və əbədiyyətdə davam edir. Yer üzündə olan imanlılar, səmada xilas olan insanların canları və ərafda əzab çəkənlər ruhani cəhətdən bir-biri ilə əlaqədardır. Yer üzündə yaşayanların əbədiyyətə gedənlərlə bu ruhani əlaqəsi Müqəddəslərin ünsiyyəti adlanır. İlk əsrlərin məsihçiləri vəftiz olunan bütün adamları «müqəddəs» adlan­dırırdılar, çünki onlar «Allahın Müqəddəsinə» – Məsihə iman etdilər, Vəftiz ayinində təqdis olundular, təqdis edən lütf aldılar, əbədi olaraq Allahla Padşahlıq etmək üçün qabaqcadan təyin olundular, səmadakı mələklər və müqəddəslərlə ruhani əlaqə vasitəsilə Padşahlıqda artıq iştirak edirlər.

Yer üzündəki imanlılar mübariz Kilsə adlanır, çünki onlar çətinliklərdən və sınaqdan keçirlər, öz mənfi vərdişlərinə qalib gəlirlər. Mübariz Kilsənin üzvləri bir-biri ilə imanın, ayinlərin, ruhani ənamların və məhəbbətin birliyində ünsiyyət edirlər. Məsih bizə «Atamız», «bizə bağışla», «bizə ver» sözləri ilə dua etməyi öyrətdi, bu da məsihçinin yalnız özü üçün deyil, bütün Kilsə üçün dua etməsinə işarə edir; Kilsə isə onun üçün dua edir.

Ərafdakı insanların ruhları əzab çəkən Kilsədir, çünki etdikləri günahlara görə onlar əzabları ilə Rəbbə əvəz verirlər. Ərafdan sonra insanların ruhları cənnətə, yəni Allahın Padşahlığına daxil olurlar. Əraf cəhənnəm demək deyil, onu gözləmə otağı ilə müqaisə etmək olar. Ərafda insanların ruhları yer üzündə yaşayan bizlərə görə dua edir, biz isə onlara Müqəddəs Messa qurbanı, indulgensiya, dua və mərhəmət əməlləri ilə kömək edirik ki, onlar Allaha məhəbbətdə daha kamil olsunlar.

Səmada olan insanların ruhları bayram edən Kilsədir, çünki onlar əbədi səadətə qovuşub, Allahı izzətləndirirlər. Səmadakı müqəddəslər bizə görə dua edirlər, biz isə onlardan himayə diləyirik, çünki onlar Rəbb Allaha daha yaxın və daha məqbul­durlar.

Ayrılmış məsihçilər barədə

Pravoslav Kilsəsi («fərqli, katolik olmayan» imana məxsus olan) 1054-cü ildən mövcuddur, lakin bu vaxta qədər də özünü «Pravoslav» (ortodoksal) və «ümumdünya» (yunanca “kafolik”) adlandırırdı. Bidətçilərdən fərqli olaraq, «Pravoslav» termini «katolik olmayan» mənasını vermirdi, çünki vahid, müqəddəs, ümumdünya (katolik) və Həvarilərin Kilsəsinə daxil idi.

Ayrılmanın hekayəsi belədir. Bizans imperatorları məsihçiliyi qəbul etmələrinə baxmayaraq, Roma Qeysərlərinin bütpərəst düşüncə tərzini saxlayırdılar. Onların fikrinə görə «İlahi» Qeysər Baş keşişdir və imanlılar üzərində hakimiyyət ona məxsusdur. Buna görə də onlar əvvəldən Kilsəni özlərinə tabe etməyə çalışıblar. Dünyəvi hakimiyyətin Kilsəni idarə etmək cəhdləri «qeysər-papaçılıq» (qeysər Papa olmaq istəyir) adlanır. Roma Papaları buna qarşı çıxırdılar, amma Bizansda imperatorlar Kilsəni özlərinə tabe edə bildilər. İmperatorlar Konstantinopolda özlərinə məqbul olan adamları yüksək ruhani vəzifələrə təyin edərək Roma Papasından tam müstəqil olmağa çalışırdılar. Ayrılma Konstantinopol Patriarxı Fotinin dövründə 846-cı ildə başlandı və 1054-cü ildə Mixail Kerullari dövründə bitdi. Rus Pravoslav Kilsəsi hələ uzun müddət Roma Papasının hakimiyyətini tanıdı, amma yunanların təsiri altında tədricən Ümumdünya Kilsəsindən ayrıldı.

Protestantizm (Roma Papasının hakimiyyətinə qarşı çıxma) tarixi Qərbdə XVI əsrdə başlandı. 1517-ci ildə rahib və keşiş Martin Lüter 95 tezis dərc etdi, bunlarla o, Kilsədə islahat tələb etməkdən başqa Həvarilərin imanını da təhrif edirdi. 1520-ci ildə o, tezislərinin 41-ini mühakimə edən və bu müddəaları inkar etməsini tələb edən papanın bullasını açıq şəkildə yandırdı. 1521-ci ildə o, Kilsədən qovuldu. 1530-cu ildə Lüterin və onun tərəfdarlarının təliminin əsaslarını izah edən «Auqsburq iman rəmzi» dərc edildi. Protestantizm tezliklə müxtəlif hərəkatlara və təriqətlərə bölündü.

Lüteranlıq protestantizmin əsas cərəyanıdır. Müqəddəs Rəvayətləri, Müqəddəslərlə ünsiyyəti, bəzi ayinləri, xilas üçün xeyirxah işlərin lazım olduğunu inkar edir. Lüteranlar həvari Kilsəsi ilə əlaqəni qırdılar, buna görə də Müqəddəs Messa xidmətini icra etmək və günahların buraxılması üçün keşişlik ənamına malik deyillər.

Anabaptistlər (yenidən vəftiz olunanlar) 1522-çi ildə Nikolay Ştorx və Tomas Münser tərəfindən təsis edilmiş təriqətdir. Onlar yalnız böyükləri vəftiz etməyə başladılar və Məsihin tezliklə gələcəyinə inanırdılar. Bir sıra təriqətlərə bölündülər.

Anqlikan Kilsəsi 1534-cü ildən mövcuddur. İngiltərə kralı VIII Henrix Papadan arvadı Yekaterina Araqonlunu boşayıb Anna Boleyn ilə qeyri-qanuni nikah bağlamasına xeyir-dua verməsini tələb edirdi. Rədd cavabı alaraq, o, özünü İngiltərədə Kilsənin «ali hakimi» elan etdi, təbəələrdən sədaqət andını tələb etdi, tabe olmayanları isə ölümlə cəzalandırdı. Katolik imanına sadiq qaldığına görə dövlət kansleri Tomas Mor, həmçinin bir çox Yepiskop, keşiş və imanlı qətlə yetirildi. 1563-cü ildə Papa hakimiyyətini, müqəddəs Messanı, günahların buraxılmasını, ərafı, Müqəddəslərlə ünsiyyəti rədd edən anqlikan dövlət iman təliminin 39 bəndi elan olundu.

Kalvinizm öz adını 1534-cü ildə Katolik Kilsəsindən ayrılan, Fransadan Cenevrəyə köçən və burada özünə tərəfdarlar tapan Jan Kalvindən alıb. Kalvinizm mütləq qismətə imanı təklif edir (imandan və mənəviyyatdan asılı olmayaraq, hər bir adamın doğum anından səmalarda yaxud cəhənnəmdə olmağı təyin edilir). Vaizləri insanlar özləri seçir.

Baptistlər (vəftiz olunanlar) hamı tərəfindən qəbul edilmiş uşaq vəftizini rədd edirlər, yalnız böyükləri vəftiz edirlər. Təriqət İngiltərədə 1639-cu ildə yaranmışdı. Rocer Vilyams onu Amerikaya apardı. Qisməti qəbul edirlər.

Adventistlər baptistlərdən yaranıblar. 1844-cü ildə Vilyam Miller dünyanın sonunu elan etdi («adventus» – lat. «Rəbbin gəlişi»). Bir sıra təriqətlərə bölündü, bunlardan əsası Yeddinci Günün Adventistləridir.

Pentikostçular 1901-ci ildə ABŞ-da yarandılar. İman edirlər ki, hər bir insanın üzərinə Müqəddəs Ruh enəndə o, qeyri-adi xarizmatik ənam əldə edə bilər. Onların təliminə görə, hər bir imanlı peyğəmbərlik etməli, naməlum dillərdə danışmalı, xəstələrə şəfa verməlidir. Tezliklə dünyanın sonunun gələcəyini söyləyirlər və qismətə inanırlar.

Müjdəçi məsihçi-baptistlər SSRİ-də 1944-cü ildə baptistlərin, müjdəçi məsihçilərin və Pentikostçuların birləşməsi nəticəsində yarandı. «Seçilmiş olduqları» barədə ideya onların imanının əsasıdır, birliyi isə dini məsələlərdə güzəştə getməklə əldə edə bildilər.

X. «günahların bağışlanmasına İman edİrəm»

«Həddindən ağır və Müqəddəs Kilsənin buraxa bilmədiyi bir günah yoxdur. Elə bir şər və cinayətkar adam yoxdur ki, ürəkdən tövbə etdiyi halda bağışlanmaya ümidi olmasın”. Hamı üçün Qurban olan Məsih, Kilsəsinin bağışlanma qapılarının günahdan üz döndərən insana həmişə açıq olmasını istəyir» (KKK 982).

Günahları buraxma səlahiyyətini Kilsə Məsihdən aldı: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır» (Yəh 20, 22-23). Bu səlahiyyət Həvarilərin xələfləri olan Yepiskopların əlindədir; onlar bu səlahiyyəti keşişlərə verirlər. «Keşişlər Allahın nə mələklərə, nə də baş mələklərə verdiyi səlahiyyəti alıblar. Keşişlərin yer üzündə etdiklərini Allah səmalarda təsdiqləyir», – deyə Müqəddəs İohann Xrizostom söyləyir. Bağışlayaraq, Allah günahı məhv edir və onu unudur.

Günahların buraxılmasını Xilaskar Öz Kilsəsi ilə, ilk növbədə isə vəftiz ayini ilə əlaqələndirdi. Vəftiz ayinində Allah ilk və şəxsi günahları buraxır və onlara görə cəzanı ləğv edir. Tövbə ayini Vəftizdən sonra ağır günah edənlərə lazımdır. Kilsədən kənarda günahların buraxılmasını axtaran, Vəftiz olunmaq istəməyən və keşiş qarşısında günahlarını etiraf etmək istəməyən adam Kilsəni rədd edir, Kilsəni rədd etməklə, Məsihin Özünü rədd edir, buna görə də Allahdan günahlarının buraxılmasını və ləğvini diləyə bilməz. Yalnız insanın səmimi olaraq keşiş qarşısında günahlarını etiraf etmək istədiyi, lakin bunu etməyə imkanı olmadığı halda o, Rəbbi sevdiyinə görə ürəyində günahından ötrü səmimi olaraq və tamamilə kədərləndiyi təqdirdə günahlarının buraxılmasını ala bilər.

XI və XII. « bədənİn dİrİlməsİnə, əbədİ həyata İman edİrəm»

Bədənin dirilməsi

Müqəddəs Yazıda «Bədən» (cisim) sözü zəif və fani insanın təbiətinə işarə edir. Bədənin dirilməsi o deməkdir ki, ruh və bədənin birliyi olaraq yaranan insan ölümündən sonra yalnız ölməz ruhu ilə yaşamayacaq, lakin yenidən öz bədənini alacaq. Bədənin dirilməsinə iman etməyən sadukeylərə İsa belə cavab verdi: «Nə Müqəddəs Yazı, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi? İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. Allah ölülərin deyil, dirilərin Allahıdır» (Мark 12, 24-25. 27). İsa Ona iman edəni yenidən dirildəcək: «Mənim cismimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm» (Yəh 6, 54). Ölüm anında can bədəndən ayrıldığı kimi Dirilmə anında da Rəbb Allah ona çürüməyən və dağılmayan həyat verərək onun ruhunu dirilmiş yeni bədənlə birləşdirəcək. Hər bir insan öz (ruhunun müqəddəsliyinə yaxud günahlı olmasına uyğun) bədənində diriləcək, lakin bu, dəyişmiş, ruhani və ölməz bədən olacaq. Həvari Pavlos deyir: «Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz; əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir; əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var» (1Kor 15, 42-44).

Təbiətdə insanın dirilməsinə bənzər olan bəzi hadisələr görürük. Torpağa atılmış buğda ölür, lakin ondan toxumları ilə gözəl sünbül bitir. Sürfə gözəl kəpənək olur və güllərin üzərində uçur.

Bir nəfər İsaak Nyutona sual verir: «Bədənin dirilməsinə inamı elmlə necə uyğunlaşdırmaq olar? Axı çox vaxt ondan heç nə qalmır?» Böyük alim dəmir qırıntılarını qumla qarışdırdı və sual verdi: «Qırıntıları qumdan necə ayırmaq olar?» Maqniti götürdü və quma salıb bütün dəmir qırıntılarını ayırdı: «Yaradan maqnitə belə qabiliyyət veribsə, bədənimi bir gün yeni həyata çağırmasına nə üçün də inanmayım?»

Bencamin Franklin qəbir daşında bu sözləri yazmağı xahiş etmişdi: «Burada içindən məzmunu çıxarılmış köhnə kitabın cildi kimi Bencamin Franklinin bədəni dəfn olunub, lakin kitab məhv olmayıb və yeni, daha yaxşı halda nəşr olunacaq».

Ölüm və şəxsi məhkəmə

Ölüm yer üzündəki həyat yolunun sonudur, dirilmək məqsədi ilə ruhun bədəndən ayrılmasıdır. Ölümün bir neçə mərhələsi var: klinik, bioloji və teoloji. Klinik ölüm ürək dayananda, beyin və sinir sistemi isə işləyəndə baş verir. On dəqiqə ərzində ürək iş vəziyyətinə gətirilsə, bu halda olan insanı həyata qaytarmaq olar. Bioloji ölüm beyinin hüceyrələri öləndə və sinir sisteminin fəaliyyət bacarığı olmayanda baş verir; bundan sonra insanı həyata qaytarmaq mümkün deyil. Teoloji ölüm ruhun bədəndən ayrılmasıdır, bu anı müəyyən etmək qeyri-mümkündür.

Ölüm günahın nəticəsidir. İnsan təbiəti fani olduğuna baxmayaraq, sınaqdan sonra Allah insana daha kamil və ölümsüz həyat verməyi planlaşdırırdı. Lakin insan Allahın əmrini pozaraq xeyir və şəri anladan ağacın meyvəsindən yedi və ölümü seçdi (mənəvi tarazlığı pozdu) (Yar 3). «Allah ölümü yaratmadı. …Günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi» (Müd 1, 13; Rom 5, 12).

Ölüm anından əvvəl insan Allahla yaxud Allahsız, əbədi taleyi barədə qərar qəbul etməlidir, çünki ikinci dəfə yer üzündəki həyata qayıtmaq qeyri-mümkündür. Allahın mərhəmətindən istifadə etmək imkanının vaxtı ölümlə tamamlanır. Məsih könüllü və təvazökar ölümü ilə ölümə qalib gəldi. Səmavi Ataya tabe olması ölümün lənətini bərəkətə çevirdi. Rəbb insanı Öz yanına ölüm vasitəsilə çağırır. Buna görə də bəzi Müqəddəslərin Mə­sihlə olmaq arzusu aydındır. Həvari Pavlos deyir: «Arzum buranı tərk edib Məsihlə olmaqdır». Müqəddəs Tereza Avilalı deyirdi: «Allahı görmək istəyirəm, lakin Onu görmək üçün ölmək lazımdır», «Mən ölmürəm, mən həyata daxil oluram».

İndiki zamanda “reinkarnasiya” (ruhun bir bədəndən digərinə köçməsi barədə) induist imanı daha populyardır, Məsih əleyhdarının hərəkatı olan «Yeni Əsr» («New Age») də bu imanın tərəfdarıdır. Bu imana görə ölü bədəni tərk edən can o biri insanın yaxud heyvanın doğulan bədəninə köçür. İnsan nə qədər kamil olsa, o qədər də yaxşı bədənlə gələcəkdə təmin ediləcək (tam təmizlənən naməlum «İlahi» ilə birləşəcək).

Əvvəlcədən qeyd etməliyik ki, hinduizm və «Yeni Era» Yaradan Allahı tanımayan bütpərəst dinləridir. İnduizm Krişna (bədəndə gələn Vişnu), Brahma, Şiva kimi allahlara iman etməyi təklif edir və təcrübəsində Satidən (dul qadınların özlərini yandırması) istifadə edir, inəklərə, meymunlara və ilanlara müqəddəs heyvan kimi pərəstiş edir. «Yeni Era» okkultizmi (gizli, sirli biliklərin əldə edilməsi), astrologiyanı, panteizmi, spiritizmi və nəhayət, şeytanpərəstliyi təbliğ edir. Məsuliyyətsiz reinkarnasiya nəzəriyyəsinə iman etmək istəyənlər bu düşüncə tərzinin nəyə gətirib çıxaracağını bilməlidirlər. Hinduizm yaxud «Yeni Era» təlimi ilə yaşayan insan İsa Məsihi rədd edir, bununla da özünü Fidiyədən məhrum edir.

Yaradan və kainatın Padşahı Allah sevdiyi övladları olan insanların canları ilə oyun oynamır. Rəbb Allah insana tam hörmət edərək yanaşır, hər birini qərar və hərəkətlərinə görə məsuliyyət daşıya bilən yeganə, təkrarolunmaz şəxsiyyət kimi bir dəfə və həmişəlik yaradır. Reinkarnasiyaya iman Allaha imanla yanaşı ola bilməz. Hər bir məsihçi yaxşı dərk etməlidir ki, yer üzündəki həyat ölümlə bitir, əbədi həyat isə məhkəmə ilə başlanır. Həmin məhkəmədə yalnız iki imkan olacaq: Allahla həyat yaxud rədd olunma. Ölülərin dirilməsinə və Qiyamət Gününə qədər əraf hələ olacaq.

Hər bir adam iki dəfə mühakimə olunacaq: şəxsi məhkəmədə və Son məhkəmədə. Ölümdən dərhal sonra insan ruhunu Allahın şəxsi məhkəməsi gözləyir. Həmin məhkəmədə onun əbədi taleyi müəyyən ediləcək və o, daha dəyişməyəcək. Məsih bu barədə zəngin adam və yoxsul Lazar haqqında məsəlində (Luka 16, 22) və dərrakəli quldura günahların bağışlanmasını, əbədi xoşbəxt­lik­də iştirak etməsini vəd edəndə danışır: «Bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan» (Luka 23, 43). Məhkəmədə insan Allahın ona verdiyi həyat, sağlamlıq, ağıl, yaddaş, hisslər, bacarıqlar kimi təbii ənamlardan necə və nə üçün istifadə etməyi barədə Rəbbə hesabat verəcək. Daha sonra insan ruhu Allahın ona verdiyi Vəftiz lütfü, tövbə, Müqəddəs Evxaristiya, nikahlar, müqəddəs fikir və ilhamlanmalar kimi fövqəltəbii ənamların istifadəsi barədə Rəbbə hesabat verəcək. Sonra insan ruha fikrində, sözündə, əməlində və borcunu yerinə yetirməməklə etdiyi günahlara görə Rəbbə cavab verəcək. Yalan, riyakarlıq, qeyri-səmimilik və insanlar qarşısında oyun oynamaq – bunların hamısı mənasını itirəcək və Allahın həqiqətində insan ruhu Allah tərəfindən tanındığı kimi özündəki bütün gizli cəhətləri tanıyacaq. Özünü həqiqətdə bu cürə dərk etmə Müqəddəsləri həyəcana gətirirdi və bizlərdən heç kim bundan qaça bilməz. İnsanın ruhu həmçinin Allahın hökmünü biləcək və onunla razı olacaq, çünki o özü barədə həmin hökmü çıxaracaq.

Axırda yalnız iki imkan olacaq – xilas yaxud rədd olunma. Lakin səmalara gedən yolda insan ruhlarının əksəriyyəti təmizlənmədən keçməli olacaq.

Səma barədə

«Allahla lütf və dostluqda ölənlər kamil şəkildə təmiz olurlar, onlar həmişə Məsihlə yaşayırlar. Onlar həmişəlik Allaha bənzər olurlar, çünki Onu “Olduğu kimi” (1Yəh 3, 2), üz-üzə görürlər» (KKK 1023). Səma əbədi xoşbəxtlik vəziyyəti və yeridir. Bu xoşbəxtlik Müqəddəs Üqnum, Bakirə Məryəm, Mələklər və Müqəddəslərlə ünsiyyətdən ibarətdir. Burada insanın ən dərin arzuları yerinə yetir. Səmavi xoşbəxtliyin sirri insan dərrakəsinin və təsəvvürünün imkanlarından üstündür. İsa səmalar barədə təsvirlərlə danışır, onu həyat, işıq, dünya, toy ziyafəti, Səmavi Padşahlığın şərabı, Atanın Evi, səmavi Yerusəlim adlandırır. Müqəddəs Pavlos əlavə edir: «Allahın Onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib» (1Kor 2, 9). Göydə əzab yoxdur: «Allah onların bütün göz yaşlarını siləcək» (Vəhy 7, 17). Müqəddəs Avqustin deyir: «Görəcəyik, sevəcəyik, izzətləndirəcəyik». Allahı olduğu kimi görəcəyik, sonsuzadək Onun müqəddəsliyini, mərhəmətini və məhəbbətini dərk edəcəyik, artıq bu xoşbəxtliyi itirməkdən qorxmadan Onu daim mədh edəcəyik, çünki «daim Rəblə olacağıq» (1Sal 4, 17). «Müqəddəsləri görmək, onların yanında olmaq, Rəbbi əbədi olaraq görmək necə böyük xoşbəxtlik, necə böyük sevincdir!» – deyə həmin müqəddəs Avqustin nida edir. Müqəddəs İohann Xrizostom deyir: «Kitaba yazılmaq və İsanı Onun izzətinin bütün dolğunluğunda görmək üçün bizə gündə min dəfələrlə ölmək lazım gəlsəydi, bu böyük xoşbəxtliyə layiq olmaq üçün biz bunu sevinclə edərdik».

Əraf barədə

«Allahla lütf və dostluqda ölən, lakin tam təmizlənməmiş insanlar – hərçənd ki, əbədi xilas onlar üçün təmin olunub – səmavi sevincə daxil olmaq üçün zəruri olan müqəddəsliyi əldə etmək məqsədi ilə ölümdən sonra təmizlənmədən keçirlər» (KKK 1030). Səma Rəbb Allahın və Müqəddəslərin olduğu yerdir, buna görə də «oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək» (Vəhy 21, 27). Öz günahlarına görə dualar, mərhəmətli əməllər, xəstəliklərin, əzabların və həqarətlərin səbirlə keçirilməsi və fədakarlıqla Rəbbə əvəz verməyən insan ruhlarının təmizlənməyə ehtiyacları var. Ərafda onlar günah və öhdəliyin yerinə yetirilməməsi ilə Allaha vurduqları inciklik və təhqirləri öz əzabları ilə islah edirlər. Qeyd etmək lazımdır ki, insan ruhlarının özləri bu təmizləyici əzabları bir məqsəd kimi deyil, Rəbbi görməyə layiq olmaq üçün zəruri olan bir vasitə kimi arzulayırlar.

Ərafdakı insan canlarının əzablar çəkməsinin birinci səbəbi Allahı görmək və Onunla olmaq həvəsidir, çünki onlar Allahı yer üzündəkindən daha yaxşı tanıdılar və buna görə də güclü şəkildə Onunla birləşməyə can atırlar, lakin günah çirkabı onlara maneə törədir.

Əzabların ikinci səbəbi ruhani təmizləyici alovdur. İman öyrədir ki, ərafın alovu çox təsirli və iztirablıdır, onun gücü yer üzündəki maddi alovun gücündən daha çoxdur.

Ərafda əzab çəkənlər təmizlənmə vaxtının azaldılmasını diləyə bilməzlər, buna görə də onların yeganə ümidi yer üzündə yaşayanlar və göydəki müqəddəslərdir. Ərafda əzab çəkən insan ruhlarına biz, ilk növbədə, Müqəddəs Messa Qurbanı ilə kömək edə bilərik. Bizim xahişimizlə keşiş onların əvəzində Messanı icra edir. Evxaristiya Qurbanının təmizlənmə alovunda əzab çəkənlərə daha böyük yüngüllük gətirməsi üçün onu icra etdikdə günahları etiraf etməli və Evxaristiyada (Evxaristiya) iştirak etmək lazımdır. Biz həmçinin öz dualarımız, səbirlə əzab çəkməyimiz və mərhəmət işlərimizlə ərafda əzab çəkən insan ruhlarına kömək edə bilərik.

Cəhənnəm barədə

Bəziləri Rəbb Allahın xeyirxahlığını və mərhəmətini əbədi rədd olunma və əzablar reallığı ilə uyğunlaşdıra bilmirlər. Bu problemi daha yaxşı anlamağa çalışaq. Allahın yaratdığı hər şey yaxşı və gözəldir. Yer üzündə mövcud olan şər – insanların əməlidir. İnsanlar özlərinə bənzər olanları öldürmək üçün silah ixtira ediblər. İnsanların ürəklərindən nifrət və paxıllıq gəlir. Mələklərə və insanlara seçim azadlığı verən Allah onlara günah etməməyi əmr etdi və hər şeyi elə təşkil etdi ki, onlar günah etməyə bilərdilər. Lakin Allah Mələklər və insanları seçim azadlığından məhrum edə bilməzdi, çünki bu halda onlar düşüncəsiz (heyvanlar kimi) və sevmək, xoşbəxt olmağa qadir olmayan məxluqlar olardılar.

Lüsifer və başqa Mələklərin, həmçinin insanların ilk günahından sonra Allah yaratdığı məxluqları məhv etmədi. Öz müqəddəsliyinə görə Allah düşüncəli məxluqa onun könüllü və şüurlu seçdiyini verir, lakin onu məhv etmir. Buna görə də Rəbb günaha batmış Mələkləri (şeytanları) xeyirxah Mələklərdən ayırdı və onların fəaliyyətini məhdudlaşdırdı. Allaha qarşı üsyan qaldırandan sonra cəhənnəm artıq onların daxilində idi və Rəbb onları seçdikləri vəziyyətdə həmişəlik möhkəmləndirdi.

Növbəti həyati nümunə bizə bunu anlamağa kömək edə bilər: sakit və sülhsevər ailəyə bir sərxoş gəlir və valideynləri təhqir etməyə başlayır, uşaqlara pis şeylər öyrədir, qabları qırır. Ev sahibi bu insanı öldürməyə çalışacaqmı? Xeyr! Lakin o, sərxoşu evindən uzaqlaşdırmaq üçün əlindən gələni edəcək. Eləcə də bütün məxluqlarının Atası olan müqəddəs və mərhəmətli Allah Ona və Müqəddəslərə nifrət edənləri Özündən və Müqəddəslərdən uzaqlaşdırır. Şər ruhlarla Allah belə davrandı, tövbə etməyən günahkarlarla da belə davranacaq. Beləliklə, Allahdan uzaq­laş­manın nəticəsi olan cəhənnəm və oradakı əzablar yaranır, çünki Allahsız xoşbəxtlik yoxdur və ola da bilməz. «Allah heç kimi cəhənnəmə təyin etmir; bunu etmək üçün insan ölümə aparan günahı edərək öz iradəsi ilə Allahdan üz döndərməli və həmin günahda sona qədər davam etməlidir» (KKK 1037). Həvari Peter deyir: «Rəbb heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir» (2 Peter 3, 9).

Cəhənnəmin olmasını ədalət tələb edir. Qədim xalqların hamısı şərə görə əbədi cəzaların mövcud olmasına inanırdı. Yunan mifologiyası öz oğlunu öldürən və ondan Zevs üçün yemək hazırlayan padşah Tantal barədə bəhs edir. Buna görə o, Qadesdə (cəhənnəmdə) qurşağa qədər suyun içində dayanır, başının üstündə isə gözəl meyvələr var, amma aclıqdan və susuzluqdan əzab çəkərək meyvəni dərmək üçün əlini uzadanda yaxud su içmək üçün əyiləndə onlar yox olur. Korinf çarı Sizif çox sayda adam öldürdüyünə görə Qadesdə dağa böyük daş qaldırır, lakin zirvəyə yaxınlaşan kimi daş aşağı düşür və Sizif onu yenidən qaldırmalıdır. Yunanların iman etdiklərinə görə «Tantalın əzabları» və «Sizifin zəhməti» əbədi davam edəcək.

Bir nəfər cəhənnəmin kilsə xadimlərinin və yaşlı adamlarının uydurması olduğunu təkrarlamağı xoşlayırdı. İkinci Dünya müharibəsi zamanı o, həbs düşərgəsinə düşdü və almanların sağ insanları krematorilərdə yandırdıqlarını görüb dedi: «Cəhənnəmin mövcudluğuna artıq inanıram, çünki insan bədənində olan iblislərin bu şər işlərinə görə başqa cəza ola bilməz».

Mərhəmət və xeyirxahlığın təcəssümü olan İsa çox vaxt cəhənnəm barədə xəbərdarlıq edərək, onu «cəhənnəm odu» (Mat 5, 22), «odlu soba» (Mat 13, 42), «əbədi əzab» (Mat 25, 46), «gəmirən qurdun (vicdan əzabının) ölmədiyi» (Мark 9, 46) və «ağlaşma və diş qıcırtısı» (Mat 13, 42) olan yer adlandırırdı. Günahlarını tövbə etməyən günahkarlar hökm sözlərini eşidirlər: «Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın» (Mat 25, 41). «Ölüm günahında vəfat edən insanların canları ölümdən dərhal sonra cəhənnəmə enir və burada cəhənnəm əzablarına, “əbədi alova” məruz qalır. Əsas cəhənnəm əzabı Allahla əbədi ayrılıqdan ibarətdir, halbuki insan həyat və xoşbəxtliyə yalnız Onda sahib ola bilər; insan həyat və xoşbəxtlik üçün yaranıb və bunlara can atır» (KKK 1035).

Rəbb tərəfindən rədd olunma ən qorxunc cəzadır. Müqəddəs İohann Xrizostom deyir ki, Allahı görə bilməmək və Onunla birgə ola bilməməyə görə əzab o qədər dəhşətlidir ki, məhkum olunanlara başqa cəhənnəm əzabını çəkmək bundan daha asandır. Yer üzündə yaşayan insan hər şey barədə öz duyğu dərrakəsinə uyğun mühakimə yürüdür, düşüncələrində çox vaxt dünyəvi məsələlərlə məşğul olur və Allahın böyüklüyünü, gözəlliyini dərk etmir. Lakin əbədiyyətə keçəndə bütün dünyəvi işlər mənasız olacaq və həqiqət tam aydınlıqla onun qarşısında dayanacaq. İnsan ruhu Rəbdə kamil xeyirxahlığı görür və var qüvvəsi ilə Ona can atır. Lakin nə qədər çox Ona tərəf can atırsa, o qədər də çox əzab çəkir, çünki Ona çata bilmir. Bu səbəblə onda özünə, məhkum olunanlara, mövcud olan hər şeyə və Rəbb Allaha qarşı nifrət yaranır, bu nifrət son dərəcə ifrat məyusluğa və hiddətli qəzəbə çevrilir.

Növbəti əzab – duyulan iztirablardır. Məhkum olunanlara duyulan əzablar verən bu sirli və fövqəltəbii alov yer üzündə yaşayanlar üçün ağlasığmazdır. Öz gücünə görə o, yer üzündə olan alovla müqayisə edilə bilməz. Hər bir insani bacarıq və hiss yer üzündəki həyat ərzində etdiyi günahların qüvvəsi və sayına uyğun olaraq əzab çəkəcək.

Cəhənnəm barədə vəz eşidən bir zabit ibadətdən sonra keşişə yaxınlaşıb gülmək üçün dedi: «Sən bir şeyi deməyi unutdun! Cəhənnəm odunda bişirəcəklər, yoxsa qızardacaqlar?» Keşiş onun gözlərinin içinə baxıb ciddi səslə dedi: «Orada olanda görəcəksən». Zabit diksinib kənara çəkildi. Bir neçə il sonra onlar yenidən görüşdülər. Zabit keşişə yaxınlaşıb dedi: «On il sözlərini yadıma salırdım və cəhənnəmin olmadığına inanmağa çalışırdım, lakin dözə bilmədim, tövbə etdim, günahlarımı etiraf etdim və indi məsihçi kimi yaşayıram».

Daha bir əzab – azadlıq, təsəlli və istirahətə ümid etmədən əbədi iztirab çəkməkdir. Məhkum olunanların şüurunda daim iki dəhşətli söz olacaq – «heç vaxt» və «həmişə»: «Heç vaxt Allahı görməyəcəyəm, heç vaxt əzablar bitməyəcək, hətta kiçik bir ümid heç vaxt olmayacaq. Həmişə vicdan əzabı, həmişə məyusluq, həmişə özünə və hər şeyə nifrət olacaq, bunların hamısına da təqsirkar mənəm».

1917-ci ildə Portuqaliyanın Fatima kəndində üç uşağa dəfələrlə Müqəddəs Bakirə Məryəm göründü. Bir dəfə O, uşaqlara cəhənnəmi göstərdi. Uşaqlar danışırdılar: «Qarşımızda torpağın dərinliyində yerləşən alovlu dənizi, içində isə qara və yanmış, qəddar və yırtıcı heyvanları, həmçinin insan formasında olan qızmar və işıq saçan kömürə bənzəyən insan ruhlarını gördük. Böyük yanğın zamanı görünən qığılcımlar kimi onlar havada lələk kimi fırlanaraq yerə düşürdülər. Bunlarla bərabər insanı titrədən bərk fəryad səsləri, ağrı və məyusluq iniltiləri eşidilirdi». Qorxuya düşmüş uşaqlar buna baxa bilmirdilər və Məryəmə tərəf baxdılar. Məryəm qüssə ilə dedi: «Siz cəhənnəmi gördünüz, bədbəxt günahkarların ruhları buraya düşür. Onları xilas etmək üçün Allah Mənim Günahsız Ürəyimə baxaraq, tövbəyə çağırır».

Qiyamət Günü və məxluqların yeniləşməsi barədə

Ölülərin dirilməsindən sonra son məhkəmə olacaq. «Məhz Həqiqət olan Məsihin qarşısında hər bir insanın Allaha münasibəti barədə həqiqət aşkar olacaq. Qiyamət Günü hər bir insanın yer üzündəki həyatı ərzində etdiyi yaxud etmədiyi xeyirxah işi aşkar edəcək və hətta bunların ifrat nəticələrini də göstərəcək» (KKK 1039). «Qiyamət Günü Məsih izzətlə qayıdan vaxt olacaq» (KKK 1040).İsa bu barədə belə deyir: «Günəşdə, ayda və ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və dalğaların gurultu­sun­dan millətlər çaşqınlıq içində qalıb əzab çəkəcək. İnsanlar qorxudan və dünya üzərinə gələn fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma cisimləri lərzəyə gələcək» (Luka 21, 25-26; Мark 13, 24 25). «Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yara­nan­dan bəri sizin üçün hazırlanmış olan Səltənəti irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, Mənə baş çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yedirdik və ya susamış görüb su verdik?Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. O zaman solundakılara deyəcək: “Ey lə’nətə gəlmişlər, çəkilin önümdən! İblis ilə onun mələklərinə hazırlanmış olan əbədi alova yollanın! Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, yanıma gəlmədiniz”. Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək» (Mat 25, 31-46).

Bu, ümumi Məhkəmə adlanır, çünki burada bütün insanlar mühakimə ediləcək. Peyğəmbərlər bu günü Dəhşətli Gün, Qəzəb Günü, Qisas Günü, insanlar isə çox vaxt onu Dünyanın Sonu adlandırırlar, çünki bu, kainatın və ondakı həyatın indiki yaşayış tərzinin sonu və onun yeniləşməsi olacaq.

İnsana əngəlsiz xidmət etmək üçün Kainat ilkin vəziyyətinə qaytarılacaq. Müqəddəs Peter deyir: «Yeni göyləri və yeni yeri gözləyirik» (2 Peter 3, 13). Müqəddəs Yazı yeniləşmiş kainatı «Yeni Yerusəlim» adlandırır, burada Allah insanlarla birgə yaşayacaq: «Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21, 4).

XX əsrdə bir çox təriqət dünyanın son gününü elan etdi, lakin bu baş vermədi. Bu insanlar Rəbbin adından deyil, şeytanın ruhunun təsiri altına düşərək öz qürur və mövhumatları naminə danışırdılar. Bununla insan nəslinin düşməni dirilmə və əbədi həyat həqiqəti olan imanımızın əsas həqiqətini lağa qoymaq və məsihçiləri aldatmaq istəyir ki, onlar Qiyamət Gününün heç vaxt olmayacağına inansınlar. Lakin o mütləq olacaq, lakin insanlardan heç kim o günü əvvəlcədən bilmir və bilməyəcək. Xilaskar deyir: «O günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir» (Мark 13, 32).

Müjdə Məsihin tezliklə gəlişini və Sonuncu Məhkəmənin əlamətlərini bildirir: Müjdənin bütün xalqlara vəz edilməsi, yəhudilərin Məsihi qəbul etməsi, məsihçilərin bir çoxunun imandan dönməsi, Məsih əleyhdarının gəlməsi, böyük təbii fəlakətlər və kataklizmlər. Lakin bu an insanlar üçün gözlənilməz olacaq. Buna görə də İsa deyir: «Hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək» (Mat 24, 44).

Müqəddəs Avqustin «Tövbə» kitabında yazır: «Ya Rəbb, yalnız Səndən qorxduğuma görə içində yaşadığım günah uçurumundan çıxmağa məcbur oldum. Sənin Məhkəmən barədə bir anlıq belə, unutmurdum. Bu fikir mənə həddindən çox aydın və bəlli idi, ona şübhə edə bilməzdim. Özümə deyirdim: həyatı necə yaşamaq lazımdır ki, sonra Rəbb Allah qarşısında dayana bilim? Mən Ona nə deyəcəyəm? Aşkar olan işlərdən xəbərsiz olduğumu söyləyərək özümü doğrulda bilərəmmi? Günaha görə cəzanın heç vaxt olmayacağını düşünərək həyatımı məsuliyyətsiz yaşasam, mənə nə olacaq? İman etdiyim kimi iman etsəm və yaşadığım kimi yaşasam, heç mərhəmətə layiq olacağammı?» Buna görə də Avqustinin Allaha tərəf dönməsi səmimi, həyatı isə müqəddəs oldu.

«amİn»

Hər dua etirafını bitirdiyimiz kimi imanın da etirafını qədim yəhudi «Amin» sözü ilə bitiririk. Bu söz möhkəmliyi, etibarlılığı, sədaqəti göstərir və «həqiqətən, düzgün, bu baş versin» kimi tərcümə edilə bilər. «Amin» İman Etirafının əvvəlində olan «İman edirəm» ifadəsini təsdiqləyir. İnanmaq – Allahın sözlərinə, vədlərinə və əmrlərinə «Amin» deməkdir. İnanmaq özünü Həqiqət olan Şəxsə etibar etmək deməkdir. İsa Məsih deyir: «Yol, Həqiqət və Həyat Mənəm» (Yəh 14, 6).

II-ci HİSSƏ

Məsihçi ayinlərində (sirrlərində) iştirak

«Gedib yuyundum və gözlərim açıldı» (Yəh 9, 11)

Bu kitabın əvvəlində danışdığımız kor adam çox güman ki Məsihin onun üçün nə etdiyini heç anlamırdı. Məsih onun gözlərinə palçıq sürtdü və ona Şiloah hovuzunda yuyunmağı əmr etdi. İsa əllərini onun başına qoymadı, böyük və gözəl dualar etmədi, yalnız tüpürcəyini torpaqla qarışdıraraq ona toxundu. Bu, kor adamdan təvazökarlıq və Məsihə etibar etməsini tələb edən sadə, maraqsız və hətta qəribə hərəkət idi. O, Rəbbə etibar etdi – sözə baxdı, getdi və Şiloah hovuzunda yuyundu. Orada onun gözləri açıldı.

Etiqad insanı hərəkətsiz qoymur, onu hərəkət etməyə məcbur edir. İman da hərəkətsiz qala bilməz. İnsanın həyatında iman işlərini görmürüksə, onun ürəyində də iman yoxdur, hətta o bizə imanlı olduğunu inandırmağa çalışsa da. İman həyatın yenilənməsinə – tövbəyə və xeyirxah işlərə aparır, lakin ilk növbədə iman məsihçi ayinlərində, Liturgiyada iştiraka və dua etməyə istiqamətləndirir.

Müqəddəs Ruhun enməsindən başlayaraq, Məsih Kilsəsi dünyada canlı Allahın əlaməti oldu. Kilsədə İsa Məsih zahirə çıxarır, həyata keçirir və liturgiya xidməti vasitəsilə Öz xilas işini ötürür. Liturgiya zamanı Kilsə Müqəddəs Ruhda Oğul vasitəsilə Allahı izzətləndirir.

İmanlı tək qala bilməz – o, imanlılar cəmiyyətini axtarır, buna görə də müntəzəm surətdə bazar və bayram günlərində Liturgiyada iştirak etməyə başlayır. Müqəddəs Messa və Evxaristiyaya münasibət İsa Məsihə olan münasibətə bərabərdir. Rəbbi sevən şəxs bazar günü Evxaristiya Qurbanında iştirak etməyə bilməz, çünki bu vaxt ərzində o, Xilaskarla və qardaşlarla görüşür.

Ümumdünya Kilsəsinin Liturgiyası məsihçi həyatının mənbəyidir, buradan məsihçilər qüvvət və işıq alırlar. O həmçinin bütün Kilsə fəaliyyətinin can atdığı zirvədir. Yer üzündəki Liturgiyada iştirak səmavi Liturgiyada iştirakın əlamətidir. Səmavi Liturqiyada zəfər çalan Kilsə səmavi ruhlarla birlikdə Allahı əbədi olaraq izzətləndirəcək.

Liturgiyanın əsas məzmunu Pasxa Sirri olan Məsihin ölümü və dirilməsidir. Evxaristiyaya görə, bu xilasedici hərəkət real olur, burada İsa Məsih bütün dünyaya görə Özünü Ataya qurban gətirmək üçün Liturgiya iştirakçıları arasında çörək və şərab rəmzlərinin arxasında real olaraq iştirak edir və imanlılara qida olaraq Öz Bədənini və Qanını verir.

Kilsənin təsis etdiyi liturgiya ili vasitəsilə biz Məsihin Xilasedici sirrini daha yaxşı anlayırıq.

Liturgiya ili Məsihin sirrinin aşkar olunduğu Məsihin Bədəndə Gəlməsindən və Doğulmasından, Dirilmə vasitəsilə Göylərə yüksəlməsindən, Müqəddəs Ruhun enməsindən başlayaraq, Məsihin təkrar gəlişi barədə izzətli ümidin yerinə yetirilməsinədək liturgiya bayramlarının silsiləsindən ibarətdir. Kilsə Liturgiyasına görə, bu tarixi hadisələr real olur və onun vasitəsilə bizi bu hadisələrin iştirakçıları edir.

Katolik Kilsəsinin Liturgiyası ayinlər – Sirrlər – ətrafında cəmləşir. Bütün Sirrlər arasında Evxaristiya «Sirrlər Sirri» olaraq xüsusi yer tutur. Bütün ayinləri İsa Məsih Həvarilər vasitəsilə yaxud bilavasitə Özü təsis etmişdir. Onların məqsədi insanı təqdis etmək, Məsihin Mistik Bədəni olan Kilsəni yaratmaq, həmçinin Allahı izzətləndirməkdir.

İman ayinlərin – sirrlərin qəbul edilməsinə gətirir. Sirrlər (yaxud ayinlər) görünən əlamətlərdir, Məsihin qaydasına görə, bunlar bizə İlahi lütf verir. Ayinlər bulaqlarla, su ilə müqayisə edilə bilər, bunlar vasitəsilə insan təmizlənir və möhkəmlənir. Hər bir Sirr özünəməxsus tərzdə Müqəddəs Ruhun qeyri-adi lütfünü verir. Bu, Sirr Lütfü adlanır. Ayinlər insanın xilası və təqdis olunması üçün zəruridir.

Katolik Kilsəsi Məsihin təsis etdiyi Yeddi Müqəddəs Sirrləri qoruyur və imanlılara təqdim edir:

1. Vəftiz.

2. Mirro yağı ilə məshetmə (Konfirmasiya).

3. Evxaristiya.

4. Tövbə.

5. Xəstələrin mərhəm yağı ilə yağlanması.

6. Ruhanilik.

7. Nikah.

Yeni Katexizis müqəddəs ayinləri növbəti yolla ayırır:

A. Məsihçiliyə həsretmə ayinləri (Vəftiz, Mirro yağı ilə məshetmə, Evxaristiya);

B. Şəfa ayinləri (Tövbə, Xəstələrin mərhəm yağı ilə yağlanması);

C. İcmaya xidmət ayini (Ruhanilik, Nikah).

A. MƏSİHÇİLİYƏ HƏSRETMƏ AYİNLƏRİ

Vəftiz, Mirro yağı ilə məshetmə və Evxaristiya Məsihçiliyə həsretmə ayinləri ilə (məsihçiliyə giriş) məsihçi həyatının əsası qoyulur. «Məsihin lütfü ilə adamlara verilən İlahi təbiətdə iştirak etməyin təbii həyatın yaranması, inkişafı və saxlanması ilə oxşarlığı var. Vəftiz vasitəsilə yeni həyata doğulan imanlılar Mirro yağı ilə məshetmə ayini vasitəsilə möhkəmlənir və Evxaristiya zamanı əbədi həyat çörəyini qəbul edirlər. Beləliklə, məsihçiliyə həsretmə ayinlərində onlar getdikcə daha çox İlahi həyatın zənginliyini əldə edirlər, kamilliyə və məhəbbətə tərəf hərəkət edirlər» (KKK 1212).

1. VƏFTİZ

Vəftiz məsihçi həyatının təməli, İlahi həyatın qapısı və başqa ayinlərə girişdir. Vəftiz günahdan azad edir, bizi Allahın övladları, Məsihə üzv edir, Kilsəyə daxil edib onun elçisi edir. Vəftiz – su vasitəsilə Kəlamda doğulmaqdır.

Yunan dilindən tərcümədə «baptizyo» (vəftiz) sözünün mənası «suya salınma» deməkdir. Bu, Məsihin ölüm və dirilməsində katexumenin (Vəftiz qəbul edənin) ölüm və dirilməsinin rəmzidir. Müqəddəs Pavlos Vəftizi «…yumaqla,…Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi…» (Titus 3, 5) adlandırır. Su tökmə sudan və Müqəddəs Ruhdan doğulmaq deməkdir, bu barədə Xilaskar Nikodimə söyləyir. (müqayisə edin Yəh 3, 1 21).

Vəftizin təsisi

Bütün xilas tarixi ərzində Allah insanları Vəftizin təsisinə hazırlayırdı. Müqəddəs Kitab deyir ki, su həyat və səmərəliliyin mənbəyidir: «Allahın Ruhu suların üzərində dolaşırdı» (Yar 1, 2). Nuhun gəmisində Vəftiz rəmzini görürük, çünki o, əbədi ölümdən xilas edir. İsrailliləri misirli düşmənlərindən həmişəlik ayıran Qırmızı Dənizdən möcüzəli keçid Vəftiz qəbul edənin iblisin hakimiyyətindən azad olunmasına işarə edir. İsraillilərin İordan çayından möcüzəli keçidi və vəd olunmuş torpağa daxil olması Allahın Padşahlığına daxil olmağın rəmzidir. Bu, yer üzündə başlayır və əbədi davam edəcək.

Bütün Əhdi-Ətiq peyğəmbərlikləri Məsihdə icra olunur. İsa Öz Xilaskar missiyasını Vəftizçi Yəhyadan Vəftiz qəbul etməklə başlayır. Məsihin bu Vəftizə ehtiyacı yoxdur, lakin O bütün dünyanın günahını Öz üzərinə götürüb onları İordan çayının sularına apardı; bu Onun ölümünün və dirilməsinin xilasedici səmərələrini qəbul etmək istəyən hər kəsin müqəddəs Vəftizi qəbul etməsinin əlamətidir. Dirilmədən sonra İsa Öz Həvarilərinə aydın əmr verdi: «Gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat 28, 19 20).

Pentikost günündə Peterin vəzindən sonra 3000 yəhudi vəftiz olundu və Kilsə öz övladlarının sayını artıraraq böyük qüvvətlə inkişaf etməyə başladı.

Vəftizi həm böyük, həm də uşaq – hər kəs qəbul edə bilər. Böyüklərin Vəftizi məsihçi həyatına hazırlığı qabaqcadan bildirir və katexumenat adlanır. Katolik Kilsəsi balaca uşaqları Vəftiz edir, çünki insanın mümkün qədər tez təqdis edən lütfü qəbul edərək Allah övladı, Kilsə üzvü olmasını və Kilsənin lütfündə, dua və xeyir-dualarında iştirak etməsini istəyir. Bundan başqa, Kilsə uşağı iblis əsarətindən mümkün qədər tez azad etməyə və onu ilk günahdan təmizləməyə çalışır. Balaca uşaqlar müstəqil tərzdə şər ruhdan imtina və Həvarilərin imanını etiraf edə bilmirlər, buna görə də Kilsə valideynlərdən və vəftiz şahidlərindən (təəsüf ki, azərbaycan dilində “vəftiz şahidləri”, yaxud “vəftiz valideynləri” səhf olaraq “xaç atası”, “xaç anası” kimi tərcümə edilib) şərdən imtina etməyi, imanı qəbul etməyi və uşağa imanın həqiqətlərini öyrətməyi, onu məsihçi mənəviyyatında tərbiyə etməyə söz verməyi tələb edir. Günahların ilk etirafından və Evxaristiyada iştirak etməzdən əvvəl uşaq şüurlu şəkildə şərdən imtina edir və imanı etiraf edir. Mənəvi yetkinliyə çatanda o tam məsuliyyətlə təkrar olaraq iblisdən imtina edir və Vəftiz lütfünün əlavəsi və möhkəmliyi olan Mirro yağı ilə məshetmə Ayinində Müqəddəs Ruhun Ənamlarını qəbul edərək Katolik Kilsəsinin imanına şəhadət edir. Uşaqların Vəftizi həvarilərin zamanından məlumdur. Müqəddəs Həvarilərin İşləri kitabı söyləyir ki, bəzən ailələr bütünlüklə Vəftizi qəbul edirdi (müqayisə edin: Həv 16, 15. 33; 18, 8), sözsüz ki bunların arasında uşaq da var idi.

Vəftizin zəruriliyi və nəticələri

Vəftiz xilas üçün mütləq zəruridir. Nikodimlə söhbətində Xilaskar deyir: «Bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz» (Yəh 3, 5).

Su və Müqəddəs Ruhla Vəftiz qəbul etmək istəyənlər, lakin buna ciddi səbəblərə görə nail ola bilməyənlər, «istək» və «qan» ilə vəftiz ola bilərlər. Vəftiz olunmamış insan öz həyatını Məsih imanına görə qurban verəndə bu «qan» ilə Vəftiz adlanır. Vəftiz olunmamış, lakin Vəftiz olunmağı arzulayan və buna hazırlaşan insan öləndə bu «istək» Vəftizi adlanır. Hər iki halda insan Vəftiz ayinini qəbul etməsə də, onun nəticələrini əldə edir. Fövqəladə vəziyyətlərdə (Kilsə ruhaniləri olmadıqda, ölüm ayağında və s.) hər bir insan, hətta mesihçi dinindən olmayan belə, lakin vəftiz etmək niyyətində olan başqa insanı vətiz edə bilər. Bu halda vəftiz edənin niyyəti və vəftiz ayini Kilsənin niyyəti və ayini ilə bir olmalıdır.

Vəftizin nəticələri nədir?

O, günahların (ilk və şəxsi) buraxılmasını təmin edir və onlara görə cəzanı ləğv edir. Vəftiz olunan insana Səmavi Padşahlığa daxil olmağa heç nə mane olmur. Vəftiz ­insanı yeni məxluq, Allah övladı, ­İlahi təbiətin iştirakçısı, Məsih Kilsəsinin üzvü, Müqəddəs Ruhun məbədi edir. Müqəddəs Yazının bu gözəl sözləri metafora deyil, bunlar reallığı göstərir. Müqəddəs Üqnum Vəftiz qəbul edən insana təqdis edən (bəraət qazandıran) lütfü verir, bu onu inanmağa, ümid etməyə və Allahı sevməyə qadir olan Allah övladı edir, Müqəddəs Ruhun ənamlarına və verdiyi ilhama uyğun olaraq yaşamağa və hərəkət etməyə bacarıq verir, dərrakəni, ədaləti, cəsarəti və təmkinliyi inkişaf etditmək və kamilləşdirmək üçün qabiliyyət verir. Vəftiz vasitəsilə insan Məsihlə birləşir və Məsihə aidiyyətin silinməz olan işarəsini (möhürünü) alır.

Vəftiz necə olur?

Uşağların vəftizi

Kilsə vəftiz şahidləinin (vəftiz valideynlərinin) yetkin məsihçi (16 yaşdan böyük), Mirro yağı ilə məshetməni qəbul edən, Rəbbin Günlərində Liturgiyada iştirak edərək, gündəlik dua edərək, sirrləri qəbul edərək imanı təcrübədə tətbiq edən bir şəxs olmasını tələb edir. Vəftiz mərasimindən əvvəl vəftiz olunan şəxsin valideynlərinin və vəftiz valideynlərinin Tövbə sirrini, Vəftiz zamanı isə Evxaristiyanı qəbul etmələri Kilsə tərəfindən məsləhət edilir.

Mərasimin əvvəlində keşiş valideynlərə və vəftiz valideynlərinə uşağı məsihçi imanında tərbiyə etmək öhdəliyini xatırladır, onlar isə keşişə qəti razılıqla cavab verirlər və bu öhdəliyi yerinə yetirmək barədə aydın şəkildə söz verirlər. Əvvəl Keşiş, ondan sonra isə valideynlər və vəftiz valideynləri körpənin üzünə çarmıx nişanı (sağ əlinin böyük barmağı ilə) çəkirlər. Müqəddəs Yazı oxunandan və vəzdən sonra hamı birlikdə vəftiz olunan şəxs, valideynlər, vəftiz valideynləri və Kilsə üçün dua edir. Uşağa yalnız dünyavi ad verilibsə, göydə himayəçisi olsun deyə ona ikinci, məsihçi adı da verilə bilər.

Sonra ekzorsizm (iblisin qovulması) duası başlayır, bu duada keşiş vəftiz olunan şəxsin başına əlini qoyub şeytanın padşahlığından və ilk günahdan azad etməsini Rəbbdən xahiş edir. Vəftiz suyunun təqdisindən sonra Kilsə valideyn və vəftiz valideynlərindən şərdən, günah və iblisdən imtina etməyi və həvari imanını etiraf etməyi tələb edir. Keşişin suallarına cavab olaraq onlar üç dəfə şərdən imtina edib «imtina edirik» deyirlər və üç dəfə «İman edirəm» deyərək imanlarını etiraf edirlər.

Sonra valideynlər və vəftiz valideynləri körpənin tərbiyəsinə görə məsuliyyəti qəbul etmələrinə işarə edərək körpənin üzərinə sağ əllərini qoyurlar, keşiş körpənin başına su tökərək deyir:

«(Adı), səni Ata (suyu birinci dəfə tökür) və Oğul (ikinci dəfə tökür) və Müqəddəs Ruhun (üçüncü dəfə tökür) adı ilə vəftiz edirəm».

Bundan sonra keşiş vəftiz olunanın Əhdi-Ətiqin Baş Kahini, Peyğəmbər və Padşah İsa Məsihlə birləşməsinin rəmzi olaraq onu müqəddəs yağla məsh edir.

Uşağı günahdan təmizlənmiş və təqdis edən lütfü qəbul etmiş qəlbin təmizliyi və gözəlliyinin rəmzi olan ağ libasla örtürlər. Valideynlər və xaç valideynləri öz şamlarını Səmavi Padşahlığa yolumuzu təqdis edən, dirilmiş Məsihin rəmzi olan böyük Pasxa Şamından yandırırlar. «Göylərdə olan Atamız» duasından sonra keşiş valideynlər və vəftiz valideynləri üçün Evxaristiya ayinini icra edir, axırda isə uşağa, valideynlərə və vəftiz valideynlərinə xeyir-dua verir.

Böyüklərin vəftizi

Yetkinlik yaşına çatmış insanın vəftizi yalnız onun könüllü istəyi ilə keçirilə bilər. Vəftizdən öncə hər bir katexumen (vəftizə hazırlaşan) mütləq məsihçiliyin əsaslarını, Katolik Kilsəsinin Təlimini bilməlidir. Bununla bərabər, o – məsihçi həyatının mənəvi dəyərlərindən xəbərdar olmalı və gələcək həyatını bu dəyərlər üzərində qurmaq istəyində olmalıdır.

Adətən vəftiz ayini Müqəddəs Messa zamanı həyata keçirilir. Müqəddəs Yazı oxunandan və vəzdən sonra imanlılar səmadakı bütün müqəddəslərlə birlikdə vəftiz olunan şəxs üçün dua edirlər. Bu dua Litaniya adlanır. Bundan sonra keşiş suyun müqəddəs edilməsi üçün onun üzərinə əllərini uzadıb dua edir.

Vəftiz olunan şəxs keşiş və bütün imanlıların qarşısında şeytandan və bütün şərdən imtina edir və həvari inam rəmzini bəyan edir. Bu an keşiş vasitəsi ilə İsa həvarilərə buyurduğu sözlərə əməl edilir:

«(Adı), səni Ata (suyu birinci dəfə tökür) və Oğul (ikinci dəfə tökür) və Müqəddəs Ruhun (üçüncü dəfə tökür) adı ilə vəftiz edirəm».

Vəftizdən sonra təzə məsihçilər yeni həyatın rəmzi olan ağ libasını gəbul edib geyinirlər və dünyanın işığı olan İsa Məsihini təsvir edən yanan şamı qəbul edirlər.

Vəftizdən sonra Mirro yağı ilə məshetmə mərasimi ilə Liturgiya davam edir və təzə məsihçi həyat gücünün qidalanması üçün Evxaristiyanı qəbul edir.

Keşişlə görüş mümkün olmayanda yaxud bu həddindən çox çətin olanda, ölüm təhlükəsində yaxud çətin şəraitlərdə olan vəftiz olunmamış insanı necə vəftiz etmək olar? Belə xüsusi vəziyyətlərdə hər kəs vəftiz edə bilər. Bunu necə etmək olar?

1. Vəftizi yalnız təqdis olunmuş yaxud adi su ilə etmək olar ( süd, içki və s. kimi başqa maye ilə vəftiz etmək olmaz).

2. Vəftiz olmaq niyyətində olan şəxsin şeytandan və şərdən imtina edilməsini və İsa Məsihə inandığını bəyan edilməsi. İmkan olduqda birlikdə «Həvarilərin İman Rəmzi» duasını etmək.

3. Vəftiz olunan şəxsin başına üç dəfə su tökərək vəftiz sözlərini demək.

Bu halda vəftiz edənin niyyəti və vəftiz ayini Kilsənin niyyəti və ayini ilə bir olmalıdır.

Müqəddəs Fransisk Ksavyerinin tərcümeyi-halından oxuyuruq ki, bir dəfə bir zəncini vəftiz edəndən sonra o, kömək edən oğlana təqdis edən suyu Kilsəyə aparmağı tapşırdı. Lakin oğlan onu yaxınlıqdakı quru ağacın dibinə tökdü. Bir neçə gün sonra ağac yaşıllaşdı. Məsihə iman etməyə çətinlik çəkən bu hadisənin şahidlərinə Fransisk dedi: «Baxın, təqdis edən suyun təsiri ilə ölü ağac necə canlandı! Vəftizi qəbul edənin qəlbində baş verən möcüzəni Allah bizə göstərsəydi, biz nə deyərdik?»

2. MIRRO YAĞI ILƏ MƏSHETMƏ

Hər kəs dünyaya zəif və aciz gəlir, lakin tədricən böyüyür, yetkin olur və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Fizioloji həyatımızın inkişafına bənzər ruhani həyatımız da inkişaf etməlidir. Vəftizlə biz Allah övladları oluruq, lakin həyat yolunda bir çox çətinlik və maneə ilə rastlaşırıq: öz günahlı meyllərimiz, başqasının pis nümunəsi, şər ruhun tovlamaları ruhani həyatımıza təhlükə törədir. Buna görə də Rəbb Allah imanımızın və mənəviy­ya­tımızın möhkəmliyi üçün Müqəddəs Ruhun Mirro yağı ilə məshetməsi ayinini təsis etdi. İlk əsrlərdə o dərhal Vəftizdən sonra icra edilirdi; bu gün şərq mərasimlərində də belə icra edilir. Latın mərasimində Mirro yağı ilə məshetmə böyüklərin Vəftizi za­manı icra edilir. Uşaq vəftiz olunanda isə Mirro yağı ilə məshetmə onun yetkin yaşa çatma vaxtına keçirilir. Katolik Kilsəsi yetkin ya­şı fiziki yaxud hüquqi mənada deyil, mənəvi mənada anlayır, yəni insan öz əməllərinə görə tam məsuliyyəti daşımağa qadir olur.

Mirro yağı ilə məshetmə ayininin təsisi

İsa dəfələrlə Ona iman edənləri möhkəmlətmək, təqdis etmək və təsəlli vermək üçün gələcək Müqəddəs Ruh barədə danışırdı: «Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq» (Yəh 14, 26). Diriləndən sonra O, Ruhun enməsini gözləməyi əmr etdi: «Siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız. Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həm­çinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız» (Həv 1, 5. 8). Dirilmədən sonra əllinci gün İsa vədini yerinə yetirdi: «Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar (həvarilər) oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar» (Həv 2, 2-4). Müqəddəs Ruh Həvarilərin ürəklərini canlı iman və məhəbbətlə yandırdı. Məsihin əzabları zamanı üç dəfə Onu inkar edən Peter indi toplanan kütlə qarşısına çıxdı və elə iman və inandırma gücü ilə danışdı ki, üç min insan Müjdəni qəbul etdi və Vəftiz olunmağı xahiş etdi.

Həvarilər Müqəddəs Ruhun qüdrətini Vəftizi qəbul edənlərə ötürürdülər. Müqəddəs Həvarilərin İşləri kitabı bəhs edir ki, Samariya şəhərinə gələn Həvarilər Peter və Yəhya orada Məsih imanlılarını tapdılar, onlar yalnız vəftiz olunmuşdular. Onda «əllərini onların üstünə qoydu və onlar Müqəddəs Ruhu aldılar» (Həv 8, 17). Bu məhz bu gün Həvarilərin xələfləri olan Yepis­kopların icra etdiyi Mirro yağı ilə məshetmə Sirri idi. Yepiskopun icazəsi ilə, həmçinin vəftiz olunmuş, lakin hələ Mirro yağı ilə məshetməni qəbul etməmiş adama ölüm təhlükəsi olduğu halda bu ayini keşiş də icra edə bilər.

Mirro yağı ilə məshetmənin nəticələri

Mirro yağı ilə məshetmə sirində Müqəddəs Ruh cəsarətlə imanı etiraf və müdafiə etmək, həmçinin ona uyğun həyat yaşa­maq üçün məsihçini möhkəmlədir. Bu ayini Vəftizə əlavə olaraq qə­bul etmək zəruridir, onun vasitəsilə biz Məsih və Onun Kilsəsi ilə daha yaxından bağlanırıq. Ayin Vəftiz lütfünün art­ma­sını və dərinləşməsini təmin edir: İlahi övladlıqda bizi daha də­rindən möhkəmlədir, bizi Məsih və Onun Kilsəsi ilə daha yaxından bağ­layır, bizdə Müqəddəs Ruhun Ənamlarını artırır, bizə xüsusi qüdrət verir ki, biz cəsarətlə imanı etiraf edə bilək, onu müdafiə edək, onu sözlə və nümunə göstərməklə yayaq və heç vaxt Məsih­­dən və Onun Çarmıxından utanmayaq.

Mirro yağı ilə məshetmədən sonra insanın ruhunda təqdis edən lütf artır. Məsihçi daha da müqəddəs olur, çünki imanın həqiqətini daha dərindən anlayır, şübhə və çətinliklərə daha asan qalib gəlir, bir sözlə, Allahı daha çox sevməyə və Onun iradəsini daha kamil yolla icra etməyə qadir olur.

Mirro yağı ilə məshetmə vasitəsilə Müqəddəs Ruh bizdə Öz ənamlarını artırır:

1. Müdriklik verir ki, biz İlahi həqiqəti elan edək.

2. Ağıl verir ki, biz imanın həqiqətini kifayət qədər anlaya bilək.

3. Məsləhət verir ki, biz çətin həyati vəziyyətlərdə necə hərəkət edəcəyimizi bilək.

4. Bacarıq verir ki, öz xilasımız üçün istifadə edə bilək.

5. Cəsarət verir ki, biz sınaqları və əzabları səbirlə keçirə bilək və məyus olmayaq.

6. Möminlik («dua ruhu») verir ki, biz duanı, İlahi Liturgiyada iştirakı, Evxaristiyada iştirakı, Tövbə sirrini və bizə ana kimi İlahi həyat verən Kilsəni sevək.

7. Allah qorxusu verir ki, biz Rəbbə ehtiram dolu məhəbbət və müqəddəs qorxu hiss edək; müqəddəs Allah qorxusu Onu ağır günahla təhqir etməmək üçün bizdə səy yaradır, çünki O bizi sevir.

Mirro yağı ilə məshetmə Məsih əsgərinin silinməz işarəsini insanın qəlbində möhürləyir, bu işarəyə görə Mələklər və Müqəd­dəslər, həmçinin şər ruhlar Məsihi etiraf edən şəxsi tanıyırlar. Mü­qəddəs Ruh ənamını qəbul edən və İlahi iradəni düzgün yerinə ye­tirən adam Səmavi Padşahlıqda ali izzətə layiq olacaq.

Bu qədər yüksək ənamın qəbul edilməsi yağla məsh olunana Məsihin şahidi və Məsihin kahini kimi olmaq məsuliyyətini verir. Biz ilk növbədə saleh həyatla və Ümumdünya Kilsəsinin həyatın­da iştirak etməklə Məsih barədə şəhadət edirik. Yağla məsh olunan öz nümunəsi, sözü, nəsihət və məsləhəti ilə başqalarına Xilaskarı tapmaq və Onun Kilsəsi ilə birləşməkdə kömək etmək üçün Xilaskarla möhkəm birləşərək Məsihin əbədi və yeganə Keşiş­liyində iştirak edir.

Müqəddəs Ruh ənamı hər bir məsihçi üçün zəruridir, çünki hə­yat sadiqliyi və möhkəm olmağı bizdən daim tələb edir.

Müqəddəs Vikent de Pol həddindən çox savadlı bir insanla tanış olur. O, katolik imanının həqiqətlərinə çox şübhə etdiyinə, buna görə də məyusluğa yaxın olmasına və öz ruhi sağlamlığın­dan narahat olduğuna görə, həmçinin imanını itirmək qorxu­sun­dan şikayət etdi. Müqəddəs adam onun üçün dua etdi, Rəbbdən alimi sınaqlardan azad etməsini və bu sınaqları onun öz üzərinə yö­nəltməsini dilədi. Allah onu eşitdi, alim sakitləşdi, lakin Müqəd­dəsin qəlbində imana aid böyük şübhələr yarandı. O, bir neçə il ərzində buna dözdü. Keşiş kağız üzərində «İman edirəm» yazdı və daim bu yazını sinəsində gəzdirdi. Sınaq gələn kimi imanı etiraf etmə rəmzi olaraq əlini yazıya qoyurdu. Eyni zamanda o dua edir və xeyirxah işlər görürdü. Bir müddətdən sonra sınaqlar ke­çib getdi və keşişin qəlbində yenidən sülh yarandı. Beləliklə, Mü­qəddəs Ruhla möhkəmlənən məsihçi nəinki özü həmişə imanda qaldı, həm də yanında olana imanı qoruyub saxlamaqda kömək etdi.

Mirro yağı ilə məshetmə Mərasimi necə icra edilir

Sirr katexizasiyadan sonra keçirilir. Mirro yağı ilə məshetmə şahidi Kilsə adamı olmalıdır, Müqəddəs Ruh ənamını artıq qəbul etməlidir, Tövbə və Evxaristiya (Mirro yağı ilə məshetmə sirrini qəbul edən adam kimi) ayinlərini qəbul etməlidir, çünki Müqəddəs Ruh ənamını yalnız təqdis edən lütf vəziyyətində qəbul etmək olar. Bütün keçmiş həyata aid olan günahları etiraf etmək məsləhət olunur.

Mərasimin əvvəlində Yepiskop şərdən və iblisdən imtina etmələri barədə namizədlərə sual verir, onlar isə cavab verirlər: «İmtina edirəm». Sual verərək Yepiskop onlardan həvari imanını etiraf etməyi tələb edir, namizədlər bu suallara «İman edirəm» deyə cavab verirlər. Yepiskop yağla məsh olunanların üzərinə əlini uzadır və Müqəddəs Ruhu onların üzərinə enməyə, onlara Öz ənamlarını verməyə çağırır. Duadan sonra Mirro yağı ilə məshetmənin şahidi sirri qəbul edənin arxasında dayanır və sağ əlini onun çiyninə qoyur.

Yaxınlaşan Yepiskop əlini namizədin başına qoyur və alnına mirro (təqdis edilmiş ətirli yağ) işarə qoyur və deyir:

«(Adı), Müqəddəs Ruh ənamının əlamətini qəbul et».

Sirrini qəbul edən cavab verir: «Amin».

Yepiskop: «Sənə sülh olsun»,

sirrini qəbul edən isə cavab verir: «Sənin ruhunla da olsun».

Mirro yağı ilə məshetmənin mənası budur: «yağ» balzamla qarışdırılan ətirli yağdır. Balzamın ətri sirri qəbul edənin xeyirxah əməlləri ilə xoş ətir saçmasına işarə edir və balzam çürümənin qarşısını aldığı kimi sirri qəbul edən də günahın natəmizliyindən özünü qorumalıdır.

Ətirli Mirro yağı ilə məshetmə çətinliklər və tovlamalarla mübarizəyə hazırlıq deməkdir, çünki qədim zamanlarda rəqibin əlindən sürüşüb çıxmaq asan olsun deyə pəhləvanlar ətirli yağı bədənlərinə sürtürdülər.

Məshetmənin daha bir dərin mənası var. Əhdi-Ətiq zamanı və orta əsrlərdə yüksək vəzifəni qeyd etmək üçün peyğəmbərləri, keşişləri və padşahları ətirli yağla məsh edirdilər. «Məsih» adının mənası «Allahın Məsholunmuşudur», çünki O, Müqəddəs Ruhla tam «məsh olunub». O, Peyğəmbər, Baş kahin və Kainatın Padşahıdır. Məsihçinin yağla məsh edilməsi ona Xilaskarın peyğəmbər, kahin və padşah xidmətində iştirak etmək imkanını verir.

3. Evxaristiya

Evxaristiya qurban təqdimatı, çörək və şərab şəklində gizli olan Rəbbimiz İsa Məsihin Bədənini və Qanını minnətdarlıqla dadmaqdır.

Katexizis deyir: «Xilaskarımızın ələ verildiyi o Gizli Gecədə qayıdacağı vaxta qədər çarmıxdakı Qurbanını fasiləsiz əbədiləşdirmək üçün Öz Bədəninin və Qanının Evxaristiya Qurbanını təsis etdi və buna görə də Kilsə olan Öz sevimli Nişanlısına ölümü və dirilməsini xatırlamağı tapşırdı; bu, salehlik sirri, birlik əlaməti, məhəbbət birliyi, Məsihin dadıldığı, insanın qəlbi lütflə dolduğu və bizə gələcək izzətin girovu verildiyi Pasxa süfrəsidir». Evxaristiya «bütün məsihçi həyatının mənbə və zirvəsidir». Müqəddəs Evxaristiya özündə Kilsənin bütün ruhani xəzinəsini, yəni Bizim Pasxamız olan Məsihin Özünü saxlayır» (KKK 1323, 1324).

Evxaristiyanın təsisi

Xilaskarımız Müqəddəs Sirri dərhal təsis etmədi. Əvvəlcə O Öz şagirdlərini buna hazırlaşdırdı; bu xilasedici gidanın bizə verilməsini ilk dəfə səhrada beş çörəklə 5000 insanı doyuzdur­maqla böyük möcüzə edərək əvvəlcədən bildirdi. Çörəklərin çoxalması möcüzəsi burada olan adamlara böyük təsir bağışladı. Növbəti gün adamlar yenə Rəbbin yanına gəldilər, O bu sözlərlə onlara müraciət etdi: «Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz Cismimdir. Bəşər Oğlunun cismindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. Mənim cismimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. Çünki Mənim cismim həqiqi gida, qanım da həqiqi içkidir. Mənim cismimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram» (Yəh 6, 51. 53-56).

Rəbbin sözləri dinləyənləri daha da heyrətə gətirdi, onların əksəriyyəti bu sözlərin mənasını anlaya bilmirdilər, təəccübləndilər, bəziləri isə yoldan çıxıb İsanı tərk etdilər və daha Onun ardınca getmirdilər. Lakin Həvarilər Rəbblə qaldılar və Evxaristiya Sirrinin təsisinin şahidləri oldular. Sirli Gecə zamanı (çarmıxda ölməzdən əvvəlki gecə) O, Həvariləri ilə birlikdə idi; ­İsa çörəyi götürüb Ata Allaha minnətdarlıq etdi, çörəyi böldü və Öz şagirdlərinə verdi və dedi: «Alın! Bu Mənim bədənimdir» (Мark 14, 22). Süfrədən sonra O, su ilə qarışdırılmış turş üzüm şərabı ilə dolu olan kasanı götürdü və minnətdarlıq edərək Öz şagirdlərinə verdi və dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda tökülən Qanımdır» (Мark 14, 24).

Bu sözlərlə İsa çörəyin mahiyyətini Öz Bədəninə, şərabın mahiyyətini isə Öz Qanına çevirdi. Çörək və şərabın zahiri görünüşü, dadı, rəngi, qoxusu, çəkisi həmin qaldı, lakin bu artıq Məsihin həqiqi Bədəni və Qanı idi, çünki Allah insanları aldada bilməz. Xilaskar bu sözləri söylədiyi an masanın arxasında əyləşmişdi, həmçinin, həqiqətən, Özünün bütün İlahiliyi və insanlığı, canı və bədəni ilə mahiyyəti dəyişmiş çörək və şərab şəklində masanın üzərində idi. Sağ olan İsa həm çörək, həm də şərab şəklində idi, çünki çörək və şərab ayrı-ayrılıqda çarmıxda ölümü zamanı Onun Qanının Bədənindən ayrılmasının mənasını daşıyır, bunlar dirilmə anında yenidən həmişəlik birləşdi. «Bunu Məni xatırlamaq üçün edin» (Luka 22, 19) – İsa bu sözlərlə Öz Həvariləri və onların davamçılarına (Yepiskoplara və keşişlərə) bu Sirri dünyanın sonuna qədər icra etmək səlahiyyətini verdi, Müqəddəs Kilsə də bunu sədaqətlə qoruyub icra edir. İsanın «Öz hərəkətlərini və sözlərini «Rəbbin gəlişinədək» (1Kor 11, 26) təkrar etmək barədə İsanın tapşırığı təkcə Onu və Onun etdiyini xatırlamaqdan ibarət deyil. Həmçinin bu Həvarilərin və onların davamçılarının Məsihə, Onun həyatına, ölümünə, dirilməsinə və Ata qarşısında bizə görə vəsatətçiliyinə aid liturgiya xidmətinə də aiddir» (KKK 1341). Həvarilər Evxaristiya mərasimlərinin icrası zamanı onun iştirakçıları arasında İsa Məsihin real şəkildə olduğunu yaxşı anlayırdılar. Rəbbin ölümü və dirilməsi qansız, mistik (sirli, hisslərə anlaşılmaz) yolla icra edilməsinə baxma­ya­raq, real olur.

Həvarilərin dövründə məsihçilər Evxaristiya yığıncağını «çörək bölmə» (Həv 20, 7), «Evxaristiya» (1Kor 11, 20) adlandırırdılar və Evxaristiya hərəkətlərinə böyük imanla yanaşırdılar. Müqəddəs Həvari Pavlos Korinflilərə Birinci Məktubunda korinflilərə belə yazır: «Hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz. Buna görə də kim layiq olmayan tərzdə Rəbbin bu çörəyini yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və qanına qarşı təqsirkardır» (1Kor 11, 26-27).

Qurban təqdimatı və süfrədən ibarət olan Evxaristiya ibadəti Evxaristiya Liturgiyası (Allahın xalqının birgə hərəkəti) adlanır. «Evxaristiya» sözü isə yunan dilindən tərcümədə «minnətdarlıq» mənasını daşıyır, çünki biz məsihçilər imanımızın Müqəddəs Sirrlərində ehtiram və minnətdarlıqla iştirak edirik. Rəbbin Bədənini və Qanını dadmağı Birləşmə adlandırırıq, çünki bu hərəkətlə biz İsanın Özü ilə, Onun vasitəsilə isə Allahla birləşirik (İlahi həyatın iştirakçısı oluruq).

Müqəddəs Messa (İlahi Liturgiya) barədə

Rəbb İsa Özünü bizə görə Atasına daimi qurban təqdim etmək, Müqəddəs Evxaristiyada bizə qida olmaq, həmçinin «dövrün sonuna qədər» (Mat 28, 20) bizimlə olmaq üçün Öz Bədəninin və Qanının Müqəddəs Sirini təsis etdi. Müqəddəs Messa (Kilsə mərasimlərində Evxaristiya) keşişin əli ilə yer üzündə sağ olan və ərafdakı insan canları üçün Rəbb İsanın təqdim etdiyi Əhdi-Cədid Qurbanıdır. «Evxaristiya qurbandır, çünki o, Çarmıxın Qurbanını yenidən təqdim edir (hal-hazırda mövcud edir), onun xatirəsidir və onun bəhrəsini gətirir» (KKK 1366). Müqəddəs Messa zamanı bizim günahlarımıza görə Rəbb İsanın Özünü Səmavi Ataya çarmıxda verdiyi həmin Qurban təqdim edilir. Yeganə fərq yalnız qurban təqdimatının tərzindədir: çarmıxda Allah və insan olan İsa Özünü Qurban verdi, qanlı əzablar keçirdi və öldü. Liturgiya zamanı isə O Özünü çörək və şərab şəklində Qurban gətirir və əzab çəkərək ölmür. «Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz» (Rom 6, 9).

Müqəddəs Messa iki hissədən ibarətdir:

1. Kəlamın Liturgiyası.

2. Evxaristiya Liturgiyası.

1. Kəlamın Liturgiyasında Əhdi-Ətiq və Əhdi-Cədid kitablarından oxuduqda Allah bizə müraciətlə danışır. Vəz zamanı keşiş Müqəddəs Yazının sözlərinin mənasını izah edir və gündəlik həyatımızda onu necə tətbiq edəcəyimizi bizə öyrədir. Eşitdiyimiz Allah Kəlamına cavab olaraq biz birlikdə imanın etirafını və ümumi duanı edirik.

2. Evxaristiya Liturgiyası müqəddəs təqdimatların (çörək və şərabın) hazırlanmasından, Çevrilmə Ayinindən (çörək və şərabın Rəbbin Bədən və Qanına çevrilməsi) və Birləşmədən (Rəbbin Bədənini və Qanını qəbul etməkdən) ibarətdir.

Çevrilmə Ayini zamanı keşiş İsa Məsihin adı ilə Onun sözlərini çörəyin üzərində söyləyir: «Bu, Mənim Bədənimdir», şərabın üzərində isə: «Bu, Mənim Qanımdır». Bu anda canlı, dirilmiş Rəbb çörək və şərabın mahiyyətini Öz Bədəni və Qanına çevirir. Keşiş Müqəddəs Quzunu və Kasanı qaldırır və burada olan adamların hamısı diz çökərək müqəddəs mehraba enmiş Öz Xilaskarını mədh edir.

Evxaristiya (Qurban Süfrəsi) zamanı keşiş və imanlılar təqdis edən lütf vəziyyətində Məsihlə və özləri arasında birləşirlər. Müqəddəs Evxaristiyada yalnız lütfdə olanlar (iman edənlər və vicdanlarında ağır günah hiss etməyənlər) iştirak edə bilərlər. «Ağır günahını bilən Evxaristiyaya yaxınlaşmazdan əvvəl Barışma (Tövbə) sirrini qəbul etməlidir» (KKK 1385), – deyə Katexizis xatırladır. Vicdanda olan ağır günahla Müqəddəs Bəxşişləri (Məsihin Bədəni və Qanı) qəbul edərək Evxaristiyada iştirak etmək küfrdür (bu da, Rəbbi təhqir edən ağır günahdır). Özünü yalnız kiçik (gündəlik) günahlarda təqsirkar hiss edən şəxs bunlardan tövbə etməlidir – kədərlənmə aktı vasitəsilə Allahla barışmalıdır və o halda Rəbbin Müqəddəs Bədənini və Qanını qəbul edə bilər. İsa Məsih yalnız müqəddəs Messa zamanı deyil, həmçinin çörək və şərabın görünüşü, xüsusiyyətləri qalana qədər onların şəklində qalır. Buna görə də Müqəddəs Bəxşişlər hər bir Kilsədə xüsusi balaca evdə – bəxşişxana adlanan (lat. «tabernakulum» – «balaca ev, çadır») mücrüdə xüsusi qablarda saxlanılır. Buna görə də biz məbədə girərkən çörək şəklində bəxşişxanada gizli olan Xilaskarımıza dərindən sitayiş edərək diz çökürük. Bəzən Müqəddəs Bəxşişlər ümumi sitayiş («adorasiya») üçün çıxarılır, mərasim (Evxaristiyalı yürüş) zamanı isə keşiş təntənəli şəkildə onları daşıyaraq onlarla insanlara xeyir-dua verir.

Evxaristiyada olan İsa Məsihin real hüzuru barədə

Müqəddəs Foma Akvinalı məşhur «Adoro te devote» («Ey gözə görünməyən Allah, Səni mədh edirəm») nəğməsində Müqəddəs Sirrdə Rəbbin real hüzuruna öz imanını bu sözlərlə etiraf edir: «Çarmıxda İlahilik gizlədilib, burada isə insaniyyət gizlədilib».

Müqəddəs Məsih Kilsəsi həmişə iman edib və iman edir ki, Evxaristiya sirrində, çörək və şərab şəklində canlı və həqiqi dirilmiş İsa Məsih var. O tam və bölünməz olaraq bütövlüklə buradadır; Öz İlahiliyi, ruhu, Bədəni və Qanı ilə buradadır. Buna görə də Rəbb həm çörək, həm də şərab görünüşündə bütövlüklə buradadır. Evxaristiya zamanı və ondan sonra çörəklə şərabın görünüşü bütöv qalana qədər İsa, həqiqətən, çörək və şərab görünüşündə olur. O, çörəyin həm xırda hissəciyində, həm də şərabın damcısında bütövlüklə olur. Buna görə də Müqəddəs Evxaristiyada Xilaskarı, həqiqətən, qəbul etmək üçün Onu görünüşlərdən birində, çörək yaxud şərab şəklində qəbul etmək kifayətdir (buna görə də latın mərasiminə sadiq olanların Evxaristiya zamanı yalnız Rəbbin Bədənindən dadma təcrübəsi bərqərar oldu).

Həvarilər və ilk məsihçilər Evxaristiyada Allah Oğlunun real olduğu barədə həqiqətə şübhə etmirdilər. Şəhid olan Müqəddəs İustin II əsrdə yazırdı: «Evxaristiyada biz adi çörək və şərab görmürük. Məsihin Sözünə görə, Evxaristiya bədənimizi və qanımızı qidalandıran Onun Bədəni və Qanıdır» («Apologiya»). Kilsə atalarından biri olan və həmçinin «Evxaristiya müəllimi» adlanan Müqəddəs İohann Xrizostom Müqəddəs Sirr barədə çox vəz edirdi. Mattanın Müjdəsindən vəz edərək müqəddəs öyrədir: «Bu gün insanların bir çoxu belə deyir: “Məsihi, Onun üzünü, paltarını, Onun ayaqqabılarını öz gözlərimlə görmək istəyirəm”. Budur, sən Onu görürsən, Ona toxunursan və hətta Onu qəbul edirsən… Evxaristiyada O Özü Özünü sənə verir. Onun burada olması həqiqidir, lakin duyulan deyil, Onun burada olması yalnız iman üçün mümkün olur».

ХVI əsrdən başlayaraq protestantlar bu həqiqətə etiraz etməyə başladılar. Lüter, Kalvin, Svinqli kimi Reformasiya rəhbərləri adamlara təlim verərək sübut etməyə çalışırdılar ki, Məsihin sözlərini həqiqi mənada deyil, məcazi mənada anlamaq lazımdır. Onlar deyirdilər: «Buna iman etsən, İsa çörək və şərabda olacaq» yaxud «bu, sanki Məsihin Bədənidir» və ya «Evxaristiya Sirli Gecənin yalnız xatirəsidir». Katolik Kilsəsi bu sözləri küfr hesab etdi, çünki onlar Xilaskarın sözlərinin həqiqiliyinə şübhə yaradır və Onu yalan danışdığına görə ittiham edir. Məsih isə Müjdədən bildiyimiz kimi: «İman etsən, bu çörək Mənim Bədənim olacaq» yaxud «Bu, Mənim Bədənim kimidir» demir, lakin aydın və sadə deyir: «Yeyin… bu Mənim Bədənimdir. İçin… bu Mənim Qanımdır». Xilaskarı sevən, Onun sözlərini dəyişməz, anlaya bilməsə də, təvazökarlıqla qəbul edər.

Bir protestant Londonda on yaşlı qızı ilə Katolik Kilsəsinə getdi. Müqəddəs yerdə olan sakitlik və əzəmət dua əhval-ruhiyyəsini yaradırdı. Mehrabda yanan qırmızı qəndili görən qız atasından soruşdu: «Ata, nə üçün orada qırmızı lampa yanır?» «Çünki katolik imanı öyrədir ki, mehrabda gördüyün bəxşiş­xa­nada Liturgiyadan sonra qalan çörəkdə İsa Məsih var». Uşaq dedi: «İsanı görməyi çox istəyirəm, burada olmaq və dua etmək mənim çox xoşuma gəlir». Sonra onlar protestant Kilsəsinə getdilər. «Ata, nə üçün burada qırmızı lampa yanmır?» – deyə qız soruşdu. Sual atanı çaşdırdı və o, qızına başa salmağa başladı ki, protestant imanı başqa cür, belə öyrədir ki, İsa Evxaristiya çörəyində yalnız iman edəndə olur və s. Lakin qız sadə sual verdi: «Yəni elə çıxır ki, burada İsa yoxdur?» Daha böyük çaşqınlığa düşən ata cavab verdi: «Elə çıxır ki… yoxdur». Onda uşaq dedi: «Burada İsa yoxdursa, onda gəl buradan gedək». Uşağın bu sözləri protestantın vicdanını narahat etdi. O çox düşündü, katolik və protestant imanını öyrəndi, sonra arvadı və qızı ilə birlikdə katolik oldu.

Yepiskop Mermilod öz həyatından bir hadisəni yadına salırdı. O hələ Cenevrədə keşiş olanda hər axşam yatmazdan əvvəl Kilsədə Müqəddəs Bəxşişlər qarşısında dua etməyi və məbəddə hər şeyin qaydada olub-olmamasını yoxlamağı adət etmişdi. Bir dəfə duanı bitirəndən sonra və onu heç kimin görmədiyini düşünərək əyildi və bu yerdə olan İsaya böyük ehtiramını göstərərək mehrabın qarşısında yeri öpdü. Bu an o, Kilsədə xışıltı eşitdi. Keşiş arxaya baxıb tövbə hücrəsinin arxasında gizlənən bir qadını gördü. «Siz burada nə edirsiniz?» – deyə keşiş soruşdu. Qadın cavab verdi: «Mən protestantam, amma Böyük oruc zamanı Evxaristiya barədə vəzlərinizi dinləyirdim. Sözlər məni inandırdı, lakin bir şübhəm qalmışdı: adamlara söylədiyinizə özünüz iman edir­si­nizmi? Buna görə də mən sizi heç kim görməyəndə özünüzü mehrab qarşısında necə aparmağınızı görmək istəyirdim. Xahiş edirəm, məni bağışlayın; ibadətdən sonra mən tövbə hücrəsinin arxasında gizləndim və heç kim sizə baxmayanda Müqəddəs Bəxşişlər qarşısında diz çökməyinizi görmək istəyirdim. İndi sonuncu şübhəm də yox oldu. İndi mən iman edirəm». Bundan az sonra o, katolik imanını qəbul etdi.

Zahid Avva Arseni bir qoca kişi barədə danışır. Çox mömin olan bu adam iman həqiqətləri barədə kifayət qədər biliyə malik deyildi və Müqəddəs Sirrlər barədə səhv düşünərək deyirdi: «Evxaristiya zamanı daddığımız çörək Məsihin həqiqi Bədəni deyil, Onun rəmzidir». Onun pis niyyətlə deyil, biliksizlikdən səhv etdiyini bilən iki başqa qoca zahid onun yanına gəldi və dedi: «Ata, eşitmişik, bizim yerlərdə kim isə deyir ki, daddığımız Çörək Məsihin həqiqi Bədəni deyil, Onun rəmzidir». Qoca onlara cavab verdi: «Mən belə deyirəm». Onlar isə ondan xahiş etməyə başladılar: «Ata, elə demə, bundansa, Ümumdünya Kilsəsinin etiraf etdiyi təlimi qəbul et, çünki biz hamımız iman edirik ki, bu Çörək yalnız rəmz deyil, həqiqətən, Məsihin Bədəni, Kasa isə həqiqi Məsihin Qanıdır». Qoca cavab verdi: «Bu işin özü məni inandırmasa, mən buna inana bilmərəm». Onlar isə cavab verdilər: «İmanın bu sirri barədə bütün bu həftə ərzində Allaha yalvaracağıq və Allahın bizi eşidəcəyinə ümid edəcəyik». Qoca onlarla razılaşdı və belə dua etdi: «Rəbb Allah, Sən bilirsən ki, məndə pis niyyət yoxdur, lakin bilmədiyimə görə səhv iman etməməyim üçün həqiqəti mənə aç». İki başqa qoca isə öz hücrələrinə qayıdıb dua edirdi: «Rəbb İsa Məsih, ona bu sirri aç ki, o iman etsin və onun bütün xilas cəhdləri, cismin bütün ehtiraslarının öldürmə cəhdləri, əziyyəti, duaları və orucları nahaq olmasın». Allah onları eşitdi. Həftə keçəndən sonra onlar bazar günü Kilsəyə gəldilər, mehrabın yaxınlığında birlikdə əyləşdilər, şübhə edən qoca isə onların arasında əyləşmişdi. Allah onların gözlərini açdı. Keşiş Çevrilmə ayininin əsrarəngiz sözlərini deyəndə onlar müqəddəs taxtın üzərində Körpəni gördülər. Keşiş mərasimə uyğun olaraq çörəyi bölmək üçün əlini uzadanda Mələk gəldi və qılıncla Körpəni qurban kimi ikiyə böldü, Onun Qanını isə kasaya tökdü. Keşiş Məsihin Bədənini kiçik hissələrə böləndə isə Mələk də bunu edirdi. Nəhayət, onlar Müqəddəs Birləşməyə başlayanda şübhə edən qoca keşişin əllərində qanlı Bədəni gördü. O, dəhşətlə nida etdi: «İman edirəm, Rəbb, bu Çörək Sənin həqiqi Bədənin, bu şərab da Sənin həqiqi Qanındır!» Dərhal Məsihin Bədəni yenidən mərasimə uyğun olaraq, çörək görünüşünü aldı. Qoca minnətdarlıq göz yaşları ilə onu daddı. İbadətdən sonra iki başqa zahid Allaha şükür etdi ki, O, yoldaşlarının xilas cəhdlərinin əbəs olmasına yol vermədi (Ağsaqqalların Birinci Kitabı «Herontikon», № 189).

Müqəddəs Avva Makari Evxaristiya zamanı iştirakçılarla Allah arasında baş verənləri möcüzəli şəkildə görürdü. Ağır günah yaxud imansızlıq içində Məsihi dadmağa cəsarət edənlər şər ruhlardan qızğın kömürlər alırdılar, İsa da keşişin əlindən kasaya qayıdırdı. İman və məhəbbətlə yaxınlaşanlara isə Mələklər xidmət edirdi.

İtaliyanın Lançano şəhərindəki Müqəddəs Lonqin adına Fransiskan atalarının Kilsəsində belə bir hadisə baş verdi: Bohemiyadan olan bir gənc keşiş Xilaskar İsanın Evxaristiyada həqiqətən olmasına aid imanın düzgünlüyünə şübhə etdi. Bir dəfə müqəddəs Messa zamanı o gördü ki, Çevrilmə Ayininin sözlərindən sonra çörək görünüşünü dəyişərək canlı Bədən, şərab isə Qan şəklini aldı; həmin Qan mehrabın üzərinə töküldü. Sarsılmış keşiş dərindən tövbə edərək göz yaşları ilə Rəbb Allahdan inamsızlığına görə üzr dilədi. Monastırın baş keşişi bu möcüzəli Evxaristiya formalarını xüsusi, bunun üçün hazırlanmış qablara (relikviyariy deyilən qablara) yerləşdirməyi əmr etdi; o vaxtdan etibarən hər il Rəbbin Dirilmə Bayramına hamının sitayiş etməsi üçün bunlar çıxarılır. Bir neçə il əvvəl, kilsə rəhbərliyinin icazəsi ilə bu möcüzəli Evxaristiya formaları üzərində müasir cihazlarla elmi tədqiqatlar aparılmışdır. Alimlər Linoli və Bertelli növbəti nəticəyə gəldilər: bədənin nazik parçası insan ürəyinin hissəsidir. Onu belə nazik yalnız lazer şüası ilə kəsmək olar. Kasada quruyub qalmış beş laxta qan, həqiqətən, AB qrupundan olan canlı insan qanıdır. Bu Bədənin və Qanın nə üçün çürümədiyinə alimlər cavab tapa bilmədilər.

Evxaristiya İsanın insana olan məhəbbətinin rəmzi və mərkəzidir

Müqəddəs Müjdəçi Yəhya Gizli Gecə və Evxaristiyanın bərqərar edilməsi barədə bəhsini növbəti sözlərlə başlayır: «İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi» (Yəh 13, 1). «Axıra qədər» sözlərinin mənası odur ki, İsa ən yüksək, güclü və qurbanlıq məhəbbəti ilə insanları sevdi və onlara görə Öz həyatını verdi. İnsanlardan heç kimin qardaşlara Rəbb İsanın məhəbbətindən daha kamil məhəbbəti olmayıb və heç vaxt olmayacaq. Buna görə də O bu dünyanı tərk edərək Müqəddəs Sirri təsis etdi, çünki gedişinin insani unutqanlığın səbəbi olmasını istəmirdi və bizimlə birgə olmaqdan daha yaxşı Özü barədə bir xatirə qoymaq üsulu tapmadı. Müqəddəs Bernardin deyir ki, ölməzdən əvvəl insanların bir-birinə verdikləri məhəbbət sübutları hər şeydən çox yaddaşda qalır. Əgər insanlar yaxınlarına pul məbləği ya üzük ya kitab ya da başqa bir bahalı əşya qoyub gedirlərsə, Məsih insanlar üçün Özünü qoydu. O bunu insanların Özü üçün çarmıxda ölüm hazırladıqları, şagirdlərindən birinin isə Ona xəyanət etdiyi gecədə etdi. Lakin Xilaskar nəinki Öz həyatını bizə görə çarmıxda vermək istədi, həmçinin bizə qida kimi Özünü verərək Ölümdən əvvəl üzərimizə məhəbbətinin bütün zənginliyini yağdırmaq istədi.

Müqəddəs Alfons Liquori deyirdi: «Əgər iman bunun qəbulunu əmr etməsəydi, kim Allahın İnsan olduğuna, sonra da adamlar tərəfindən gida kimi qəbul edilməsinə razı olduğuna iman edə bilərdi?»

Hətta şagirdləri Onun Evxaristiyanın təsisini əvvəlcədən xəbər verərək söylədiyi sözləri anlaya və buna iman edə bilmirdilər. «Bu Adam yemək üçün Öz cismini bizə necə verə bilər?» (Yəh 6, 52) – deyə yəhudilər təəccüblənirdilər. Lakin insanların anlaya bilmədiklərini, Rəbbin məhəbbəti etdi: «Alın! Bu Mənim bədənimdir» (Мark 14, 22). O bunu Həvarilərə dedi, indi isə O bunu bizə Evxaristiya zamanı deyir. Müqəddəs Foma Akvinalı müqəddəs Sirri «Məhəbbət Sirri» adlandırır və qeyd edir ki, Onun bizə olan məhəbbətində şübhə etməyək deyə bu sirrdə Allah bütün varlığını verir və Onda olan hər şeyi verir; Məsih Öz Bədənini məhəbbət girovu olaraq qoydu. Müqəddəs Bernard bu Sirri «Məhəbbətin məhəbbəti» adlandırırdı, çünki insan olan İsa Özünü bütün adamlara verdi, bu sirrdə isə ayrı-ayrılıqda hər birimizə Öz məhəbbətini göstərdi.

Rəbbin Gizli Gecədə söylədiyi sözlərdən Onun qəlbimizə gəlmək arzusunun böyüklüyünü görürük: «Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım» (Luka 22, 15). Müqəddəs Lavrenti deyir: «Bu güclü məhəbbət sözləridir». İsa Onun Bədən və Qanını qəbul etməyimizi nə üçün bu qədər arzulayır? Çünki O bizim hər birimizlə birləşməyi çox arzulayır. İsa deyir: «Mənim cismimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram» (Yəh 6, 56). «Müqəddəs Evxaristiyada biz Məsihlə bir Bədən və bir Ruh oluruq», – deyə müqəddəs İohann Xrizostom israr edir. Bu birləşmə Allahın Böyüklüyünü alçaldır, lakin «məhəbbət ağılla idarə olunmur, lakin cəzb edildiyi tərəfə yönəlir». Beləliklə, Rəbb Onu qəbul edənlə birləşərək ona məhəbbətdə kamil dolğunluq verir. Müqəddəs Fransisk di Sales deyir: «Bu alçalmadan başqa Xilaskarın məhəbbətini heç bir şeydə belə aydın anlamaq olmur, bu zaman Allah bizim ruhumuza keçir və Ona iman edənlərin ürəkləri ilə birləşir». Beləliklə, Öz Bədəninin və Qanının Müqəddəs Sirrində Məsih vaxtilə Yerusəlimdəki müqəddəs yerdə Onu dinləyənlərə söylədiyi kimi bizə də deyir: «Kim susayıbsa, yanıma gəlib içsin» (Yəh 7, 37). O vaxtilə Onu dinləyən kütlələri çağırdığı kimi bu gün də çağırır: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm» (Mat 11, 28). Bir klarisk rahibəsi bəxşişxana qarşısında uzun müddət dayanıb seyr etdiyinə görə «Evxaristiya nişanlısı» adlandırılmışdı. Bəxşişlər qarşısında bu qədər uzun müddət ərzində onun nə etdiyi barədə ondan soruşanda o cavab verdi: «Mən burada həmişəlik qalar­dım. Onun qarşısında nəyi edirəm, nəyi etmirəm?! Sevirəm, izzətləndirirəm, minnətdarlığımı bildirirəm, xahiş edirəm… Kasıb zənginin yanına gəlib nə edir, həkimin yanında xəstə özünü necə aparır? Təmiz bulağın yanında susayan adam nə edir? Bol ziyafət masası arxasında ac olan adam nə edir?»

Atasının yanına qayıdan İsa şagirdlərinə dedi: «Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat 28, 20). Xilaskarın yanımızda olması yalnız Kilsəsində Müqəddəs Ruhun lütfü vasitəsilə olması deyil, həmçinin iman və məhəbbətin bu böyük Sirrində çörək və şərab görünüşündə Özünün həqiqətən və doğrudan da həmişəlik bizimlə qalması deməkdir. Allah məm­nuniyyətlə insanlarla qalır, «bəşər övladlarına görə fərəh­lə­nir» (Sül 8, 31). Müqəddəs Tereza deyir: «Ey insanlar, aranızda olmasından sevinc tapdığını söyləyən Allahı siz necə təhqir edə bilərsiniz?»

Prezident, padşah yaxud cəmiyyətdə yüksək vəzifə tutan bir insanla hər kəs görüşə bilməz, belə imkan yarananda, bu möhtərəm şəxsiyyətlə birgə olanda adi insan özünü hər cəhətdən, hər an xoşbəxt hiss edir. Evxaristiya Sirrində Allah Oğlu və Xilaskarımız, əbədi izzət Padşahı, bütün dünyanın Hakimi olan İsa Məsihin Özü sakit və təvazökarlıqla həmişə bizi gözləyir, həmişə bizi dinləməyə və bizə cavab verməyə hazırdır. Diləklərimizi dinləmək, əzablarda bizə təsəlli vermək, başladığımız işlərdə bizə xeyir-dua vermək, sınaqlarda qüvvət vermək üçün, hətta xilasedici qida olaraq bizə xidmət etmək, bizə sevən Ata və Dost olmaqdan ötrü bizimlə yer üzündə qaldı. Onun qarşısında ürəyimizi açmaq, Ona ehtiyaclarımızı bildirmək və Ondan lütf diləmək olar.

Rəbb Özü haqda demişdi: «Mən yer üzünə od yağdırmağa gəlmişəm. Kaş ki bu od artıq alışıb-yanaydı!» (Luka 12, 49). Xilaskar məhəbbət alovu barədə danışır, ürəyimizdə alovlan­dırmaq istədiyi Allaha və qardaşlara olan məhəbbət barədə danışır. Məhz elə buna görə O həmişəlik bizim kilsələrimizdə olacaq. Müqəddəs Katarina Siyenli Müqəddəs Sirridəki İsanı məhəbbətlə alovlanan tonqalla müqayisə edirdi, bu tonqaldan İlahi məhəbbət alovu çıxıb bütün yer üzünü əhatə edir. O, Allahın insana olan məhəbbətinin ecazkar böyüklüyünə rəğmən insanların məhəbbətlə alovlanmadan yaşadıqlarına təəccüb edirdi.

Müqəddəs Pavlos İsanın adamlara olan məhəbbətinə görə Allaha itaət etdiyini mədh edir. Xilaskar «Özünü aşağı tutdu və ölümə qədər – çarmıx üzərində ölümə qədər itaət göstərdi» (Fil 2, 8). Lakin Evxaristiyada Rəbb bizə olan məhəbbətinə görə daha da böyük bir iş gördü, yalnız Öz Atasına deyil, həmçinin hər bir keşişə və nəinki ölümə qədər, həmçinin dünyanın sonuna qədər itaətli oldu. Əbədi izzət Padşahı olan Məsih keşişin duası ilə səmadan mehraba enir və orada qalır, Özünü bəxşişxanaya köçürməyə, ibadət zamanı Özünü xalqa göstərməyə, Evxaristiya yürüşü zamanı Özünü daşımağa icazə verir, keşiş tərəfindən daşınaraq xəstələrin yanına gəlir. Hər bir kəsə, hətta küfr edən nalayiq insana belə, Özünü qida olaraq verməyə icazə verir. Yer üzündə yaşayarkən İsa Bakirə Məryəmə və Müqəddəs Yusifə itaətli idisə, bu gün O hər bir keşişə itaətlidir. Müqəddəs Alfons Liquori Evxaristiyadakı Məsihin məhəbbəti barədə düşünərək deyir: «Ey mənim əziz Xilaskarım, adamlara olan məhəbbətinin çoxluğunu görəndə hisslər məni doldurur və mən artıq deməyə bir söz tapa bilmirəm…» Evlərimizin yanındakı kilsələrimizdə Müqəd­dəs Allah yaşayır. O mələklərə və göydə olan müqəd­dəs­lərin ruhlarına xoşbəxtlik verir. Bu Sirr ecazkar məhəbbətdir, Alla­hın Özüdür, Öz məxluqlarına olan böyük məhəbbətinə görə məhəbbət adlanır və Özü də məhəbbətdir: «Allah məhəbbətdir» (1Yəh 4, 16).

Evxaristiyada iştirak etməyin səmərələri

«Müqəddəs Evxaristiyada Məsihin Bədənini və Qanını qəbul etməsi iştirakçının Rəbblə birliyini möhkəmləndirir, onun yüngül günahlarını buraxır və onu ağır günahlardan qoruyur. İştirakçı ilə Məsih arasında məhəbbət bağları möhkəmləndiyinə görə bu Sirr Məsihin Mistik Bədəni olan Kilsənin birliyini möhkəmləndirir» (KKK 1416). Müqəddəs Sirrdə İsa ilə birləşməyimiz bizdə təqdis edən lütfü çoxaldır və təsirli lütfü gətirir, günahlı meyllərdən ürə­yi­mizi müalicə edir, tovlanmalarla mübarizədə onu möh­kəmləndirir, bizi izzətdə Dirilmə və əbədi həyat üçün layiq edir.

Müqəddəs Yazı bəhs edir ki, İlyas peyğəmbər səhra ilə gedirdi, yorulub ağac altında uzandı. Onda Allah əsrarəngiz qida ilə Öz nökərini qüvvətləndirdi. Mələk Onu yuxudan oyadıb dedi: «Qalx yemək ye» (3Pad 19, 5). İlyas yanında çörək və su gördü, o iki dəfə bu yeməkdən daddı, bunun sayəsində qırx gün və qırx gecə Allahın Xorev dağına qədər getdi. Bu əsrarəngiz qida Evxa­ristiyanın rəmzidir. Rəbbin Bədəninin və Qanının Sirrində Onunla birləşmə insanı böyük qüvvətlə doldurur, Allahın izzəti üçün onu xidmət etməyə qadir edir. Müqəddəs İohann Xrizostom deyir ki, məsihçilər Rəbbi Müqəddəs Evxaristiyada qəbul etdikdən sonra od püskürən aslanlar kimi Onun İlahi məhəbbətinin alovu ilə yanmalıdırlar və aslan digər heyvanlar üçün qorxunc olduğu kimi məsihçilər də iblis üçün qorxunc olmalıdırlar. Evxaristiyada tez-tez iştirak etmək insanın ürəyini qaynar İlahi məhəbbətlə alovlandırır, insanı Allaha xidmətə səy göstərməyə məcbur edir, həqiqi salehliyə gətirir. Müqəddəs Evxaristiya bədbinlik və gileylənməyə meylli olan insanların ürəklərinə yaşamaq və xeyirxah işlər görmək arzusunu, əsəbilik və qəzəbə meylli olanlara isə həlimlik və səbir verir. Evxaristiyada tez-tez iştirak etmək qəlbimizdə təqdis edən lütfü çoxaldır, bu səbəblə də biz imanımızın sirrini daha yaxşı anlamağa başlayırıq, duamız Allaha daha məqbul olur, çünki biz ürəyimizdəki Məsihlə birgə dua edirik. Evxaristiyada olan Rəblə tez-tez birləşmə imanımızı möhkəmləndirir.

Evxaristiyada biz həqiqi salehliklə Dirilmiş Rəbbə yaxınlaşanda O bizi günahdan qoruyan, sınaqlarda möhkəmlədən təsirli lütfü bizdə çoxaldır. Müqəddəs Fransisk di Sales deyir ki, şəkər meyvələri çürüməkdən qoruduğu kimi həqiqi salehlik də ürəklərimizi korlanmaqdan təmizlikdə qoruyur. İlahi Ziyafətə tez-tez gələn şəxs Müqəddəs Sirrdən aldığı böyük köməyi bilir və hansısa bir səbəblə Evxaristiyada iştirak edə bilməyəndə çox həyəcan keçirir.

Evxaristiyaya yaxınlaşan şəxsə Müqəddəs Ruh səxavətlə xeyir-dua verir: onu təqdis edir, təsəlli verir, sınaqlarda möhkəmləndirir, ağır vəziyyətdə məsləhət verir, xeyirxah ilham və təsəlliverici fikirlər göndərir. Müqəddəs Atalar Evxaristiya zamanı insanın Allahla birləşməsini ərimiş iki hissə mumun axıb birləşməsi ilə müqayisə edirlər. Müqəddəs Avqustin deyir ki, Məsihin Bədənini və Qanını tez-tez dadan şəxsi Xilaskar dəyişə­rək tədricən Özünə bənzər edir (müqayisə edin: Şərq Kilsəsinin tez-tez bəhs etdiyi «ilahiləşmə»). Onun fikirləri, cəhdləri, niyyətləri və hissləri getdikcə İsanın fikirləri, cəhdləri, niyyətləri və hisslərinə bənzəyir. Bir nəfər Rəbbin Bədənini və Qanını dadmağı Qanının köçürülməsi ilə müqayisə edirdi. Xəstə insana sağlam Qanın köçürülməsi zəruri olduğu kimi ilk günahın toxunduğu və pis meyllər və vərdişlərlə dolu olan bizlərə də ruha­ni sağlamlığımızı bərpa etmək üçün Allahın bizə Öz İlahi Qanını köçürməsi zəruridir.

Evxaristiya bizdə pis meylləri zəiflədir. Təəccüblü deyil, çünki bizimlə birləşən Xilaskarın Qanı getdikcə daha çox bizdə dövr etməyə başlayır. Biz səmanın dadını hiss etməyə başlayırıq, insan ləyaqətini alçaldan bütün şeylərdən üz döndəririk. İsa Özü barədə «Mən həlim və qəlbən itaətkaram» (Mat 11, 29) deyirdi. Əgər biz İsa ilə birləşiriksə, bizdə qürurun hökm etməsi heç mümkündürmü? Əgər biz özümüzdə Müqəddəs Allahı daşıyırıqsa, heç bizi ədəbsiz fikirlər və hisslər ləkələyə bilərmi? Dilimiz, ürəyimiz və bütün mahiyyətimiz getdikcə daha yüksək olur. Evxaristiyadan sonra məsihçi öz dilini ədəbsiz söhbətlər üçün, gözlərini utanmaz baxışlar və dodaqlarını ehtiras üçün istifadə etməyəcək. O, ürəyində paxıllığın yaxud ədəbsiz arzuların yaşa­ma­sına yol verməyəcək. Evxaristiyadan sonra məsihçi ürəyində inciklik və qisas arzusunu daşımayacaq, lakin məm­nuniy­yətlə bağışlayacaq. Müqəddəs Bernard deyirdi: «Övladlarım, özünüzdə şərə meylin azalmasını, xeyirxahlığa isə meylin çoxalmasını hiss edəndə Evxaristiyada sizə bu mərhəməti verən Rəbb İsa Məsihə minnətdarlıq edin».

Məsihçiliyin ilk əsrlərində qutan barədə bir əfsanə məşhur idi: balalarını aclıqdan xilas etmək üçün sinəsini dimdiyi ilə deşərək onları öz qanı ilə qidalandıra bilirdi. Buna görə biz bir çox məbədlərdə qanı ilə balalarını qidalandıran qutanın şəklini görürük. Bu, Öz Bədəni və Qanı ilə Öz məsihçi övladlarını qidalandıran İsa Məsihin bir çox surətlərindən biridir. Məsih bunu ona görə edir ki, onlar irəli gedə bilsinlər, kamilliyə doğru can atsınlar, Allaha xidmət etmək və Onun Padşahlığını tikmək üçün qüvvətli olsunlar.

Müjdə bizə Rəbbin xəbərdarlıq sözlərini çatdırır. Rəbb deyir ki, əgər biz Onun Bədənini yeməsək və Onun Qanını içməsək, özümüzdə həyata malik olmayacağıq. Hansı həyata? Allahın həyatına, Məsihin həyatına, lütf həyatına. Müqəddəs Kilsə həyatlarının bir neçə ili ərzində Müqəddəs Birləşmədən başqa bir şey dadmayan bir çox Müqəddəsləri xatırlayır; məsələn: Katarina Emmerix, Ancela Folinyolu, Nikola di Flüyes, bizim əsrdə isə Tereza Noyman.

İman və həqiqi salehliklə Rəbbi Evxaristiyada qəbul edənlərə Rəbb əbədi həyat vəd edir: «Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar» (Yəh 6, 51). Evxaristiya sirrində Onun bədəni ilə birləşən imanlının bədənini İsa dirildəcək və ona Özü ilə birgə göydə əbədi həyat verəcək: «Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm» (Yəh 6, 54).

Hər dəfə Müqəddəs Messada iştirak edəndə bu sözləri eşidirik: «Alın! Bu Mənim bədənimdir… Bu Mənim qanımdır» (Мark 14, 22. 24). İsa demir: «Baxın, təəccüblənin və heyran qalın, bu Mənim Bədənim və Mənim Qanımdır», lakin deyir: «Alın, yeyin…» İlahi Xilaskarımızın bu sözlərindən Onu tez-tez ürəklərimizə qəbul etməyimizi arzuladığını anlayırıq, çünki Rəbb gözəl İbadət qablarında deyil, bizim ürəklərimizdə qalmaq üçün gəldi. Buna görə də O arzulayır ki, bizim həmişə ağır günahla ləkələnməmiş vicdanımız olsun, var qüvvəmizlə təmiz ürəyə sahib olmağa can ataq və Onun bizə Öz lütfünü verə bilməsi üçün Allahın Süfrəsinə yaxınlaşmağa həmişə layiq olaq.

Müqəddəs Fransisk di Sales deyir: «Xilaskar Ona iman edən kəsin əbədi həyatı olması üçün Öz Bədən və Qanını real şəkildə özündə saxlayan müqəddəs Evxaristiya Sirrini bizə verdi. Buna görə də bu Ayinə tez-tez və dərin salehliklə yaxınlaşan həyatını və canının sağlamlığını möhkəmləndirir və günahlı ehtiraslara demək olar ki, əlçatmaz olur. Cənnətdəki insanlar həyat ağacından meyvələri dadaraq bədənin ölümünü bilmirdilərsə, müqəddəs Evxaristiya Ayini bizi ruhani ölümdən eyni yolla qoruyur» (Müqəddəs Fransisk Di Sales «Saleh həyata aparan dərslik yaxud “Filoteya”»).

Əlli il eyni dükanda işləyən bir qadın yetmiş yeddi yaşında rəhmətə getdi. İşin çoxluğuna baxmayaraq, o, Müqəddəs Messada və Evxaristiyada iştirak etmək üçün hər səhər bir saat tez oyanırdı. İnsanlar onun qeyri-adi səbrinə və həlimliyinə təəccüb edirdilər. Əzab çəkməyə məcbur olanda mömin qadın masasının üzərinə «Allah bunu mənə göndərir» yazılı kartını qoyurdu. O bir çox gənc adama həyatda düzgün yol tapmağa kömək etdi, bədbəxt və tərk edilmişlərə yardım göstərdi. Özü isə etiraf edirdi ki, özünü saxlaya bilmək və Allahın əmrlərinə uyğun həyat yaşamaq üçün ona qüdrəti on iki yaşından başlayaraq Evxaristiyada gündəlik iştirakı verir.

Müqəddəs Faustina öz gündəliyində yazırdı: «Məndə olan bütün xeyirxahlıq Rəbbin Müqəddəs Süfrəsindən gəlib, hər şeyə görə Ona minnətdaram. Hiss edirəm ki, bu müqəddəs alov məni tamamilə dəyişib. Ya Rəbb, Sənin iqamətgahın olduğuma görə mən çox şadam; ürəyim Sənin daim olduğun məbəddir…» («Gündəlik», 1392).

Evxaristiyada necə iştirak etmək lazımdır?

Evxaristiyada iştirak etməkdən fayda əldə etmək üçün ona hazırlaşmaq və ondan sonra minnətdarlıq etmək lazımdır.

Həm bədəni, həm də qəlbi hazırlamaq lazımdır. Bədəni hazırlamaq üçün Evxaristiyada iştirak etməzdən əvvəl ən azı bir saat ərzində «Evxaristiya orucu» tutmaq (bu vaxt ərzində heç nə yeməmək və heç nə içməmək) lazımdır. Lakin «Evxaristiya orucu» zamanı təmiz su içmək və dərman qəbul etmək olar. Xəstələr bu orucu tutmağa məcbur deyil.

Lakin daha çox qəlbin hazırlanmasına diqqət yetirmək lazımdır. Evxaristiyaya hazırlığa etinasızlıq göstərdiklərinə görə, hətta Evxaristiyada tez-tez iştirak edən insanların bir çoxu ruhani cəhətdən çox zəif inkişaf edir və nöqsanlarını düzəltmirlər. Kardinal Bona yazırdı ki, Evxaristiyada iştirak edənlərin zəif ruhani inkişafında İsa deyil, onların özləri təqsirkardır.

Birincisi, Evxaristiyada səmərəli iştirak üçün iştirakçının vicdanında nəinki ölüm günahının olmaması zəruridir. Evxaristi­ya­nın qəlbimizdə səmərələr gətirməsindən ötrü ürəyimizi hər şeydən çəkindirərək Allaha bütövlüklə verməliyik.

İkincisi, Evxaristiyanın bizə böyük fayda verməsi üçün İsanı daha da kamilcəsinə sevmək arzusu ilə Ona yaxınlaşmaq lazımdır. Müqəddəs Fransisk di Sales deyirdi: «Özünü bizə məhəbbətə görə Verəni məhəbbətə görə qəbul etmək lazımdır». İlahi məhəbbətin bizdə böyüməsini arzulayaraq Evxaristiyaya yaxınlaşmaq lazımdır.

Evxaristiyadan sonra Allaha minnətdarlıq etmək lazımdır. Dua ən xoş və səmərəli şeydir, çünki bu dəqiqələrdə biz ürəyimizdə olan İsa ilə söhbət edirik, Allaha öz minnətdarlıq, təvazökarlıq, məhəbbət, sədaqət hisslərimizi bildiririk. Rəbbə Onun xeyirxahlığına heyran olduğumuzu bildiririk, Ona sitayiş edirik, ürəyimizdə məhəbbət həyatını oyadırıq: «Allah yanıma gəldi! Ey İsa, Səni sevirəm və Səndən çox heç nəyi sevmirəm! İsam mənim, Sən Özünü mənə tamlığınla verdiyin kimi mən də tamamilə özümü Sənə verirəm!…»

Minnətdarlıq hisslərindən başqa Allaha xahişlərinizi də bildirə bilərsiniz, çünki Evxaristiyadan sonrakı dəqiqələr bunun üçün ən yaxşı vaxtdır. Müqəddəs Tereza Avilalı deyirdi ki, Birləşmə Ayinindən sonra İsa qəlbinizə lütf taxtındakı kimi gəlir və bir vaxt kor adama dediyi kimi ona deyir: «Nə istəyirsən, sənin üçün edim? (Luka 18, 41) İndi Mən səninləyəm, bu lütfü dilə, çünki Mən onu sənə vermək üçün yanına gəlmişəm. Nə istəyirsən, onu da dilə, təsəlli alacaqsan». Öz sözləri ilə hələ dua edə bilməyənlər dua kitablarında verilən mətnlərlə dua edə bilərlər.

Evxaristiyada tez-tez iştirak etmək barədə

Evxaristiyada nə qədər iştirak etmək olar? Bu sualı bir çox imanlı verir. Əvvəlcədən qeyd etmək lazımdır ki, ilk əsrlərin məsihçilərində bu sual yox idi. Onlar üçün Evxaristiyada tam iştirak bəlli və aydın məsələ idi. Lakin aydın və məntiqi olmayan şey bu idi: İlahi Liturgiyada iştirak etmək və necə Evxaristiyanı qəbul etməmək olar? Əgər bir kəs vəftiz olunubsa və Məsihə məxsusdursa, Onu necə sevməyə və Evxaristiyada Onunla birləşməyi arzulamaya bilər? Lakin əgər kimsə hələ vəftiz olunmayıbsa yaxud vəftizdən sonra pis günah edib və bu vəziyyətdədirsə, Evxaristiyaya qalmamalıdır, vəzdən sonra çıxmalıdır. İlk məsihçilər belə hesab edirdilər. O vaxtlar iman sınaqdan keçməli idi, çünki məsihçilər bütpərəstlər arasında yaşayır, təqib olunurdular, xüsusilə qəddar təqiblər zamanı hər dəqiqə Məsihə görə əzablı ölümə getməyə hazır idilər. Buna görə də Evxaristiyada Rəbbin Bədəni və Qanı olan Müqəddəs Sirdə iştirak etmək onlar üçün möhkəmlənmə və Onunla birliyin işarəsi idi. 313-cü ildə qəbul olunan Мilan Fərmanından sonra xristianlıq daha təqib olunmadı və hətta böyük hörmətə layiq görüldü. Getdikcə daha çox səmimi imanı olmayan adam dünyəvi niyyətlə vəftiz qəbul edirdi. Müqəddəs Kilsə məsihçilərdə imanın azlığına və Evxaristiyaya daxili hazırlığın azlığına fikir verməyə başladı. Belə hallarda Evxaristiya səmərəsiz, çox vaxt isə insanın özünü mühakimə edən günah olur. Buna görə də Kilsə Müqəddəs Ayinləri səmərəli qəbul etmək üçün zəruri olan tələblər qoymağa başladı, bu da tez-tez Evxaristiyanı qəbul edənlərin sayını get­dikcə azaltdı. Bütün Kilsə Müəllimləri insanların Evxaristiyadan əvvəl ürəklərinin daxili münasibətinə daim diqqət yetirirdilər.

Müqəddəs Kilsə Evxaristiyada tez-tez iştirakı tövsiyə edir və həvəsləndirir, eyni zamanda bu mərhəmətə görə minnətdarlıq etmək, Allahın iradəsini yerinə yetirməyə səy göstərmək, yaxınlığındakı adama mərhəmət göstərmək, ürəyi təvazökar etmək barədə xüsusilə xatırladır. Vicdanında ağır günahı olmayan, gündəlik günahlarına görə səmimi kədərlənən hər kəs Rəbbin Müqəddəs Süfrəsində iştirak edə bilər.

Düzdür, insan tez-tez özünə belə sual verir: «Vicdanımın işarə etdiyi günah ağırdır ya yox? Evxaristiyada iştirak edə bilərəmmi?» Doğrudan da, vicdanımızda yük olan müəyyən bir günahın ağır yaxud yüngül olmasını həmişə riyazi dəqiqliklə müəyyən etmək mümkün deyil. Nə ağır, nə yüngül – heç bir günahla Rəbb Allahı təhqir etmək olmaz – bunu hər məsihçi bilir. Allahı təhqir etdiyinə və bizi Ondan uzaqlaşdırdığına görə günah ən böyük şərdir. Digər tərəfdən, bilirik ki, hər bir insan gün ərzində bir neçə dəfə balaca günahlar edərək günaha batır. Rəbb İsa Məsihdən savayı, yalnız Müqəddəs Məryəm, Allah tərəfindən xüsusi olaraq seçildiyinə görə, Onun lütfü ilə, heç vaxt, hətta ən balaca günah belə, etməyib.

Günah haqqında

Günah Allahın əmrini könüllü və şüurlu pozmaq deməkdir.

Ağır günah Allahın əmrini böyük dərəcədə, könüllü və şüurlu pozmaq deməkdir.

Əgər bu üç şərtdən biri olmasa, günah yüngül olacaq. Onu gündəlik həyatımızda maddi şeylərə olan bir çox kamil olmayan münasibətlərlə müqayisə etmək olar. Məsələn, mən qəhvə ilə dolu fincanı sındırmaq istəmirəm, lakin o, əlimdən düşüb sındı. Çox heyfsilənirəm, lakin mən bunu istəmirdim. Bir şəxs palto­sunu ləkələmək istəmirdi, lakin diqqətsizliyinə görə rənglənmiş divara söykəndi və paltoda boyanın ləkələri qaldı. O heyfsilənir, bunu istəmirdi. Yaxud bir kimsə küçə ilə gedəndə sürüşüb yıxılır və bunu istəmədən edir.

Ağır günahı növbəti hadisələrlə müqayisə etmək olar: insan könüllü və şüurlu olaraq fincanları, stəkanları, boşqabları yerə çırpıb sındırır. Bir nəfər şüurlu və könüllü olaraq təzə kürklə divardan boyanı silir yaxud küçənin ortasında gölməçəyə atılır.

Bu nümunələr arasında böyük fərq görürük. İndi ruhani məsələlərdə, dəqiq desək, Allahın qaydalarının pozulması zamanı bu anlayışlara nəzər salaq. İnciklik hissi ilə dolaraq bir nəfər başqa insana bir neçə acıqlı söz dedi, lakin bunu dərk edən kimi dərhal özünü saxladı, hətta üzr istədi. Görürük ki, bu halda insan hərəkətini tam dərk etmirdi, buna görə də günah yüngüldür. Lakin insan pis iş gördüyünü tam dərk edəndən sonra özünü saxlamır, nifrətə öz ürəyində yaşamağa imkan verir, başqasına şüurlu və könüllü şəkildə bədbəxtlik və pislik arzulayırsa, bu başqa məsələ, günah ağır hesab olunur. Yaxud, məsələn, məsihçi tərbiyəsi almayan bir gənc Rəbbin Günü və bayram günlərində müqəddəs Messada iştirak etmək borcu barədə bilmir, lakin imanlıların bazar günlərində məbədə getdiyini və bunu etməyin yaxşı olduğunu eşidib; o, ibadətlərdə iştirak etmədiyinə görə ağır günah sahibi olmayacaq, çünki o bu borcu dərk etmir. Lakin üzrlü (məsələn, xəstəlik, xəstəyə qulluq etmə öhdəliyi yaxud körpə uşağa qayğı göstərmə) səbəb olmadan Rəbbin Günü (bazar günləri) və bayram günlərində müqəddəs Messada iştirak etməməyin özünə və Kilsəyə böyük ruhani ziyan gətirdiyini aydın anlayan, lakin öz iradəsi ilə belə hərəkət edən adam ağır günah sahibi olur. Eləcə də insan şüurlu və könüllü olsa da, tam razılıq vermədən balaca işdə günah etsə, kiçik pislik edir və gündəlik (yüngül) günah sahibi olur.

Ağır və gündəlik günah arasında fərqi anlamağa bizə vicdanımızı daha həssas və sadiq edən günahların tez-tez etirafı kömək edə bilər.

Elə olur ki, kamilliyə səy göstərən və Evxaristiyada tez-tez iştirak etməyi arzulayan insanlar özlərinə daxili və zahiri maneələr yaradırlar. Gəlin onlara diqqət yetirək.

1. Bəziləri Evxaristiyanı kamilliyə görə mükafat hesab edirlər. Bu anlayış səhv və tamamilə qürurla doludur. Məsih dedi: «Tək Allahdan başqa yaxşısı yoxdur» (Мark 10, 18). Biz kamilliyə daim səy göstərməliyik, lakin heç birimiz yer üzündəki həyatımızın sonuna qədər kamil olmayacağıq, biz yalnız göydə kamil olacağıq. Buna görə də heç kim Allah Oğlu ilə Birləşmək üçün layiq olmayacaq. Hər dəfə Evxaristiyada iştirak etməzdən əvvəl biz kədərlənərək deyirik: «Rəbb, yanıma gəlməyinə layiq deyiləm…» İsa bizdən iman, məhəbbət, minnətdarlıq və təva­zökarlıq, həmçinin Ona daha yaxşı xidmət etmək istəyimizi arzulayır və bunları ürəyimizdə görəndə bizə etinasızlıq göstərmir, məmnuniyyətlə gəlir və bizimlə birləşir. Evxaristiya kamilliyə görə mükafatdır – belə bir sözü Müjdənin heç bir yerində tapa bilmərik. İsa deyir: «Mənim cismim həqiqi gida, qanım da həqiqi içkidir» (Yəh 6, 55). Məsihçilər lütf və möhkəmlənmək üçün Evxaristiyada iştirak etməyə gedirlər. Xilaskarımız deyir: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm» (Mat 11, 28).

2. Başqaları yalnız günahları etiraf edəndən dərhal sonra vicdan əzabı çəkməyərək Rəbbin Bədənini qəbul edirlər. Böyük şərəf hissi ilə onlar özlərindən mələklərə xas olan təmizliyi tələb edirlər, bu isə yer üzündə yaşayan insan üçün qeyri-mümkündür. İstəklərinə zidd olan bir fikir ağıllarına gələndə onlar özlərinə böyük əzab verirlər. Başqaları Evxaristiyada iştirakdan əvvəl və sonra şirin hisslər keçirmədiklərinə və gözəl fikirlərə sahib olmadıqlarına görə özlərini üzürlər (bu da bizim iradəmizdən asılı deyil, çünki biz özümüzdə istədiyimiz hissləri süni yolla yarada bilmərik) və buna görə də həyat və mərhəmət Mənbəyinə yaxınlaşmırlar. Bu insanlar səmərəsiz fikirlərlə özlərinə iztirab verməməli, əksinə, Rəbbin məhəbbətinə görə Ona alovlu məhəb­bətlə əvəz verməyə, Onun sonsuz mərhəmətinə görə başqa adamlara münasibətdə mərhəmət işləri etməyə çalışma­lıdırlar, çünki O bizi olduğumuz kimi sevir. Bu insanlar kiçik qəbahət­lərinin əvəzində sədaqətlə, səbirlə, təvazökarlıqla Öz borclarını yerinə yetirərək Allahı razı salmağa çalışmalıdırlar, səmimi kədər hissi və islah olmaq niyyəti, imanla, məhəbbətlə və minnət­darlıqla Rəbbin Müqəddəs Süfrəsinə yaxınlaşmalıdırlar, İsa da onların ürəklərinə gəlib onların kiçik günahlarını bağışlayacaq. Qoy ruhani zəifliyimizi və qüvvətsizliyimizi dərk etməyimiz bizi möhkəmlənmə əldə etdiyimiz Evxaristiyaya tez-tez istiqa­mət­ləndirsin.

3. Nəhayət, bəziləri yalançı utancaqlıqla adamların rəyindən qorxaraq Evxaristiyada tez-tez iştirak etmirlər. Onlar həyəcan keçirirlər və qorxurlar ki, bir kimsə onlar barədə “layiq olmadığı halda tez-tez Evxaristiyada iştirak edir” deyər yaxud «yalançı mömin» adlandırıb ona gülər. Bu, məsihçiyə layiq deyil. İsa dedi: «Kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Özünün, Atasının və müqəddəs mələklərin izzəti içində gələndə o adamdan utanacaq» (Luka 9, 26).

Əgər bizim Allaha məqbul olmaq niyyətimiz səmimidirsə və Xilaskar İsa ilə Müqəddəs Evxaristiyada birləşməyi arzulayırıqsa, bu və başqa səbəblər bizi dayandırmamalıdır. Böyük ruhani rəhbər olan Müqəddəs Fransisk Di Salesin sözlərinə fikir ver: «Evxaristiyada tez-tez iştirak etdiyinin səbəbini insanlar səndən soruşanda onlara belə cavab ver: «Günahlardan təmizlənmək, zəifliyimdə dəstək almaq, kədərli halımda təsəlli tapmaq, Allahı sevməyi öyrənmək üçün bunu edirəm». Onlara de ki, tez-tez günahları etiraf etmək və Evxaristiyanı qəbul etmək iki növ insanlara lazımdır: kamillik mənbəyinə daha yaxın olmaq üçün kamil olan və kamilliyi əldə etmək üçün kamil olmayan insanlara; güclülərə zəifləməmək və zəiflərə güclü olmaq üçün; sağlamlara – xəstələnməmək, xəstələrə – sağlamlıq əldə etmək üçün lazımdır. Onlara de ki, sən qeyri-mükəmməl, zəif və xəstəsən, bura isə kamillik, sağlamlıq və qüvvət mənbəyidir. Onlara de ki, işlə az məşğul olan insanlar tez-tez Evxaristiyanı qəbul etməlidirlər, çünki onların bunu etməyə imkanları var və müxtəlif işlərlə çox məşğul olan insanlar tez-tez Evxaristiyanı qəbul etməlidirlər, çünki onların buna ehtiyacları var. Çox və ağır işləyən insan daha çox qida almalıdır. De ki, Müqəddəs Evxaristiyada iştirak etməyi öyrənmək üçün bunu edirsən. İnsan nadir hallarda etdiyi işi yaxşı edə bilmir. Qışda qarın ağ örtüyü ilə əhatə olunan dovşanlar ağ olur; sən də təmiz, gözəl və xeyirxah olan Şəxsə nə qədər yaxın olsan, o qədər də özün təmiz, gözəl və xeyirxah olacaqsan» (Müqəddəs Fransisk Di Sales «Saleh həyata göstəriş yaxud Filoteya»).

B. ŞƏFA AYİNLƏRİ

«Canımızın və bədənimizin təbibi olan, bədəni iflic olana günahlarını buraxan və ona bədən sağlamlığını qaytaran Rəbb İsa Məsih istədi ki, Onun Kilsəsi Müqəddəs Ruhun qüvvəsi ilə Onun şəfa vermə və xilas işini hətta Öz üzvlərinə münasibətdə belə, davam etdirsin. Tövbə və Xəstələrin məsh edilməsi (Mər­həm yağı ilə məshetmə) – bu iki şəfa ayininin məqsədi də elə bundan ibarətdir» (KKK 1421).

Müqəddəs Müjdə bir çox yerdə qeyd edir ki, Rəbb İsa adamların günahlarını bağışlayırdı. Vicdan əzabı çəkən və islah olmağı arzulayan bu insanlar bağışlanmağa layiq olurdular. Beləliklə, Xilaskar «Cəsarətli ol, oğlum, günahların bağışlandı» (Mat 9, 2) deyərək iflic olanın günahlarını buraxdı. Günahına görə yəhudilərin daşla öldürmək istədiyi zavallı qadının günahını da Rəbb bağışladı. Onun qəlbində səmimi tövbəsini görən Rəbb dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə» (Yəh 8, 11). Məcdəlli Məryəm də günahlarından azad oldu, Məsih onun barəsində belə dedi: «Bu qadının çox olan günahları bağışlandı. Böyük məhəbbət göstərməsi də bu səbəbdəndir» (Luka 7, 47). İsanın yanında çarmıxda ölən və tövbə edən quldur nəinki günahlarının buraxılmasını əldə etdi, həmçinin onlara görə cəzadan da tam azad oldu. Xilaskar Öz vədini verir: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan» (Luka 23, 43). Rəbbə xəyanət edən Müqəddəs Peterin də günahı buraxıldı. Hətta xain Yəhuda bağışlana bilərdi, lakin o bunu diləmədi.

Allahın mərhəməti günahkarların ümididir

Məhəbbət və mərhəmət Allahın böyük xüsusiyyətləridir. Müqəd­dəs Müjdəçi Yəhya qısa tərif verir: «Allah məhəbbətdir» (1Yəh 4, 16). Əgər biz Müqəddəs Yazını diqqətlə oxusaq, İlahi Söz­lərin mənası barədə dərindən düşünsək, görərik ki, Rəbbin xeyirxahlığı və mərhəməti başqa xüsusiyyətlərdən daha aydın görünür.

Allah ilk insanlara səxavətlə lütf verdi və onları cənnət xoş­bəxtliyində yerləşdirdi. Ulu valideynlərin ilk günahından sonra Allah onları cəzalandırmağa tələsmir, itaətsiz məxluqları məhv etməyi arzulamır, əksinə, sevən Ata kimi onların ürəklərində tövbə hissləri oyatmağı və bağışlamağı arzulayır. «Haradasan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» (Yar 3, 9. 11) – deyə Rəbb insandan soruşur.

İnsanların artıq Ondan uzaqlaşdıqlarını bilmədiyinə görə deyil, baş verən pis işə görə kədərlənən və övladının ürəyində etdiyinə görə tövbə oyanmasını arzulayan mehriban, sevən Ata kimi soruşur. Eləcə də qardaşını öldürən paxıl Qabildən tövbə gözləyən Allah ondan soruşdu: «Qardaşın Habil haradadır?» (Yar 4, 9). Bəs məhəbbət və mərhəmətə görə deyilsə, hər şeyi bilən və hər yerdə olan Allah nə üçün sual verir? O sanki deyir: «Qabil, axı bu sənin doğma qardaşındır, sənin kimi insandır, sən onu özün kimi sevməlisən, sən isə ona nifrət etdin və onu öldürməyə cəsarət etdin. Bir fikirləş, gör necə böyük şər iş görmüsən! Tövbə et və mən səni bağışlayacağam!» Nə Adəm, nə Həvva, nə də Qabil tövbə etdi. Yalnız bundan sonra Allah onları cəzalan­dır­mağa məcbur oldu, çünki Müqəddəs və ədalətli Rəbb şəri cəzasız qoya bilmir. Lakin O, insan nəslini məhv etmədi, onlara tövbə etmək və bağışlanmaq imkanını verdi. Rəbbin cəzası belə (yer üzündə olan zəhmət və əzablar), o qədər təsəlli ilə – dünyanın gözəlliyi, məhəbbət, dostluq, ailə, qəlbdə olan ilham, musiqi, incəsənətlə bəzədilib… Allah insana yaratmaq, bu dünyanı bəzəmək, onun sirrini tanımaq imkanı verir. Dünyaya qovulduqda zavallı insana təsəlli vermək və onu xilas etmək üçün Allahın Kəlamı (Oğlu) yer üzünə gəldi, bununla da həyatımızı təqdis etdi, Öz Bədəni və Qanının Ayinində insanlarla əbədi qaldı.

Müqəddəs Tarix hadisələri və Müqəddəs Yazıda İlahi sözlərin mənası barədə düşünməkdə davam edərək Allahın seçilmiş xalqı olan İsraillilərlə böyük mərhəmətlə davrandığını görürük. Onları Misir əsarətindən böyük səbirlə çıxartdığını, Musanın onlara görə vəsatətçilik edərək mərhəmət dilədikdə dəfələrlə günahlarını bağışladığını görürük. Müqəddəs Yazıdan öyrənirik ki, İbrahim onlara görə dua edəndə Allah Sodom və Homorranı bağışlamaq istəyirdi. Əlli deyil, hətta on salehə görə bütün sakinləri məhv etmək istəmirdi və bunu İbrahimə bildirdi. Biz burada Allahın mərhəmətli və xeyirxah, bağışlamağı arzulayan və bağışlaması üçün əsas axtaran Ata olduğunu görürük. Bağışlamaq imkanını tapmayan Allah kədərlənir, çünki Öz müqəddəsliyinə və ədalətinə görə itaətsiz məxluqları cəzalandırmağa məcburdur. Yunus peyğəmbərdən xəbərdarlıq eşidən və tövbə edən, günahlarına görə yas tutan və həyatını yaxşıya doğru dəyişən Nineva sakinlərini Allah necə də böyük şəfqət və sevinclə qəbul etdi! Oruc tutan və öz günahına görə mərhəmət diləyən padşah Davudun tövbəsini Allah necə də böyük sevgi ilə qəbul etdi!

Lakin Allahın mərhəməti İsa Məsihdə kamilcəsinə izhar olundu. Onun bütün işləri günahkarların xilasına yönəlmişdi. Müqəddəs Həvari Pavlos Onun Xilaskarlıq missiyasını növbəti sözlərlə yekunlaşdırır: «Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi… O günahkarlardan ən betəri mənəm» (1Тiм 1, 15). Hətta fariseylər Onu «vergiyığanların və günahkarların dostu» adlandırırdılar, buna İsa belə cavab verirdi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm» (Luka 5, 31-32). O daim Allahın məhəbbəti və mərhəməti barədə öyrədir, bu barədə məsəllər danışır. Mərhəmətli ata və azmış oğul barədə olan məsəl İlahi məhəbbəti daha yaxşı çatdırır. Atası qarşısında təqsirini və itaətsizliyini dərk edən oğul peşman olur və tövbə edir. Onda ona sadə həqiqət açılır: yeganə çıxış yolu atasının yanına qayıtmaq və ondan bağışlanma diləməkdir. Bəs atası onu necə qəbul etdi? O heç oğlunun etirafını sona qədər dinləmək istəmədi. O, oğlunda tövbə görür və bu ona kifayətdir! Diz çökən oğlunu qaldırır, onu qucaqlayır və öpür! Nəinki hər şeyi bağışlayır, hətta onun itirdiyini ona qaytarır: ona ən yaxşı paltar gətirməyi əmr edir, ona oğul hüququnu qaytarır və onun şərəfinə təntənəli, sevincli ziyafət təşkil edir.

İsa bizə bu rəhmli atada son dərəcədə mərhəmətli olan Allahı görməyi əmr edir. Əlbəttə, Rəbbin övladlarını sevməsi və hər şeyi bağışlaması İsanın məsəlində olan atanın məhəbbət və mərhəmətindən üstündür, lakin Onun nümunəsi Allahın biz günahkarlara münasibətini daha yaxşı anlamağa bizə kömək edir.

Allah günahkarın qayıtmasını gözləyir

İtmiş oğulun atası onun qayğısına qalır, çünki bu onun oğludur, onun bədənindən olan bədəndir. Vahid Oğlunu sevən Allah Ona olan məhəbbətini heç nədən yaratdığı milyardlarla canlı məxluqa şamil edir.

Allah onlara Öz ata məhəbbətini şamil edir, Öz mərhəmətinə görə onları Özünə övlad və varis edir. Bunu yalnız Öz mərhəmət və şəfqətinə görə edir, çünki bizə ehtiyac duymur. Məsəldəki mərhəmətli ata təqsirkarın qayıtmasını istəyir, çünki onun əzablarını duyur və onun xoşbəxtliyini arzulayır. Allah günahkarın mühakimə alovunda əbədi əzab çəkəcəyinə görə narahatdır və buna görə də onunla barışmağı çox arzulayır. Eyni zamanda Allah ona Öz şəxsi xoşbəxtliyini – ölçülməz, sözlə deyilməz, əbədi olan xoşbəxtliyi hazırlayıb. Buna görə də insanlar tərəfindən rədd edilmiş iyrənc günahkarın nəfəsi var ikən hətta əxlaqsızlıq və küfr içində keçirdiyi bir çox ildən sonra Allah ədalətli qəzəbini onun üzərinə tökməyə tələsmir, gələcəkdəki cəzanın ağırlığına sevinmir, xeyr. Hər şeydən çox onu bağışlamaq istəyir.

Məsəldəki mərhəmətli ata itmiş oğlunu uzaqdan görən kimi onun qarşısına çıxaraq qaçır. Allah da günahkarın qarşısına çıxır: Öz İlahi qüvvəsi ilə O, insanın Özünə tərəf dönməsi üçün imkan yaradır (sınağlar, xilasedici vicdan əzabları, vəzləri, lazımi sözü söyləyən yaxud lazımi nümunə göstərən insanları göndərir). O daim, bəzən bir çox illər ərzində çağırır.

Bağışlanmanın asanlığı

Ata öz azmış oğlunu necə də asanlıqla bağışlayır! «Rəbb, mən günah etdim… mən daha Sənin oğlun adlanmağa layiq deyiləm, lakin mən Səndən mərhəmət istəyirəm» deyən hətta ən iyrənc və alçaq cinayətkar kədərlənəndə, səmimi etiraf edəndə Allah bağışlayır. Günahlara görə kədərlənmə və məhəbbət kamildirsə, Allah dərhal bağışlayır. Günahlara görə kədərlənmə və məhəbbət tam kamil olmayanda da, günahkar, keşiş vasitəsilə xilas və kömək axtaranda Allah bağışlayır. Hamıya və hər yerdə Öz mərhəmətini bəyan etmək üçün Allah Tövbə sirrini təsis etdi. Günahkarlara, hətta mərhəmətə ən az layiq olanlara günahları buraxmaq minlərlə keşişin vəzifəsidir! Bundan savayı, Allah Öz lütfü ilə daxildən kömək edərək etiraf zamanı günahları etiraf etməyi yüngülləşdirir, belə ki günahkar hətta ən alçaq günahları da etiraf edə bilir!

Bağışlanmanın dolğunluğu

Mərhəmətli ata öz oğluna hər şeyi bağışladı və ona ən yaxşı paltar gətirməyi və barmağına qaşlı üzük taxmağı əmr etdi, bu da Onun evində oğula bütün hüquqların qaytarılması mənasını daşıyır. Allah hətta kiçik bir şey olan səmimi tövbə və etirafa görə ən ağır günahları həmişəlik unutmağa razı olur! O, «paltarı və qaşlı üzüyü», yəni təqdis edən lütfü, qəlbin gözəlliyini, itirilmiş təmizliyi, Səmavi Padşahlıqda olmaq imkanı, ölümə aparan günahın məhv etdiyi ləyaqəti insana qaytarır. O, keçmişi həmişəlik unudur.

Böyük sevinc

İtmiş oğulun atası sevincdən özünə yer tapmır: «Kökəldilmiş dananı gətirin, kəsin: gəlin yeyib-şadlanaq!» (Luka 15, 23). Lakin Allah bundan da çox sevinir. Nə üçün? Çünki O, övladlığa götürdüyü insanlara daha böyük xoşbəxtlik təyin etmişdi və indi bunu onlara verə biləcəyinə görə sonsuz sevinir. Axı Allah dünyanı və insanları xoşbəxt etmək üçün yaratdı. Ata «çoxlu məskəni» olan Öz evində hər birimizi görməyi arzulayır. Lakin Allah sevgisiz, yalnız ədalətə əsaslansaydı, onda cənnət, demək olar ki, boş olacaqdı, çünki hamımız günahın təsirinə məruz qalmışıq.

Atasının davranışı böyük oğulu təəccübləndirdi, nökərlər də təəccübləndilər, amma azmış oğulun özü hamıdan çox təəc­cüb­ləndi. Eləcə də Allahın hədsiz xeyirxahlıq və mərhəmətinə görə Mələklər sözlə deyilməz dərəcədə təəccüb edirlər. Buna görə İsa demişdi: «Allahın mələklərinin önündə də tövbə edən bir günahkara görə sevinc olur» (Luka 15, 10).

«Rəbbə şükür edin, çünki O, xeyirxahdır, çünki Onun mərhəməti əbədidir!» – deyə məzmurçu nida edir. Müqəddəs Faustinaya İsa Öz mərhəməti barədə xatırladırdı. Sonralar o, «Gündəlik»də yazırdı: «Kim olduğumu mən yaxşı bilirəm, çünki İsa qəlbimin gözlərini açdı və mən yoxsulluğumun hədsiz olduğunu gördüm. Buna görə mən indi yaxşı anlayıram ki, əgər qəlbimdə yaxşı bir şey varsa da, bu yalnız Onun müqəddəs lütfüdür. Yoxsulluğumu tanımağım mənə eyni zamanda Sənin hədsiz mərhəmətini dərk etmək imkanını verir. Öz daxili ruhani həyatımda mən bir gözümlə yoxsulluğumun və yararsızlığımın hədsizliyinə, başqa gözümlə isə, ey Allah, Sənin mərhəmətinin hədsizliyinə baxıram. …Mən başa düşdüm ki, Allahın ən böyük xüsusiyyətləri məhəbbət və mərhəmətdir. Bu xüsusiyyətlər məxluqu Yaradana bağlayır. Böyük məhəbbəti və hədsiz mərhəməti mən Bədəndə Gələn Kəlamdan, Onun Fidiyə işindən bilirəm və Allahda ən çox bu xüsusiyyətin olduğunu dərk edirəm». («Gündəlik» 56, 180). 1935-ci ildə Vilnüsdə Özünü ona göstərən İsa demişdi: «Ürəyim insanlara, xüsusilə də, bədbəxt günahkarlara böyük mərhəmətlə doludur. Kaş onlar yalnız bir şeyi başa düşəydilər: Mən onlar üçün ən yaxşı Atayam, onlara görə mərhəmətlə dolu mənbə olan Ürəyimdən Qan və Su axdı, onlara görə Mən bəxşişxanada yaşayıram, mərhəmət Padşahı olaraq insanlara mərhəmət vermək istəyirəm, lakin onlar qəbul etmək istəmirlər. Heç olmasa sən Mənim yanıma mümkün qədər tez-tez gəl və onların qəbul etmək istəmədiyi mərhəməti qəbul et, bununla Ürəyimə təsəlli verərsən. İnsanlar hədsiz xeyir­xah­lığa, məhəbbətin saysız sübutlarına etinasızlıq göstərirlər. Dünyada yaşayan insanlardan Ürəyim yalnız nankorluq və unutqanlıq görür; onların hər şeyə vaxtı çatır, mərhəmət almaq üçün Mənim yanıma gəlməyə isə vaxtları çatmır. …Bu qədər bəhanə, bu qədər inamsızlıq, bu qədər ehtiyat! Sənə təsəlli vermək üçün deyirəm ki, dünyada yaşayanlar arasında Məni səmimi sevən adamlar var, onların ürəklərində Mən sevinclə yaşayıram, lakin bunların sayı çox deyil. …Bu adamların məhəbbəti və fədakarlığı dünyanın mövcudluğunu saxlayır.

…İnsan mərhəmətimə tərəf ümidlə dönməsə, rahatlıq tapmayacaq.

İnsanın inamsızlığı Məni çox yaralayır. İnsan Mənim müqəddəs və ədalətli olduğumu etiraf edir, lakin mərhəmətli olduğuma iman etmir, xeyirxahlığıma etibar etmir.

Mərhəmət tituluna görə Ürəyim sevinir.

De ki, mərhəmət Allahın ən böyük xüsusiyyətidir. Bütün işlərimin başında mərhəmət dayanır» («Gündəlik» 367, 300-301).

Həqiqi, səmimi tövbə və Allahın köməyi ilə insanın öz həyatını islah etməsi Onun mərhəmətinin izzətləndirilməsidir. Tövbə və Barışma ayininə elə hazırlaş və iştirak et ki, bundan sonra sən deyə biləsən: «Sənin məhəbbətinə güvənirəm. Çünki mənə olan məhəbbətin böyükdür. Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm!» (Zəb 13, 6; 86, 13. 12).

Günah barədə

Müasir insana günahın nə olduğunu dərindən dərk etmək asan deyil. Çox vaxt bunun səbəbi hər gün rast gəldiyimiz bir çox insanın problemi başa düşməməsindədir. Bir çoxlarını günahlı olmaq heç narahat da etmir. Onlar tez-tez deyirlər: «Günah o qədər qorxuncdur? Ondan qorxmaq lazımdır? Əgər Allah mehribandırsa, həmişə günahları etiraf etmək və bağışlanmaq olar! Bütün insanlar müqəddəs olsa, həyat maraqlı olmaz!» İnsanların bir çoxu Rəbb Allahın müqəddəsliyini və ağır günahın Allaha qarşı cinayət olduğunu, «qanunsuzluq sirrini» (2 Sal 2, 7) dərk etmir.

Bir ailədə oğlan ciddi-cəhdlə ilk dəfə Tövbə sirrini qəbul etməyə hazırlaşdı, keşişi diqqətlə dinlədi və müqəddəs imanımızın həqiqətlərini bütün qəlbi ilə qəbul etdi. O yaxşı yadda saxladı ki, insan üçün ən böyük bədbəxtlik ağır günahdır, çünki günah edən insan İlahi lütfü, göylərdə olmaq imkanını itirir və şər ruhun əsarətinə düşür. Bir müddət sonra valideynlər gördülər ki, onların uşağı kədərlidir, yemək istəmir, bacı-qardaşları ilə oynamaq istəmir, az danışır. Ana onunla danışmaq qərarına gəldi. Oğlan ağlayıb dedi ki, bir neçə gün əvvəl o, ağır günah etdi, indi isə narahatçılıq və təşvişdə yaşayır. Uşağı onun dərdində dəstək­ləmək, Allahın mərhəmətinə qəlbində ümid, səmimi kədər, qəti islah olmaq niyyəti yaratmaq və səmimi imanla tövbəni həvəsləndirmək əvəzinə ana yüngülləşib dərindən nəfəs aldı və dedi: «Eh, sən məni çox qorxutdun! Mən də elə bilirdim ki, doğrudan da pis iş baş verib; elə bildim ki, xəstələnmisən yaxud yaxın adamlardan birinin xəstəliyi ya dərdi barədə bilirsən və bizə demək istəmirsən. Sən isə günah etmisən! Fikir eləmə! Kilsəyə gedib tövbə zamanı keşişə hamısını danışarsan və bununla da hər şey düzələr. Get uşaqlarla oyna!» Ananın sözləri oğlanı sarsıtdı. Elə çıxır ki, ana günaha müqəddəs imanın öyrətdiyi kimi baxmır! «Fikir eləmə! Ağır, ölümə aparan günah – bu qorxulu deyil, tövbə zamanı bu barədə keşişə deyərsən və hər şey yaxşı olar». Uşağın ürəyinə ağırlıq çökdü. Zavallı ananın nə etdiyindən heç xəbəri də yox idi. Oğlunu ömürlük necə yaraladığını bilmirdi! O öz övladını inamsızlığa və riyakarlığa düçar etdi. O gündən etibarən o, günahları etiraf etməyə gələcək və keşişin simasında Allaha deyəcək ki, ağır günahları ilə o, cəhənnəm əzablarını qazandı, amma ürəkdən kədərlənir, islah olmağa söz verir, eyni zamanda ürəyinin dərinliyində fikirləşəcək ki, onun günahı xırda bir şeydir və tövbə hücrəsindən uzaqlaşandan bir neçə gün sonra, bəlkə də bir neçə saat sonra rahat və laqeyd olaraq eyni hərəkəti edəcək.

Yalnız iman bizə günahın nə olduğunu, həqiqətən, anlamağa kömək edə bilər. Sualımıza cavab tapmaq üçün Müqəddəs Yazıya müraciət edək. «Demə: «Günah etdim, nə oldu?», çünki Rəbb çox səbirlidir» (Sir 5, 4), – deyə müdrik adam xəbərdarlıq edir. Allahın hədsiz mərhəməti Rəbbin gözlərində günahın kiçik bir şey olduğunu göstərmir.

Günah edən mələklərin yoldan azmasını xatırla. Səmavi ruhlardan ən gözəli olan Lüsifer («parlaq ulduz, dan oğlu»), qürur və təkəbbür tələsinə düşüb Allaha qarşı üsyan edir və öz tərəfinə başqa mələkləri də çəkir. O andaca onların mahiyyəti dəyişir. Onların dillə ifadə edilə bilməyən sevinci və zövqü olan Allah məhəbbəti bu andan etibarən onların dözülməz əzablarının səbəbi olur. Onların həqiqətə xidmət etməyə çağırılmış ağılları yalan mənbəyinə çevrilir. Məsih göydən düşmüş Lüsifer barədə dedi: «Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır» (Yəh 8, 44). Günaha batmış mələklərin xeyirxahlığa cəhd etmək üçün yaranan iradəsi yalançı olur və şərə səy göstərməyə çalışır. Təbiətcə təmiz olan ruhu «murdar ruh» olur, onlar səmavi gözəlliyi itirərək nəinki mələklər, hətta adamlar üçün də eybəcər, iyrənc və mənfur olurlar. Onlar dərhal və həmişəlik mühakimə olundular. Onlar üçün bağışlanma yoxdur və heç vaxt olmayacaq, onların xilası mümkün deyil! Bir günaha, bir günahlı fikrə və niyyətə görə əbədi mühakimə və əzab! Həqiqətən, bu insan dərrakəsindən üstündür! Bu günah faciəsini insanlardan heç kim heç vaxt anlaya bilməyəcək. Pey­ğəmbər Yeşaya nida edir: «Ey parlaq ulduz, dan oğlu, necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, necə də yerə yıxıldın! Sən ürəyində dedin: «“Göylərə qalxacağam, taxtımı Allahın ulduzları üzərində ucaldacağam… uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”» (Yeş 14, 12-13). Öz şagirdlərinə qürur və təkəbbürün dəhşətli nəticələrini göstərən Məsih deyir: «Mən şeytanın ildırım kimi göydən düşməyini görmüşdüm…» (Luka 10, 18). Allahın mərhəməti sonsuzdursa, cəza nə üçün bu qədər sərtdir?! Doğrudan da, «qanunsuzluğun sirri» çox böyükdür! Görün günahın şəri nə qədər böyük və hədsiz idi ki, son dərəcədə xeyirxah və mərhə­mətli olan Allah üsyançı mələkləri belə, cəzalandırmağa məcbur oldu.

Adəm və Həvvanın günahını xatırlayaq. Paxıl iblis onları «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yar 3, 4-5) sözləri ilə yoldan çıxartdı, ürəklərində Alla­ha inamsızlıq yaratdı. O, insanda şöhrətpərəstlik və qürur hissi oyatdı və Allahdan dönməyə vadar etdi. Onların günahı Yara­dandan üz döndərmələridir, sanki Allah mövcud deyilmiş kimi, istədikləri kimi yaşamaq üçün Onsuz olan həyat yolunu seç­mə­ləridir. İnsan nəsli necə də cəzalandı! Bu günahın hədsiz ağır­lığını onun nəticələrindən bilmək olar. Xəstəliklər, əzablar, ağır əmək, ölüm, nifrət, müharibələr, qətl – bu təkcə olan ilk günahın nəticələrini sonsuza qədər sadalamaq olar. Bu cəza ilk insanların həyatı ilə bitmir, Adəm və Həvvadan sonra bütün nəsillər onu irsən aldılar. Hər bir insan bu ilk günah ilə zədə­lən­miş doğulur və onun nəticələrini bütün insanlarla bölüşdürməyə məcburdur. İlk günahın nəticəsində insanın təbi­yəti günaha meyllidir.

Cəhənnəmdə əbədi əzablara məhkum olunanlar barədə düşünək. Oradan çıxış yolu yoxdur, çünki mühakimə olunan daha heç vaxt bağışlanma almayacaq ona görə ki, Allahın mərhəmətini qəbul etmək istəmirlər. Əbədi məyusluq, əbədi bədbəxtlik, əbədi əzab və bütün bunlar Allahın hədsiz xeyirxahlıq və mərhəmətinə baxmayaraq, mövcuddur! Həqiqətən, günah böyük şərdir!

Rəbbimiz İsa Məsihin Çarmıxdakı əzablarına və Ölümünə nəzər salaq. Təmiz və günahsız Quzu olan İsa bütün dünyanın günahlarını Öz üzərinə götürdü. Allah qarşısında Xilaskarın bizə görə etdiyi himayəçiliyinin nəticələrini dərhal görürük: O necə böyük təhqirlər, əzablar və ölümə məruz qalır! Nəyə görə? Günaha görə! Adamların günahlarına görə! «Bizim üsyan­kar­lığı­mıza görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı» (Yeş 53, 5) – deyə Yeşaya Peyğəmbər nida edir. Allah «Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə (əzablara) təslim etdi» (Rom 8, 32). Xilaskarımız Öz xalqı tərəfindən o dərəcədə təhqir olunur, tərk edilir, istehza edilir və inkar edilir ki, Çarmıxdan nida edir: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» (Mat 27, 46). Biz yenə də günahın hədsiz şər olduğunu görürük. İnsanları günaha görə layiq olduqları cəzadan qurtarmaq üçün «Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun» (Yəh 3, 16). Günah nə qədər böyük şər idi ki, Rəbb İsa ona görə belə əzab çəkməyə məcbur oldu!

Günah ən böyük bədbəxtlikdir, çünki o səbəbdən insan təqdis edən lütfü, Allahla dostluğu, göylərdə olma imkanını, qəlbinin rahatlığını, həyatın sevincini itirir və şər ruhun qulu olur. Bir insan müharibədən evə qayıdanda öz evinin və təsərrüfatının yerində yalnız küllük tapdı. Lakin o belə dedi: «Bizdə böyük bəla baş verdi, lakin müharibə bizim ürəyimizi və övladlarımızın ürəklərini daş etsəydi, bundan da pis olardı». Müqəddəs Lüdovikin anası kraliça Blanka tez-tez ona təkrarlayırdı: «Oğlum, ağır günah et­di­yin barədə bilməkdənsə ölümün barədə xəbər eşitmək mənim üçün daha yaxşıdır». İnsanlar qədim məbədlərə baş çəkməyi və on­ların gözəlliyinə heyran olmağı xoşlayırlar. Kilsələri boş, ikona və çarmıxsız, sınıq qapı və pəncərələrlə, kirli divarlarla və hər cür zi­billə dolu, ən əsası isə Ən Müqəddəs yer mehrab və onun üzərində Müqəddəs Bəxşişlərsiz qoyan küfr nə qədər də dəhşət­lidir! İnsanın qəlbi isə daha gözəl, tayı-bərabəri olmayan və əbədi məbəddir. Ölüm günahı vəziyyətində olan insanın qəlbi həqarət edilmiş məbəddən daha acınacaqlı görünür. İnsanın qəlbi əbədi məbəddir, Allah bu məbəddə yaşamağı arzulayır. Müqəddəs Hə­vari Pavlos nida edir: «Məgər bilmirsiniz ki, siz Allahın mə­bə­disiniz və Allahın Ruhu sizdə yaşayır? Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz» (1Kor 3, 16-17).

Günah insanın ləyaqətini alçaldır. Farslarla müharibə zamanı Roma qeysəri Valerian əsir alındı. Fars padşahı Şapur özünü yüksəldərək və böyük Roma imperatorluğunun qeysərinə istehza etmək üçün Valeriana xüsusi təhqir fikirləşdi. Şapur hər dəfə ata minəndə, əsir olan imperatoru gətirirdilər, o diz çökməli və alnını yerə qoymalı idi, padşah isə ayağını onun çiyninə qoyub yəhərə otururdu. Ağır günah edən hər kəs iblisin qulu olur. Azad Allah övladı olan, lakin ləyaqətini şər ruhun əsarətinə dəyişən insanı hiyləgər alçaldır və ona istehza edir. Məşhur rəssam Leonardo da Vinçiyə monastır yeməkxanasında Sirli Axşam zamanı İsa Məsihi şagirdləri ilə təsvir edən Santa-Mariya delle Grasiye divar naxışını yaratmaq tapşırıldı. Rəssam ona nümunə olacaq insanları axtarmağa başladı və bir dəfə, xorun çıxışında iştirak edəndə gənc xoristlərin birində Məsihin obrazını yaratmaq üçün ona lazım olan cizgiləri gördü və onu öz atelyesinə dəvət edib eskizlər hazırladı. Divar naxışının başqa personajları ilə də problem olmadı, bir Yəhuda İskaryotdan başqa. Ona uyğun olan insanı Leonardo uzun müddət tapa bilmirdi. Yalnız bir neçə ildən sonra o, mənəvi düşkün insanların arasında satqın həvariyə bənzəyən bir adamı tapdı. Rəssamın atelyesinə gələn bu adam bir neçə il əvvəl Məsihin şəklini çəkən Leonardo da Vinçi üçün poza aldığını xatırladı. Onda o, günahın onunla nə etdiyini dərk etdi və üzünü əlləri ilə örtüb ağladı.

Ağır günah insanı təqdis edən lütfdən, xeyirxah işlərin bütün xidmətlərindən məhrum edir. Bir nəfər pul qazanmaq üçün Amerikaya gedir, orada 25 il işləyir və çoxlu pul qazanır, lakin evə qayıdanda bütün pulları yolda oğurlanır. Bədbəxt insan saçını yolur və həyatına qəsd etmək istəyir. Ölümə aparan günah insanı bütün xeyirxah əməllərinin mükafatından məhrum edir. Onun vəziyyəti də belə acınacaqlıdır.

Günah Allahın iradəsinə qarşıdurmadır. Lüsifer Allaha dedi: «Xidmət etməyəcəyəm!» Allahın və kilsənin əmrini pozaraq hər şeyə Qadir Olanın iradəsini yerinə yetirmək istəməyən hər kəs özbaşına pis hərəkətlər edərək Rəbbə «Sənə xidmət etməyə­cəyəm!» deyir.

Günah nankorluqdur. Allah lütflə bizə bir çox iltifat verdi: bizə həyat, ağıl, sağlamlıq, vəzifə, dostluq, təbiət gözəlliyini, təqdis edən lütfü və bizi Öz övladları etmək üçün hətta bizə Öz Oğlunu da verdi! Ağır günah edən insan isə əvəzində Allaha görünməmiş nankorluq göstərir. Müqəddəs şəhidlərin tarixi bizə bir yırtıcı heyvanın minnətdarlıq nümunəsi barədə bəhs edir. Bir müqəddəs insan Afrika meşəsində idi, bir aslan yaxınlaşıb tikanla dolu olan şişmiş pəncəsini ona uzatdı. Heyvan o qədər əzab çəkirdi ki, kömək axtararaq insana yaxınlaşmağa cəhd etdi. Müqəddəs tikanları çıxartdı və yaralar sağaldı. Bir müddətdən sonra müqəddəs yaxalandı, Məsihi inkar etmədiyinə görə sirkin səhnə­sin­də vəhşi heyvanlar tərəfindən parçalanaraq ölməli idi. Təyin olun­muş gündə tamaşaya baxmaq üçün bir çox bütpərəst top­lan­dı, səhnəyə həmin müqəddəs insanı gətirdilər, sonra isə buraya vəhşi aslanı buraxdılar. Ac heyvan öz qurbanına hücum etdi, lakin birdən quyruğunu bulamağa və mehribanlıq etməyə baş­ladı. Bu, müqəddəsin bir neçə il əvvəl pəncəsindən tikanları çıxartdığı həmin o aslan idi. Əgər düşüncəsiz heyvan instinktlə bu qədər ecaz­kar minnətdarlığa qadirdirsə, Allah övladları, Məsih tərə­fin­dən fidiyə olunmuş biz məsihçilər Allahımız və Xilaska­rı­mıza nə qə­dər çox minnətdar olmalıyıq və Onu günahlarla təhqir etmə­mə­liyik. Bir dəfə makedoniyalı kral Filipin yanına onun ordusunda xidmət edən zabitlərdən biri haqqında şikayət edən balıqçı gəldi. Zabit onun evinə soxuldu, pul tələb etdi, onu döydü, ölümlə hədələdi, axırda da evi yandırdı. Amma o, bir neçə gün bundan əvvəl üzəndə batdığı zaman bu balıqçı onu xilas etmişdi. Şahidlər balıqçının sözlərini təsdiqləyəndə kral Filip təqsirkarın alnında «nankor» sözünün damğasını vurmağı əmr etdi. Adamların gözlərinə görünməsə də, ağır günah edən hər bir mə­sih­çi alnında buna bənzər işarəni daşıyır.

Günah insanın qəlbində Məsihi çarmıxa çəkir. Müqəddəs Alfons Liquorinin yeparxiyasında sözləri və davranışı ilə gəncləri yoldan çıxaran bir günahkar var idi. Yepiskop bu insana onun yanına gəlməyi əmr etdi. O içəri girmək üçün qapını açanda kan­dara qoyulmuş xaçı gördü və tərəddüd içində dayandı. Müqəddəs onun tərəfinə üz tutub dedi: «İçəri keç!» «Həzrət, – deyə o cavab verdi, – xaçı tapdalamağa dini hisslərim məni qoymur». Müqəddəs Alfons nida etdi: «Eləmi? Söz və əməllərinlə şüurlu olaraq Onu təhqir edəndə Rəbbin Müqəddəs Çarmıxını qəlbində dəfələrlə tapdalamamısanmı?» Bu sözlər günahkarın qəlbinə elə dərin təsir göstərdi ki, o gündən etibarən o, həyatını tamamilə dəyişdi. Müqəddəs Yazı deyir ki, ağır günah edən məsihçilər «Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər» (İbr 6, 6).

Könüllü və şüurlu edilən gündəlik günah ruhani inkişafa, İlahi lütfün qəbul edilməsinə və duaya böyük maneə törədir. İnsan dua etmək istəmir və Allah belə insana bol səxavət verə bilmir. Məsih dedi: «Hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız» (Mat 7, 2).

Nəticədə qeyd etmək lazımdır ki, günah insanı kor edir. O öz nöqsanlarını daha görmür və Allahdan uzaqlaşaraq şərdə daha çox möhkəmlənir. Nəticədə insan Rəbbin mərhəmətini qəbul etmək və Onun məhəbbətinə cavab vermək (Müqəddəs Ruha qarşı günah) qabiliyyətini itirir və Allah onu tərk edir. Allahın bağışlamaq istəmədiyinə görə deyil, insanın günahları barədə kədərlənməyə və Allahın mərhəmətini qəbul etməyə qadir olmamasına görə tövbə qeyri-mümkün olur.

«Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. İsanın qanı bizi hər günahdan təmizləyir», – deyir Həvari (1Yəh 2, 1; 1, 7).

4. Tövbə AYİNİ

Tövbə ayininin təsisi

İsa Həvarilərə Ümumdünya Kilsəsisinin övladlarını idarə etmək hakimiyyətini verdi: «Sizə doğrusunu deyirəm: yer üzündə bağlayacağınız hər şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız hər şey göydə açılmış olacaq» (Mat 18, 18). Diriləndən sonra Xilaskar Həvarilərə göründü və onlara günahları bağışlamaq səlahiyyətini verdi. Bu belə oldu: «O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışla­ma­sanız, bağışlanmamış qalır» (Yəh 20, 19 23).

Kilsədə günahları bağışlamaq səlahiyyəti Həvarilərin davamçısı olan yepiskoplara verilib. Öz növbələrində, onlar bu səlahiyyəti keşişlərə verirlər, keşişlər isə onu Tövbə və Barışma ayinində istifadə edirlər.

Vəftizdən sonra edilən günahların bağışlanmasını almaq üçün Tövbə ayinində iştirak etmək lazımdır. Katolik Kilsəsinin Katexizisi öyrədir: «Tövbə ayinində iştirak edənlər Allahın mərhəməti ilə Onun qarşısında etdikləri günahın buraxılmasını alır və eyni zamanda Kilsə ilə barışırlar. Günah etməklə onlar Kilsəni yaralayırlar, Kilsə isə öz məhəbbəti, nümunəsi və duaları ilə onların tövbəsinə kömək edir» (KKK 1422).

Müqəddəs Kilsənin ən başlanğıcdan günahları buraxma səlahiyyətindən istifadə etdiyi barədə qədim kilsə yazarları və Kilsə Ataları şəhadət edirlər. Məsələn, II-III əsrlərdə yaşayan Müqəddəs Kiprian yazırdı: «Hələ ki günah etirafı qəbul olunur, xeyirxah işlər və Tövbə Allaha məqbuldur, yepiskop günahları buraxa bilir və bu, Allaha məqbuldur, qoy hər kəs öz günahını etiraf etsin» («Əxlaqsızlar haqqında»).

Tövbə ayininin şərtləri

Günahlarımızın etirafı bizim üçün həyatverici, xilasedici və səmərəli olsun deyə onda iştirak etməzdən əvvəl növbəti şərtləri yerinə yetirmək lazımdır:

1. Vicdanın sınanması.

2. Günahlara görə kədərlənmə.

3. Daha günah etməmək barədə qəti niyyət.

4. Günahların səmimi etirafı.

5. Allaha və yaxınına günaha görə əvəzvermə.

Buna görə də istənilən nəticəni əldə etmək üçün Tövbə ayinində iştirak etməzdən əvvəl ona yaxşı hazırlaşmaq lazımdır (daha yaxşı olar ki, bir neçə gün ərzində). Rəbb Allahı insafsızlıq, ürək soyuqluğu və laqeydliklə təhqir etməmək üçün Allahın mərhəmət və məhəbbət mənbəуinə hazırlıqsız yaxınlaşmaq lazım deyil.

Günahların buraxılmasını almaq üçün mümkün qədər yaxşı hazırlaşmaq məqsədi ilə biz ürəyimizi İlahi işığa açmalı və qəlbin şəfası barədə Rəbdən təvazökarlıqla lütf diləməliyik. Gəlin günahların yaxşı etirafına düşüncə və dua ilə hazırlaşaq.

4. 1. VİCDANIN SINAĞI

Vicdanın sınağı sonuncu dəfə səmimi günah etirafından sonra Allahın əmrlərinə zidd olan sözlə, əməllə yaxud fikirlə etdiyimiz günahları yada salmaqdır; əgər tövbə edən günahlarını ilk dəfə etiraf edirsə yaxud bütün həyatındakı günahları yenidən etiraf etmək istəyirsə, onda bütün əvvəlki həyatı ərzində etdiyi günahları yada salmalıdır.

Vicdan sınağını başlayanda, Müqəddəs Ruha dua etmək və qəlbimizi nurlandırması üçün Müqəddəs Ruhun lütfünü istəmək lazımdır. Qaranlıq otaqda bir əşyanı başqasından fərqləndirmək mümkün olmadığı kimi İlahi işıq da az olarsa, insan öz günahını və qeyri-kamilliyini görməyə çətinlik çəkəcək. Lakin otağa işıq versək, orada olanların hamısını, həmçinin səliqəsizliyi də görəcəyik. Eləcə də Müqəddəs Ruhun lütfü qəlbimizi nurlan­dı­randa biz öz günah və nöqsanlarımızı görəcəyik. Vicdan sına­ğından əvvəl Müqəddəs Ruha oxunan Duanı sən bu kitabın başqa təcrübi hissəsində yaxud öz dua kitabında tapa bilərsən. Allahdan vicdanı nurlandırma lütfünü öz sözlərinlə də diləmək olar.

Vicdan sınağı ciddi nizamlı olmalıdır.

Özünü doğrultmağa çalışmadan, əksinə, öz qarşında günahlarını tam səmimi, cəsarətlə və heç bir şey gizlətmədən yada salsan, ciddi vicdan sınağını etmiş olarsan. İnsan sağlamlığını qorumalıdır, lakin özündə günahları qoruyub-saxlamamalıdır. Günahlara xəstəliklərə yanaşdığımız kimi yanaş­maq lazımdır: xəstəlik nə qədər tez və daha yaxşı müəyyən edilsə, tez sağalmağa ümid də o qədər çox olacaq. Qədimdə müdrik adamlar «özünü tanı» – deyirdilər. Müqəddəs Avqustin dua edirdi: «Rəbb Allah, mənə özümü və Səni tanımaqda kömək et». Özünü olduğun kimi görməkdən qorxma, çünki Allah səni məhz belə tanıyır. Allah «hissləri bilir» (Zəb 7, 10) və «fikirlərimi uzaqdan duyur» (Zəb 139, 2). Müqəddəs Fransisk deyirdi: «Biz nə artıq, nə əskik, Allah qarşısında olduğumuz kimiyik». Allahın ədaləti sənin bütün günahlarını və onların sayını, vəziyyətini, ağırlığını bilir. Sözlərindən və əməllərindən başqa bütün pis fikir və niyyətlərindən, bütün günahlı hisslərindən xəbərdardır. Özündən soruş və qəlbinin dərinliklərində vicdanını ləkələdiyin və Müqəddəs Allahı təhqir etdiyin bütün şeyləri İlahi nura aşkara çıxart; Mələklər və Seraflar Allah qarşısında üzlərini örtürlər. Özünə elə sual ver, sanki sənə başqa insan yaxud sənin Qoruyucu-Mələyin sual verir yaxud elə bil ki sən Allahının məhkə­məsində dayanmısan. II Kral Filipin arvadı knyaginya Orleanaya bənzəmə. O, eybəcər olduğuna görə güzgünü sevmirdi və heç vaxt güzgüyə baxmırdı. Qədim müdrik adam Ezop deyirdi ki, insan boynunda iki kisə günah daşıyır: bir kisədə onun, digərində isə başqa insanların günahlarıdır. Özgə günahlarla dolu olan kisəni o qarşısında, öz günahları ilə dolu olan kisəni isə arxasında daşıyır. Buna görə də özgə günahlarını, onların sayını və ağırlığını yaxşı bilir, özünün günahlarını isə bilmir. Müqəddəs Yəhya yazır: «Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək» (1Yəh 1, 8-9). Gəlin vicdanın bizi kor və qürurlu edən, fariseylərə bənzədən təhlükəli kütləşməsindən çəkinək. Rəbb İsa fariseylər barədə deyirdi: «…ağar­dılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur» (Mat 23, 27). Allah bütün fikir, söz və əməllərimizdən xəbərdardırsa, günahlarımızın zülmətində qalmağın nə mənası var? Gec-tez Allah qarşısında həqiqətdə dayanmağa və hər şeyə görə cavab verməyə məcbur olacağıq! Öz mərhəmətinə müraciət etmək üçün Rəbb bizə vaxt verirsə, indi bunu etmək bizim üçün daha yaxşı deyilmi? Çünki «Var olan Allahın əlinə düşmək dəhşətdir!» (İbr 10, 31).

Vicdanını sınayanda özünü ağır (ölümə aparan) günahda təqsirkar hiss etsən, onda belə günahların sayını mümkün qədər daha dəqiq yada salmaq lazımdır. Bu şərtə böyük diqqət yetirmək lazımdır, çünki həmin günahı bir yaxud on dəfə et­məyin arasında böyük fərq var. Çox vaxt insan ilk dəfə nə isə edəndə etdiyini tam dərk etmir və əməlinin nəticələrini görməyərək eyni günahı dəfələrlə, şüurlu və könüllü təkrarladığı zaman hər dəfə Rəbbi daha çox təhqir edir. Ağır günahların sayı barədə unutma, çünki bu tövbənin həqiqiliyi, yəni günahların buraxılmasını təmin etmək üçün zəruridir. Tövbə zamanı ağır günahların sayını şüurlu şəkildə az göstərmək tövbəni təsirsiz, yəni günahların buraxılmasını qeyri-mümkün edir. Həmçinin günahı daha ağır yaxud daha yüngül edən vəziyyətləri də yada salmaq lazımdır. Məsələn, kasıb dul qadının borcunu qaytar­ma­maq zəngin bir insanın borcunu qaytarmamaqdan daha ağır günahdır, lakin borcun qaytarılmaması hər iki halda günah hesab olunur. Mühakimə və böhtan həmişə günahdır, lakin Kilsə xadiminə böhtan daha ağır günahdır, çünki belə böhtan insanları yoldan çıxarır və onları Allaha imandan uzaqlaşdırır. Ədəbsiz filmə baxmaq həmişə və hamı üçün günahdır, lakin uşaqların yaxud gənclərin yanında ədəbsiz filmə baxmaq daha ağır günahdır, çünki bununla böyüklər pis nümunə göstərir və onların gənc qəlblərini azdırırlar. Ağır günahların sayını yada salmaq çox çətindirsə, onda hansı müddət ərzində və necə tez-tez bu günahı etdiyimizi xatırlamağımız lazımdır.

Sonra günahların mənbəyinə və əsas səbəblərinə diqqət yetirmək lazımdır. Ola bilsin ki, tez-tez günah etməyin səbəbi dua çatışmamazlığı, İlahi Liturgiyada iştirak etməmək və Tövbə ayinindən yayınmaqdır. Yaxud bizdə anadangəlmə olan (əsəbilik, həddindən artıq cismanilik, qəmginliyə və məyusluğa meyl) və ondan azad olmaq üçün üzərində az işlədiyimiz bir pis meyl buna gətirib çıxarır? Ola bilsin ki tez-tez günah etməyinin səbəbi tovlanmaya məruz qalmamaq üçün yaxa qurtarmadığın bir insan, yer yaxud əşyadır?

Vicdan sınağının nizamlı olmasından ötrü onu təklif olunan növbəti üsulların biri ilə etmək olar:

1. Allahın on, Kilsənin beş əmrinə və yeddi əsas günaha uyğun. Vicdanı bu üsulla sınayanda növbə ilə hər əmri yada salmaq, əmrin nəyi tələb etdiyi, nəyi isə qadağan etdiyi barədə düşünmək lazımdır və sual vermək lazımdır: əmrin söylədiyini tam yerinə yetirmişəmmi və mən əmrin qadağan etdiyini fikir, söz və ya əməllə etməmişəmmi?

2. Allaha, başqa adamlara və özümüzə olan borcumuza uyğun. Vicdanı bu üsulla sınayanda özümüzə sual veririk: Allahla münasibətdə borclarıma etinasızlıq göstərməmişəmmi və Ona olan məhəbbətimə zidd olanı etməmişəmmi? Sonra eyni sualları başqa adamlar və özümüzlə olan münasibətimizə aid edirik. Vicdan sınağının bu üsulu imanını daha dərindən tanıyan, şüurla kamilliyə can atan və daim Müqəddəs Kilsə həyatında iştirak edənlərə daha çox uyğundur.

3. Öz fikirlərini, söz və əməllərini tədqiq etmək. Vicdanın bu sınama üsulu ruhani həyatın artıq kifayət qədər inkişaf etmiş səviyyəsini tələb edir.

Fransada Ars icmasının baş keşişi Müqəddəs Jan Mari Vianney bir dəfə Kilsəyə gedəndə bir adama rast gəldi. Rəbbin günündə ibadətə getmək əvəzinə bu adam gözəl ov iti ilə düzənliyə yola düşürdü. Keşiş dayandı və dedi: «Əziz dost, arzu edirəm ki, qəlbin itin qədər gözəl olsun». Din xadiminin bu sözləri ovçuya toxundu və o çox fikirləşdi: «İtim cins olsa da, qəlbimi onunla müqayisə etmək olarmı? Məgər qəlbim o qədər eybəcərdir?» Sonra özünə gəlməyə başladı, vicdanını sınadı və gördü ki, onun sevdiyi hər şey Allaha məqbul deyil. Artıq o, neçə ildir ki, tövbəyə getmir və günahı sevir. Özünə diqqət yetirdikcə daha çox kədərlənir və bu vaxta qədər sevdiyi şeylərə nifrət hiss edirdi (şərab, ov, günahlı cismani həzz). Axırda ürəkdən kədərlənərək o, Tövbə ayininə gəldi və həyatını dəyişdi.

«Qanunsuzluqlarımı bilirəm, günahım daim gözümün qarşısındadır» (Zəb 51, 5), – deyə padşah Davud nida edir.

Vicdanı diqqətlə sınamaq çox vacibdir. Günahlarını tanımayan adam onlara görə kədərlənə bilməz. Günahlarını görməyən adam onları etiraf edə bilməz. Allahdan üzr istəməyən insanın günahları bağışlana bilməz. Bu kitabın ikinci (təcrübi) hissəsində verilən suallar vicdanını sınamaqda sənə kömək edə bilər. Əlbəttə, onlar mümkün olan bütün günahları sadalamır, çünki vicdan hər bir insanın məxfi hissəsidir, lakin bu kitabın ikinci hissəsində yerləşdirdiyimiz suallar sənə müəyyən vaxtdan sonra vicdanını ətraflı sınaqdan keçirməyinə kömək edəcək.

4. 2. GÜNAHLARA GÖRƏ KƏDƏRLƏNMƏ

Tövbə edən şəxsin etdiyi hərəkətləri sırasında günahlara görə kədərlənmə birinci yer tutur. Kədərlənmə «qəlbin ağrısı və gələ­cəkdə daha günah etməmək qərarı ilə etdiyin günaha nifrətdir» (KKK 1451).

Səmimi kədərlənmə və islah olmaq barədə qəti niyyət bu günahların bağışlanması üçün ən əsas şərtdir. Bəzən insan bütün günahlarını yada sala bilmir (xəstəliyə görə yaxud uzun müddət tövbəyə getmədiyinə görə) yaxud xəstəliyi üzündən danışa və günahlarını tövbə edə bilmir. Lakin əgər o islah olmaq niyyəti ilə səmimi kədərlənirsə, onda bağışlanır. Əgər insanın günah etməmək niyyəti və səmimi kədəri yoxdursa, o heç cür bağışlana bilməz. Təəssüfsüz tövbənin faydası yoxdur və xilasedici bağışlanma səmərəsi vermir.

Bəzi insanlar deyir: «Tövbə ayinində hər bir günahın bağış­lanması barədə Katolik Kilsəsinin təlimi ilə razılaşa bilmirəm. İstədiyini edirsən, ən ağır cinayətləri törədirsən, sonra da töv­bəyə gəlib keşişə danışırsan, bununla da iş bitir, bütün günah­ların buraxılır, yenə etdiyini edə bilərsən. Bu necə ola bilər?» Bu insanların belə təsəvvürü bağışlanma üçün günahın təkcə etirafının kifayət olduğunu zənn edən bəzi məsihçilərin yüngül düşüncəli nümunəsinə görə yaranıb; əslində isə bağışlanmaq üçün şərtlərin beşini də yerinə yetirmək lazımdır, onlardan ən əsası kədərlənmədir. Səmimi təəssüfsüz tövbə kirli paltarın sabunsuz soyuq suda yuyulmasına bənzəyir. Belə yuyulan paltar daha da kirlənir, korlanır və sonra onu yuyub təmizləmək daha çətin olur. Günahlarına görə heyfsilənmədən Tövbə ayinində işti­rak edən insan da nəinki günahlarından azad olmur, əksinə, daha da çox günaha batır.

Kədərlənmə günahlara görə qəlbin ağrısı və təəssüfüdür; mən dəqiq bilməliyəm ki, etdiyim əməl pisdir, Allaha məqbul deyil və bu daha davam edə bilməz. Dərk etməliyəm ki, mən Allahı təhqir etmişəm, cəzaya layiqəm və buna görə də Ondan üzr dilə­məliyəm.

Kədərlənmə fövqəltəbii, səmimi (daxili, ürəkdən), güclü (hər şeydən üstün) və ümumi olmalıdır.

Fövqəltəbii kədərlənmə. Günah insanın yer üzündə bir çox bəlasının səbəbidir (xəstəliklər, mülkün və ya şöhrətin itirilməsi, həyata həvəssizlik). Lakin günah barədə kədərlənməyin əsas səbəbləri bunlar deyil. İlk növbədə ona görə kədərlənmək lazımdır ki, ağır günah edən insan İlahi lütfü itirir və cəhənnəm əzablarına layiq olur. İnsan bu niyyətlə (Allahı təhqir etdiyinə və cəhənnəmi qazandığına görə) kədərlənəndə onun kədəri Rəbb Allahın gözlərində dəyərlidir və bu kədərlənmə ona bağışlanma gətirə bilər. İnsan xeyirxah və sevən Allahı təhqir etdiyinə, Ona ağrı verdiyinə, Allahın ona olan məhəbbətinin cavabında itaət­sizlik göstərdiyinə görə təəssüf edəndə kədərlənmə mükəmməl olur. İnsan Rəbb Allahı təhqir edərək əbədi rədd olunma və cəhənnəmdə əzablar qazandığına görə təəssüf edirsə, kədərlən­məsi daha az mükəmməl olacaq.

Səmimi (daxili, ürəkdən) kədərlənmə. Təəssüf süni olma­malıdır, qəlbin ağrısı və günaha nifrət insanın ürəyində olmalıdır, bunu Allah görür. Göz yaşı, ah çəkmə, diz çökmə, yumruqla sinəni döymə, titrəyən səs – bunlar səmimi kədərlənmənin mütləq şəhadəti deyil. Kədərlənmənin səmimiliyini yalnız Rəbb görür. Kədərlənmə hisslərdə mütləq olmamalıdır, insanın iradəsində isə mütləq olmalıdır, çünki kədərlənmə iradəmizin günahdan Allaha tərəf dönməsidir.

Güclü (hər şeydən üstün) kədərlənmə. İnsan Rəbb Allahı bütün məxluqlardan üstün tutanda, günahın bizə çox ziyan vurduğuna görə ən böyük bəla olduğuna inananda, ağır (ölümə aparan) günah etməkdənsə gələcəkdə pulunu, mülkünü, sağlamlığını və hətta həyatını itirməyə hazır olanda kədərlənmə güclü olacaq.

Ümumi kədərlənmə. Kədərlənərək bütün (ən azı ağır) günahlarımıza görə Rəbdən bağışlanma diləyəndə kədərlənmə ümumi olacaq.

Müqəddəs Yazıya nəzər salaq və bilavasitə Məsihdən bağış­lanmanı alan insanların nümunələrindən görək ki, kədərlənmə necə olmalıdır.

Kitabın əvvəlində bəhs etdiyimiz itkin oğul səmimi kədər­lənirdi. O, atasının mərhəmətinə inandı, qürurunu kənara atdı, səhvlərini etiraf etdi və ürəyində dedi: «Ata, mən göyə və sənə qarşı günah etdim» (Luka 15, 18). O bu sözləri söyləmədən bağışlandı.

Eləcə də həqiqi Allah və İnsan olan İsa Məsih, Məcdəlli Mər­yə­min ürəyində səmimi kədərlənmə gördü. O, İsanın yemək üçün də­vət olunduğu fariseylərdən birinin evinə gəldi, Xilaskarın ayaq­larına düşdü və göz yaşları ilə Onun ayaqlarını yudu, günahlarının bağışlanmasını dinməz dilədi. Allah da onu bağışladı. Rəbb dedi: «Bu qadının çox olan günahları bağışlandı» (Luka 7, 47).

Müqəddəs Peter də səmimi kədərlənirdi. Xilaskar əzab çəkəndə o, üç dəfə Rəbbi inkar etdi, lakin yanından keçən İsa ona baxdı və Peterin ürəyində elə güclü kədər oyandı ki, bu möhkəm və cəsarətli kişi ağladı. İsa diriləndən dərhal sonra ona bağışladığını söylədi, lakin Peter bu günaha görə bütün həyatı boyu ağlayırdı.

Lakin günah və ürəyin tövbəsiz vəziyyətində qalmağın çox təhlükəli olmasını göstərən başqa nümunələr barədə də Müqəddəs Yazı bəhs edir.

Padşah Hirod qardaşı arvadı ilə qanunsuz nikahda yaşadığının çox pis olduğunu yaxşı anlayırdı, lakin onun kədərlənməsi səmərəsiz idi, çünki islah olmaq əvəzinə o, günahkar qadının sözünə baxırdı, hətta onun sözü ilə Allah adamı olan Vəftizçi Yəhyanı öldürməyi əmr etdi.

Müəllimini inkar etməklə şər iş gördüyünü dərk edən Məsihin şagirdlərindən biri olan Yəhuda xəyanətinin haqqını, 30 gümüş pulu atıb həyəcanla dedi: «Mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» (Mat 27, 3). Lakin kədərlənmədi, İlahi mər­həmətə müraciət etmədi, üzr diləmədi, məyusluğa düşdü, gedib özünü asdı.

Bəzi insanlar həyatda birinci dərəcəli şeyləri çox vacib olmayan şeylərdən ayıra bilmirlər; eləcə də məsihçilər öz həyatlarında əhəmiyyətli, qəlblərinin xilası üçün zəruri olan şeyləri əhəmiy­yətsiz şeylərdən ayıra bilmirlər. Bunun səbəbi çox vaxt dini tərbiyənin azlığının nəticəsidir. Belə səhvlərdən biri odur ki, insan vicdanında ağır günahı gündəlik (yüngül) günahdan fərqləndirə bilmir, bu da ona tövbə zamanı günahlar üçün kədərlənməyə mane olur. Növbəti nümunəyə nəzər salaq: bir insan vicdanın sınağı zamanı yada saldı ki, o, dörd dəfə Rəbbin günündə iba­dətdə iştirak etməyib, iki dəfə sərxoş olub, siqaret çəkib, işdə bir neçə dəfə qəzəblənib, yaxınları ilə dalaşıb… Görürük ki, bu günahların bəziləri ağır (Rəbbin günü müqəddəs Messada iştirak etməmək, spirtli içki içmək), başqaları isə yüngüldür. Beləliklə, siqaret çəkməyi, qəzəblənməyi, ailədə hətta az münaqişə etməyi tərgidərək dərhal islah ola bilməyəcəyini insan yaxşı anlayır, bütün günahları bir sıraya qoyub özünə deyir: «Mən düzələn deyiləm». Bu münasibətlə, şübhə və narahatlıq içində o, tövbəyə gedir, Allaha vəd etdiyini heç özü də bilmir və onun tövbəsi səmərəsiz olur. Tezliklə o, tövbədən sonra Evxaristiyaya daha yaxınlaşmır, çünki gündəlik günah etmədən yaşaya bilmir, Evxaristiyanı qəbul etməyəndə də çox tez zəifləyir, ağır günaha yol verir, İlahi lütfü itirir. Amma o, tövbəni başqa cür etməli idi. Qəlbində aydın və qəti qərar qəbul etməli idi: «Rəbbin günündə ibadətə getməmək və sərxoş olana qədər içmək – bu günahlar ağırdır, bunlar məni İlahi lütfdən və əbədi xilasdan məhrum edir. Mən bu günahları edəndə, əbədi xilasımı təhlükə altına qoyuram, buna görə də ürəyimdə aydın və təsirli surətdə deyirəm ki, daha belə etməyəcəyəm. Gündəlik günahlarıma aid deyə bilərəm ki, öz zəifliyimi bilirəm, onlardan dərhal azad ola bilməyəcəyimi anla­yıram və onlardan azad olmaq üçün səy göstərəcəyəm. Lakin diqqətsiz olub gündəlik günahı etsəm, dərhal üzr diləyəcəyəm və gələcəkdə islah olmaq barədə qərar qəbul edəcəyəm, Evxaristi­yada iştirak etməzdən əvvəl Rəbdən bağışlanma diləyəcəyəm, lakin Evxaristiyanı qəbul edəcəyəm, çünki əgər Onu qəbul etməsəm, ruhani cəhətdən zəifləyərəm və yenidən ağır günah işlədərəm. Mən isə Allahla yaşamağı qəti arzulayıram».

Günahlara görə kədərlənmə və islah olmaq barədə qəti qərar İlahi lütfün səmərəsidir, bunu Rəbdən diləmək lazımdır. Tövbənin sənin üçün həyatverici və səmərəli olması üçün məsihçi imanının əsas həqiqətləri barədə düşünərək ona hazırlaş. Tövbədən əvvəl bir neçə gün ərzində bunları düşünmək yaxşı olardı. Kitabın başqa (təcrübi) hissəsində olan düşüncələr sənə kömək edə bilər. Bir neçə axşam onları oxu, qarşında qoyduğun xaça baxaraq düşünmək üçün bəzən oxumağına fasilə ver.

4. 3. Daha günah etməmək barədə qəti niyyət

İslah olmaq niyyəti günahlara görə səmimi kədərlənmə ilə ayrılmazdır. İslah olmaq niyyəti (ilk növbədə, ağır) günahlardan çəkinməyə dair səmimi iradəni və günaha tovlayan, bəzən də günaha aparan şəraitlərdən (insanlar, yerlər, şeylər) çəkinməyə aid qəti niyyəti özündə birləşdirir.

Canavar barədə bir nağıl var, qocalanda o öz-özünə dedi: «Düzəlməliyəm, axırım pis ola bilər». Dostu çoban itindən öyrəndi ki, günahlarının bağışlanmasını istəyən insanlar keşişin yanına tövbəyə gəlirlər. Axşam, hava qaralanda, canavar çoban iti ilə birgə Kilsəyə gəlir və tövbə etməyə başlayır. Keşişə deyir ki, çoxlu toyuq, qaz, donuz, qoyun, dovşan, sığın boğub, bir dəfə isə hətta günahsız körpənin həyatına son qoyub. Keşiş elə qorxdu ki, qaçmaq istəyirdi, lakin canavar yalvarmağa başladı ki, keşiş qorxmasın, çünki daha günah etməyəcək, o, səmimi tövbə edir. Kədərlənən canavarın gözlərindən xeyli göz yaşı axırdı, o ucadan ah çəkir, pəncəsi ilə sinəsini döyürdü. Keşiş ona inandı və günahlarını buraxdı. Məbəddən çıxan canavar qoyunlarını evə gətirən çobanı gördü. O, sürünün ardınca getdi, bir qoyun ucadan mələyəndə canavar daha dözə bilmədi, üstünə atılıb onu yerindəcə boğdu.

Bu canavarda biz özümüzü tanıya bilərik, çünki əgər tövbə zamanı biz keşişə səmimi kədərləndiyimizi, islah olmaq istəyimizi bildiririksə, tövbədən sonra isə günaha aparan vəziyyətlərdən çəkinmək istəmiriksə, çox tezliklə yenidən İlahi lütfü itirəcəyik.

İslah olmaq niyyəti qəti, fəal və ümumi olmalıdır.

Qəti. Öz həyatını islah etmək işini sonraya qoymaq lazım deyil, Allaha tərəf dönmək məsələsini ləngidən insan xilasını təhlükə altına qoyur. Çox vaxt insan ümid etdiyindən əvvəl bu həyatdan getməyə məcbur olur. Kral Axiyas bir dəfə təntənəli ziyafət təşkil edib çoxlu qonaq dəvət etdi. Şənliyin ən qızğın çağında yanına bir nəfər yaxınlaşıb ona bir məktub verdi və onu dərhal oxumağı xahiş etdi. Lakin şənlənməyi sevən hökmdar cavab verdi ki, şadlığı məktub oxumaqla pozmağa dəyməz və onu cibinə qoydu. Ziyafətin sonuna yaxın silahlılar saraya hücum etdilər və dəhşətli qırğın başladı. Bütün qonaqlar və kral qətlə yetirildi. Onun bədənini dəfnə hazırlayanlar cibində məktub tapdılar. Burada hücum və padşahın ölüm təhlükəsi barədə xəbərdarlıq var idi. Əgər padşah vaxtında məktubu oxusaydı, hər şey başqa cür olacaqdı. Biz bu nümunədən görürük ki, Allaha tərəf dönməyi sonraya qoymağa dəyməz, çünki xilasımızın düşməni olan iblis heç vaxt istirahət etmir, lakin daim qəlbimizi məhv etməyə çalışır. Müqəddəs Peter xatırladır: «Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır» (1 Peter 5, 8). «Əgər bu gün Onun səsini eşitsəniz, «qoy ürəkləriniz… inadkar olmasın» (Zəb 95, 7-8), – deyə Müqəddəs Ruh nəsihət verir.

Bir kilsə icmasında (prixodda) Böyük Orucun ruhani təmrinləri keçirilirdi. Bir çox elm adamı burada iştirak etməyə gəldi. Keşiş ilə görüşə bir məmur da gəldi. O, çox qısa müddətə gəlmişdi, getməyə hazırlaşanda keşiş ona dedi: «Təmrinlərdə iştirak etmək üçün sabah gəlin». – «İndi vaxtım yoxdur, amma növbəti il mütləq gələrəm», – deyə məmur cavab verdi. Lakin heç yarım il də keçməmiş məmur öldü.

Fəal. Yəqin ki tövbəyə şər iradə ilə və şüurlu olaraq islah olmaq istəmədən başlamaq istəyən bir insan tapmaq çətin olardı. Lakin çox vaxt insanlarda islah olmaq barədə qəti əzm əvəzinə yalnız arzu olur. «Kim daha yaxşı insan olmaq istəməz?» – deyə onlar söyləyirlər. Lakin belə bir atalar sözü var: «Cəhənnəmə aparan yol xoş niyyətlərlə döşənib». İslah olmaq üçün daha yaxşı olmaq arzusu kifayət deyil. İslah olmaq niyyəti bizi, həqiqətən, islah olmağa gətirməlidir. Müqəddəs Həvari Pavlosun qərarı belə idi. O, gənc yaşlarından məsihçilərə nifrət edirdi və onları təqib edirdi, lakin möcüzəli yolla Məsihə tərəf dönəndən sonra həyatını tamamilə dəyişdi. O nəinki bütün ürəkdən inandı, hətta Məsihi vəz etməyə başladı. Nə işgəncədən, nə qamçılanmadan, hətta ölümdən qorxmadı; o deyirdi ki, Məsihlə müqayisədə onun üçün bütün dünya mənasız və heç nədir.

Eləcə də V əsrdə yaşayan Misirli Məryəmin islah olmaq niyyəti fəal idi. On iki yaşında evdən qaçıb İsgəndəriyyə şəhərinə yollandı. O, on yeddi il ərzində kişiləri yoldan çıxarmaqla məşğul idi. Bir dəfə maraq üçün ziyarətçilərə qoşulub Müqəddəs Torpağa getdi. Orada o, Rəbb İsanın bəşəriyyətin xilasına görə həyatını qurban verdiyi Müqəddəs Çarmıxa sitayiş etmə mərasiminə baxmaq istəyirdi. Yerusəlimə gəlib bayramın başlanma gününü gözləyərək öz «işi» ilə məşğul olmağa başladı. Müqəddəs Çarmı­xın Ağacına sitayiş günündə isə məbədə yaxınlaşaraq müqəddəs yerə girmək istədi. Amma birdən onu bir qüvvə itələdi. Bu, ikinci və üçüncü dəfə də təkrar olundu. Dəhşətə düşmüş Məryəm diz çökdü və məbədə daxil olub Rəbbin Müqəddəs Çarmıxının Ağacını görmək üçün həyatını tamamilə dəyişməyə söz verərək Allahdan mərhəmət diləməyə başladı. Bundan sonra o, Kilsəyə girib Müqəddəs Çarmıxa sitayiş etdi. Verdiyi sözünün üstündə dayandı. O, könüllü olaraq üzərinə yepitimiya – İordan çayının yanındakı səhrada əmək və dua içində yaşamağı qoydu. Orada o, qırx yeddi il yaşadı və həyatını lütf və müqəddəsliklə bitirdi.

İslah olmaq barədə fəal niyyət günaha aparan vəziyyətlərdən çəkinmək qərarını özündə birləşdirir. Belə vəziyyətlər günaha təhrik edən, günaha gətirib çıxaran yaxud günah etməyə kömək edən başqa insan, müəyyən bir yer yaxud əşya ola bilər. Əgər müəyyən bir dəstədə mütləq içib sərxoş olacağını bilirsənsə, bu insan qrupu sənin üçün günaha aparan vəziyyət olacaq. Əgər sən bilirsən ki, ateist söhbətlərə qulaq assan, pis kitablar oxusan, özündə imana və Müqəddəs Kilsəyə qarşı qarşıdurma yetişdirə­cək­sən, qəlbində isə Allahın mövcudluğuna dair şübhələr yara­nacaq, bu söhbətlər və kitablar sənin üçün günaha aparan vəziyyətlər olacaq. Əgər sən bilirsən ki, müəyyən bir əyləncə yerinə gəlib orada ədəbsiz geyinmiş insanlar görəcəksən, utan­maz söhbətlər və sözlər eşidəcəksən, fikirlərində və hisslərində əxlaqa qarşı ağır sınaqlar keçirəcəksən, bu da səni xəcalətli əməllərə gətirib çıxaracaq – bunlar günaha aparan vəziyyətlərdir və Allah sənə bunlardan çəkinməyi əmr edir. Əgər biz həbs­xanada yaxud islah-əmək düşərgəsində olan hər kəsdən müsahibə götürmək istəsək, onlardan hər biri bizə onları ilk dəfə şərə itələyən insanı, yeri, əli xatırladığını deyərdi. İnsanın fikir və arzularını masanın üzərindəki ərzağa hücum edən milçəklərlə müqayisə etmək olar. Əgər bir kimsə onları daim qovsa, onlar sakitləşməyəcək. Lakin ərzaq şkafa qoyulsa, milçəklər başqa yerə uçacaq. Eləcə də günaha aparan vəziyyətlər insanı şərə gətirib çıxaran tələ yemidir. Əgər bu tələ yemindən, yəni günahlı meyllərdən çəkinsən, xeyirxahlıqda dayanacaqsan və günah etməyəcəksən.

Müdrik atalar sözü deyir: «Dostunun kim olduğunu mənə de, mən də sənin kim olduğunu sənə söyləyəcəyəm». Müqəddəs Yazı xeyirxah dostluğu mədh edir, lakin həmçinin pis dostlar barədə xəbərdarlıq edir: «Sadiq dost həyat üçün şəfadır» (Sir 6, 16). «Dostlarını ehtiyatla seç» (Sir 6, 13). Əflatun deyirdi: «Sən dostluq etdiyin insanlar kimi olacaqsan». Buna görə də Müqəd­dəslər yekdilliklə korlanmış adamlarla dostluğa aid xəbərdarlıq edirlər. Müqəddəs Avqustin deyir ki, sağlam mənəvi prinsipləri olmayan adamlarla münasibət insanı onların etdiyini etməyə məcbur edən kəməndə bənzəyir. O xatırlayır ki, gənc ikən ədəbsiz dostları arasında onu ədəbsiz əməllərə itələyən, sonra isə bununla öyünməyi əmr edən müəyyən bir qüdrəti hiss edirdi. Müqəddəs Bernard diqqətimizə çatdırır ki, Peter məhz tonqalın yanında dayanıb qızınaraq Müəllimi barədə etinasız və istehzalı sözlərə qulaq asanda İsanı inkar etdi. Müqəddəs Alfons Liquori deyirdi: «Korlanmış dost iblisdən pisdir». Həqiqətən, iblisi nəhəng zəncirli itlə müqayisə etmək olar; o yalnız ona yaxınlaşanları qapır. Korlanmış insan isə özü bizə yaxınlaşır, sirrimizi bilməyə çalışır, bizə pis nümunə göstərir, yoldan çıxarır, pis şeyi öyrədir, günaha aparır. Çıxış yolu nədir? Şər insanlardan çəkinmək, özünə yaxşı, ədəbli dostlar seçmək. İmanlı insan Allahı saymayan, Onun əmrləri ilə hesablaşmayan, imanın həqiqətini tənqid edən, məsihçi mənəviyyatını işgəncə edənlərlə dostluq edə bilərmi?

Günaha aparan vəziyyət nəinki insan, həmçinin kitab yaxud jurnal da ola bilər. Yaxşı kitab dünyanın gözəlliyi barədə bəhs edən sadiq dostdur, bilik və müdriklik xəzinəsidir, lakin pis kitab imandan məhrum edən oğrudur, insanda ruhani həyatı məhv edən cinayətkardır. İnsanların bir çoxu pis kitablarla maraqlanıb oxumağa başlayırlar, nəticədə alçaq səviyyəyə enir və imanı itirirlər.

Bir filosof insanların qadağan olunmuş şeyə münasibətini sınamaq istəyirdi. Evinin eyvanında balaca pəncərə düzəltdi, üzərində yazdı: «Bura baxmayın». Nəticədə nə oldu? Evinə gələn insanların əksəriyyəti, yazını oxuyub yaxınlaşır və pəncərəyə baxırdılar, orada isə heç bir şey yox idi.

Pis kitab və jurnalların başlıqları cəlbedicidir, rəngli illüstra­siyalı, keyfiyyətli kağızda nəşr olunur, lakin onlarda günahdan başqa bir şey yoxdur. Onların üzündə zəhərli şüşələrin yaxud yüksək gərginlikli transformatorun üzərində olduğu kimi kəllə və sümük şəklini yerləşdirmək lazımdır, çünki onların məzmunu zəhərdən də pisdir. Bu, ruhani zəhərdir. Eyni sözü ədəbsiz səhnələr və xeyirxah adamlara, imana və Kilsəyə istehza ilə dolu olan əxlaqsız filmlər barədə də demək olar. Onlar kitablardan da çox insanların qəlbində imana qarşı şübhə salır, günahlı fikirlər və hisslər yaradırlar.

Bir çox illər ərzində tövbə etməyən və dini borclarını yerinə yetirməyən bir zəngin insan Allahın lütfü ilə Rəbbin yanına qayıtdı və tövbə etdi. Bu barədə arvadı və qızına söyləyəndə onlar çox sevindilər. «İndi isə mənə yepitimiyanı yerinə yetirməyə kömək edin» – deyə ata onlardan xahiş etdi. «Xeyr, ata, – deyə qız güldü, – yepitimiyanı hər adam özü yerinə yetirməlidir». – «Öhdəliyimə götürdüyüm işi tək başına yerinə yetirmək mənə ağır olacaq, gəlin, mənə kömək edin» – deyə ata gülümsədi. O, arvadını və qızını öz kitabxanasına gətirdi və növbə ilə, bir-bir, rəf-rəf bütün kitablarına baxmağa başladı. O, ateist, ədəbsiz və yoldan çıxaran ­kitabları yerə atırdı, arvadı və qızı isə onları aparıb sobada yandırırdılar. Onun nə kitaba, nə də onlara xərclədiyi pula heyfi gəlmədi, çünki onlarda necə bir zəhərin olduğunu dərk edirdi.

Kitabxanada işləyən bir gənc qadın maraqlanıb imandan dönmüş bir adam barədə kitab oxudu. Qadın ­məsihçi imanı və mənəviyyatında tərbiyə almışdı, lakin bu kitabı oxuyandan sonra qəlbini şübhə və acı hisslərlə doldurdu. O, kitabı oxuculara təklif etməyə başladı. İmanlılar dinsizlik barədə bu kitabı oxumaq istəmədiklərini söyləyərək imtina edirdilər: «Hətta Məsihin şagirdləri arasında xain Yəhuda İskaryot olub, onun barəsində və onun xəyanəti barədə kim oxumaq istəyər?» Lakin «xeyirxahlıq edən» qadın onları yola gətirməyə, təkid və sübut etməyə çalışırdı ki, «hər şeyi bilmək lazımdır». Beləliklə, əvvəl imanı olan adam başqalarını da yoldan çıxardı. Bu, çox qəmli nümunədir. İnsan xeyirxah və gözəl bir şeylə maraqlanmaq əvəzinə kirli və alçaq bir şeyə könlünü verəndə kədərli hal olur. Onu bal hazırlamaq üçün ətirli güllər axtaran və şirə yığan arı ilə deyil, daha çox zibilə qonan eşşəkarısı ilə müqayisə etmək olar.

Daha günah etməmək barədə qəti niyyət günaha aparan adamlardan, yerlərdən və əşyalardan çəkinmək qərarını da özündə birləşdirir. Məsihin əsgəri və cəngavəri olan məsihçi günaha səbəb olan hər şeydən qətiyyətlə çəkinməlidir. İsa Məsih deyir: «Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır» (Mat 5, 29-30). Aydındır ki, Rəbb bədənimizi şikəst etməyi öyrətmir, lakin günaha aparan vəziyyətlərdən çəkinmək barədə qəti niyyətdən danışır. Əgər müəyyən bir insan, yer və ya əşya sənə gözün yaxud əlin qədər əzizdirsə və eyni zamanda səni günaha çəkirsə, hətta bu sənə gözünü qoparırmış yaxud qolunu kəsirmiş kimi ağrılı olsa belə, onlardan qətiyyətlə uzaqlaş.

Əvvəllər canavarlar adamları çox bezdirirdilər. Onları ovlamaq asan deyildi, buna görə də onlar üçün meşədə quyu qazırdılar. Bu quyuların üstünü şüvüllər və yarpaqlarla örtürdülər, ortasına isə ördək və ya qazı bağlayırdılar. Canavar uzaqdan yemi hiss edirdi, ona atılırdı və… quyuya düşürdü. İblis də insanlar üçün həmin «quyular»ı qazır. Bunlar pornoqrafiya filmləri və kitabları, fiziki qüvvənin hakimiyyətini təbliğ edən «döyüş» filmləri, tökülən qanı, ölümü, ədəbsiz paltarları, rəqsləri, gecə barlarını, spirtli içkiləri göstərən filmlərdir… Şər ruh insanı dərhal ağır günaha təhrik etməyin asan olmadığını bilir, buna görə də o, balıqçı kimi tilova müxtəlif yem qoyur ki, yemlə birlikdə tilov da udulsun. O gizlicə yaxınlaşır, sərçə dəstəsinə gizlicə yaxınlaşan pişik kimi insanı əvvəlcə dırnağından tutur və əgər insan əlini çəkmirsə, onu barmağından tutur. İnsan iblisin onu barmağından tutmasına vərdiş edəndən sonra şər ruh insanı əlindən tutur, sonra daha cəsarətlə bütün qolundan tutur və ürəyinə girir.

Ümumi. Tövbə edən insanın bütün günahlardan azad olmaq niyyəti olmalıdır. İnsan qəlbini bir günahdan təmizləyib digərlərini saxlayırsa, tövbədən ona nə fayda olur? Əgər ev üç yerdən yanmağa başlayırsa, iki yerdə alovu söndürmək, üçüncü yerdə isə alovu saxlamağın mənası varmı? Axı yanğın bütün evi ələ keçirəcək və o yanacaq. Günah qəlbdə olan və ilahi lütfü məhv edən yanğındır. Allahı həmişəlik itirmək üçün bir ağır günah kifayətdir.

Bir nəfər ot biçəndə təsadüfən ilanı iki hissəyə böldü. İlanın ölü olduğunu düşünən insan ona yaxından daha yaxşı baxmaq istədi, ilanın bir hissəsini əlinə götürdü və ağrıdan çığırdı. İlan onu sancdı! Yazığı xilas edə bilmədilər və o öldü.

Günah da belədir. Onunla əylənmək istəyən, bəzi günahlardan azad olan, əziz və xoş hesab etdiyi digər günahı isə saxlamaq istəyən insanın qəlbindəki ilahi həyatı məhz elə bu günah məhv edəcək.

İslah olmaq barədə qəti qərarda möhkəm olmaq üçün onu tez-tez yeniləşdirmək, Ruhda oyaq durmaq və dua etmək lazımdır. İsa deyir: «Oyaq qalıb dua edin ki, sınağa düşmə­yəsiniz» (Мark 14, 38). Hər gün axşam dua zamanı vicdanı sınamaq (yada salmaq: gün ərzində mən harada olmuşam, nə etmişəm, nə demişəm, nə fikirləşmişəm və nə hiss etmişəm), ötən gün üçün Allahdan günahların bağışlanmasını diləmək və daha günah etməmək barədə özündə qəti niyyəti yeniləşdirmək lazımdır. Tez-tez tövbə etmək Allahla yaşamaq niyyətini möhkəmləndirir. Ən azı ayda bir dəfə tövbə edən, hər gün səhər və axşam dua edən, vicdanını hər axşam sınayan, və eyni zamanda ölümə aparan müəyyən bir günaha bağlı olan insanı təsəvvür etmək çətindir.

4. 4. Səmİmİ tövbə

«Günahların etirafı (tövbə), hətta insani nöqteyi-nəzərdən, bizi azad edir və başqaları ilə barışmanı yüngülləşdirir. Günahı etiraf edərək insan gördüyü işi etiraf edir, günaha görə məsuliyyəti üzərinə götürür, bununla da yenidən Allah və Kilsə ilə ünsiyyəti açılır, yeni gələcəyi mümkün edir» (KKK 1455).

Katolik Kilsəsinin Katexizisi qeyd edir ki, hətta sadəcə insani nöqteyi-nəzərdən belə, tövbədə vicdan əzabından azadlıq və yüngüllük tapırıq. Eyni sözü psixologiya da deyir. İnsan öz sevinci, qəmi, həyəcanı ilə başqaları ilə bölüşməlidir, çünki əks halda o, qəlbinin tarazlığını tezliklə itirəcək. Bəs vicdan əzabları necə? Düzdür, insana xəcalət çəkdiyi şeylərlə başqaları ilə bölüşmək daha çətindir, buna görə də indi insanların həyatına «etibar telefonu» daha çox daxil olur; qəlbində narahatlıq hiss edən insan öz həyəcanları, problemləri, həmçinin vicdan əzabları ilə xəttin o tayındakı həkim yaxud psixoloqla bölüşə bilər. Psixoloq ona xeyirxah söz, məsləhət, təsəlli, nəsihətlə kömək etməyə çalışır. Bu təcrübənin dəyərli xüsusiyyətlərini azaltmaq istəmədən qeyd etməliyik ki, bu, «çarxın ixtirası» kimi təkrardır.

Çünki Rəbb Allah Özü 2000 il əvvəl tövbəni – öz şübhələrinin, çətinliklərinin və vicdan əzablarının etirafını təsis etmişdi. Bundan başqa, müqəddəs tövbə zamanı biz insanla (keşişlə) deyil, Allah Oğlu İsa Məsihlə görüşürük. O, xidmətçisi olan keşişdən istifadə edərək bizi dinləyir, bizə təsəlli verir və vicdan əzabının yükünü üzərimizdən götürür.

Hindilər arasında təbliğ edən bir keşiş ecazkar bir hadisəni yada salırdı. Onun xidmət etdiyi imanlılar Kilsədən çox uzaqda yaşayırdılar. Bir dəfə sərt qış gəldi, ətrafda aclıq və epidemiya başladı. Keşiş həyatlarının son günlərində öz icmasına mənsub olan adamlara tövbə və Evxaristiya ilə xidmət etmək üçün uzaq kəndləri gəzməyə başladı. Balaca bir kəndə gəlib onun bütün on bir sakininin ölü olduğunu gördü. Hər bir ölü əlində nə isə tutmuşdu. «Necə ola bilər ki, onlar ölməzdən əvvəl Məsihdən üz döndərdilər və bütlərə sitayişə qayıtdılar?» – deyə keşiş narahat oldu. Lakin o gördü ki, onlardan hər biri əlində ağac qabığının bir parçasını tutub. Bu parçaları götürüb diqqətlə baxanda gördü ki, bunların hər birinin üzərində günahlar yazılıb. Qaçılmaz ölümü hiss edən və Allahla müqəddəs tövbədə barışmağı istəyən hindilər öz günahlarını ağac qabığı üzərində yazaraq öz arzularını bildirmişdilər. Onlar Rəbb Allahın onların tövbələrini qəbul edəcəyinə və bütün günahlarını bağışlayacağına ümid edirdilər. Şübhəsiz ki hər şeyə Qadir olan Allah onların kədərlənməsini və tövbələrini qəbul etdi.

Tövbəmizi qəbul edən keşiş eşitdiyi günahları sirr saxlamalıdır. Əgər o, qarşısında tövbə edən insanın günahlarını başqa adamlara danışmağa cəsarət etsəydi, ağır günah etmiş olardı və bu andan etibarən Ümumdünya Kilsəsindən qovulardı və daha öz keşişlik xidmətini yerinə yetirməyə ixtiyarı olmazdı (vəftiz etmək, Müqəddəs Messanı icra etmək, nikah bağlamaq, günahları buraxmaq). Belə günahın bağışlanmasını isə o yalnız Müqəddəs Atanın (Roma Papası) icazəsi ilə ala bilər.

1853-cü ildə Jitomir şəhərində qəmli hadisə baş verdi – Yepiskop Kaspar Borovski göz yaşı ilə keşiş İohann Kobıloviçdən keşiş cübbəsini çıxartdı, çünki çar məhkəməsi onu qətldə təqsirkar hesab etdi və Sibirdə ömürlük sürgünə məhkum etdi. Nüfuzu itirən keşiş Sibirə getdi. İyirmi ildən sonra İohann Kobıloviçin həbs və sürgündən əvvəl xidmət etdiyi Ostrov icmasında orqançı ölüm ayağında idi. Ölən orqançı etiraf etdi ki, nifrətə düçar olub bir adamı Oratovda tüfənglə güllələdi, qorxu və məyusluq içində tüfənglə məhəllə Kilsəsinə qaçdı, mehrabın arxasında tüfəngi gizlətdi, özünə yer tapmayaraq tövbə etməyə başladı, çünki keşiş elə bu vaxt günahları buraxırdı. Onun izi ilə gələn çar polisi asanlıqla mehrabın arxasında tüfəngi tapdı və keşişdən soruşdular, bu tüfəng buraya necə gəlib çıxıb və kim ondan atıb. O isə tövbə edənin sirrini bildirmədi və yalnız cavab verdi: «Bilmirəm». Dəlil göz qabağında olduğuna görə keşiş təqsirkar hesab olundu. Həqiqəti bilən çar hökuməti dərhal Sibirdə günahsız mühakimə olunan keşişi axtarmağa başladı və onu azad etmək istədi, lakin ağır əmək və xəstəliklər üzündən zəifləmiş keşiş İohann Kobıloviç o vaxta artıq vəfat etmişdi.

Eləcə də 1393-cü ildə Praqada tövbə sirrini qoruyub-saxlamağın uğrunda çex keşişi müqəddəs İohann Nepomutski öz həyatını qurban verdi. O, IV Vatslav Lüksemburqlu ilə arvadı kraliça Sofiyanın günahlarını buraxan keşiş idi. Keşiş saray intriqasının qurbanı oldu. Paxıl adamlar padşahı inandırdılar ki, arvadı Sofiya ona sadiq deyil. Qısqanclıq hissinə tutulmuş kral təsdiq axtarırdı və Müqəddəs İohannı çağırmağı əmr etdi, ondan bunun doğru olmasını, kraliçanın buna bənzər bir şeydə tövbə edib-etmədiyini soruşdu. Allahın qulu cavab verdi ki, bu barədə danışmağa onun ixtiyarı yoxdur, buna görə də kraliçanın tövbə zamanı söylədiyindən asılı olmayaraq, o nə «hə», nə də «yox» deyə bilər. Qəzəblənmiş kral keşişə işgəncə verməyi və yalnız bir söz – «hə» yaxud «yox» cavabını əldə etməyi əmr etdi. İşgəncənin faydasız olduğunu görən cəlladlar kralın əmri ilə Müqəddəs İohannın dilini kəsdilər və onu körpüdən ataraq Vitava çayında boğdular. Lakin çox keçmədən imanlılar onun bədənini tapdılar və Müqəddəs Çarmıx Kilsəsində basdırdılar. Xalqın böyük narazılığı qarşısında dayana bilməyən kral taxtdan imtina etməyə məcbur oldu və sürgündə gözlənilmədən öldü.

Böyük fransız alimi Paskal Blez deyirdi: «Allahın insana mərhəməti nə qədər böyükdür! Yalnız lənət təhdidi ilə etirafımızın sirrini qorumağa borclu olan bir Kilsə xadimi qarşısında cinayətləri etiraf etmək lazımdır, lakin insanın korlanması o qədər böyükdür ki, bu ona çox ağır gəlir».

Tövbə necə olmalıdır? O səmimi, tam və aydın olmalıdır.

Səmimi tövbə o vaxt olacaq ki, günahlarımızı vicdanımızın bizə söylədiyi kimi, nə azaltmadan, nə də artırmadan etiraf edirik. Günahların səmimi etirafından utanmaq lazım deyil, çünki Allah bütün günahlarımızı bilir, ürəkdən olan etirafımızı görən keşiş isə sevinir. Öz xəstəliklərini şişirdən, müxtəlif simptomlar uyduran və həkimi tamamilə çaşdıran xəstə barədə nə deyə bilərsiniz? Axı həkim ona heç cür kömək edə bilməz! Yaxud xəstə həkimin bütün suallarına belə cavab versəydi ki, «eybi yox həkim, bir təhər… hər şey düzələr» onda həkim belə xəstəyə necə kömək edə bilərdi? Eyni cür əgər tövbə edən şəxs vicdanında olanları keşiş qarşısında olduğu kimi açmırsa, Məsih onun qəlbinə şəfa verə bilməz.

Tam tövbə o vaxt olacaq ki, biz bütün, heç olmasa ciddi vicdan sınağı nəticəsində xatırladığımız ağır günahları etiraf edək. Əlbəttə, insan Allahı bütün ürəyi və ağlı ilə sevməyə can atanda bütün gündəlik günahlarını da düzəltməyə çalışacaq və onları etiraf edəcək. Lakin bir kəs ölümə aparan günahı (qorxu yaxud utancaqlığa görə qəsdən deməmək) şüurlu şəkildə gizlətsə, onun tövbəsi həqiqi olmayacaq, sanki günahları barədə o heç kədərlənmir. Bu, küfr tövbəsi adlanır. O, Allahı təhqir edir və tövbə edənin hesabına daha bir ölümə aparan günah əlavə edir. Yalandan tövbə etməkdənsə heç tövbə etməmək daha yaxşıdır. Yəhuda İskaryotun taleyini unutmayaq. Gizli Gecədə İsa ona xəyanət etmək niyyətini tam dərk etmək və tövbə etmək üçün imkan verib dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» Həvarilər öz fikirlərində bu niyyətin olmadığını göstərmək istəyirdilər. Yəhuda da riyakarlıqla söylədi: «Rabbi, mən deyiləm ki?» (Mat 26, 20-25). Küfr tövbəsini edən ilk adam o idi.

Saleh həyat sürdüyünü göstərən bir qadın tez-tez tövbə edir və Rəbbin Müqəddəs Evxaristiyada iştirak edirdi. O ağır xəstələnəndə keşiş evinə gəldi və ona müqəddəs Ayinlərlə xidmət etdi. O, bir neçə saatdan sonra yaxınlaşan ölümü hiss edərək məyus oldu, gözlənilmədən gəncliyinin günahlarını etiraf etməyə başladı. Onun bu davranışı analarını həmişə təmkinli görən uşaqları sarsıtdı, lakin ona heç cür kömək və təsəlli verə bilmədilər. Qadın isə məyusluğun dəhşətli iniltisi ilə öldü. Heç kim başqa adamın vicdan sirrini və onun Rəbb Allahla şəxsi münasibətini bilmir, lakin ölümdən əvvəlki bu dəhşət tövbədə günahların gizlədilməsinə şəhadət etmirmi?

Müqəddəs Antoni danışırdı ki, bir zahid insanların Kilsədə tövbə etdiyi vaxt bir cənabı gördü; o, adamlar arasında gəzir, öz növbəsini gözləyirdi və onlara hansısa vərəqçələri paylayırdı. Vərəqçəni əlinə alan adam dərhal tərləməyə, əsməyə və qəmlənməyə başlayırdı. Buna təəccüb edən Müqəddəs adam naməlum şəxsin əlindən tutdu və soruşdu: «Sən nə edirsən?» İblis isə cavab verdi: «Adamlara utancaqlığını qaytarıram. Onlar günah edəndə onlardan utancaqlıq hissini alıram, lakin onlar tövbəyə gedəndə utancaqlıq hissini onlara qaytarıram. Mən nə qədər də mərifətliyəm, elə deyilmi?» – bunu istehza ilə deyən şər ruh yox oldu.

Qoyunu boğan canavar onu boğazından tutur ki, səsini çıxarmasın və çobanı köməyə çağırmasın. Eləcə də insanı məhv etmək arzusunda olan iblis onu «boğazından tutur», yəni qəlbini narahatlıq, qorxu və utancaqlıqla doldurur ki, insan öz günah­la­rını etiraf etməsin, xeyirxah Çobanı, Xilaskar İsa Məsihi köməyə çağırmasın və bağışlanmasın.

Bir çox müqəddəs mistiklər israr edirlər ki, cəhənnəmə düşən insan canlarının əksəriyyəti burada küfr tövbəsinə görə mühakimə olunurlar. İnsani zəifliyinə görə onlar ehtirasa qapıldılar və Allahın əmrlərini pozub günah etdilər, sonra isə tövbədə şüurlu və könüllü olaraq bu günahları gizlətdilər, onları bütün həyatı boyu gizlədərək tövbə etmədən öldülər və mühakimə olundular.

Bəziləri ehtiyat edirlər: «Günahlarımı etiraf etsəm, tövbəni qəbul edən keşiş mənim barəmdə nə fikirləşər? O məni şiddətlə danlamazmı? Günahlarımı başqalarına danışmazmı?» Bu fikirlərin hamısı boş və mənasızdır. Çünki tövbəni qəbul edən şəxs tövbə zamanı təvazökar, amma tövbə edən və islah olmaq əzmi ilə dolu olan adama rast gələndə sevinir. Məsih Müqəddəs Peteri, Məcdəlli Məryəmi, iflic olanı, ağıllı qulduru danlamadığı və təqsirləndirmədiyi kimi səmimi olan adamı da keşiş danlamır və təqsirləndirmir. Lakin Rəbb İsa özünü başqalarına həqiqətdə olduğundan daha yaxşı göstərmək istəyən və tövbə etməyən adamların ünvanına çox ağır sözlər söylədi. Xilaskarın həlimliyinə və mərhəmətinə baxmayaraq, o öz dəhşətli niyyətini etiraf etməyən Yəhuda İskaryot barədə dedi: «O adam heç doğul­masaydı, onun üçün daha yaxşı olardı» (Мark 14, 21).

Tövbə edəndən sonra bir qız uzun müddət tanış olduğu Müqəddəs Fransisk di Salesdən soruşdu: «Müqəddəs Ata, bundan sonra çox güman ki mənim barəmdə daha əvvəlki kimi düşünməyəcəksiniz, elə deyilmi?» – «Bəli, əlbəttə, – deyə müqəddəs cavab verdi, – indi mən sənə daha çox hörmət edirəm, çünki sən artıq (Tövbə və təqdis edən lütfə görə) Allahın övladı oldun».

Kenterberiyanın baş Yepiskopu olan Müqəddəs Anselm bir dəfə pəncərədən bir oğlanın sapa bağlı olan quş ilə oynadığını gördü. Quşcuğaz qanadlarını açıb havaya qalxırdı, lakin oğlan sapdan dartırdı və quş yerə düşürdü. Bu, bir neçə dəfə təkrar olundu, lakin birdən sap qırıldı və quş uçub getdi. Müqəddəs sevindi və bərkdən güldü. Burada olanlar ondan soruşdular: «Nə olub?» Müqəddəs gördüyü barədə onlara danışdı və əlavə etdi: «Çox rahat oldum, çünki bu mənə tövbə və günahların buraxıl­masını xatırlatdı. Günahlı insan sapla bağlı olan quşa bənzəyir, iblisin hakimiyyəti altındadır, azad deyil, lakin günahlarını səmimi etiraf etsə və onun günahları buraxılsa, iblisin onu özünə bağladığı bütün zəncirləri qırır».

Tövbə insanı alçaltmır, əksinə, yüksəldir, çünki insanın həqiqi iyerarxiya dəyərlərini bildiyi barədə şəhadət edir. Müqəddəs İohann Xrizostom deyir: «Allah insana günahdan yan keçməsi üçün günahla bağlı xəcalət hisslərini verdi. Həmçinin Allah insana tövbəyə etibar hissini verdi və günahları barədə kədərlənənlərə, islah olmaq istəyənlərə bağışlanmanı vəd etdi. Şər ruh isə hər şeyi təhrif edir, günah etməkdən əvvəl insana ümid verir, sonra isə xəcalət hisslərini oyadır ki, biz tövbə zamanı günahları etiraf etməyək».

Məsihin doğulmasından əvvəl yaşayan məşhur filosof Sokrat bir dəfə şəhərdə axmaqlığı ilə məşhur olan adamla bir evdən çıxan şagirdlərindən birinə rast gəldi. Xəcalət çəkən gənc qayıdıb qapı arxasında gizlənmək istədi. Müdrik adam isə ona dedi: «Oğlum, çıxanda yox, bu evə girəndə xəcalət çəkmək lazım idi».

Məcdəlli Məryəm çoxlu insan qarşısında Xilaskarın ayaqlarına düşüb ağlayırdı; bağışlanmanı arzulayan qadın bununla tövbə barədə şəhadət edirdi. Müqəddəs Avqustin gəncliyinin günah­larını nəinki Allahın xadiminin önündə, həm də «Tövbə» kitabında bütün dünya qarşısında etiraf etdi. Bu kitab onun Allaha gəldiyi yol barədə bəhs edir. Müqəddəs hamının qarşısında Rəbbi gec sevdiyinə görə tövbə etdi.

Bəzi insanlar tövbədə gizlətdikləri günahı ürəklərində saxla­yaraq öz-özlərinə deyirlər: «Bilirəm, Allah qarşısında bütün günahlarımı etiraf etməyib çox pis iş görmüşəm. Bunu mütləq edəcəyəm, lakin indi yox, sonra bir qədər sonra… Qocalanda, ölməzdən əvvəl keşişi çağıraram, səmimi tövbə edərəm və günahlarımın buraxılmasını alaram. İndi isə mənim etiraf etməyə hələ gücüm yoxdur». Lakin yaxşı dərk etmək lazımdır ki, tövbəni ölüm gününədək ləngidərək belə düşünmək Müqəddəs Ruha qarşı günahdır. Florensiya Arxiyepiskopu Müqəddəs Antonin bütün şimali İtaliyanı sarsıdan bir hadisə barədə bəhs edir.

Çox yaxşı bir ailədə böyümüş, monastırda da çox nümunəvi həyat yaşamış gənc bir rahib öldü. Hamı deyirdi ki, ona görə heç dua etmək də gərək deyil, çünki o, xilas olub. Axı əgər bu adam xilas olmayıbsa, onda kim xilas ola bilər? Lakin ölü duasından və dəfndən əvvəl qardaşlardan biri qəflətən ölünü dəmir zəncirlərlə buxovlandığını gördü. Sanki o, alov içində bütün yanırdı. Bədbəxt dəhşətli səslə fəryad etdi: «Mənə görə dua etməyin, çünki mən əbədi zülmə məhkum olunmuşam». O danışdı ki, on yeddi yaşında olanda o, tövbədə günahını gizlədib Evxaristianı qəbul etdi. Hər gün vicdan əzabı çəkərək etiraf etməyi ləngidirdi. Vicdan əzabını boğmaq və özünü xeyirxah olduğuna inandırmaq üçün gənc monastıra getməyi qərara aldı və belə də etdi, lakin orada daha çox alçalmaq, günahı və küfrünü etiraf etməyə özündə güc tapa bilmədi. Hətta ölüm yatağında da o fikirləşirdi: «Hamı mənə hörmət edir. Bunları danışsam, keşiş mənim barəmdə nə fikirləşər?» Sonra özündən getdi və daha özünə gəlmədi, öldü və məhkum olundu. Bunu danışan ölü yox oldu, bütün monastırı və Kilsəni dözülməz üfunətlə doldurdu, belə ki heç kim orada qalıb daha dua edə bilmədi.

Əgər bir kimsə günahını etiraf etməkdə çox çətinlik çəkirsə, qoy tövbə zamanı keşişə desin: «Ata, vicdanımda elə bir şey var ki, onu dilə gətirə bilmirəm». Onda keşiş kömək edəcək, sual verəcək və bütün mümkün olan günahların adını çəkəcək və tövbə edənin günahının adını çəkəndə, o deyəcək: «Hə, mən bu günahda təqsirkaram».

Günahları necə etiraf etmək lazımdır? Aydın və birmənalı.

Tövbə özünü mühakimə etməkdir, təqsirinin etirafıdır, Müqəddəs Yazıda deyilir: «Əgər biz özümüzü düzgün dərk etsəydik, mühakiməyə düşməzdik» (1 Kor 11, 31). Buna görə də təqsirin etirafı qısa və aydın olmalıdır. Tövbə zamanı yalnız ona aid olan şeylər barədə danışmaq lazımdır. Həyatınızdan hekayələr danışmaq məsləhət deyil. Başqa adamların günahları barədə danışmaq, səninlə birlikdə günahında iştirak edən başqa adamların adını çəkmək qəti olmaz. Hər günahı təfsilatı ilə təsvir etmək lazım deyil. Bunu demək lazımdır: günahların nədir, ağır günahların sayı neçədir və günahı daha ağır yaxud daha yüngül edən vəziyyətlər hansıdır. Hər bir günahı adı ilə söyləmək lazımdır, ümumi sözlərlə kifayətlənmək olmaz, məsələn: «Mən çox günahkaram, yaxşı davranmamışam, nalayiq iş görmüşəm». Müvafiq yepitimiya qoymaq üçün keşiş tövbə edənin günahını və bu günahın ağırlığını yaxşı anlamalıdır, ­tövbə edən isə nə etdiyini və Allaha vədini dərk etməlidir. Günahlar barədə indiki zamanda deyil, keçmiş zamanda danışmaq lazımdır. Özünü təqsirlən­dirmədə belə bir məzmun var: «İndi isə mən düzəlmək niyyətindəyəm». İnsan günahları barədə indiki zamanda danışan­da bu onun yalnız günahlı olmasının təsdiqidir.

Tövbə zamanı ağır günahlarının sayını (heç olmasa təxmini) söyləmək lazımdır. Əgər bunu yada salmaq çətindirsə, həmin günahı hansı müddət ərzində etdiyimizi və müntəzəmliyini göstərmək zəruridir. Ağır günahların adlarının çəkilməsi tövbənin həqiqi olması, yəni bağışlanma almaq üçün zəruridir.

Həmçinin günahın dərəcəsini müəyyən edən vəziyyətləri qeyd etmək lazımdır. Məsələn, başqa insanı təhqir etmək həmişə günahdır. Lakin öz ata-anasını yaxud da keşişi təhqir etmək sənə bərabər olan insanı təhqir etməkdən daha ağır günahdır. Həddən çox spirtli içki içmək həmişə pis günahdır, lakin ailənin təminatı üçün zəruri olan pulu həddən çox spirtli içkiyə sərf etmək ikiqat cinayətdir. Əxlaqsız şeylər barədə danışmaq günahdır, lakin uşaqların və gənclərin yanında bunu etmək daha böyük günahdır, çünki bu başqalarını da yoldan çıxarır. Həmçinin dua zamanı könüllü diqqətsizlik günahdır, lakin xəstə insan üçün bu daha kiçik günahdır, çünki ona diqqəti cəmləşdirmək çətindir.

Tövbə zamanı bir günahı gizlədən insan nə etməlidir?

Birincisi, belə vəziyyətdə Evxaristiyanı qəbul etmək olmaz, çünki bu, yeni küfr olacaq. Həmçinin Xəstələrin mərhəm yağı ilə məshetmə, Miro yağı ilə məshetmə, Nikah ayinlərində də iştirak etmək olmaz, çünki bu, Rəbb üçün yeni təhqirdir. Tövbəyə tələsərək hər şeyi etiraf etmək lazımdır. Bunu da bilmək lazımdır ki, küfr tövbəsindən sonrakı bütün tövbələr həqiqi olmur (günahların buraxılmasını təmin etmir, əksinə, hər dəfə yeni ağır günah əlavə edərək günahların sayını artırır). Buna görə də yükdən azad olmaq üçün yenidən tövbəyə gedib sonuncu həqiqi tövbədən sonra edilən bütün günahları etiraf etmək lazımdır. Bunları qeyd etmək lazımdır:

1. Küfr tövbəsindən əvvəl sonuncu dəfə həqiqi tövbə nə vaxt olub?

2. Bundan sonra neçə dəfə nalayiq tövbə etmisən?

3. Neçə dəfə nalayiq Şəriklik Ayini qəbul etmisən yaxud başqa müqəddəs Ayinlərdə iştirak etmisən?

4. Sonuncu həqiqi tövbədən sonra etdiyin bütün ağır günahlar hansılardır?

Məşhur rus yazıçısı Lev Tolstoy «Gənclik» adlı gündəliyində küfr tövbəsinə görə keçirdiyi həyəcanları barədə yazır. Böyük oruc zamanı tövbə edərkən o, ağır bir günahı gizlətdi. Axşam isə yuxuya gedərkən birdən nə etdiyini aydın dərk etdi. Narahatlıq onu bürüdü. Sanki Allah onu bu an cəzalandıracaq yaxud o, gözlənilmədən öləcək. Gəncin qəlbini təsvir oluna bilməyən dəhşət bürüdü. Birdən onun ağlına çox yaxşı bir fikir gəldi: sabah səhər tövbəyə gedib hər şeyi etiraf etmək. Bu onu sakitləşdirdi. O elə də etdi. Tövbədən sonra gənc xoşbəxt idi, sevinc göz yaşları onun boğazını qəhərlə doldurmuşdu.

Məşhur filosof Monten tövbə barədə deyirdi: «Bədən xəstəlik­lərin­dən fərqli olaraq, qəlbin xəstəlikləri inkişaf etdikcə tut­qunlaşır və daha az seçilir. Buna görə də onları işığa çıxarmaq, heyfsilənməmək, qəlbini açmaq və onları qəlbin künclərindən çıxarmaq lazımdır. Etiraf yüngüllük gətirir».

4. 5. Allaha və yaxınına günahlara görə əvəz vermə

Hər bir günah bumeranq kimi hərəkət edir: nəticəsi şəklində təqsirkarın üstünə qayıdır. Onu Rəbb Allaha atılan daşla müqayisə etmək olar, lakin həmin daş qayıdır və onu atana dəyir. Günah nə qədər ağır olsa, nəticələri də o qədər ağır olacaq. Günahların sayı nə qədər çox olsa, nəticələrin sayı o qədər də çox olacaq. Müqəddəs Yazıda buna təsdiq tapa bilərik.

İlk insanlar birinci dəfə günah edərək Allahdan üz döndərəndə dərhal cəzalarını aldılar. Allaha sədaqətsizlik edən ulu valideyn­lərimizin bu günahı hədsiz dərəcədə böyük idi, İlahi mərhəmətlə yüngülləşdirilməsinə baxmayaraq, onun cəzası böyük oldu. Yaradan insana ­dedi: «Sənə görə torpaq lənətlənir, Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək… Alın tərinlə çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən…» (Yar 3, 17 – 19). Qabil qardaşı Habili öldürəndən sonra Rəbdən bu sözləri eşitdi: «Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı… Yer üzündə qaçaq və sərgərdan olacaqsan». Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır» (Yar 4, 10. 13). Yer üzündə insanları məhv edən daşqın onların günahlarına görə cəza idi: «Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir… Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm» (Yar 6, 5. 7). Onda daşqın başladı.

Eləcə də iyrənc ehtiraslara görə Sodom və Homorra şəhərləri yer üzündən silindi. Padşah Davudun günahına görə (Uriyanın arvadı Bat-Şeva ilə zina, Uriyanın öldürülməsi) oğlu öldü, padşahın ölümündən sonra isə bütün yəhudi padşahlığına saysız bədbəxtlik və qardaş qırğını gəldi.

Günahlar barədə təəssüf etmək və islah olmağı vəd etmək, günahları səmimi etiraf etmək və günahın buraxılmasını əldə etmək azdır; bunlardan başqa, günahın Allaha və qardaşlara törətdiyi təhqirə görə əvəz vermək lazımdır. «Günahın buraxılması onu aradan qaldırır, lakin günahın yaratdığı qarışıqlığı düzəltmir. Günahdan ayrılan günahkar öz ruhani sağlamlığını tamamilə bərpa etməlidir. Təqsirini aradan qaldırmaq üçün o daha bir şey etməlidir: öz günahlarına görə müvafiq olaraq “əvəz” verməli yaxud “rəhmə gətirməlidir”. Belə “rəhmə gətirmə” həmçinin “yepitimiya” da adlanır» (KKK 1459) – deyə Katolik Kilsəsinin Katexizisi öyrədir.

Yepitimiyanın (mərhəmət və orucdan ibarət xeyirxah işlər) məqsədi günahlara görə bu həyatda və ərafda insanı gözləyən cəzadan xilas olmaqdır. Birinci əsrdə məsihçilər Tövbə ayinindən sonra ağır yepitimiya alırdılar. Məsələn, bir neçə gün ərzində çörək və su ilə oruc tutmaq, uzun dualar etmək, zəvvarlıq, sədəqə. Ən ciddi yepitimiyalardan biri insanlar qarşısında tövbə idi. Hamıya günahları məlum olan, öz əməlləri və sözləri ilə başqalarını yoldan çıxaran insanlar belə etiraf etməli idilər. Camaat qarşısında tövbə etməklə və islah olmaq barədə vəd verməklə onlar Kilsəyə etdikləri pisliyə görə müəyyən qədər əvəz verməli idilər. Camaat qarşısında tövbə əsrlər boyunca, hətta indiki vaxtadək mövcuddur. Mətbuatda nəşr olunan kitab yaxud məqalələri vasitəsilə çox pislik edənlər imana gələndən sonra məsihçi imanı və mənəviyyatının əleyhinə söylədiklərini camaat qarşısında mətbuatda təkzib etmək barədə vicdanlarının əmrini hiss edirdilər.

XX əsrdə camaat qarşısında tövbə edən amerikalı həkim Bernard Natansonu bütün dünya tanıyır. Məhz onun cəhdlərinə görə Amerikada abort etməyə icazə verilmişdi. Baş verənin faciə olduğunu dərk edən həkim camaat qarşısında bütün dünyaya bunu pula görə etdiyini və əslində abortun nə olduğu barədə insanların aldadıldığını etiraf etdi. İndi o, dünyaya gəlməmiş uşaqların dəhşətli qətlini dayandırmağa və adamlar qarşısında təqsirini yumağa çalışaraq televiziya kameraları qarşısında daim bu barədə danışır.

IV əsrdə Roma qeysəri Böyük Feodosi Salonik şəhərində üsyanı yatırtmaq üçün onun 2500 sakinini qətlə yetirməyi əmr etdi. O, Rəbbin Günü Liturgiyaya gələndə Мilan şəhərinin Yepiskopu müqəddəs Amvrosi onu Kilsəyə buraxmadı, xalq qarşısında imperatora yepitimiya qoydu, qeysər isə bunu öhdəliyinə götürdü. O, tövbə işini tam yerinə yetirmədən Kilsəyə girə bilməzdi.

İndiki günlərdə keşişlər adətən yüngül yepitimiya qoyurlar. Bunun səbəbi imanın zəifliyi və müasir məsihçilərin tənbəlliyidir. Tövbə zamanı üzərimizə qoyulmuş yepitimiyanı yerinə yetirərkən günahlarımızın əvəzini Allaha tam verdiyimizə ümid edərək özümüzü aldatmamalıyıq. Yepitimiya Ayinin həqiqi olması və günahların buraxılmasının əldə edilməsi üçün zəruridir; o, günahlardan azad olma ilə bilavasitə əlaqəlidir. Əgər tövbə zamanı tövbə edən üzərinə qoyulan yepitimiyanı ürəkdən qəbul etməsə və onu yerinə yetirməyəcəyini özünə söyləsə, tövbə həqiqi olmayacaq və o, günahlarının buraxılmasını almayacaq. Əgər insan tövbə zamanı üzərinə qoyulan yepitimiyanı yerinə yetirməyə səmimiyyətlə razı olursa, lakin sonra onu yerinə yetirməkdə etinasızlıq göstərirsə, tövbə həqiqi olur, amma o, yeni günahda (yepitimiyanı yerinə yetirməməkdə) təqsirkar olur. Lakin tövbədən sonra tövbə edən sadəcə olaraq yepitimiyanı yerinə yetirməyi unudursa, onda günah etmir, lakin Allahı bacardığı qədər razı salmır. Müqəddəs Kilsə bizi xeyirxah tövbə işlərinə, xüsusilə də mərhəmət işlərinə çağırır. Mərhəmət işlərini biz üç qrupa bölə bilərik: dua, sədəqə və oruc. Keşişlər çox vaxt yepitimiya kimi dua etməyi tapşırırlar. Onu lütf vəziyyətində yerinə yetirmək lazımdır və bunda çox ləngimək lazım deyil. Tövbəni qəbul edən şəxs tərəfindən üzərimizə qoyulan yepitimi­yanı yaxşı anlamaq lazımdır. Lakin hansı yepitimiyanın üzərimizə qoyulduğunu başa düşməsək, xahiş etməliyik ki, keşiş onu bizə təkrar yaxud izah etsin. Əgər keşişin üzərimizə qoyduğu yepiti­miya həddindən ağır olsa yaxud biz onu yerinə yetirə bilməsək, bu barədə ona mütləq deməliyik və bizim gücümüzə uyğun olan başqa yepitimiyanı istəməliyik. Lakin biz bu yaxud digər ruhani tapşırığı yerinə yetirməyə razılıq vermişiksə, daha özümüz onu dəyişə bilmərik. Təcrübədə yepitimiyanı yerinə yetirə bilməyə­cəyimizi aşkar etsək, növbəti tövbədə bizə başqa yepitimiya verilməsini xahiş etməli və bu xahişin səbəbini izah etməliyik. Tövbəni qəbul edən bizə sədəqə verməyi yaxud oruc tutmağı təyin edə bilər. Yaxşı olar ki, insan özü də bəzən günahlarına görə Allaha əvəz vermək məqsədi ilə Tövbə işlərini görsün. Biz belə işləri əhəmiyyətsiz hesab edə bilərik, lakin bunlar Allaha məqbuldur, çünki O bizim təvazökarlığımızı və tövbəmizi görür (məsələn, sevimli xörəkdən yaxud şirniyyatdan inkar edərək dilənçiyə heç olmasa kiçik sədəqə yaxud mərhəmət işi üçün ianə vermək). Lakin xüsusi olaraq özümüzün cismin ehtiraslarını öldürməyə səy göstərməyimiz zəruri deyil, çünki həyat hər dəqiqə bizə bir çox kiçik əzab və sınaqlar göndərir (xəstəliklər, uğursuzluq, cəhdlərimizin və əməyimizin əvəzinə nifrət, kiçik incikliklər, təhqirlər, haqsızlıqlar). Kim bunları iman ruhunda, təvazökarlıq və məhəbbətlə, səbirlə və məsihçi kimi (acıqlan­madan, lakin bunu xeyirə çevirməyə cəhd edərək) qəbul edirsə, kim əzab verənləri və təqib edənləri səmimi bağışlayırsa, o tez-tez, hətta bunu dərk etmədən çox layiqli Tövbə işlərini yerinə yetirir, bununla da Rəbb Allaha günahlarına görə əvəzini verir, saysız məziyyətlərin və Allahın lütfünün mənbəyini əldə edir.

Tövbə ayininin səmərəli olması üçün başqa insana vurulan ziyanın (ruhani yaxud mənəvi) əvəzini vermək də zəruridir. Biz çox vaxt öz günahlarımızla başqa insanı yaralayır və təhqir edirik. Ziyanın əvəzini tövbədən əvvəl ödəmək daha yaxşıdır, lakin çox vaxt elə olur ki, qonşumuzu incitdiyimizi biz yalnız tövbə zamanı dərk edirik; bu halda Tövbədən dərhal sonra günahın əvəzini çıxmaq lazımdır.

Başqa insanı sözlə yaxud hərəkətlə təhqir edən kəs üzr istəməlidir.

General Pol Lyamot bir dəfə Lion şəhərinin küçələrinin biri ilə gedərkən sərxoş vəziyyətdə olan əsgərlərindən birinə rast gəldi. Qəzəbdən özünü saxlaya bilməyən general camaat qarşısında əsgərin üzünə şillə vurdu. Sonra özünü ələ ala bilmədiyinə görə peşman oldu. Növbəti gün sıra qarşısında durub zavallı əsgərdən soruşdu: «Dünənki gün yadındadırmı?» – «Bəli, cənab general!» – deyə o cavab verdi. «Bu 5 frankı götür və incikliyi unut», – deyə qoşun başçısı təklif etdi. «Qəbul etmərəm», – deyə təhqir olunmuş əsgər cavab verdi. «Düz edirsən, – dedi general, – istəyirsən sənin yanağından öpüm?» – «Bəli, cənab general!» – deyə əsgər cavab verdi. Sərkərdə dünənki incikliyin bağışlan­masını almaq üçün onu öpdü. Əlbəttə, bundan sonra əsgər nizamnaməyə uyğun olaraq cəzalandırıldı, lakin insani münasibət ədalətlə bərpa olundu.

Zahid Avva Aqafon deyirdi: «Mən heç vaxt başqasına qarşı kin saxlayaraq yatmağa getməmişəm və məndən asılı olanda qoymamışam ki, bir başqası ürəyində mənə qarşı kin saxlayaraq yatmağa getsin». Bu sözlərlə o demək istəyirdi ki, istəmədən incitdiyi adamdan üzr istəməyənə qədər və onu incidəni ürəkdən bağışlamayana qədər qəlbində rahatlığı olmurdu və yata bilmirdi. «Günəş batmazdan əvvəl qəzəbinizi soyudub iblisə yer verməyin» (Ef 4, 27), – deyə Həvari Pavlos öyrədir. Digər tərəfdən yadda saxlamaq lazımdır ki, başqasını bağışlamaq istəməyən tövbə zamanı öz günahlarının bağışlanmasını ala bilməz. Xilaskar deyir: «Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz» (Mat 6, 14-15).

Əgər bir kəs digərinə maddi ziyan vurubsa, onun yerini doldurmalıdır. Oğurlanmış əşya qaytarılmalıdır. Lakin əgər bu əşya artıq yoxdur yaxud o zədələnibsə, təzəsini almaq və qaytarmaq lazımdır. Əgər bu da mümkün deyilsə, həmin vaxt əşyanın dəyərinə bərabər olan pul məbləği ödəmək lazımdır. Maddi ziyanın əvəzini verərkən bunu mütləq açıq şəkildə etmək lazım deyil. Oğurlanmış əşyanı yaxud pulu başqa bir adam vasitəsilə ötürmək yaxud poçtla göndərmək və ya hansısa başqa bir yolla sahibinə çatdırmaq olar. Əsas odur ki, zərər çəkmiş adam müvafiq əvəzi alsın. Əgər maddi ziyan vurduğumuz insan çox uzağa gedibsə və onu tapmaq mümkün deyilsə (yaxud o ölübsə), onda əvəzi onun yaxın qoyumlarına (arvadına, uşaqlarına, valideynlərinə) vermək lazımdır. Lakin bu da mümkün deyilsə, onda maddi ziyanın əvəzinə bərabər olan məbləği xeyirxah işə (məbədə, yetimlərə, dul qadınlara, yoxsullara) xərcləmək lazımdır.

Əgər bir kəs başqasına iftira yaxud böhtanla mənəvi ziyan vurubsa, sözləri ilə qaraladığı xeyirxah adı insana qaytarmaq lazımdır. İnsanı yaxşı addan məhrum edəndə biz ondan maddi şeylərdən daha qiymətli olan bir şeyi alırıq. Bunu necə düzəltmək olar? İftira ehtiyac olmadan insanın pis əməllərindən, onun zəif cəhətlərindən danışmaq (onun başqalarına məlum olmayan günahlarını yaxud günahlı meyllərini ifşa etmək və bununla onu xeyirxah addan məhrum etmək) deməkdir. Bu günahı düzəltmək üçün qarşısında iftira söylədiyimiz insanlara bu şəxs barədə bir yaxşı söz, onun xeyirxah işləri və tərifə layiq vərdişləri barədə demək lazımdır. Beləliklə, biz ləkələdiyimiz adı bərpa edə bilərik. Bəs böhtanla nə etmək olar? Böhtan atmaq insanı etmədiyi günahlarda təqsirləndirmək, ona malik olmadığı mənfi xüsusiy­yətləri və qüsurları vermək deməkdir. Bunu düzəltmək iftiradan daha çətindir. Bunu etmək lazımdır: şəxsi hansı adamlar qarşısında haqsızlıqla ittiham etmişiksə, eyni adamların qarşısında da bu ittihamların yalan, özümüz tərəfindən uydurulmuş, ona aid etdiyimiz günahlarda təqsirkar olmadığını etiraf etmək lazımdır. Beləliklə, biz yaxınımıza əlindən aldığımız təmiz adını qaytara bilərik.

Bir icmada çox yaxşı bir boyaqçı yaşayırdı. Bir dəfə o, dəmirçi ilə dalaşdı və adamlar qarşısında ona böhtan atdı (guya, o, oğrularla əlbirdir və onlara saxta açarlar düzəldir). Bununla o, insanları dəmirçidən uzaqlaşdırdı və onu müştərilərdən məhrum etdi. Dəmirçi şikayətlə kişi monastırının başçısının yanına gəldi. Keşiş ağ parça götürüb boyaqçının yanına gəldi, onu qara rəngə boyamağı xahiş etdi. Boyaqçı bunu çox yaxşı etdi. Parçanı görəndən sonra baş keşiş onu yenidən ağ rəngə boyamağa xahiş etdi. Usta çox təəccübləndi və dedi: «Ata, bunu heç kim yaxşı edə bilməz. Ağı qaraya boyamaq olar, lakin əksinə… Əfsus!» – «Bəli, – deyə keşiş cavab verdi, – bəs sən indi insanların göz­lərində adını qara etdiyin dəmirçinin adını necə təmizə çıxaracaqsan?» Boyaqçı bu nəsihəti başa düşdü və o vaxtdan etibarən dəmirçinin xeyirxah adını qaytarmağa çalışdı.

Bir nəfər 661 qulden məbləğində pul köçürməsi və izah məktubu aldı: «Xahiş edirəm bu pulu qəbul edin: 400 quldeni mən sizə hesabda əskik verdim, 221 qulden isə sizin bu vaxt ərzində ala biləcəyiniz faizdir. Xahiş edirəm, məni bağışlayın, çünki bu pul mənim daim uğursuzluğuma səbəb oldu».

Gəlin Tövbə və Barışma Ayininə yaxınlaşaraq cəsarətli olaq ki, başqa adamlara verdiyimiz maddi və mənəvi ziyanın əvəzini ödəmək hazırlığımızı görən Allah mərhəmətlə günahlarımızı buraxsın və onları unutsun.

Tövbə ayininin ruhani səmərələri

Katolik Kilsəsinin Katexizisi (KKK (1496) belə deyir:

«Tövbə ayininin ruhani nəticələri bunlardır:

– Allahla barışma – bunun vasitəsilə tövbə edən şəxs lütfü yenidən əldə edir;

– Kilsə ilə barışma;

– ölümə aparan günahların nəticəsi olan əbədi cəzadan azad olma;

– günaha görə müvəqqəti cəzadan qismən olsa da, azad olma;

– vicdanın sakitliyi və sülhü, ruhani təsəlli;

– məsihçi mübarizəsi üçün gərək olan ruhani qüvvənin artması»

Ağır günah insanı Allahdan ayırır. Onun nəticələrini o biri tərəfə keçməyi mümkün etməyən uçurum yaxud azadlığa çıxmağı mümkün etməyən həbsxana divarı ilə müqayisə etmək olar. Günah insanın Allaha elan etdiyi müharibədir, bu müharibədə təcavüzkar həmişə insan olur. Tövbə sülh barədə dilək, hücuma görə üzr diləmə və barışma barədə xahişdir. Bu, günah vəziyyətində olan insanı Rəbb Allahdan ayıran uçurumun üzərində körpünün tikilməsidir; bu, Allahın və insanın düşməni olan iblisin bizi saxladığı həbsxana divarının dağılmasıdır. Tövbə bizi Allahla barışdırır.

Tövbə günaha görə itirilmiş təqdis edən lütfü bizə qaytarır. Müqəddəs vəftizdə aldığımız bu lütf bizi Allah övladları, Səmavi Padşahlığın varisləri, İsa Məsihin qardaşları və Allaha məqbul insanlar edir. Təqdis edən lütfün itirilməsi insanı yenidən şər ruhun əsarətinə gətirir, bunun da nəticəsi rədd olunma və cəhənnəmdə əbədi cəzadır. Tövbə Ayinində Allah günahkara «toy libası»nı qaytarır (müqayisə edin: Мat 22, 11).

Tövbə bizi Məsihin Kilsəsi ilə barışdırır. Kilsə Onun sirrli Bədənidir. Onunla birlik Məsihlə birliyin əlamətidir və əksinə, kilsədən ayrılma Rəbdən ayrılmanın əlamətidir.

Tövbə ayinində təqsirin buraxılması ölümə aparan günahın nəticəsi olan cəhənnəmdəki əbədi cəzanı məhv edir. Günahın nəticəsi olan bu həyatda yaxud ərafda olan müvəqqəti cəzaların bağışlanması günahın buraxılması anında kədərlənmənin və məhəbbətin gücündən asılıdır. Kədər nə qədər kamil olsa və məhəbbət nə qədər güclü olsa, Allah da müvəqqəti cəzaları bizə o qədər çox bağışlayır.

İndulgensiya haqqında

İndulgensiyanın alınması Tövbə Ayini ilə sıx bağlıdır.

İndulgensiya Allah tərəfindən təqsiri bağışlanmış günahların müvəqqəti cəzalarının buraxılmasıdır. İndulgensiya tam yaxud natamam ola bilər. Tam indulgensiya günahlara görə bütün müvəqqəti cəzaların ləğvidir. Natamam indulgensiya müvafiq cəzaların qismən ləğv edilməsidir.

Tam indulgensiyanı almaq üçün növbəti şərtləri yerinə yetirmək lazımdır:

təqdis edən lütf vəziyyətində olmaq (Tövbə ayinini qəbul etmək) və Evxaristiyada iştirak etmək;

hətta ən balaca könüllü günaha yaxud natamamlığa bağlılıqdan azad olmağa çalışmaq;

Roma Papasının niyyəti ilə dua etmək;

indulgensiya ilə əlaqəli olan və Kilsə tərəfindən təyin olunan işi yerinə yetirmək.

Tövbə Ayininin növbəti səmərəsi ruhani sevincin və vicdan sakitliyinin qayıtmasıdır. Bu daxili sevincin, sülhün, harmoniyanın və ruhani tarazlığın dəyərini tez-tez tövbə edən bilir. Yeni Katexizis Tövbəni «Şəfa Ayini» adlandırır. Bununla Kilsə demək istəyir ki, Barışma Ayinində iştirak edən Allahdan nəinki günahların buraxılmasını, həmçinin günahın yaraladığı ürəyinə şəfa da diləməlidir. Tövbə edənin ümidi olmalıdır ki, Allah ürəyinin dərinliyindəki yaraları sağaltmaq, günahın mənbələri olan ehtirasların təsirini zəiflətmək istəyir və bunu etməyə qadirdir. Çünki xəstəliyin zahiri təzahürünü deyil, onun mənbəyini müalicə etmək lazımdır. Tez-tez və lazımi hazırlıqla etiraf edən kəs yavaş-yavaş günahkarlığının kökündən şəfa tapır. İsa deyir: «Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq» (Mat 6, 22-23). Tez-tez tövbə bizi pis meyllərdən təmizləyir, bizdəki ehtirasları zəiflədir, niyyət və arzularımızı nəcibləşdirir, vicdanımızı formalaşdırır, onu əzmli və həssas edir.

Günahların etirafı yüngüllük və ruhani tarazlıq gətirir.

Uzun illər ərzində tövbə etməyən bir kişi xeyli tərəddüd edəndən sonra Tövbə Ayinində iştirak etdi. Evə qayıdıb arvadına dedi: «Özümü elə yüngül hiss edirəm ki, elə bil çiyinlərimdən nəhəng yük götürüldü».

Tövbədən sonra insan ruhani cəhətdən daha güclü olur: onda xeyirxahlıq etmək arzusu yaranır, özündəki şər meyllərə və tamahlara qalib gəlmək ona daha asan olur, onun qəlbi daha böyük ümidlə gələcəyə baxır, çünki Ayinin lütfü onu möhkəmləndirir.

Tez-tez tövbə etmək barədə

Bir daha Tövbə Ayininin ruhani səmərələrini xatırlayaq: Allah və Kilsə ilə barışma, əbədi cəzanın və qismən müvəqqəti cəzanın buraxılması, vicdan sakitliyi və Allahın lütfündə yaşamaq üçün ruhani qüvvənin artması.

Müqəddəs Kilsə imanlıları tez-tez Tövbə Ayinində iştirak etməyə həvəsləndirir. Müqəddəs tövbə Kilsə xadiminin vəsatət­çiliyi ilə insanın canlı, dirilmiş Məsihlə şəxsi görüşüdür. Tövbədə biz Rəbb Allah qarşısında özümüzü günahlarda təqsirləndiririk; keşişin simasında biz özümüzü ilk növbədə Məsih və Kilsə qarşısında təqsirləndiririk. Vicdanımızın vəziyyətini anlayan keşiş bizi öyrədəndə, üzərimizə yepitimiya qoyanda və günahlardan azad edəndə əslində bizi Rəbbimiz İsa bağışlayır və qəlbimizin həqiqi Təbibi kimi vicdanımıza şəfa verir. Tövbə ayinini imanla qəbul edən kəs qeyd edir ki, hər dəfə gözlərini açan, bir çox suallarına cavab verən, bir çox şübhələrinə aydınlıq gətirən yeni işıq alır; dindarlığa və Allahla münasibətə yeni, daha kamil baxış əldə edir.

Vəzlər geniş imanlılar dairəsinə aiddir, keşiş isə tövbədə həmişə bizə qəlbimizin vəziyyətinə, ruhani inkişafımızın səviy­yəsinə uyğun olan konkret nəsihət verir. Tövbə zamanı bizə deyilən Allahın Sözü ayinin lütfü ilə əlaqəli olduğuna görə asanlıqla ürəklərimizə daxil olur və yadda qalır. Tövbə Ayininə başlayaraq, biz İsa Məsihdə Xeyirxah Çobanı və qəlbimizin Təbibini görməliyik. O bizim yaxşılığımızı və ruhani cəhətdən sağlam olmağımızı istəyir. Sağalmaq istəyən hər kəs həkimin yanına gələndə xəstəliyini mümkün qədər daha yaxşı təsvir etməyə çalışır ki, həkim sağlamlığımızın vəziyyətini daha yaxşı müəyyən edərək bizə sağalmaqda kömək edə bilsin. Eləcə də İlahi Xilaskarın bizə şəfa verə bilməsi üçün tövbə zamanı Onun qarşısında inamla qəlbimizi açmalıyıq. «Ya Rəbb, yaralarımı Sənə göstərirəm», – deyə Müqəddəs Amvrosi dua edir.

Ailə üzvləri arasındakı münasibətlərdə növbəti qanunauy­ğunluqları müşahidə etmək olar: onlar səhvlərini nə qədər çox etiraf etsələr və «üzr istəyirəm, bağışla, zəhmət olmasa» sözlərindən istifadə etsələr, o qədər də ailə münasi­bətləri yaxşı olacaq. Lakin ailə üzvləri özlərini «səhvsiz» hesab edirlərsə, «bağışla» əvəzinə tez-tez «məndə təqsir yoxdur», «bu sənin günahındır» deyirlərsə, orada münasibət çox mürəkkəb və gərgindir. Eyni sözü Allahla münasibət barədə də demək olar, çünki tez-tez Rəbbə «mən günah etdim, mənim təqsirimdir, məni bağışla, günahkaram» söyləyən insanın Rəblə münasibəti çox yaxşı olur.

Müqəddəs Fransisk Di Sales tövbə barədə deyirdi: «Xilaskar Öz Kilsəsinə bizi bütün günahlarımızdan təmizləyən ­Tövbə Ayinini verdi. Ey Allahı sevən insan, heç vaxt qoyma ki, ürəyində yoluxucu günah olsun, çünki bizdə ona qarşı hazır və sadə vasitələr var. Allahın gözlərində yenidən təmiz olmaq üçün insan etdiyi günahlardan mümkün qədər tez təmizlənməlidir. Bəs nə üçün əlimizdə belə güclü dərman ola-ola biz ruhani ölümlə ölürük? Tez-tez cidd-cəhdlə və təvazökarlıqla tövbə et, çünki tövbə bizə nəinki günahların buraxılmasını, lakin həmçinin gələcəkdə günahdan uzaq olmaq üçün güc və onların nəticələrini ləğv etmək üçün İlahi lütf də verir. Beləliklə, tövbə özündə təvazökarlıq, tabeçilik, sadəlik və məhəbbət məziyyətlərini birləşdirir. Qoy həmişə günahların səndə nifrət oyandırsın, kiçik olmalarına baxmayaraq, gələcəkdə onları etməmək barədə qəti qərar qəbul et. Günahların çoxluğundan özünü gözlə, bunlar çox vaxt ürəklərimizə gizlicə soxulur, onlardan azad olmağa çalış».

Keşiş günahları nə vaxt buraxmalıdır və nə vaxt onun bunu etməsinə ixtiyarı yoxdur?

Müqəddəs Ümumdünya Kilsəsi yalnız İsa Məsihdə günahları bağışlama səlahiyyətinə malikdir, yəni yalnız Onun qüvvəti və hakimiyyəti ilə və yalnız Rəbb Özü bunu edəndə günahları bağışlaya bilər. Kilsə öz səlahiyyətindən Onun iradəsinə uyğun olaraq istifadə edir. Müjdə iflic insanın, günahkar Zakkayın, Məcdəlli Məryəmin, Peterin, tövbə edən quldurun asanlıqla günahlarının buraxılmasını alması barədə bəhs edir, çünki Allah onların ürəklərində səmimi kədəri görürdü. İsa ilə birlikdə xeyli vaxt keçirən, sonuncu axşam hətta Rəbbi öpən Yəhuda İskaryot isə bu sözləri eşitdi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi satırsan?» (Luka 22, 48). Məsih ona «günahların bağışlanır» demədi, çünki o, xainliyinə görə təəssüflənmədi. Bu hekayə bu gün də təkrar olunur. Əgər insan günahı sevir, lakin yaxşı görünmək üçün məbədə gəlir, heç təəssüf və tövbə etmədən tövbə hücrəsinin yanında diz çökür, sonra da İsanı «öpür»sə, Yəhuda kimi qəlbində islah olmaq niyyəti olmadan Şəriklik Ayinini qəbul edir və buraya gəldiyindən əvvəlki vəziyyətindən də pis olub Rəbdən ayrılır. Müjdədə İsanı alçaltmağa, adını ləkələməyə və hətta öldürməyə çalışan fariseylərə və Müqəddəs Yazı alimlərinə Onun «günahlarınız bağışlanır» söylədiyini oxusaydıq, çox təəccüblənərdik. Xilaskar onları bağışlaya bilmirdi, çünki onlar tövbə etmirdilər. Eləcə də bu gün ibadətə gələrək insanların tərifini qazanmağa çalışan yaxud Müqəddəs Kilsəni öz tamahkar məqsəd və fitnələrində istifadə etməyə can atan adam Allahla barışa bilməz.

Hər bir keşiş yalnız Məsihin iradəsi ilə Kilsədən aldığı günahların bağışlanma səlahiyyətindən istifadə etməlidir. Əgər tövbə edən insan səmimi tövbə edir və özünü günahlarda təqsirləndirir, islah olmaq vədini verirsə, keşiş ona günahlarının buraxılmasını verməlidir. Əgər keşiş bunu etməsə, ağır günahda təqsirkar olar, çünki Məsihin iradəsinə zidd hərəkət edər.

Eləcə də bunun əksi. Əgər tövbə edənin sözlərindən günahları barədə kədərlənmədiyi və islah olmağı arzulamadığı görünsə, onda tövbə qəbul edən onu günahlardan azad edə bilməz, çünki bu halda özü günah etmiş olar. Birincisi, tövbə etməyən günahkarın günahlarını buraxan keşiş küfr edir. İkincisi, insana «mən sənə günahlarını buraxıram» desə, onu aldadar. O yaxşı bilir ki, Tövbə Ayinində iştirak edən, lakin günahlarından təəssüf etməyən insanı Rəbb bağışlamır. Keşişin qanunsuz nikahda (kilsə nikahı olmadan) yaşayanlara günahların buraxılmasını verməyə ixtiyarı yoxdur, çünki Allahın xeyir-duası olmadan birgə yaşamaq ağır günahdır. Tövbə edən şəxs nikah bağlamasa yaxud qanunsuz birgə yaşamaqdan əl çəkməsə, bu günah davam edəcək. Keşişin qardaşını, bacısını, qonşusunu yaxud başqa bir insanı bağışlamaq istəməyən adamlara günahların buraxılmasını verməyə ixtiyarı yoxdur. Dünyaya gəlməmiş uşağın həyatını dayandırmaq niyyəti olan yaxud döllənmiş həyatı artıq bətnində kəsən «spiral» olan qadına və onun ərinə keşişin günahların bağışlanmasını verməyə ixtiyarı yoxdur. Tövbəni qəbul edən şəxs mütləq günaha aparan vəziyyətlərdən çəkinmək istəməyənlərə (günahına səbəbkar olan insanlarla görüşməkdən imtina etmək istəməyənlərə, onu günaha aparan yer yaxud əşyalardan çəkinəcəyinə söz vermək istəməyənlərə) günahların buraxılmasını verə bilməz. Keşiş Kilsəni təqib edən təşkilatla əlaqəli olan yaxud əxlaqsız fəaliyyətdən pul qazanan (məsələn, pornoqrafiya yayan yaxud narkotik alveri edən) insanın günahlarını buraxa bilməz.

Lazımi ürək münasibəti olmadan keşişi təngə gətirib ondan günahlarının buraxılmasını yaxud Evxaristiyada iştirak etmək icazəsini əldə etməyə çalışan düşüncəsiz insanlar keşişdən imtina cavabı alanda qəzəblənirlər və anlamırlar ki, Allahla barışa bilmədiklərinin təqsirkarı keşiş deyil, onların özüdür, çünki günahdan ayrılmaq istəməyən onlardır.

Belə adamlara Məsihin sözlərini xatırlatmaq istəyirəm: «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın» (Мark 1, 15).

5. XƏSTƏLƏRİN MƏSH EDİLMƏSİ AYİNİ

(MƏRHƏM YAĞI ILƏ MƏSHETMƏ)

«Xəstəlik və əzablar həmişə insan həyatının ən çətin problem və sınaqları olub. Xəstəlikdə insan öz gücsüzlüyünü, məhdu­diyyətini və faniliyini dərk edir. Hər bir xəstəlik bizi ölüm barədə düşündürə bilər.

Xəstəlik bizi əzablı təşviş, özümüzə qapılma vəziyyətinə, hətta bəzən ümidsizlik və Allaha qarşı üsyana gətirib çıxara bilər. O həmçinin insanı daha yetkin edə bilər və ona öz həyatında əhəmiyyətsiz şeyləri görüb əhəmiyyətli olana üz tutmasına kömək edə bilər. Çox vaxt xəstəlik insanı Allahı axtarmağa, Ona tərəf dönməyə gətirib çıxarır» (KKK 1500, 1501).

Rəbb insana – onun qəlbinə və bədəninə şəfa verməyə gəldi. O, xəstələrə şəfa verirdi, dərdlərinə şərik olurdu, lakin onlardan iman tələb edirdi . Xəstələr Ona toxunmağa can atırdılar, çünki «Ondan çıxan qüdrət hamını sağaldırdı» (Luka 6, 19). İsa əzab çəkənlərə nəinki şəfa verdi, həm də onların əzablarını Öz üzərinə götürdü:

«Bizim xəstəliklərimizi O çəkdi, naxoşluqlarımızı Öz üzərinə götürdü» (Mat 8, 17).

Məsih şagirdlərini əzab və borcların «çarmıxını» daşımağa çağırır, onları başqalarının xidmətinə həsr edilmiş olan Öz həyatına daxil edir. Rəbb Həvariləri göndərir və deyir: «Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin» (Mat 10, 8). Onlar da «yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər» (Мark 6, 12 13).

Görürük ki, xəstəlikdə əzab çəkənlərin qayğısına qalan Xilaskar İsa Məsih onlara xüsusi lütf verən başqa bir ayin təsis etdi. Həvarilər Məsihin iradəsini sədaqətlə yerinə yetirirdilər. Həvari Yaqub deyir: «Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin keşişlərini çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq» (Yaq 5, 14 15).

Mərhəm yağı ilə məshetmə Ayinini kim qəbul edə bilər?

Bu suala cavabı Katolik Kilsəsinin Katexizisi verir: «Xəstələrin ətirli yağla məsh edilməsi “yalnız ölən adamlara aid olan ayin deyil. İmanlı şəxs xəstəlik yaxud qocalıq üzündən ölüm təhlükəsi ilə üzləşəndə onu qəbul edir”» (KKK 1514). Ağır, həyat üçün təhlükəli xəstəliyi olanların köməyinə İsa Məsih xüsusi lütflə gəlir. Mərhəm yağı ilə məshetmə Ayinini həmçinin ağır cərrahi əməliyyatdan əvvəl qəbul etmək olar. Əgər ayini qəbul edəndən sonra xəstənin vəziyyəti yaxşılaşıb, bir müddətdən sonra isə yenidən pisləşərsə, onda o, keşişdən xəstələr üçün olan ayini təkrar icra etməsini xahiş edə bilər.

Bu ayinin nəticələri nədir?

Ayin əzab çəkənin və bütün Kilsənin xeyri üçün onu Məsihin əzabları ilə birləşdirir. Xəstəliyi yaxud qocalığı məsihçi kimi qəbul edə bilməsi üçün Rəbb ona təsəlli verir, onu möhkəmləndirir, xəstənin xeyrinədirsə, ona sağlamlığını qaytarır; xəstə Tövbə Ayinində iştirak etmək vəziyyətində deyilsə (huşsuz vəziyyət­dədirsə), onun günahlarını buraxır və Allahın iradəsi varsa, onu əbədiyyətə keçməyə hazırlaşdırır.

Xəstələrə ayindən qorxmaq və çəkinmək lazım deyil, çünki Məsih xeyirxah və mərhəmətlidir, ayindən çəkinən xəstə əzablarında köməyi və təsəllini itirir. Mərhəm yağı ilə məshetmə Ayinindən çəkinmək yaxud keşişi xəstənin yanına buraxmamaq inamsızlıq əlamətidir, hətta Allaha və yaxınına olan məhəbbətə qarşı günahdır. Keşişin gəlişini gündən-günə və saatdan-saata yubatmaq olmaz, xəstə artıq şüursuz vəziyyətdə olanda və günahlarını etiraf edə bilməyəndə keşişi çağırmaq düzgün deyil. Bəziləri imanlarının az olmasını bununla doğruldurlar ki, xəstənin ona tez ölüm arzuladıqlarını zənn etməsindən qorxurlar. Bu barədə belə demək olar. Birincisi, məsihçi tez-tez günahlarını etiraf etməli və Evxaristiya (Şəriklik Ayinini) qəbul etməlidir, Pasxa tövbəsinə etinasızlıq göstərmək ağır günahdır. İkincisi, keşiş ölüm yaxud mühakimə deyil, xəstənin sağlamlığı üçün dua edərək lütf və təsəlli gətirir. Üçüncüsü, hər bir imanlı yer üzündə sonuncu saatı yaşadığını bilməlidir və özünü əbədiyyətə köçməyə hazırlamalıdır.

Bir ər-arvad öz aralarında razılığa gəlmişdilər ki, əgər onlardan biri digərinin yaxın ölümü barədə bilsə, əbədiyyətə keçidə tam məsuliyyətlə hazırlaşmaq ona açıq və səmimi olaraq bu barədə mütləq deyəcək.

Mərhəm yağı ilə məshetmə çox vaxt sağlamlığı qaytarır .

Bir keşiş ağır ağ ciyər xəstəsi olan həkimə baş çəkdi. Yazıq getdikcə gücünü itirirdi, lakin günahları etiraf etmək və mərhəm yağı ilə məshetməni qəbul etmək istəmirdi. O yalnız sağalan kimi Kilsəyə tövbəyə gedəcəyinə söz verirdi. Keşiş təkid etmirdi, lakin növbəti dəfə xəstəliyin tərəqqi etdiyini görəndə xəstəni ayini qəbul etmək üçün yola gətirməyə başladı. Özünü daha da pis hiss edən xəstə razılaşdı, səmimi tövbə etdi və xəstələrin ayinini qəbul etdi. Sağollaşarkən o, göz yaşları ilə keşişə minnətdarlığını bildirirdi. Amma qan bəlğəmi bitəndə və can üstündə olan həkim sağalıb öz işinə qayıdanda hamı çox böyük sevinc içində idi.

Mərhəm yağı ilə məshetmə Mərasimi

Evə daxil olan keşiş Müqəddəs Bəxşişləri masanın üzərinə qoyur (buradakı adamlar diz çökürlər), təqdis edilmiş su ilə xəstəyə və burada yığışanlara xeyir-dua verir. Bundan sonra xəstəni həvari imanının etirafını etməyə çağırır, ona suallar verir, xəstə isə bunlara «iman edirəm» deyə cavab verir (yaxud «iman edirəm Allaha» oxuyur). Sonra adamlar bayıra çıxırlar, xəstə isə günahlarını etiraf edir. Tövbədən sonra keşiş xəstəyə indulgensiya verir. Yaxınları qayıdandan sonra xəstə, ona qulluq edənlər və bütün əzab çəkənlər üçün ümumi dua edilir. Keşiş dua ilə əllərini xəstənin başına qoyur, sonra isə onun alnını və əllərini mərhəm yağı ilə məsh edir və dua edir: «Bu müqəddəs Məshetmə vasitəsilə sözlə deyilməz mərhəmətinə görə Rəbb sənə Müqəddəs Ruhun lütfü ilə kömək etsin. Sənin günahlarını buraxan Rəbb səni xilas etsin və mərhəmətlə əzablarını yüngülləşdirsin». Xəstəyə Evxaristiya ilə xidmət edəndən sonra keşiş əzab çəkənə xüsusi xeyir-dua verir.

Mərhəm yağı ilə məshetmə mərasimdən əvvəl yatağın yanındakı masaya ağ süfrə örtmək və onun üstünə xaç və iki şam qoymaq olar. Müqəddəs Bəxşişləri gətirən keşiş içəri girəndə şamlar yandırılır. Masanın üstünə həmçinin bir az pambıq, bir stəkan su ilə qaşıq qoymaq lazımdır ki, keşiş ətirli Mirro yağı ilə məshetmədən sonra əllərini silsin, suyu isə Məsihin Bədənini qəbul etməsini asanlaşdırmaqdan ötrü xəstəyə vermək lazımdır.

C. İCMAYA XİDMƏT AYİNLƏR

«Keşişlik və Nikah başqalarının xilasına yönəlir. Başqalarına xidmət vasitəsilə onlar şəxsi xilasa da kömək olur. Kilsədə onların xüsusi missiyası var və Allahın xalqının kamilləşməsinə xidmət edirlər» (KKK 1534).

6. KEŞİŞLİK

Məsihçi keşişliyi barədə Əhdi-Ətiq kahinliyi əvvəlcədən xəbər vermişdi. Müqəddəs Yazı söyləyir ki, Rəbb on iki İsrail nəsli arasından Levi nəslini seçir və onu yalnız ibadət üçün təyin edir. Onların mirası Rəbb Özü idi. Kahinlər israillilərə Allahın qanununu öyrədir və xalqın adından Ona heyvanları və torpağın məhsul­la­rından qurban təqdim edirdilər. Lakin tam xilas və təqdis edə bilmədiyinə görə bu ­kahinlik qeyri-mükəmməl idi.

Bütün Əhdi-Ətiq peyğəmbərlikləri İsa Məsihdə yerinə yetdi, «Allahla insanlar arasında bir Vasitəçi vardır» (1 Tim 2, 5), «müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göy­lər­dən daha ucalara qaldırılmış» (İbr 7, 26) «Melkisedeq vəzifəli Baş Kahin» (İbr 5, 10). O, «yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi» (İbr 10, 14). Bu Müqəddəs yeganə Qurban həyatını çarmıxda bəşəriyyətə görə könüllü verən Xilaskarın Özüdür.

Bütün məsihçilər Vəftiz və Mirro yağı ilə məshetmə qüvvəsilə Məsihin ümumi kahin xidmətində iştirak edirlər. Bu qüvvə onları Məsihin kahin, peyğəmbər və padşah elçiliyinin iştirakçısı etdi. Yepiskopların, keşişlərin və dyakonların iyerarxiya ruhaniliyi məsihçilərin ümumi kahinliyinə xidmət edir; o, Xilaskarın Öz Kilsəsini tikməsinin və Ona rəhbərlik etməsinin bir vasitədir. Rəbb Allahın qoyduğu qaydaya görə bu iyerarxiya xidməti xüsusi ayin vasitəsilə ötürülür.

Keşişlik ayindir (sirrdir), buna görə Məsih vasitəsilə Həvarilərə tapşırılmış həvari xidməti Kilsədə dünyanın sonuna qədər icra ediləcək. Bu ayin vasitəsilə Kilsə onu qəbul edənə Allahın müqəddəs Kəlamını vəz etmə, Evxaristiya Qurbanını və başqa ayinləri icra etmə, imanlılara rəhbərlik etmə səlahiyyətini, həmçinin bu çətin tapşırığı layiqincə yerinə yetirmək üçün xüsusi lütf verir. Yalnız Yepiskop Allahın çağırdığı şəxsi keşiş xidmətinə təyin edə bilər. Yepiskop namizədin başına əlini qoyaraq ruhanilik ayinini icra edir və təntənəli dua edir. Ruhanilik insanın qəlbində əbədi işarə qoyur.

Ümumdünya Kilsəsinin Başçısı olan Məsih hər bir keşişin xidmətində real olaraq iştirak edir. Düzgün əlqoyma ilə təyin olunmuş hər bir keşiş «Başçı olan Məsihin şəxsiyyətində» (Onun adından) hərəkət edir. Rəbb Ruhaniliyin mənbəyidir, Məsihsiz heç bir keşiş hətta kiçik səlahiyyətə belə, sahib ola bilməz. Keşiş Vəftiz ayinini icra edəndə onun vasitəsilə Məsih vəftiz edir. Tövbə Ayinində keşiş günahdan azad edəndə Məsih günahları buraxır, Evxaristiya Qurbanı zamanı keşiş «Bu Mənim Bədənimdir… Bu Mənim Qanımdır» sözlərini söyləyəndə Məsih çörək və şərabı Öz Bədəninə və Qanına çevirir.

Keşiş Kilsənin adından da hərəkət edir, məsələn, onun adından Allaha dua edir, Evxaristiya Qurbanını təqdim edir.

Keşişlik üç mərhələ ilə icra edilir:

Yepiskopluq – onu qəbul edənə tam həvari səlahiyyətini verir;

Keşişlik – Yepiskop xidmətində qismən iştirak etmə səlahiyyətini verir;

Dyakonluq – Yepiskop və keşişlərin xidmətinə kömək etmək üçün nəzərdə tutulur.

7. NİKAH

Nikah ayindir (sirrdir), onun vasitəsilə subay kişi və qadın aralarında ləğvi mümkün olmayan birlik imzalayırlar; onların məqsədi qarşılıqlı dəstək vermək, həmçinin övlad dünyaya gətirmək və onlara tərbiyə verməkdir. Ayin vasitəsilə onlar üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək üçün xüsusi lütf alırlar.

Yaradan kişi və qadının təbiətinə nikahda olmaq qabiliyyətini qoyub; nikah Allah tərəfindən təsis edilib. Buna görə də nikahı heç cür yalnız insani təsisat hesab etmək olmaz. Rəbb insanı məhəbbətlə yaratdı və insanı məhəbbətə çağırdı. Kişi və qadın arasında olan məhəbbət Allahın insana olan əbədi və dəyişməz məhəbbətinə işarə edir. Müqəddəs Yazının ilk səhifələrində biz kişi və qadın arasında bir nikahın qurulması barədə oxuyuruq: «İnsanın tək olması yaxşı deyil… Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq» (Yar 2, 18. 24). Xeyir-dua verən Rəbb ilk nikaha əmr etdi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun» (Yar 1, 28). Müqəddəs Yazının yuxarıdakı ayəsindən aydın görürük ki, kişi və qadın arasında nikah birliyinin iki əsas məqsədi var: qarşılıqlı kömək, həmçinin övladlar dünyaya gətirmək və onlara tərbiyə vermək.

İlk günah, onun səbəb olduğu digər saysız günahlar və onların nəticələri insanların həyatına nifaq və disharmoniya gətirdi, bu da Yaradanın nikah barədə niyyətini korladı. İnsanlar arasında boşanma və çoxarvadlılıq (poliqamiya) yayıldı. Hətta Allaha iman edən İsraillilərdə belə, boşanma mümkün idi.

İsa Məsih nikaha onun ilk simasını qaytardı. Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın» (Mat 19, 3-6). Xilaskar nikahın ləğv olunmazlığını təsdiqlədi: «Arvadını boşayıb başqası ilə evlənən hər kəs zina edir» (Luka 16, 18).

Müqəddəs Pavlos da nikahın birdəfəliyini və ləğv olunmazlığını müdafiə edir: «Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın. Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın» (1 Kor 7, 10). Həqiqi nikahı yalnız ölüm ləğv edə bilər: «Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır» (1 Kor 7, 39). Həvari kişi və qadın arasındakı nikahın birdəfəliyini və ləğv olunmazlığını Məsihlə Kilsəsi arasındakı ləğvolunmaz birliyə bənzədir.

Nikahın müqəddəs və ləğvolunmazlığı barədə Rəbbin əmrini Katolik Kilsəsi qoruyur və ötürür. Yer üzündə heç bir hakimiyyət, hətta Roma Papası simasında olan Məsih Kilsəsinin hakimiyyəti həqiqi nikahı ləğv edə bilməz.

Həqiqi nikah kişi və qadın arasında könüllü bağlanır, bir halda ki təbii və kilsə tərəfdən maneə (məsələn, yaxın qohumluq, ruhi xəstəlik, spirtli içkilərdən yaxud narkotik maddələrdən asılılıq, tərəflərdən birinin gizlətdiyi həqiqi nikahın mövcud olması) olmur. Əgər nikah mərasimi zamanı bu nikahı həqiqi etməyən maneələr olubsa, nikah birliyi bağlanmır. Nikah bağlama zamanı belə maneələrin olub-olmaması barədə sual Katolik Kilsəsində yeparxiya məhkəməsi araşdırır. Əgər nikah bağlanma zamanı belə maneələr mövcud olubsa, diqqətlə tədqiq edəndən sonra yeparxiya məhkəməsi nikahı həqiqi olmayan (mövcud olmayan) nikah elan edir.

İsa Məsih Öz xidmətinin əvvəlində Qalileyanın Qana şəhərində toyda iştirak edirdi, burada O, Bakirə Məryəmin xahişi ilə birinci möcüzəsini etdi. Bununla da Allah Oğlu hər bir ailənin Onun gözlərində əhəmiyyətli olduğunu, hər bir ailənin Onun olmasını və ailələrə xeyir-dua vermək arzusunu göstərdi.

Nikah ayininin səmərəsi Xilaskarın nikah cütünə verdiyi xüsusi lütfdür. Onun sayəsində onlar bir-birini dəstəkləyə, məhəbbətdə sədaqəti qoruya, övlad dünyaya gətirə və imanda tərbiyə edə bilərlər. Bu lütfün mənbəyi hər bir ailədə olmaq istəyən Məsih Özüdür. Hər bir ailə isə öz növbəsində, «balaca ev Kilsəsi» olmalıdır.

Ər-arvad məhəbbəti bütöv insanı, onun bədəninin arzu və instinktlərini, hiss və məhəbbətini, qəlb və iradəsinin cəhdlərini əhatə edir. Öz təbiətinə görə ər-arvad məhəbbəti onun mükafatı olan övladların dünyaya gəlməsinə və tərbiyəsinə yönəlir. Buna görə də bu məhəbbətə hörmət ər-arvada nəsil törətməkdən çəkinməməyi, həm də yeni insan məxluqlarını həyata çağıran Yaradanla əməkdaşlığa hazır olmağı əmr edir. Övladlar dünyaya gətirmək ər-arvadlığın mühüm əlamətidir.

Süni mayalanma və «insanın planlaşdırılması» mənəvi cəhətdən haram və yolverilməzdir, çünki insanın döllənmə və dünyaya gəlməsinə aid Yaradanın niyyətinə ziddir. Şüurla döllənmənin qarşısını alma ər-arvadlığın məna və məqsədini təhrif edir. Özlərindən asılı olmayaraq, sonsuz olan ər-arvad cütü, həqiqətən, ər-arvaddır, çünki qarşılıqlı dəstək və övladlığa götürdükləri uşaqların tərbiyəsi vasitəsilə öz nikahlarının məqsədini həyata keçirə bilərlər.

Vəftiz olan adamlar arasında Nikah Ayininin qəbulundan başqa nikah ola bilməz. Ər-arvadlıq ayinindən kənarda olan nikah günahlı əlaqədə olmaqdır. Vəftiz olan adamlar arasında VVAQ-da qeydiyyat Allah qarşısında nikahı həqiqi və qanuni edə bilməz.

Nikah ayinini bəy və gəlin keşişin və iki şahidin iştirakı ilə özləri icra edirlər. Keşiş isə İlahi qanuna uyğun bağlanan nikahı qəbul edir və ona xeyir-dua verir.

Nikah Ayini Mərasimi

Nikah Ayininə tövbə edib təqdis edən lütf vəziyyətində başlamaq lazımdır.

Tövbənin səmimi olması çox vacibdir. Tövbə elə olmalıdır ki, Rəbbi Evxaristiyada təmiz ürəklə qəbul etməyə, ər-arvad andını içməyə və bütün sonrakı həyat üçün xeyir-dua almağa imkan yaratsın.

Nikahdan əvvəlki bütün həyat dövrü üçün tövbə etmək, bütün keçmiş səhv və günahlara görə yenidən bağışlanma diləmək çox yaxşıdır. Bəy və gəlin öz keşişləri qarşısında günahlarını etiraf edə bilərlər yaxud ürəklərini açmağa və tam, səmimi tövbə etməyə kömək edərsə, özlərinə başqa keşiş seçə bilərlər.

Nikah mərasiminin əvvəlində bəy və gəlin Rəbb Allahın qanununa uyğun olaraq Onun qarşısında birlik bağlamaq üçün mehrab qarşısında dayanırlar.

Bəy və gəlin keşişin suallarına şahidlər qarşısında aydın cavab verərək könüllü və həyatlarının sonuna qədər nikah bağlamaq arzularını bildirirlər, həmçinin birgə həyatları ərzində döllənəcək bütün övladları qəbul etmək və tərbiyə etmək öhdəliyini üzərlərinə götürürlər.

İlahi Kəlamın Liturgiyasından sonra bəy və gəlin nikahın əhəmiyyətli hissəsi olan ər-arvad andı vermək üçün mehraba yaxınlaşırlar. Onlar bir-birinə əllərini verirlər, bu da həyatın sonuna qədər qarşılıqlı sədaqətdə yaşamaq mənasını verir. Keşiş onların əllərini stola ilə bağlayır, bunun mənası odur ki, ər-arvadın məhəbbəti ölümədək təmiz, müqəddəs və ayrılmazdır. Katolik Kilsəsi onların könüllü və bu andan etibarən həyatları boyu bağladıqları birliyi Məsihin adından təsdiq edir. Bəy və gəlin ər-arvad əhdinin sözlərini söyləyirlər: «Mən (adı), səni (arvadım) ərim olaraq qəbul edirəm və sənə məhəbbət, sədaqət və ər-arvad hörməti göstərməyə, həmçinin səni ölüm gününə qədər tərk etməyəcəyimə söz verirəm. Hər şeyə Qadir olan Allah və Onun bütün Müqəddəsləri mənə kömək etsin».

Keşiş ər-arvad andını xeyir-dua ilə təsdiq edir. Yeni evlənmiş ər-arvad bir-birinə təqdis edilmiş nişan üzükləri taxırlar. Həmin üzüklər onların özlərinə və ətrafdakılara qarşılıqlı məhəbbət və sədaqət öhdəlikləri barədə xatırladacaq.

Nikah mərasiminin sonunda verilən xüsusi xeyir-dua yeni ailəni əmin edir ki, Nikah Ayininin lütfünə görə Allah onları Öz himayəsinə qəbul edir, onlara gündəlik borclarını yerinə yetirmək üçün zəruri olan mərhəmətini və lütfünü daim verəcək.

Allahın Padşahlığına görə saxlanılan bəkarət haqqında

Kilsənin mövcud olduğu ilk günlərdən başlayaraq, Rəbb Allahın çağırışı ilə, Məsihdən nümunə götürərək Rəbbin işlərini yerinə yetirmək üçün nikahdan imtina edən kişi və qadınlar olub. Məsih Özü Səmavi Padşahlığı naminə Məsih Kilsəsinə verdiyi bəkarət ənamı barədə danışırdı: «Elələri var ki, anadangəlmə xədimdir, elələri var ki, insanlar tərəfindən xədim ediliblər, elələri də var ki, Səmavi Padşahlıq uğrunda özlərini xədim sayırlar» (Mat 19, 12). Bəkarət (həm qadın, həm də kişi) vəftiz lütfünün inkişafının səmərəsi, Məsihlə əlaqənin üstünlüyünün əlaməti, Onun qayıtmasını səylə gözləmə və ölənlərin dirilməsindən sonra gələcək həyatın işarəsidir; o insanlar artıq «nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar» (Мark 12, 25).

Allahın Padşahlığına görə həm nikah, həm də bəkarət Rəbdəndir. Rəbb hər ikisi üçün məna və lütf verir. Rəbb nikaha və seçilmiş insanları bəkarətə çağırır. Çağırışa uyğun olan nikah və bəkarət yaxşı və zəruridir. Müqəddəs İohann Xrizostom deyir: «Nikahı mühakimə edən bəkarəti də izzətindən məhrum edir. Nikahı tərifləyən bəkarəti də izzətli və heyran olmağa daha layiq edir. Şərlə müqayisədə yaxşı olan şey böyük yaxşılıq ola bilməz, lakin hamının yaxşı hesab etdiyi şeylərdən də yaxşı olan şey, həqiqətən, ali dərəcədə nemət olur».

Valideynlər, Rəbb Allah onların oğul yaxud qızını keşişliyə yaxud rahibəliyə çağıranda bunu iman və minnətdarlıqla qəbul etməlidirlər və onların çağırışının icrasına mane olmamalıdırlar, əksinə, onu icra etməkdə kömək göstərməlidirlər.

III-cü Hİssə

Məsihdə Həyat

«Gözlərin necə açıldı?» (Yəh 9, 10)

İsa ilə görüş kor adamı yeniləşdirdi və dəyişdirdi. Qonşular və əvvəllər onu görənlər tanıya bilmirdilər. Bəziləri deyirdi «bu odur», başqaları isə «ona oxşayır» deyə sübut etməyə çalışır­dılar, o isə deyirdi: «bu mənəm». İnsanlar təəccüb edir və soru­şurdular: «Gözlərin necə açıldı?» (Yəh 9, 10).

Kor adam nəinki zahirən yeniləşdi (görməyə başladı), həmçinin daxilən də dəyişdi. İndi onun qəlbində qəm əvəzinə sevinc hökm sürür. Çarəsizlik əvəzinə ürəyi ümidlə doludur. Korluğun qaranlıq gecəsi əvəzinə qəlbində iman şəfəqlənir. O, sevinclə Allah Oğlu Məsihə imanını etiraf edir.

Bu gün də İsa ilə görüş insanı dəyişir. İman və müqəddəs ayinlərdə iştirak Məsihin öyrətdiyi kimi, Allahın Əmrlərinə uyğun həyat yaşamağa güc verir. Əvvəllər ağır və həyata keçirilməz hesab olunan şeylər Allahın köməyi ilə artıq mümkündür. Canlı iman insana qol-qanad verir və o, Allahın Əmrlərinin yolu ilə sevinclə getməyə başlayır.

İNSANIn ÇAĞIRIŞı (TƏYİNATI)

Allahın «surəti və bənzərinə görə» (Yar 1, 26) yaranan insan Ondan böyük ənam – düşünmək qabiliyyəti və seçim azadlığı aldı. Azad seçim ənamı insanı məxluqlar arasında yüksəldir; onun xoşbəxtliyinin sirri bu ənamdan düzgün istifadə etməsindədir.

Seçim azadlığı nədir? Azadlıq öz təşəbbüsünlə şüurlu surətdə əməllər etmək bacarığıdır. Rəbb Allah bizə bu lütfü verdi ki, biz öz təşəbbüsümüzlə Onu axtaraq və könüllü olaraq kamilliyə müvəffəq olaq.

Xeyir və şər arasındakı seçim azadlığı bizi fikir, söz və əməl­lərimizə görə cavabdeh edir. Müqəddəs Pavlos deyir: «Qardaşlar, siz azadlığa dəvət olunmusunuz. Amma bu azadlığı cismani təbiət üçün fürsətə çevirməyin, lakin bir-birinizə məhəbbətlə qulluq edin» (Qal 5, 13).

İnsan öz həyatında onu xeyirxahlıq etməyə və şərdən çəkinməyə çağıran mənəvi qanuna riayət edəndə öz azadlığından düzgün faydalanır. Bu mənəvi qanun onun vicdanında səslənir.

İlk günah insan təbiətinə çox ziyan vurdu – insan şərə böyük şövq hiss etməyə başladı və öz azadlığından tez-tez sui-istifadə etdi, Allahın iradəsinə zidd hərəkət etdi, bununla da öz çağırışı və təyinatından uzaqlaşdı.

İnsan Allahla dostluq etməyə və birlikdə yaşamaq üçün yaradılıb, onun əbədi xoşbəxtliyi də bundan ibarətdir. İnsan düz və xeyirxah olana can ataraq, bunu sevərək Allaha yaxınlaşır. Əməlin xeyirxah olması üçün onun obyekti, məqsədi və şəraitləri xeyirxah olmalıdır.

Vicdan barədə

Vicdan səsini Allah Özü insanın gəlbinə qoydu ki, o, əbədi təyinatı və xoşbəxtliyi yaxınlaşdıran və uzaqlaşdıran şeyləri müəyyən edə bilsin. II Vatikan Məclisi öyrədir: «Vicdanının dərinliyində insan özü özünə vermədiyi, lakin tabe olmalı qanunu aşkar edir» (GS 16).

Vicdan – ağlın məhkəməsidir, onun vasitəsilə insan etdiyi və ya etmək istədiyi əməlin yaxşı yaxud pis olduğunu bilir. Vicdan insanı etdiyi xeyirxah əmələ görə tərifləyir və etdiyi şər əmələ görə qəlbində vicdan əzabı adlanan narahatlıq yaradaraq onu mühakimə edir.

«İnsanın vicdanı ən sirli və ən müqəddəs yerdir, burada o, Allahla təklikdə qalır. Allahın səsi onun qəlbinin dərinliyində səslənir» (KKK 1795). Buna görə də hər kəs vicdanının düzgün məhkəməsinin səsinə qulaq asmalıdır və heç kimi vicdanına qarşı hərəkət etməyə məcbur etmək olmaz. Lakin bilmək lazımdır ki, vicdanı tərbiyə etmək mümkündür – o, daha yaxşı yaxud daha pis istiqamətdə dəyişə bilər.

İmanlı insanda onun fikir və əməllərinə düzgün mənəvi qiymət verməyə qadir olan doğru, dürüst və həssas vicdanı formalaş­dırmag üçün düzgün mənəvi və dini tərbiyə gərəkdir. Bu isə ədəbiyyatın, incəsənətin və musiqinin hər gün müsbət nailiyyətlərindən istifadə etmək, tez-tez tövbə etmək, katolik kitabları oxumaq və dua etməkdir. Belə vicdan düzgün tərbiyə almış vicdan adlandırılır.

Düzgün mənəvi və dini tərbiyə almayan insan daha pis vəziyyətdə qalır – pis meyllər ona böyük təsir göstərir və buna görə də onun vicdanı səhv edə bilər. Əgər insan tez-tez öz vicdanına qarşı hərəkət edirsə, qəlbində onun səsi boğuq olur (insan onu çox zəif eşidir) və vəziyyət daha da ağırlaşır. Vicdanın pis tərbiyəsinin başqa nəticəsi odur ki, vicdan həddindən artıq geniş olur (normal insanların özünə icazə vermədiyini insan sakit vicdanla özünə icazə verir). Katexizis öyrədir ki, «vicdan xəbərsiz olub səhv hökm edə bilər. Xəbərsizlik və səhvlər heç də hər zaman təqsirdən azad olmur» (KKK 1801).

Hər kəs, xüsusilə də, məsihçi özündə düzgün, dürüst və həssas vicdan tərbiyə etmək üçün vicdanının tərbiyəsinin qayğısına qalmalıdır.

Fəzilətlər (yaxşılıqlar) barədə

Vicdanın səsini dinləyən və Allahın Əmrlərinə uyğun yaşa­mağa çalışan insanda fəzilət yaranır. «Fəzilət adət halını almış və daim xeyirxahlıq etməyə meyllilikdir» (KKK 1833). Fəzilətlər həyatımızda çox əhəmiyyətli rol oynayır – onlar hərəkətlərimizi idarə edir, istəklərimizi nizama salır, ağıl və imana uyğun olaraq davranışımızı istiqamətləndirirlər. Üzəri­mizdə işləyərək əldə edə biləcəyimiz fəzilət mənəvi fəzilət adlanır. Bunlardan dördü ən mühüm rol oynayır, buna görə də onları əsas adlandırırıq, qalanları isə onların ətrafında qruplaşır.

Əsas mənəvi fəzilətlər bunlardır:

düşüncəli olmaq – bütün vəziyyətlərdə həqiqi xeyirxahlığı müəyyən etməyə və onun icrası üçün müvafiq vasitələri seçməyə kömək edir. O, ifratlardan (nöqsan və şişirtmələrdən) çəkinməyi öyrədir;

ədalətli olmaq – lazım olanı Allaha və adamlara əvəz verməkdən ibarətdir;

təmkin – həzlərə olan meylə hakim olmaq və dünyəvi nemətlərdən mötədil istifadə etməyə imkan verir;

cəsarət – çətinliklərdə dözüm və xeyirxahlıq cəhdlərimizdə sadiqlik verir.

İlahi (insanın qəlbinə Allahdan gələn və Ona istiqamətlənən) fəzilətlər bunlardır:

iman – Allahın açdığını və Kilsənin öyrətdiyini qəbul etməyə bacarıq verir;

ümid – əbədi həyata və ona nail olmaq üçün zəruri olan lütflərə istək yaradır;

məhəbbət – bizə hər şeydən çox Allahı sevməyə, Rəbbə görə isə qonşunu özünü sevdiyin kimi sevməyə həvəs oyadır.

Müqəddəs Ruhun Ənamları – Müqəddəs Ruhun, sirrli ayinlər vasitəsilə, bizdə yaratdığı və bizi Onun ilhamlan­dırdıqlarına itaətkar edən qəlbimizdə olan daimi bir həvəsdir. Ruhun ənamları bunlardır: müdriklik, ağıl, məsləhət, cəsarət, bacarıq, salehlik, Allah qorxusu.

İman edən məsihçinin qəlbində formalaşan və gündəlik həyatda görünən kamillik Müqəddəs Ruhun səmərəsi adlanır. Müqəddəs Ruhun səmərələri bunlardır: məhəbbət, sevinc, sülh, təmkinlik, xeyirxahlıq, mərhəmət, iman, həlimlik, özünə hakim olmaq (müqayisə edin: Qal 5, 22-23).

Günah barədə

Allaha gedən yolda insan üçün əsas maneə günah və qüsurdur.

İnsan vicdanın səsinə zidd hərəkət edəndə, belə fikirləşməyin, söyləməyin yaxud etməyin düzgün olmadığını bilərək qadağan olanı edəndə günah etmiş olur. İnsan söz, fikir, əməl, istək, həmçinin borcu yerinə yetirməməklə günah edə bilər. Günah ağıla, həqiqətə və vicdana zidd olan əməldir. Günah insanın təbiətini yaralayır, insanlar arasında münasibətləri dağıdır, Allahı təhqir edir. Günahın mənbəyi Allahdan dönən insan ürəyidir. Müqəddəs Avqustin deyir: «Günah Allaha etinasızlıq dərəcəsinə çatan özünə məhəbbətdir». Tovlanma günaha təhrik edir, bu, insanın özündə hiss etdiyi şərə meyldir. Tovlanmalar öz şər meyllərimizdən, başqa insanlardan yaxud şər ruhlardan gəlir. Əgər insan pis fikirlərlə yaxud özündəki hisslərlə razılaşmırsa, tovlanma günah olmur. Lakin insan tovlanma ilə könüllü razılaşanda günah yaranır.

Günahlar ağır (ölümə aparan) və yüngül (gündəlik) olur. Ölümə aparan günahın eyni zamanda üç şərti olur: «Ölümə aparan günah ciddi məsələyə aid olan, tam şüur və tam razılıqla edilən günahdır» (KKK 1857). Şəraitlər günahın ağırlığına təsir göstərərək onu daha ağır yaxud yüngül edir. İnsan İlahi yaxud Kilsənin əmrini əhəmiyyətsiz dərəcədə pozanda, etdiyini tam dərk etməyəndə yaxud bir əməli tam razı olmadan edəndə gündəlik (yüngül) günah etmiş olur.

Ruhani həyat ilahiyyatı yeddi əsas günah tanıyır. Onlar digər günahların və qüsurların mənbəyi olduqlarına görə “əsas mənbə” adlanırlar. Onlar aşağıdakılardır: qürur, xəsislik, zina, qəzəb, yemək-içməkdə qeyri-mötədillik, paxıllıq, tənbəllik.

Özgə günahlar adlanan günahları yaxşı tanımaq lazımdır. İnsan özü bunları etməsə də, onların səbəbkarı olur. Onlar bunlardır:

1. Günahı məsləhət etmək. Məsələn: bir xeyirxah insan saat tapıb onun sahibini axtarmağa başladı. Yoldaşı deyir: «Nəyinə lazımdır, mən onu özümə götürərdim». İnsan sözə baxdı və özgə əşyaya yiyələndi. Məsləhət verən onu yoldan çıxartdı, günaha səbəb oldu. Başqa bir nümunə: günahın nəticəsində hamiləlik baş verir, təqsirkar qadın ağlayır və ruhdan düşür, çünki o tərk edilib. Qonşusu gəlib deyir: «Bu uşaqdan azad ol». Cinayət baş verir – uşaq ananın bətnində öldürülür. Məsləhət verən qonşu Allah qarşısında öz vicdanına ağır məsuliyyət götürdü; bilavasitə özü bu günahı etməsə də, onun səbəbkarı oldu və onun məsləhətinə görə insan həyatı dayandırıldı. Buna görə də Məsih nida edir: «İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına!» (Mat 18, 7).

2. Günah etməyi əmr etmək, yəni öz hakimiyyətindən sui-istifadə edərək başqasını günaha məcbur etmək. Məsələn, ata oğula oğurluq etməyi əmr edir, ana qızını qanuni nikah bağlamayan insana ərə getməyə məcbur edir, böyük qardaş pis əməllərini ört-basdır etmək üçün kiçik qardaşını valideynlərə yalan danışmağa məcbur edir.

3. Günaha təhrik etmək. Həvva bunu edib Adəmi günaha batırdı. «o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi» (Yar 3, 6).

4. Günah etməyə icazə vermək. Tabeçilikdə olanları şər əməllərdən saxlamaq məsuliyyətini daşıyanlar barmaqarası baxaraq bu günahı edirlər. Məsələn, uşaqların pis əməllərini görən valideynlər yaxud tərbiyəçilər onlara mane olmaq üçün heç nə etmirlər.

5. Günahı tərifləmək. Keçmiş günahları tərif etmək adətən yeni günahlara səbəb olur. Məsələn, oğul evə oğurluq xırda bir şey gətirdi, atası isə onu təriflədi – növbəti gün oğul daha çox oğurluq edəcək. Yaxud ata oğlunu başqaları qarşısında tərifləyir və deyir ki, yaxşı vuruşa bildiyinə görə o heç kimə güzəştə getmir, heç kimi bağışlamır – belə oğuldan yavaş-yavaş cinayətkar böyüyəcək və bir gün o öz atasına da qarşı çıxacaq.

6. Başqasının günahını görüb susmaq. Bir başqasının ruhani və fiziki sağlamlığına görə mənəvi məsuliyyət daşıyan şəxs onun pis əməllərini görüb susmağa ixtiyarı yoxdur. Məsələn, oğulun gecəyə qədər harada olduğu bilinmir, dələduzluq edir, içir, valideynləri isə susur. Qızının davranışı barədə bütün məhəllə danışır, valideynləri isə susur. Beləliklə, valideynlərin təqsiri ilə şər artır və möhkəmlənir. Əslində isə valideynlər övladlarına xeyirxahlıq öyrətməli və onları düz yola qaytarmalı idilər.

7. Günaha görə cəzalandırmamaq. Bəzən günaha qarşı qətiyyətli mövqe tutmaq zəruridir. Müqəddəs Yazı gənc oğullarını Allahın məbədində etdikləri oğurluq və zinaya görə cəzalandırmayan yəhudi kahin Elinin pis nümunəsi barədə yazır. Buna görə də Allah bütün yəhudi xalqına cəza göndərdi.

8. Günah etməyə kömək etmək. İnsanlar bir-birinə günah etməkdə kömək göstərməsəydilər, günah xeyli az olardı. Məsələn, oğurluq zamanı əşyaları gizlədən şəxs oğruya günah etməkdə dəstək olur.

9. Günaha bəraət qazandırmaq. Məsələn, ana oğlunu pis davranışına görə danlayır, ata isə onun tərəfini tutur və onun əməllərinə bəraət qazandırır. Başqa bir misal: uşaqların günahlarına şahid olan qonşular ata-anaya bu barədə xəbərdarlıq edirlər. Onlar isə qonşulara buna görə ­minnətdarlıq etmək və övladlarına nəsihət vermək əvəzinə, onları müdafiə etməyə başlayırlar və qonşularla dalaşırlar. Şəri müdafiə edən və ona bəraət qazandıran şəxs onun səbəbkarı olur.

İnsanın qəlbi elə vəziyyətə çata bilər ki, insan artıq tövbə etməyə qadir olmasın, günaha görə kədərlənə və Allahın mərhəmətini qəbul edə bilməsin. Xilaskar bu barədə xəbərdarlıq edirdi. İnsan qəlbinin bu vəziyyəti Müqəddəs Ruha qarşı günah adlanır. Müqəddəs Ruha qarşı edilən günahlara görə insan Allahın bağışlamadığına görə deyil, Allahın mərhəmətini qəbul edə bilmədiyi üçün bağışlana bilməz. Bu günahlar aşağıdakılardır:

1. İslah olmağa cəhd etmədən insafsızcasına günah etmək və Rəbbin mərhəmətinə ümid etmək.

2. Öz xilasına ümidini kəsmək.

3. Dərk etdiyin müqəddəs imanın həqiqətinə inadla qarşı çıxmaq.

4. Allahın verdiyi lütfə görə yaxınına paxıllıq etmək.

5. Öz tövbəsini ölümünədək yubatmaq.

Öz mərhəmətinə görə Allah günahkarı bu həyatda cəzalandırmağa tələsmir, çünki ona tövbə etmək imkanını verir. Amma qisas barədə səmalara fəryad edən günahlar da var. Kilsə deyir ki, Allah bəşər nəslini qorumaq istədiyi üçün çox vaxt belə günahlara görə artıq bu həyatda cəza verir (əks halda bu günahlarla insanlar öz-özlərini məhv edərdilər). Günahlar bunlardır:

1. Qəsdən edilən qətl, buna hamiləliyin dayandırılması və evtanaziya da aiddir (ağır xəstələrin öldürülməsi).

2. Anormal əxlaqsızlıq (homoseksualizm, zoofiliya, pedofiliya və s.), həmçinin Sodom günahı da adlanır (Sodom və Homorra şəhərləri sakinlərinin pozğunluğuna görə alovla məhv edilmişdi).

3. Kasıbları, dul qadınları və yetimləri sıxışdırmaq.

4. Ədalətli əmək haqqının tutulması.

Allahın lütfü barədə

İnsan yalnız İsa Məsihə imanla və İlahi lütfün köməyi ilə günah vəziyyətindən çıxıb əbədi həyata nail ola bilər. Günahkar günah vəziyyətindən lütf vəziyyətinə keçərək saleh olur, bu keçid isə bəraət adlanır. Bəraəti Məsih bizim üçün Öz Əzabları və Dirilməsi ilə qazandı. Bəraət günahların bağışlanmasını, təqdis olunmanı və insanın daxili yeniləşməsini özündə birləşdirir.

Biz Müqəddəs Ruhun lütfü ilə bəraət qazanırıq; lütf bizim günahlarımızı yuyur və bizə Allahdan gələn salehliyi İsa Məsihə iman vasitəsilə verir (Rom 3, 22). «Lütf övlad olmaq çağırışımıza cavab verməyimiz üçün Allahın bizə verdiyi köməkdir. Lütf bizi müqəddəs Üçlüyün surətinə uyğun həyatın dərinliyinə gətirir» (KKK 2021).

Su insana müxtəlif təsirlər göstərir: yuyur, susuzluğu yatırır, möhkəmləndirir, sərinlədir və müalicə edir. Eləcə də Allahın lütfü insana müxtəlif təsirlər göstərir. Katolik ilahiyyatı təqdis edən (habitual) və təsir edən (aktual) lütfü tanıyır.

«Təqdis edən lütf müftə ənamdır, onun vasitəsilə Allah Müqəddəs Ruhla qəlbimizə onu günahdan sağaltmaq və təqdis etmək üçün Öz həyatını verir» (KKK 2023). Təqdis edən lütf daim təsir edir – o, vəftiz olunmuş və vicdanında ağır günahı olmayan adamın qəlbində daim qalır və onu Allaha məqbul edir. Məsihçi yalnız ölümə aparan günah edərək təqdis edən lütfün «toy libasını» (Mat 22, 12) itirir. Tövbə və günahların buraxılması vasitəsilə o, lütfü yenidən əldə edə bilər.

Rəbb Allah təsir edən (aktual) lütfün bir çox ənamları ilə insana təsir edir. Bu lütf ruhani və maddi nemətləri, həmçinin əbədi həyatı əldə etmək üçün zəruridir. Aktual lütfün təsiri müvəqqəti xarakter daşıyır – o, insana xilası üçün konkret hərəkətin icrasına zəruri olan müddət ərzində ona təsir göstərir.

Təqdis edən və təsir edən lütfdən başqa, Allah Öz Kilsəsinə Müqəddəs Ruhun lütfünün xüsusi ənamlarını verir, bunların məqsədi Ümumdünya Kilsəsinin ümumi rifahıdır. Bu xüsusi ənamlar xarizma adlanır. Xarizmalar (möcüzə etmək ənamı, Allah Vəhyini aydınlaşdırmaq yaxud vəz etmək üçün verilən qeyri-adi müdriklik ənamı, rahib andı vasitəsilə özünü Allaha həsretmə ənamı və s.) Allah Kilsənin bəzi üzvlərinə onların şəxsi xilasına, həm də Ümumdünya Kilsəsi olan Məsihin Ailəsində başqa üzvlərin xilasına görə də pay verir.

A. ALLAHIN on ƏMRİ

Biz Allahın dünyada qoyduğu fiziki, kimyəvi və bioloji qanunları görürük; dünya bunlara uyğun yaşayır. Şüurlu məxluq olan adamlara Rəbb mənəvi qanunlar da verdi və bunları onların vicdanına yazdı. Allahın Əmrləri adlanan bu mənəvi qanunlara uyğun yer üzündə və əbədiyyətdə yaşamaq nəinki insanın borcu, həm də onun xoşbəxtliyinin əsasıdır.

Müqəddəs Yazının «Çıxış» adlanan kitabı Allahın seçdiyi İsrail xalqının Misir əsarətindən qaçaraq Sina dağının yanında ləngiməsindən bəhs edir. Xalq dağın ətəyində yerləşdi, Musa isə dağa çıxıb Allahla danışdı.

Rəbb orada zühur etdi və Musaya On Əmri verdi. Bu Əmrləri Allah yalnız seçilmiş xalqa deyil, bütün bəşəriyyətə verdi.

İsa Məsih İlahi Əmrlərin icrasının zəruriliyini təsdiqlədi: «Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq» (Mat 5, 17-18).

Əbədi xilasımız Rəbbin iradəsinə itaət etməyimizdən və Onun əmrlərini icra etməyimizdən asılıdır. Allahın Əmrlərini yerinə yetirməyən insan iman və dua etməsinə baxmayaraq, Səmavi Padşahlığa girə bilməz. Xilaskar deyir: «Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək» (Mat 7, 21).

Bir zəngin gənc Xilaskara belə sual verdi: «Mən nə yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?». İsa cavab verdi: «Əmrlərə riayət et: Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”. Həmçinin “qonşunu özün kimi sev”» (bax. Mat 19, 16 19).

Müjdənin başqa yerində bir fariseyin İsa Məsihdən soruşduğu barədə oxuyuruq: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev» (Mat 22, 36-37).

Xilaskarımızın bu sözlərindən aydın olur ki, O, İsrail xalqına verilən Allahın Əmrlərini təsdiqləyir və bütün insanlara onları yerinə yetirməyi tapşırır. Əmrlərin yerinə yetirilməsi və Allaha məhəbbət eynidir: «Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil» (1 Yəh 5, 3). Həvari öyrədir ki, Allahın əmrlərini yerinə yetirmədən Onu sevmək mümkün deyil. «Kim: «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur».

Allahın Əmrləri bunlardır:

Allahın Rəbbini bütün ürəyinlə, bütün canınla, bütün ağlınla sev. Qonşunu özün kimi sev.

Mən sənin Rəbb Allahınam:

1. Məndən başqa allahların olmasın.

2. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə.

3. Bayram günlərini yadda saxlayıb təqdis et.

4. Ata-anana hörmət et.

5. Qətl etmə.

6. Zina etmə.

7. Oğurluq etmə.

8. Heç kimə qarşı yalandan şahidlik etmə.

9. Heç kimin arvadına tamah salma.

10. Heç kimin bir şeyinə tamah salma.

Məhəbbət əmri barədə

Hər bir məxluqun öz təyinatı var. Ağac yuxarıya yönəlir, gül günəşə tərəf uzanır, balıq suda üzür, quş havada uçur, adamlara və mələklərə isə sevmək tapşırılıb. İnsan sevmək üçün yaranıb, bu məqsəd onun mahiyyətində qeyd olunub. İnsan sevmədən yaşaya bilməz. İnsana seçim azadlığı verilib, buna görə də o öz məhəbbətini özünə, başqa insana, Rəbbin başqa məxluqlarına yaxud Yaradanın Özünə yönəldə bilər. Allah əmr edir ki, biz Onu bütün bacarığımızla hər şeydən çox sevək, özümüzü həqiqi (xudbin olmayan) məhəbbətlə sevək, həmçinin hər bir insanı özümüz kimi sevək.

Biz hər şeydən çox Allahı sevməliyik. Yəni biz Rəbb Allahı ağır (ölümə aparan) günahla təhqir etməkdənsə əzablara, maddi itkilərə, xəstəliklərə və hətta ölümə hazır olmalıyıq. İsa deyir: «Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur» (Yəh 14,15. 21). Rəbbin əmr və məsləhətlərini nə qədər mükəmməl surətdə yerinə yetiririksə, o qədər də çox biz Onu sevirik.

Biz Allahı Onun bizə olan məhəbbətinin cavabında sevirik, çünki O, ilk olaraq bizi sevdi. «Səni əbədi bir məhəbbətlə sevdim» (Yer 31, 3), – deyir Rəbb. O bizi Yaradan və xeyirxah Atadır, nemətləri verən və Fidya olan. Allah son dərəcədə müqəddəs, xeyirxah və mərhəmətlidir, buna görə də biz Onu hər gün daha mükəmməl məhəbbətlə sevməyə səy göstərməliyik. Müqəddəs Pavlos deyir: «Əminəm ki, nə ölüm, nə həyat… nə indiki, nə də gələcək şeylər… bizi Allah məhəbbətindən ayırmağa qadir olmayacaq» (Rom 8, 38-39).

İnsan Allahın məxluqu və övladı kimi özünü həqiqi (xudbin olmayan) məhəbbətlə sevməlidir. Əgər ilk növbədə qəlbimizin təmizliyinin və xilasımızın qayğısına qalırıqsa, təqdis edən lütf vəziyyətində yaşamağa səy göstəririksə, tez-tez günahlarımızı etiraf ediriksə və Evxaristiyanı qəbul ediriksə, dua edir, müqəd­dəs Messada iştirak edir, vəzə qulaq asır, Müqəddəs Yazı və dini kitablar oxuyuruqsa və başqa adamlara xeyirxahlıq ediriksə, özümüzü düzgün məhəbbətlə sevirik. Məsih deyir: «İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?» (Mat 16, 26). Hər kəs öz sağlamlığının, ailəsinin yaxşı adı və maddi rifahının qayğısına qalmalıdır, lakin bu həyati dəyərlər fəzilətli həyata, xeyirxah işlərə, duaya və Katolik Kilsəsinin həyatında iştiraka mane olma­malıdır.

Başqa adamlara münasibət barədə İsa Məsih deyir: «İn­sanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mat 7, 12). Biz hamımız millətindən asılı olma­yaraq, bir Allahın övladlarıyıq, yeganə Xilaskar İsa Məsih bütün insanlara görə ölüb, Allah göydə hamı üçün əbədi xoşbəxtlik hazırlayıb, buna görə də biz bütün insanları sevməliyik. İsa yaxınını sevməyi əmr edir: «Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin» (Yəh 15, 12).

Yaxınına məhəbbət xeyirxahlıqla, ona münasibətdə hörmət və mərhəmətlə, həmçinin incikliyin bağışlanması ilə ifadə edilir. Bizim əbədi xilasımız başqa adamlara məhəbbətimizdən asılıdır. Allah Onu tanımayanlara iman həqiqətlərini öyrətməyə çalışan­lara, şübhə və əzab içində olan qonşusuna xeyirxah məsləhət verə bilənə, günahkara tövbə və günahları etiraf etməkdə kömək göstərənə, haqsızlığı bağışlayana və insanların nöqsanlarına səbirlə dözə bilənlərə, günahkarların imana gəlməsi və ölü canların əbədi rahatlığı üçün dua edənə mükafat verəcək. Eləcə də Allah yemək yaxud paltarı ilə kasıbla bölüşən, qonaqpərvər olan, xəstə və tənhalara baş çəkən, onların aqibətini yüngül­ləşdirməyə cəhd edənlərə mükafat verəcək.

İsa bizə bir-birimizi bağışlamağı əmr etdi: «Əgər başqa insan­ların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz» (Mat 6, 14 15). O bizə dua etməyi öyrətdi: «Bizə borclu olanları bağışladığımız kimi Bizim borcla­rımızı da bağışla» («Göylərdə olan Atamız»).

Müqəddəs Fransiska de Şantal ölümündən əvvəl qulluq etdiyi cüzamlı xəstənin meyitini tabuta qoyanda ona xəbərdarlıq etmişdilər ki, o da xəstəliyə tutula bilər. Onda o cavab vermişdi: «Mən yalnız bir yoluxmadan – günahdan qorxuram».

Ölüm yatağında olan məşhur sərkərdəyə onun bir çox qələbə­lərini xatırladaraq ona təsəlli vermək istədilər, o isə cavab verdi: «Kaş kasıba bir stəkan su verəydim!».

I. Məndən başqa allahların olmasın

«Birinci Əmr insanı Allaha iman etməyə, Ona təvəkkül etməyə və Onu hər şeydən çox sevməyə çağırır» (KKK 2134) «Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev» (Qanun 6, 5).

İnsan həyatının məqsədi Allahın izzəti və bununla özünün xoşbəxtliyidir. Buna görə də insanın həyatında birinci yer hər məkanda və həmişə Allaha məxsusdur. Birinci əmr Allaha işarə edir və insanın əli, qüruru yaxud ağılsızlığı ilə yaradılmış «başqa allahların» kənar edilməsini tələb edir. «Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»» (Vəhy 1, 8).

Əvvəlcə Allahın yaratdığı insanlar Onu tanıyır və Ondan kənarda xoşbəxtlik axtarmırdılar. Allah onlar üçün uzaq və naməlum bir şey deyildi, çünki onlar Onunla yaxın ünsiyyət edirdilər. Lakin sonra ilk günahın bədbəxt hadisəsi baş verdi və insanlar Yaradandan uzaqlaşdılar. Allahı dərk etmə adamların şüurunda kölgədə qaldı və demək olar ki, tamamilə itirildi. Allahın mərhəməti ilə yalnız bir xalq – İsrail xalqı (yəhudilər) Onun haqqında düzgün anlayışa malik idi. Digər xalqlar isə əllə yaradılmış bütlərə, heyvanlara, günəşə və müxtəlif başqa əşyalara sitayiş etməyə başladı.

Bu gün biz İsa Məsih sayəsində Allahı olduğu kimi tanıyırıq. Allah bizdən Onu daha mükəmməl tanımağa can atmağımızı istəyir. İman barədə təlimi dərk edərək biz onu özümüzdə möhkəmlədirik. İmanımız dini təcrübələr – müqəddəs Messada iştirak, tez-tez tövbə və Evxaristiyada iştirak, dua, Müqəddəs Yazı və katolik kitabları oxumaq sayəsində artır. Əks halda iman getdikcə zəifləyəcək və ağır tovlanmalara uğrayacaq.

İfratçılıqdan qaçaraq (onu qəsdən nəzərə çarpdırmadan və gizlətmədən) imanı açıq etiraf etmək lazımdır. Məsih deyir: «İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm» (Mat 10, 32-33).

İmanlı öz nümunəsi və ağlabatan sözü ilə imanı müdafiə etməlidir və onu yaymalıdır. Məsihçi özünü Ümumdünya Kilsəsi olan İsa Məsihin böyük ailəsinin övladı hiss etməlidir və Xilaskarın sözlərini yadda saxlamalıdır: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin» (Мark 16, 15).

İman etməmək böyük təhlükədir.

1940-cı ildə alman təyyarəçi işğal olunmuş ərazidə imanlı ailəsində yaşayırdı. O, doqquz yaşlı qızın hər gün dua etdiyini görürdü. Bu onu əsəbiləşdirirdi və o bir dəfə soruşdu: «Ay bala, bir de görüm, sən kimə dua edirsən?» Uşaq cavab verdi: «Rəbb Allaha». – «Sən heç Allahı görmüsən?» – deyə təyyarəçi söz aldı. «Xeyr, mən görməmişəm, lakin bilirəm ki, Allah var», – deyə uşaq cavab verdi. «Bu düz deyil, – alman güldü, – səndən üç dəfə çox yaşamışam, iki ildir ki, havada hündürlükdə uçuram, lakin Allahı heç vaxt görməmişəm. Mən çox hündürlərə uçuram». – «Sən yıxılanda Onu görəcəksən», – deyə qız cavab verdi.

Viktor Hüqo yazırdı : «Ateizm nə qədər aciz, nə qədər dəyərsizdir! Nə qədər cəfəngdir! Allah mövcuddur! Mən özümdən çox Allahın mövcudluğuna inanıram… Özüm barədə deyirəm: elə olmur ki, dörd saat keçsin və mən dua etməyim. Gecə oyananda da dua edirəm».

Rəbbin birinci əmri bizə Allaha təvəkkül gətirməyi, sınaq və əzablarda Ona ümid bəsləməyi və heç vaxt məyus olmamağı öyrədir. Allah bizim xilasımızı istəyir, Allah xeyirxahdır – bizə Öz iradəsini icra etməyə, kamilliyə müvəffəq olmağa, lütf vəziyyətində yaşamağa və əbədi həyata nail olmağa kömək edəcək.

İman və ümid Allahın məhəbbətinə gətirib çıxarır. İman və ümid əbədiyyətə keçid anında bitir, məhəbbət isə əbədi davam edəcək.

«Allahın Rəbbə səcdə et» (Mat 4, 10)

Allahın mövcudluğunu etiraf etmək kifayət deyil, çünki bunu cinlər və cəhənnəmdə məhkum olunanlar da etiraf edirlər. Allaha sitayiş etmək zəruridir. Bu, möminlik adlanır. Möminlik sitayiş, qurban, dua və s. kimi daxili və zahiri insan aktlarında təzahür edir.

Sitayiş – Yaradanı Öz Allahın, Xilaskarın, Müəllimin və Rəbbin olduğunu etiraf etmək Onun üzərimizdə hədsiz, mərhəmətli və tam hakimiyyətini etiraf etməkdir.

Qurban – məhəbbət və təmənnasızlıqla qiymətli hədiyyə verməkdir. İnsanlar ən əvvəldən Allaha qurbanlar təqdim edirdilər, bununla öz minnətdarlıqlarını və Yaradana tabe olduqlarını bildirirdilər. İlahi səlahiyyətə tabeliyin və onun etirafının əlaməti olaraq qurbanları adətən yandırırdılar. Müqəddəs Yazı Qabil və Habilin torpağın bəhrəsindən və heyvanlardan necə qurban təqdim etməsindən bəhs edir. Nuh Allaha su daşqınından xilas olduğuna görə minnətdarlıqla qurban təqdim etdi. ­İbrahim Allaha hətta öz yeganə oğlunu qurban verməyə hazır idi. Salim padşahı və hər şeyə Qadir olan Allahın kahini Melkisedeq İbrahimin düşmənlər üzərində qələbə çaldığına görə minnətdarlıq edərək çörək və şərabı qurban gətirdi. Allaha minnətdarlıq edən Padşah Süleyman tikdiyi müqəddəs yerdə bir çox öküz və qoyunu qurban gətirməyi əmr etdi. Bütün bu qurbanlar mükəmməl deyildi və Rəbb Allahın bunlara ehtiyacı yox idi. Bu qurban təqdimatları insanların özünə lazım idi. Bu yolla onlar Allaha tam tabe olduqlarını, Onun iradəsinə uyğun olaraq torpağın nemətlərindən istifadə etmək niyyətlərini göstərir, həmçinin Ona həyat ənamına görə minnətdarlıqlarını bildirirdilər.

İsa Məsih bütün Əhdi-Ətiq qurbanlarını ləğv etdi. O dedi: «O zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir» (Yəh 4, 23-24). O bir çox dəfə şagirdlərinə çarmıxda Öz əzablı ölümü barədə söyləyirdi. Çarmıxda O Özünü «dünyanın həyatı üçün» (Yəh 6, 51) Qurban verəcəkdi. Öz qurbanlıq ölümündən bir gün əvvəl Gizli Gecə zamanı, İsa Evxaristiya Qurbanını təsis etdi. Evxaristiya dünyanın sonuna qədər Onun Çarmıxdakı Qurbanını təqdim edəcək (Qurbanı real edəcək). Müqəddəs Liturgiyada (müqəddəs Messada) iştirak, Evxaristiyada Onun Bədəni və Qanını qəbuletmə bizi «Ataya ruhda və həqiqətdə ibadət edən» (Yəh 4, 23) həqiqi Allah pərəstişkarı edir. Müqəddəs Liturgiya (müqəddəs Messa) Allaha ibadətin zirvəsidir, ən kamil insan aktıdır. Müqəddəs Liturgiya vasitəsilə insan Allaha ən yüksək ehtiram və izzət göstərə bilər, çünki bu vaxt o, Allaha canlı, müqəddəs və günahsız, Allah Oğlunun, İsa Məsihin Qurbanını təqdim edir. Bu yeganə, müqəddəs, təmiz, Allaha məqbul Qurban məhəbbət qurbanıdır.

Allah insanı candan və bədəndən ibarət yaratdı. Buna görə o, Allaha həm canı, həm də bədəni ilə sitayiş etməlidir. Allaha daxili ehtiram aktları zahiri hərəkətlərdə – Liturgiyada iştirakda, diz çökmədə, əllərini göyə qaldırmaqda, dua və dini nəğmələr oxumaqda görünür. Zahiri mərasimlər imanı möhkəmləndirir və inkişaf etdirir. Fərdi dua ilə müqayisədə ümumi duanın təsir qüdrəti böyükdür. Xilaskar dedi: «Harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam» (Mat 18, 20). Müqəddəs Messada və Ümumdünya Kilsəsinin ümumi duasında iştirak etməyə etinasızlıq göstərmək insanın ruhani həyatında və onun əbədi taleyində faciəvi nəticələr qoyur.

Dua – fikirlərimizin və ürəyimizin Allaha dini yüksəlişidir. Duanın bir çox formaları var, bunlardan ən əsası: sözlə ifadə edilən şifahi (dua, dini nəğmə oxumaq) və imanın həqiqətləri və fəzilətləri barədə düşüncədə ifadə edilən zehni (meditasiya), həmçinin kədərlənmə, izzətləndirmə, Allaha məhəbbət, Ona daha mükəmməl xidmətetmə qərarı kimi iradə aktlarındakı formalardır. Ən azı səhər və axşam dua etmək lazımdır.

Bir çox həyati vəziyyətlərdə iman məsihçidən vəd (dini and) tələb edir. Belə and Vəftiz, Mirro yağı ilə məshetmə, Nikah, keşişliyə əlqoyma zamanı verilir. Valideynlər və vəftiz şahidləri Vəftiz zamanı övladına katolik iman və mənəviyyatına uyğun olaraq tərbiyə verməyi təntənəli şəkildə vəd edirlər. Gənc oğlan və qız nikah zamanı ölümədək məhəbbət və hörmət göstərməyi vəd edirlər. Katolik Kilsəsinin latın mərasimində keşişliyə əlqoyma ilə həsr edilən gənc oğlan əxlaqını həyatının sonuna qədər qorumağı vəd edir.

«And, yəni mümkün olan və ən yaxşı nemət barədə Allaha verilən azad və şüurlu vəd dini fəzilətin təzahürü kimi icra edilməlidir» (KKK 2102). Dini səbəblə məsihçi özünü Allaha həsr edə bilər – rahib rütbəsini qəbul etmək, həmçinin hansısa xeyir­xah əməli yerinə yetirə bilər, məsələn, müəyyən duaları oxumaq, sədəqə vermək, zəvvarlıq etmək. Verilən vədi sədaqətlə yerinə yetirmə Allaha ehtiram göstərmə aktıdır.

Məryəm Ana və Müqəddəslərə hörmət barədə

Məryəm Ana və Müqəddəslər Allahın məxluqları arasında xüsusi yer tutur və Məsihlə yaxın olduqlarına görə biz onlara hörmət edirik. Məryəm Anaya və Müqəddəslərə hörmət edərək biz Vahid Allaha sitayiş edirik; onları təqdis edərək Allahın mərhəməti böyük iş görüb və biz onların dua himayəçiliyinə müraciət edirik. Allaha biz belə müraciət edirik: «Bizi bağışla, ya Rəbb; bizə ver, ya Rəbb; bizə mərhəmət et, ya Rəbb!» Müqəddəsləri isə biz belə çağırırıq: «Bizə görə dua edin!» İsa Məsih Özü sədaqətlə İlahi əmri yerinə yetirdi: «Ata-anana hörmət et»; buna görə də İsa Məsihin qardaş və bacıları olan bizlər də Onun Müqəddəs Anasına hörmət etməliyik. Məryəm, həqiqətən, Allah və insan olan İsanın Anasıdır. Bakirə Məryəm Rəbb Allahdan böyük lütf – Günahsız Döllənmə və günahsızlıq aldı və bu lütfə həmişə sadiq qaldı. O heç vaxt Allahı hətta kiçik günahla belə, məyus etmədi. Məryəm Rəbbə sədaqətlə xidmət etməyin nümunəsidir. Dualarda biz Onun himayəçiliyini çağırırıq; qeyri-adi müqəddəsliyinə görə Onun duası Allah qarşısında son dərəcədə təsirlidir. O, xilasımız üçün zəruri olan hər şeyi bizim üçün istəyə bilər. Onun razılığı və vəsatətçiliyi ilə Allah Oğlu yer üzünə gəldi; Onun duaları sayəsində Allahın lütfü bizə gəlir. Buna görə də biz Məryəmi Kilsənin Anası, İlahi lütfün Anası adlandırırıq.

Biz Müqəddəslərdən nümunə götürməyə çalışaraq, İlahi lütf vəziyyətində daim yaşamağa cəhd edərək və onlardan himayəçilik istəyərək onlara hörmət edirik.

İkona qarşısında dua etmək olarmı?

Müqəddəs Kitab bəhs edir ki, Allahın mahiyyətinə dair xalqın aldanmaması və bunun da bütpərəstliyə gətirib çıxarmaması üçün Allah israillilərə bütləri və məxluqların surətini düzəltməyi qadağan etmişdi. Bütpərəstlər isə əllə düzəltdikləri bütlərə bilavasitə dua edirdilər. Lakin artıq o vaxt Rəbb Öz xalqı arasında Onun olmasını göstərən bəzi işarələri düzəltməyi əmr etdi: səhrada mis ilanı, Keruvlarla Əhd Sandığını. Bədəndə Gələn Allah Özü İsa Məsihdə insan oldu. Məsihçiliyin ikona kultu Allahın əmrlərini pozmur, çünki ikona qarşısında dua edərkən biz maddi obyekt (ağac, kiş, qalın kətan üzərindəki rəngli boya, gips) olan ikonaya deyil, ikonada yaxud heykəldə təsvir olunan İsa Məsihə pərəstiş edirik; Allah Anasına, Rəbbin Müqəddəslərinə isə hörmət göstərib bizim üçün dua etməklərini xahiş edirik.

İki fəhlə şəhərətrafı qatarla işdən qayıdırdı. Onlardan biri cibindən Rozari təsbehini çıxarıb sakit dua etməyə başladı. Yoldaşı ona etinasızlıqla baxdı və dedi: «Dostum, heç utanmır­san Rozari təsbehini əlində tutub qatarda dua edirsən?». O cavab verdi: «Nə üçün mən utanmalıyam? Axı mən heç kimə mane olmuram və ədəbsiz hərəkət etmirəm?» – «İnanırsan ki, dua­ların sənə lazım olacaq?» – «Əlbəttə. Onlar xilasa nail olmağa kömək edəcək». – «Eh, sən necə də sadəlövhsən! – deyə həmsöhbəti güldü, – öləndən sonra görəcəksən ki, nə göy, nə də əbədi xoşbəxtlik var. Onda dindar olduğuna görə çox peşman olacaqsan!» – «Hər halda sənin dediyin qədər peşman olmayacağam. Cəhənnəmin mövcud olduğunu görəndə sən məndən çox peşman olacaqsan», – deyə həmsöhbəti sakit cavab verdi.

Allahın birinci əmri nəyi qadağan edir?

Katolik Kilsəsinin Katexizisi deyir:

«İmana münasibətdə özbaşına şübhə Allahın açdığı və Kilsənin iman etməyi təklif etdiyi şeyi həqiqət kimi qəbul etməyin inkarı və ya ona etinasızlıqdır» (KKK 2088).

İnsan katolik keşişindən yaxud katolik kitabından anlamadığı iman həqiqətini aydınlaşdırmağa çalışmayanda yaxud bunu aydınlaşdırandan və yaxşı başa düşəndən sonra məsihçi imanın həqiqətinə şübhəni davam etdirəndə könüllü şübhə günah olur. Könüllü olmayan şübhə günah deyil – insan anlamadığını aydınlaşdırmağa çalışır yaxud məsihçi imanının təlimini yaxşı başa düşəndən sonra ağlına gələn şübhəli fikirləri rədd edir.

Dinsizlik Allahın açdığı iman həqiqətinə qarşı şüurlu etinasızlıqdır. Məsih deyir: «İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq» (Мark 16,16).

Ateizm hətta Allahın mövcudluğunu inkar edir. Ateist kitabları oxuyan və Allahın mövcudluğunu inkar edən adamlarla dostluq edən kəs öz imanını tovlanmalara düçar edir və onu nəinki zəiflədə, hətta onu itirə də bilər.

«Küfr vəftiz olunandan sonra İlahi və katolik imanı ilə iman etmək lazım olan bir həqiqəti inadla inkar etmək yaxud bu həqiqətə inadla şübhə etməkdir.

Dönüklük (apostasiya) məsihçi imanının tam inkarıdır.

Parçalanma (sxizma) Romadakı Baş keşişə tabe olmaqdan imtina etməkdir yaxud Onun başçılığını tanımayan Kilsə üzvləri ilə ünsiyyətdə olmaqdır» (KKK 2089).

Məyusluqla o kəs günah işlədir ki, günahların buraxılması və xilas mərhəmətini Allahdan almağa ümidini itirir. Eləcə də əbədi xilası Allahın lütfü olmadan öz gücü ilə əldə etməyə çalışanlar yaxud tövbə etmədən və Allaha tərəf səmimiyyətlə dönmədən Allahla əbədi həyata nail olmağa can atanlar ümidə qarşı günah edirlər.

Mövhumat maddi şeylərə yaxud həyati hadisələrə fövqəl­təbii bacarıq və qüvvə verməkdir; əslində isə onlar öz təbiətinə və İlahi qaydaya görə buna malik deyillər. Məsələn, insan iman edir ki, on üç rəqəmi uğursuzdur, yolunun üstündən qara pişik yaxud boş vedrə aparan insan keçsə, bəxti gətirməyəcək. Mövhumat çox vaxt xəlvətcə insanların həyatına daxil olur, bu, Allaha inamsızlığın təzahürüdür. Bəziləri deyir: «Mən mövhumatçı deyiləm, lakin hər ehtimala qarşı adamların söylədiyi kimi edəcəyəm». Beləliklə, onlar günah edirlər və mövhumatçı olurlar, əməlləri onların İlahi qüvvəyə etibar etmədiyini göstərir.

Bir məşhur aktrisa uzun və gözəl şal örtürdü. Bir dəfə bu şalın ucu dilicanın təkərinə ilişib qadını boğdu. Başqa qadın bu şala qırx min frank verdi, çünki eşitmişdi ki, əgər boğulmanın səbəbi olan əşyanı üzərində gəzdirsən, qumarda uğur qazanarsan. Mövhumata inamı adamlara şər ruh verir.

Yuxulara iman – insan Allahın Əmrlərinə və Katolik Kilsəsinin təliminə uyğun deyil, yuxulara yaxud əşyalara görə həyatını idarə etməyə başlayır və bu da günahdır. Yuxular üç mənbənin başlanğıcından gəlir: təbii (gün ərzində yaşadığımız təəssüratlardan, hərdən bir də yatmazdan əvvəl qəbul edilən yeməkdən asılı olan), iblisanə (şər ruhun təsiri ilə olan) və İlahi (Allahın verdiyi). İlahi yuxular çox nadir halda olur. Allah adamlara yuxuları Əhdi-Ətiqdə və Əhdi-Cədid tarixinin başlan­ğıcında verirdi. İndi isə biz Katolik Kilsəsinin öyrətdiyi Allah barədə təlimi aydın bilirik, buna görə də bizə yuxu vasitəsilə təlim almağa ehtiyac qalmır. Xəyala dalmamaq, gülməli və axmaq səhvlər etməmək, həmçinin əsəb pozuntusuna məruz qalmamaq üçün (həyatında yuxuları rəhbər tutanın başına bu asanlıqla gələ bilər) yuxulara iman etmək lazım deyil.

Fala baxma (cadu) və magiya – iblisi və ölülərin ruhunu çağırma, həmçinin gələcəyi aşkara çıxarmaq məqsədini daşıyan başqa hərəkətlərdir. Bu əməllər günahdır, çünki onlar Allaha etibarı və Onun qüvvəsini inkar edir, həmçinin gələcəyə qeyri-sağlam maraq göstərir. Ulduz falı, astrologiya, əl falı, spiritizm, gələcəyi görmə və fala baxma – bunlar zaman, tarix, həmçinin adamlar üzərində hökmetmə arzusunun təzahürü və sirli qüvvəyə malik olma arzusudur. Bu, Allaha olan məhəbbətə və etibara ziddir.

Cadugərlik (sehrbazlıq) və tilsim (ovsun) – adamlara ziyan yaxud nə sə əldə etmək üçün (sağlamlıq, var dövlət və s.) istifadə ediləcək sirli qüvvə əldə etmək cəhdidir. Çox vaxt məlumatı olmayan insan belə təcrübələrdə iştirak etməyə başlayır, çünki cadugərlik yaxud ovsunla məşğul olanlar öz məqsədləri üçün insanın etibarını qazanmaq üçün başqa vasitələrdən savayı Katolik Kilsəsinin dualarından istifadə edirlər. Gözmuncuğu daşımaq da ciddi töhmətə layiqdir.

«Allahı sınamaq – Allahın mərhəmətini və Onun hər şeyə qadir olmasını söz yaxud əməllə sınamaq cəhdidir» (KKK 2119).

Küfr – müqəddəs ayinlərin nalayiq icra yaxud qəbul edilməsi, həmçinin təqdis olunan şeylərə və yerlərə (məbədlərə, qəbiris­tanlıqlara), liturgiya hərəkətlərinə, ruhani şəxslərə (Yepis­kopa, keşişə, rahibə) sayğısızlıq (ləkələmə, təhqir) göstərməkdir.

Simoniya – ruhani ənamları pulla almaq cəhdidir. Əlbəttə ki bu mümkün deyil, lakin insanın hətta belə cəhdləri də Allaha təhqirdir.

Bütpərəstlik – «Allah olmayanı ilahiləşdirmədir. İnsan məxluq qarşısında pərəstiş edəndə, onu Allahın yerinə qoyanda və ona sitayiş edəndə bütpərəstlik baş verir. Bu, səcdəgah (büt), cinlər (şeytanpərəstlik), hakimiyyət, ləzzət, irq, əcdadlar, dövlət, pul və s. ola bilər. “Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz”, – deyir İsa (Mat 6, 24)» (KKK 2113).

II. Allahın Rəbbİn adını boş yerə dİlİnə gətİrmə

Katolik Kilsəsinin Katexizisi deyir: «İkinci Əmr Rəbbin Adına sitayiş etməyi əmr edir. Rəbbin adı müqəddəsdir» (KKK 2161).

Allahın adı bütün xalqların, irqlərin və mədəniyyətlərin dinlərində həmişə ehtiramlı olub. Bəzi dinlər yalnız xüsusi hallarda Allahın adını çəkməyə icazə verirdilər. Musaya görünən Rəbb Özünü «Yahve» (Var olan) adlandırdı. Baş keşişdən başqa heç bir adi yəhudi bu adı dilinə gətirə bilməzdi. Bunu Allaha münasibətdə yüngüllüyə yol verməmək üçün edirdilər.

Biz məsihçilər bu əmri daha geniş anlayırıq, çünki burada «Allah», «Rəbb», «­İsa» sözlərini yalnız ehtiramla söyləməkdən deyil, ümumiyyətlə, Allaha və dinə ürəyin ehtiram və tam hörmətli münasibətindən söhbət gedir.

Allahın adına biz necə ehtiram göstəririk?

Danışığımızla. «İsa», «Rəbb», «Allah» adlarını müvafiq ehtiramla söyləmək lazımdır. Bu sözlərlə milyonlarla şəhid həyatını imana görə qurban verdi. Buna görə də Allah barədə böyük diqqət və ehtiramla danışmaq lazımdır. Eyni diqqət və hörmətlə müqəddəs ayinlər və Katolik Kilsəsinin Liturgiya mərasimləri barədə danışmaq və Müqəddəs Yazının mətnlərini təkrarlamaq lazımdır.

İman etirafı ilə biz Allaha və Katolik Kilsəsinə məxsus olduğumuzu etiraf etməyə utanmırıq. İsa dedi: «İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm» (Mat 10, 32). Söz və əməllərimiz etiraf etdiyimiz imana uyğun olmalıdır, çünki əgər biz dodaqlarımızla imanı etiraf etsək, əməllərimizsə pis olsa, biz insanların gözündə Allahın və dinin adını rüsvay edəcəyik.

Məsihçi salamlama – eyni zamanda duadır: «İsa Məsihə izzət olsun» və bu salamlamaya cavab: «Əbədi olaraq. Amin».

Dini and – (sözümüzün düzgünlüyünü təsdiq etmək üçün Allahı şahid çağırma) və Allaha verdiyimiz andı sədaqətlə yerinə yetirməkdir. Belə andı biz Vəftiz, Mirro yağı ilə məshetmə, Nikah zamanı veririk.

1940-cı ilin iyun ayında Fransadan İspaniyaya gedən yollar hitlerçilərdən qaçan fransızlar, belçikalılar, avstriyalılar, çexlərlə dolu idi. Qaçqınlar arasında milliyyətcə yəhudi olan məşhur yazıçı Fransisk Verfel və onun arvadı da var idi. Lakin onlar İspaniyaya gedə bilmədilər və 1854-cü ildə Allah Anası Müqəddəs Bernardettanın olduğu Lurd şəhərində qaldılar. Bu barədə bilən Verfel Allaha and verdi ki, əgər yəhudi olan o, işğaldan sağ çıxsa, Bakirə Məryəmin təzahürləri barədə kitab yazacaq. Allah onun həyatını xilas etdi, yazıçı Amerikaуa köçdü və orada «Bernardetta barədə nəğmə» adlı kitab yazdı. Bu, Allah Anasının Lurdda möcüzəvi təzahürləri barədə ən yaxşı kitabdır. Bu nümunə bizə Allaha verdiyimiz sözü sədaqətlə yerinə yetirməyi öyrədir.

Rəbbin ikinci əmri nəyi qadağan edir?

Andı pozma – bir şəxsin yalan danışaraq Allahı sözünün düzgünlüyünə şahid olmağa çağırmasıdır. Məhkəmədə yaxud Katolik Kilsəsinin ruhani səlahiyyətləri qarşısında anddan sonra yalan ifadə verən kəs bu günahı edir. Müəyyən bir xeyirxahlıq edəcəyi barədə and içən, ürəyində isə bunu yerinə yetirmək niyyəti olmayan adam da bu günahı edir (məsələn, gələcək həyat yoldaşına nikah zamanı məhəbbət və sədaqət vəd edir, amma buna əməl etmək istəmir).

Düşüncəsiz and – zəruriyyət olmadan, əhəmiyyətsiz məsələlərdə yaxud müvafiq düşünmədən Allahı sözlərinin həqiqiliyinə şahid olmağa çağırmaqdır.

Padşah Hirod Hirodiadanın qızı Salomeyanın hər bir arzusunu yerinə yetirmək barədə and içəndə yüngülxasiyyətlilik etdi və sonra onun istəyini yerinə yetirərək Vəftizçi Yəhyanı öldürməyə məcbur oldu.

Gənc oğlan və qız yelbeyinlik edib bir-birini yaxşı tanımadan, müvafiq düşünmədən ər-arvad olmağa tələsirlər, sonra isə nikahlarını ləğv etməyə çalışırlar.

Gündəlik dünyəvi məsələlərdə Allahı şahid olmağa çağıran adam da yüngülxasiyyətlilik edir: borc verməyə pulu olmadığı barədə and içir, ona inanmayanda bir hadisənin şahidi olduğu barədə and içir və s.

Küfr – xüsusilə ağır günahdır. Küfr «Allaha nifrət, qınama, meydan oxuma sözlərinin təklikdə yaxud hamının eşidəcəyi bir surətdə tələffüz etmək, Allahı pisləmək, Onun barəsində söylənilən sözlərdə ehtiram göstərməmək, Onun adından sui-istifadə etməkdir. Küfr sözlərinə qadağan əmri həmçinin Məsihin Kilsəsinə, müqəddəslərə və müqəddəs yerlərə qarşı deyilən sözlərə də aiddir. Həmçinin, cinayət əməllərini gizlətmək, xalqları əsarətdə saxlamaq, insanlara işgəncə vermək yaxud öldürmək üçün Allahın adından istifadə edəndə küfr edilir» (KKK 2148).

Məşhur ateist və dinsiz Volter məktublarını çox vaxt belə imzalayırdı: «Məsihi lağa qoyan». 25 fevral 1753-cü ildə o yazırdı: «İyirmi ildən sonra Allah istirahətə gedəcək». Bununla o demək istəyirdi ki, onun dinə istehzaları nəticəsində iyirmi ildən sonra daha heç kim Kilsəyə getməyəcək. İyirmi ildən sonra onun ağ ciyərindən qanaxma başladı və həkim sağalmağa ümidin olmadığını söylədi. Volter katolik keşişinin gəlməsini xahiş etdi, tövbə etdi, xəstələrin ayinini qəbul etdi və camaat qarşısında öz kitablarından imtina etdi. Xəstənin vəziyyəti yaxşılaşdı, allahsız dostları onun yanına gəlməyə başladı və o, Məsih və Katolik Kilsəsi barədə yenidən pis fikir söyləməyə başladı. Çox keçmədən onun halı yenidən pisləşdi və o, keşişi çağırdı, lakin dostları buna yol vermədilər. Volter məyus oldu. O qışqırdı: «Allah və insanlar məni tərk ediblər! İblis buradadır və məni aparmaq istəyir! Cəhənnəmi açıq görürəm, onu bağlayın!» Məyusluq içində o, barmaqlarını dişləyir və üzünü cırırdı. O gah Allahdan mərhəmət diləyir, gah Onu söyürdü. Məyusluqda, özünə və dostlarına lənət oxuyaraq öldü. Bu nümunə bizə xəbərdarlıqdır: Allah və din barədə sözlərimiz ağıllı və əsaslı, Rəbbə və katolik imanına ehtiramla dolu olmalıdır.

Düşünmədən müqəddəslərin adını çağırmaq – zarafatlarda, qəzəbdə, boş söhbətlərdə yaxud söz birləşməsi kimi onları istifadə edənlər bu günahı edirlər.

Lənət – insanın Allaha, başqa adamlara, özünə, heyvanlara, cansız əşyalara yaxud təbiətin təzahürlərinə nifrət bildirməsidir.

Xainlik – günahını edən, Allaha verdiyi andı yerinə yetirməyən yaxud pis bir hərəkət etməyə and içən insandır. Düşünmədən Allaha and verən, lakin andını yerinə yetirməyi daim ləngidən yaxud heç yerinə yetirməyən Allahın müqəddəsliyini təhqir edir. Gileylənən insan bir iş onun istədiyi kimi olmayanda və əzab çəkməli olanda şikayət edir, Allaha dolayı yaxud bilavasitə şikayət edir.

III. Bayram günlərİnİ yadda saxlayıb təqdİs et

«Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin» (Çıx 20, 8-10). İsraillilər üçün şənbə günü bayram idi. Bu bayram onlara dünyanın yaranmasını, Misir əsarətindən azad olduqlarını, həmçinin onlarla Rəbb Allahın arasında bağlanan Əhdi xatırladırdı. Lakin vaxt getdikcə müqəddəs günün qeyd olunması yəhudilərdə formal və cansız xarakter aldı.

İsa Məsih bizim diqqətimizi müqəddəs günün həqiqi mənasına yönəldir: «İnsan Şənbə günü üçün deyil, şənbə günü insan üçün yaradılıb» (Мark 2, 27). Özü haqda isə dedi: «Bəşər Oğlu Şənbə gününün də Sahibidir» (Мark 2, 28). İsa çarmıxda fidya ölümündən yəhudilərin şənbə günündən sonrakı növbəti gün dirildi. Məsihçilər üçün Onun Dirilmə günü – yeniləşmə, yeni yaradılış, Allahın lütfündə yeni həyatın başlanğıc günüdür. «Məsihin Pasxası sayəsində bazar günü yəhudi şənbə gününün ruhani həqiqətini icra edir və insanın Allahda əbədi istirahəti barədə xəbər verir» (KKK 2175).

Əhdi-Ətiq öz rolunu Məsihin gəlişindən əvvəl icra etdi. Biz məsihçilər artıq yəhudi dininin ayinlərinə deyil, Allahın əmrlərinə tabe olmalıyıq. Çünki əgər biz Əhdi-Ətiq dininin ayinlərini yerinə yetirmək istəsək, onun bütün tələblərini yerinə yetirməliyik: sünnət, müəyyən günlərdə yalnız mayasız çörək yemək, donuz ətindən imtina və həmçinin Talmudun digər kiçik göstərişləri. Lakin Məsih bizi bunlardan azad etdi. Buna görə də biz məsihçilər Onun Dirildiyi gündə müqəddəs günü bayram edirik. Bu günü «Rəbbin günü» yaxud «Dirilmə» günü adlandırırıq, çünki bu gün Rəbb ölülərdən dirildi.

Məsihçilər ən əvvəldən Dirilmə gününü müqəddəs gün olaraq bayram edirdilər. ІІ əsrdə Antioxiyalı Müqəddəs İqnati yazırdı: «Məsihçilər Rəbbin gününü bayram edirlər; bu gündə Məsih Öz ölümü və dirilməsi ilə həyatımıza xeyir-dua verdi».

Müqəddəs günü necə bayram etmək lazımdır?

Birincisi, ağır və qazanc məqsədi ilə edilən işdən imtina etmək lazımdır. «Sadiq olanlar Rəbbin Günü və başqa bayram günlərində Allaha lazımi pərəstiş etmək, Rəbbin Gününə xas olan sevincə malik olmaq, mərhəmət işləri etmək üçün bədənlə ruhun zəruri olan istirahətinə mane olan əməkdən yaxud fəaliyyətdən imtina etməlidirlər» (KKK 2185). Çox vacib səbəbə görə, məsələn, təbii fəlakət (yanğın, daşqın), şiddətli yağışdan sonra məhsulun yığılması səbəbindən Rəbbin Günü və bayram günlərində ağır iş görmək günah deyil.

Yeraltı bir şaxtada öküzlərin üstündə kömür daşıyırdılar. İstirahət üçün heyvanları hər gün yuxarı çıxarmamaqdan ötrü onlara yerin altında tövlə düzəltdilər. Uzun müddət keçəndən sonra onları yuxarı çıxaranda gördülər ki, heyvanlar kor olub. Eləcə də müqəddəs günü bayram etməyən insanlar ruhani korluq və əlacsızlıq vəziyyətinə düşürlər.

İkincisi, ruhu yayındıran və günaha aparan əyləncədən imtina etmək lazımdır. Müqəddəs günü layiqincə bayram etməyə mane olan günah daha da ağırlaşır, məsələn, spirtli içkilərdən sui-istifadə, ədəbsiz əyləncələr, davalar.

Lakin Allahın bizi müqəddəs günlərdə ağır işlərdən azad etməsinin əsas səbəbi Ona lazımi izzət və minnətdarlıq bildirməyimizdir. «Rəbbin Günündə Evxaristiya bütün məsihçi həyatının imanda əsaslanması və möhkəmlənməsidir. Buna görə təyin olunmuş bayram günlərində sadiq olanlar Evxaristiyada iştirak etməlidir… Şüurla bu öhdəçiliyi yerinə yetirməyənlər ağır günah edirlər» (KKK 2181). Müqəddəs Messa həyatımızın əsas anıdır, buna görə də Dirilmə və Bayram günlərində Müqəddəs Qurbanın təqdimatında iştirak etməyən şəxs özünü, ailəsini və bütün Ümumdünya Kilsəsini ağır təhqir edir, Allahın mərhəmət­lərini xeyli itirir.

ІІ Vatikan Məclisi öyrədir: «Müqəddəs Messa mənbədir, buradan Katolik Kilsəsi yer üzündə Öz tapşırığını icra etmək üçün qüvvət alır. Müqəddəs Messa Kilsənin bütün fəaliyyətinin zirvə­sidir». Bazar günlərində müntəzəm olaraq Liturgiyada iştirak etməyən yaxşı məsihçini təsəvvür etmək çətindir. Müqəddəs Mes­sada iştirak edən məsihçiyə Rəbb Allaha və adamlara məhəbbətdə Onun iradəsini yerinə yetirərək yaşaya bilməsi üçün İlahi dəstək verilir. Buna görə də bazar günlərində müqəddəs Liturgiyada iştirak etmək insanı kamil, əbədi və gözəl olan səmavi Liturgiyaya, Üçbirliyə və Müqəddəs Allahı izzətləndirmə Liturgiya­sına hazırlaşdırır. Odur ki, bazar və bayram günlərində müqəddəs Messada iştirak etmək vacibdir.

Biz müqəddəs günlərdə Allaha həmçinin mərhəmət işləri ilə də sitayiş edirik: «Ənənəyə və məsihçi salehliyinin prinsiplərinə uyğun olaraq, Rəbbin Günü xeyirxah işlərə və xəstələrə, əlillərə, qocalara təvazökar qulluğa həsr edilir. Məsihçilər həmçinin ailəsinə və yaxınlarına vaxt ayıraraq, qayğı göstərərək bu günü təqdis edirlər. Həftənin digər günlərində bunu etmək qeyri-mümkündür. Rəbbin Günü düşünmə, sakitlik, kitab oxuma və fikirləşmə günüdür, bunlar məsihçi həyatının ruhani böyüməsinə imkan yaradırlar» (KKK 2186).

Müqəddəs günün bayram edilməsi insana nə verir?

Bayram günündə istirahət sağlamlığı möhkəmləndirir. Parlamentdə çıxış edən bir ingilis həkim deyirdi: «İnsana yeddi gün ərzində istirahət etmək zəruridir. Daimi fiziki və zehni əmək orqanizmi dağıdır. Müqəddəs günü bayram etməyən özünü incidir və xəstələnmə təhlükəsinə salır. Rəbbin Günlərində istira­hət nəinki dini borc, həyatı qorumaq üçün təbii öhdəlikdir».

Həddindən artıq məşğulluq insanı fiziki və ruhi cəhətdən yorur, buna görə də müqəddəs gündə qazandığı pulu insan dərmana xərcləyir.

Zəhmətdə xeyir-dua. Yorğunluğunu almış insan özündə sülh və harmoniyaya sahib olur, buna görə də iş günlərində daha səmərəli işləyə bilir. O öz işlərini daha yaxşı planlaşdıra bilir, işdə qarşısına qoyduğu məqsədə nail olmaq üçün ən yaxşı yolu tapır. İştirak edəndən sonra insan sakitlikdə işləyir, əsə­biləş­mir, əməyinin nəticələrini korlamır və buna görə də ən yaxşı nəticələrə nail olur. Bundan başqa o, işində Allahdan kömək alır, çünki Allahın iradəsinə uyğun olaraq çalışır. «Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər» (Zəb 127,1).

Müqəddəs Ruhun bu sözləri bizi öyrədir ki, insan öz əməyində Allahın köməyini diləməlidir və Ona ümid bəsləməlidir. Lakin insan yalnız özünə ümid etsə, əməyinin səmərəsindən sülh və sakitliklə istifadə edə bilməyəcək. İsa deyir: «Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyirBu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar» (Mat 7, 24. 26 27). Müqəddəs Jan Mari Vianey deyirdi: «Yoxsullaşmağın ən asan iki yolunu bilirəm – oğurlamaq və müqəddəs gündə işləmək».

Allaha yaxınlaşdırır. İnsana müqəddəs günü təyin edən Yaradan istəyirdi ki, bu gündə insan Allahın xatirəsini özündə yeniləşdirsin, təqdis edən lütf vəziyyətində yaşamağın, fəzilətli həyatın, dua və əməllərinə görə cavabdehliyin zəruriliyini dərk etsin. «İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar» (Mat 4, 4), – deyə Xilaskar yadımıza salır. Həyatımızın hər bir anı Rəbbə izzət gətirməlidir, lakin xüsusi «Rəbbin günü» bazar günü olan Dirilmə günüdür. «Rəbbin günü» – bu, həm də «bizim günümüzdür», çünki Həqiqət mənbəyi olan Allah yalnız bizim xeyrimizə görə bizə gündəlik işlərimizi və qayğılarımızı kənara qoyub daha böyük qüvvə ilə Ona müraciət etməyimizi əmr edir.

Müqəddəs gündə Rozari duası üçün Müqəddəs Yazıları və başqa katolik kitabları oxumağa daha çox vaxtımız olur ki, bu da imanımızı və məhəbbətimizi möhkəmləndirir, bizi Allaha yaxınlaşdırır və ruhani həyatımıza səmərələr gətirir.

Ailəni möhkəmləndirir. Bizim əsrdə, xüsusilə də, Qərb ölkələrində ailə birliyi çox zəifləyib. Ata və ana vaxtın çox hissə­sini işdə keçirirlər, uşaqlar isə çox vaxt bütün günü tək qalırlar. Buna görə də ailədə qarşılıqlı əlaqələrin, söhbətin, birgə naharların, istirahətin, həmçinin duanın çatışmazlığı hiss olunur. Heç kim və heç nə insana ailəni əvəz edə bilməz. Çox vaxt müasir insan özünü tənha hiss edir və ürəyində elə düşünür ki, onu heç kim anlamır. Ailə bizim müqəddəs yerimiz və məktə­bimizdir; burada ana baş keşiş, ata isə qoruyucu mələkdir. Bütün xəzinələrimiz ailəmizdədir. Ailə məhəbbətindən daha şirin və möhkəm məhəbbət və birlik yoxdur. Lakin eləcə də dağılmış ailədə olan nifrətdən daha böyük nifrət yoxdur.

Müqəddəs günlər ailə birliyini möhkəmləndirməyə imkan yaradır. Müqəddəs Messada, ümumi duada, səhər, nahar və şam yeməyində, ümumi gəzintidə, oyunda birlikdə iştirak etmək ailə üzvlərinə münasibətlərində yenidən bir-birlərinə yaxınlaşmağa, bir-birlərini anlamağa, sözlə, məsləhətlə, təsəlli ilə kömək etmə­yə imkan yaradır.

Rəbbin Günündə yaxınlarımıza, dostlarımıza, həmçinin tənha və xəstə insanlara baş çəkmək lazımdır.

IV. Ata-anana hörmət et

«Dekaloqun ikinci lövhəsi dördüncü əmrlə başlayır. O, məhəbbətdə nizamı əks etdirir. Rəbb istədi ki, Ondan sonra biz valideynlərimizə hörmət göstərək, çünki valideynlərimiz bizə həyat verib və Allahı tanıtdırıb» (KKK 2197).

Allah bizə insanları sevməyi əmr edir və bu insanlar arasında valideynlər birinci yeri tutur, çünki Rəbb onların vasitəsilə bizə həyat verdi və onlar demək olar ki, yer üzündə bizə Allahı əvəz edirlər. Valideynlərdən sonra qardaş və bacılarımız, həmçinin qohumlarımız məhəbbət və hörmətimizə ümid edə bilərlər; bunların arasında baba və nənənin xüsusi yeri var. Müəllimlər və tərbiyəçilər övladların tərbiyə məsələsində valideynləri tamam­la­yırlar, buna görə də şagirdlər onlara münasibətlərində hörmət, minnətdarlıq və itaət göstərməlidirlər. Rəbbin dördüncü əmri bizi müdir və səlahiyyət nümayəndələrə lazımi hörmətlə yanaşmağı öyrədir. Həmçinin Vətəni də sevmək lazımdır. Katolik Kilsəsi və onun xadimləri də xüsusi ehtirama layiqdir. Kilsə ruhani anamızdır. O, Vəftiz ayinində bizə ruhani həyat verib, başqa ayinlər vasitəsilə isə bu həyatı bizdə dəstəkləyir və möhkəm­ləndirir.

Övladların öhdəlikləri

«Dördüncü əmr uşaqlara aiddir və onların ata və anası ilə münasibətlərini müəyyən edir» (KKK 2199). Uşaqlar öz valideynlərinə ehtiramlarını məhəbbət, minnətdarlıq və itaətlə gös­tərirlər.

Valideynlərə ehtiram göstərmək öhdəliyi ilk növbədə təbii ixtiyardan gəlir. Hətta həqiqi Allahı tanımayan xalqlar valideyn­lə­rinə hörmət edirlər.

Müqəddəs Yazıdakı dördüncü əmri yerinə yetirənə Allah dəfələrlə bol-bol lütf və xeyir-dua vəd edir. Ona sağlamlıq və uzun ömür vəd edir: «Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun» (Çıx 20, 12). Allah valideynlərinə hörmət edənlərə xeyli mərhəmətli olacağını vəd edir: «Atasına hörmət edən günahlarından təmizlənəcək və anasını sayğı göstərən kəs xəzinə tapmış adama bənzəyir» (Sir 3, 3-4). Allah öz valideynlərini sevənlərə övladlarını yaxşı tərbiyə verməkdə və onların dualarını eşitməkdə kömək etməyi vəd edir: «Atasına hörmət edən övladlarından sevinc görəcək və dua günündə eşidiləcək» (Sir 3, 5).

Valideynlərinə ehtiram nümunəsini Rəbb İsa Məsih vermişdir. Müjdəçi Luka deyir ki, İsa Məryəm və Yusifə «…itaətli idi» (Luka 2, 51).

Məhəbbət öhdəliyi uşağın valideynlərinə minnətdarlığından gəlir. Ana övladını əzablarla dünyaya gətirir, xəstələnəndə neçə-neçə yuxusuz gecələr və narahat anlar yaşayır. Ata və ana uşağını yedirmək və geyindirmək üçün işləyib zəhmət çəkirlər. Övladın məhəbbəti isə valideynləri sevindirmək, pis davranışla onları kədərləndirməmək, onların maddi və ruhani rifahı üçün qayğı göstərmə cəhdi ilə ifadə olunur. Valideynlərə görə dua etmək lazımdır, zəruriyyət olanda onları tövbə və məbədə, Evxaristiyaya gətirmək yaxud keşişi evə dəvət etmək lazımdır. Həmçinin valideynlərin ad günlərində də onları yada salmaq lazımdır.

Müqəddəs Yazı valideynlərə itaətin əhəmiyyətini vurğulayır: «Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin» (Ef 6, 1). «Rəbdə» sözünün mənası odur ki, xeyirxahlığı öyrədən böyüklərin həmişə sözünə baxmaq lazımdır, lakin onlar pis işlər öyrədirlərsə, onların sözünə baxmaq olmaz, çünki adamlardan çox Allaha tabe olmaq vacibdir. Valideynlərin hakimiyyəti mütləq deyil, çünki hər bir uşaq Allaha məxsusdur.

Uşaqlar müstəqil yaşa çatana qədər valideynlərin sözünə baxmalıdırlar. Müstəqil yaşa çatanda isə uşaqlar özlərini zəhmətləri ilə təmin etməyə başlayacaqlar və valideynlərinə yalnız məhəbbət, ­hörmət, ehtiram və kömək borcları qalacaq. «Böyü­yərək uşaqlar valideynlərinə hörmət göstərməkdə davam etməlidirlər. Onların arzularına qarşı çıxmamalı, məmnuniyyətlə məsləhətlərini istəməli və ədalətli nəsihətlərini dinləməlidirlər. Valideynlərə hörmət övladın daimi borcudur» (KKK 2217).

Həyat yolunun seçimində uşaqlar valideynlərinin məsləhətinə qulaq asmalıdırlar, lakin qərarı onlar özləri qəbul edirlər. Valideynlər oğullarına yaxud qızlarına seçdikləri adamla ailə qurmağa, onlara həyatlarını Allaha xidmətə həsr etməyə məcbur edə bilməzlər, lakin həm də bunu qadağan etməyə onların ixtiyarı yoxdur.

«Dördüncü əmr artıq böyümüş uşaqlara onların valideynlərinə münasibətlərindəki məsuliyyəti xatırladır. Onlar valideynlərinə qoca yaşlarında və xəstəlikləri zamanı, tənhalıq yaxud ağır günlərində bacardıqları qədər mənəvi və maddi dəstək göstərmə­lidirlər» (KKK 2218).

Müqəddəs Yazı böyüklərə ehtiram göstərməyi əmr edir: «Yaş­lıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin» (Lеv 19, 32).

Rəbb valideynlərə ehtiramsızlığın ağır nəticələri barədə xəbər­darlıq edir: «Atasını tərk edən Allaha küfr edənlə eynidir və öz anasını əsəbiləşdirən şəxs Rəbdən lənət alır» (Sir 3, 16). «Kim ki atasına rişxənd edir, anasının sözünə xor baxır, dərələrdəki qarğalar onun gözlərini deşəcək, qartal balaları onun bəbəklərini yeyəcək» (Sül 30, 17).

«Ata-anana hörmət et» – bu sözləri İngiltərənin hökumət başçısı Müqəddəs Tomas Mor yaxşı anlayırdı. Onun atası məhkəmədə məşvərətçi idi. Məhkəmə iclasının əvvəlində dövlət başçısı zala daxil olanda hamı ayağa qalxır və onun öz yerində əyləşməzdən əvvəl atasına yaxınlaşıb ona baş əyərək ondan xeyir-dua diləməsinə riqqətlə baxırdı.

Yüksək gəliri olan bir adam çox sadə yaşayırdı. «Pulunu hara xərcləyirsən?» – deyə bir dəfə dostu ondan soruşdu. «Hara? Bir hissəsini borclarımı qaytarıram, bir hissəsini faizə qoyuram», – deyə o cavab verdi. «Başa düşmürəm», – deyə dostu çiyinlərini atdı. «Bax, – deyə o izah etməyə başladı, – mən gənc olanda valideynlərim təhsil və tərbiyəmə böyük pul xərcləyirdilər, indi isə mən onlara bu borcu qaytarıram. Uşaqlarımın təhsil və tərbiyəsi isə indi böyük xərc tələb edir. Bu, qocalığımda mənə faiz verəcək kapitalımdır».

Valideynlərin öhdəliyi

«Bu əmr valideynlərin, qəyyumların, müəllimlərin, rəhbərlərin, dövlət məmurlarının, hakimlərin – başqa adamlar yaxud insan cəmiyyətləri üzərində hakimiyyətə malik olanların borcunu da ehtiva və fərz edir». «Valideynlər üçün övladlarına tərbiyə vermək hüququ və borcu birinci dərəcəli və ayrılmazdır» (KKK 2199, 2221).

Övladların dünyaya gətirilməsi və onların tərbiyəsi – valideynlərin əsas hüququ və borcudur. Övlad arzulamayan ər və arvad İlahi plana qarşı çıxır. Allah ailəni məhz buna görə təsis etdi. Bu gün bir çox ailədə övladlarının sayını iki yaxud hətta birə qədər məhdudlaşdırırlar. Katolik Kilsəsi belə düşüncələrin fəlakətli nəticələri barədə xəbərdarlıq edir.

Birincisi, ailədə bir yaxud iki övlad olanda əhalinin sayı tezliklə azalır, çünki hamı evlənmir, hamının övladı olmur, bəziləri uşaqlıq yaxud gənclik dövründə həyatla vidalaşırlar.

İkincisi, bir uşağın olması valideynin qocalıq çağı üçün də böyük riskdir. Bir ailədə valideynlərin yeganə, gözəl gənc qızı var idi. Lakin bədbəxt hadisə baş verdi – o, avtomobil qəzasında öldü. Valideynlərin məyusluğunu təsəvvür edin – onların daha övladı ola bilməz, onları tənha, darıxdırıcı qocalıq, Rəbb Allaha şikayətlər gözləyir. Bir uşağın olması təhlükəsiz də deyil, çünki əgər bu yeganə uşaq böyüyəndə nankor və pis insan olsa və valideynlərin qocalıqda qayğısına qalmasa, nə olacaq? Valideynlər yeganə uşağa yaxşı tərbiyə verə bilmirlər, buna görə də çox vaxt tək oğul yaxud tək qız böyüyüb xudbin olur. Bəs əgər övlad xəstələnsə yaxud bədbəxt hadisə nəticəsində əlil olsa, valideynlər özlərini necə hiss edəcəklər? Övladını tənha, xəstə və bacı-qardaş köməyindən məhrum görən valideynlər özlərini necə hiss edəcəklər? Övladların çoxluğundan qorxmaq lazım deyil, çünki uşaqlar Allahın xeyir-duası və nikahın əsas məqsədlərindən biridir.

Valideynlərin növbəti borcu övladları təmin etməkdir. Sağlamlıq və inkişaf üçün zəruri olanı uşaqlara vermək lazımdır. Müqəddəs Yazı deyir: «Bədənin sağlamlığı və salamatlığı qızıldan dəyərlidir və möhkəm bədən saysız zənginlikdən daha yaxşıdır» (Sir 30,15). Uşaqların qayğısına qalmaq lazımdır ki, xəstələn­məsinlər, xəstəlik baş verərsə, onları müalicə etmək lazımdır ki, xroniki xəstəliyə çevrilməsin. Valideynlər övladlarını yaxşı yedirməli və geyindirməlidirlər. Pullarını spirtli içkilərə, gözəl paltarlara, bahalı mebelə xərcləyən, uşaqlarını isə kifayət qədər qidalandırmayan valideynlər günah edirlər. Valideynlər uşaqların siqaret çəkməməsinə, spirtli içki içməməsinə yaxud bundan da betəri olan narkotik maddələr qəbul etməməsinə diqqət yetirməlidirlər.

Lakin valideynlərin ən əsas borcu övladlarının mənəvi və dini tərbiyəsidir. «Valideynlər öz övladlarına Allahın övladları kimi baxmalı və onlara şəxsiyyət kimi hörmət etməlidirlər». «Valideynlərin vəzifəsi övladlarına dua etməyi öyrətmək və onlara Allahın övladı olmaq çağırışlarını aşkar etməkdə kömək göstərməkdir» (KKK 2222, 2226).

Hər bir uşaq ilk növbədə Rəbb Allaha məxsusdur və onunla öz şəxsi mülkün kimi davrana bilməzsən. Uşağı təmiz vərəqlə müqayisə etmək olar: onun üzərində həm yaxşı, həm də pis yazı yazmaq olar. Yaxud uşağı mərmər parçası ilə müqayisə etmək olar: ondan həm gözəl, həm də eybəcər fiqur düzəltmək olar. Hər bir uşaq həm müqəddəs, həm də cinayətkar ola bilər. Uşağın tərbiyəsində ən əsas rolu öz nümunələri ilə valideynləri oynayırlar.

Allaha imanı uşaqlarına ötürmək, onlara Onu sevməyi və Ona dua etməyi öyrətmək, Onun əmrlərini icra etmək, ətrafdakı insanlara hörmət etmək, vətənini, təbiəti, heyvanları və quşları sevmək – valideynlərdən yaxşı bunları heç kim edə bilməz. İnsanlar doğma evlərində gördüyünü və eşitdiyini həyatları boyu ürəklərində xatırlayırlar. Müqəddəs Yazı Tovinin öz oğlunu necə öyrətməsi barədə nəql edir: «Oğlum, hər gün Rəbb Allahımızı xatırla və günah etməyi arzulama. Mülkündən sədəqə ver və sədəqə verəndə heyfsilənmə. Oğlum, əxlaqsızlığın hər növündən çəkin. Atalarının tayfasından özünə arvad al, yadelli arvad alma. Muzdurun haqqını özündə səhərədək saxlama, onu dərhal ver və sənə əvəzi veriləcək» (Tov 3, 5-14).

Nümunə ən güclü təsir göstərir. Qədim atalar sözündə deyilir: «Sözlər öyrədir, nümunə isə yola gətirir». Uşaqlar valideyn­lə­rindən düşüncə tərzini, hadisələrin və faktların qiymətləndirmə üsulunu götürürlər. Onlar valideynlərini danışıq, gediş, geyim, qidalanmada təqlid edirlər. Öz valideynlərindən maddi və ruhani şeylərə dair ən əsas olanı – yaxşı və pisi mənimsəyirlər. Qoy heç bir valideyn fikirləşməsin ki, uşaqlar onların əməllərinə uyğun olmayan sözlərini eşidəcəklər.

Bəzi valideynlər təəccüblənir və şikayətlənirlər ki, nə üçün uşaqları onlara hörmət etmirlər, yaxşı söz demirlər, nadir halda onlara baş çəkirlər. Bu valideynin ürəyinə ağrı gətirir, amma əksər halda təqsir valideynlərin özündə deyilmi? Əgər valideynlər övladlarına Allahı və başqa insanları sevməyi öyrətməyiblərsə, onda uşaqlar onları da sevməyəcəklər. Müqəddəs Ruh deyir: «İnsan nəyi əkərsə, onu da biçəcək…» (Qal 6, 7).

Budapeştdə ölüm hökmünü yerinə yetirməzdən əvvəl gənc məhkumdan onun sonuncu arzusu barədə soruşdular. O dedi: «Hökmün icrasından sonra şəklimi çəkin və onu atama göndərin. Onun nümunəsi məni buraya gətirib çıxartdı».

Ata-anasında həqiqi məsihçiliyi görən uşaq xoşbəxtdir, çünki düzgün hərəkət etməyə və özündə düzgün xasiyyət tərbiyələn­dirməyə vərdiş edirlər.

Bir yazıçı tez-tez uşaqlığını yada salırdı. Hələ balaca ikən anasının çoxlu dua etdiyini görürdü. Bir dəfə o soruşdu: «Ana, nə üçün sən bu qədər çox dua edirsən?» O cavab verdi: «Oğlum, mən çox dua etməliyəm ki, sən düz insan olasan». «Onda mən başa düşdüm ki, – deyə yazıçı xatırlayırdı, – düz insan olmaq çox vacibdir və öz xasiyyətim üzərində çalışmağa başladım. Anamın sözlərini heç vaxt unutmaram».

Dini tərbiyəni uşağa əsasən ana verir, keşiş isə ona kömək edir. Buna görə də uşaq danışmağa başlayanda ona xaçı, ikonanı göstərmək, onları öpməyə vermək, xaç işarəsi çəkməyi öyrətmək və sadə, bir neçə sözdən ibarət olan duaları öyrətmək lazımdır. Sonra övladları məbədə katexizasiyaya göndərmək lazımdır. İlk Tövbə və Evxaristiyada iştirak edəndən sonra isə onların müntəzəm olaraq katexizasiyada iştirak etmələrinə, tez-tez tövbə etmələrinə və Evxaristiya qəbul etmələrinə diqqət yetirmək lazımdır.

Məşhur alman naziri Lüdviq Vindxorstun tanışı daha yaxşı şəkil çəkdirmək üçün hansı poza almasını bilməyəndə o məsləhət verdi: «Uşağınızın əllərini dua üçün qoyan anda çox yaxşı görünəcəksiniz. Bu, özümə təsəvvür edə biləcəyim ən gözəl pozadır».

Övladlarının ürəyində xeyirxahlığa məhəbbət və şərə qarşı nifrət olmağın qayğısına qalmaq ata və ananın həyatı boyu borcudur.

Müqəddəs Lüdovikin anası kraliça Blanka tez-tez ona təkrarlayırdı: «Oğlum, ağır günah etdiyin barədə bilməkdənsə ölümün barədə xəbər eşitmək mənim üçün daha yaxşıdır». Bu sözlərlə o, oğlunun ürəyində fəzilətə məhəbbət və günaha nifrət oyatdı. Sadə kasıb bir ailədə skamyanın ayağı sındı.

Oturacağa dayaq vermək üçün qız yaxınlıqdakı tikintidən kərpic gətirdi. Amma anası kərpici icazəsiz götürdüyünü biləndə dərhal onu yerinə qaytarmağı əmr etdi. Qız ömürlük yadda saxladı ki, özgənin malını götürmək olmaz.

Əlbəttə, ola bilər ki, valideynlərin bütün cəhdlərinə baxma­yaraq, uşaqları pis yolla getsinlər. Amma valideynlər öz nümunələri və tərbiyələri ilə iman və xeyirxahlığın əsaslarını uşağın ürəyinə qoyublarsa, övladın Allaha qayıtmasına ümid ruhani tərbiyə verməyən valideynlərdən daha çoxdur.

Müqəddəs Avqustinin anası Müqəddəs Мoniкa oğlu günahlı həyata başlayandan sonra 18 il ərzində onu duaları, xahişləri və qınamaları ilə təqib edirdi. O isə anasından qaçırdı, amma anası onu axtarıb tapır və yenidən öz xəbərdarlıqları ilə onda vicdanın səsini oyatmağa çalışırdı. Allah onun dualarını eşitdi və onun fədakar məhəbbətini qəbul etdi. 18 il əzab çəkəndən sonra onun oğlu Allaha tərəf dönür, Katolik Kilsəsinin keşişi, sonra Yepiskopu, nəhayət, Müqəddəsi olur.

Ata və ana uşağında xasiyyət tərbiyələndirməlidir, buna görə onlar xeyirxahlığı tələbkarlıqla birləşdirməyi bacarmalıdırlar. Əks halda uşaq iradəsiz böyüyəcək.

Öz uşağına mehriban söz deməyən, istiqanlılıq göstərməyən, yalnız övladdan qeyd-şərtsiz tabeçiliyi tələb edən və onları bununla daim əsəb gərginliyində saxlayan valideynlər düzgün etmirlər. Belə münasibətdə uşağı ruhaniliyə maraqsızlığa və hətta nevroza gətirib çıxarmaq olar. Həmçinin uşaqlarına hər şeyi icazə verən valideynlər pis edirlər, çünki bu halda uşaqlar qəddar, eqoist böyüyür. Məhəbbəti tələblə birləşdirmək zəruridir, bunun üçün səy, fədakarlıq və övladlar üçün dua etmək lazımdır.

Həddi-buluğa çatan uşaqların özünə peşə və həyat yolu seçmək hüququ var, lakin valideynlər nəzakətli məsləhətləri ilə onlara kömək etməyi bacarmalıdırlar. Xüsusilə, əgər onlar oğullarını yaxud qızlarını Allahın Ona xidmət etməyə çağırdığını (keşiş yaxud rahibə olmaq) görsələr, sevinməlidirlər və onlara çağırışın səsi ilə getməyə kömək etməlidirlər. Oğullarının və qızlarının oxumaq üçün seminariyaya daxil olmasına yaxud rahib olmasına valideynlərin mane olmağı Rəbb Allahın iradəsinə qarışmaq və Məsihin Kilsəsini dağıtmaqdır. Valideynlər övlad­larının çağırışına hörmətlə yanaşmalıdırlar və uşaqlarına onu tanımağa kömək etməlidirlər.

Allahın dördüncü əmri həmçinin hökumətin vətəndaşlara olan borcu barədə danışır: «İctimai hakimiyyət əsas insan hüquqlarına və azadlıqdan istifadə etmək üçün zəruri olan şərtlərə əməl etməlidir» (KKK 2254).

V. Qətl etmə

Yer üzündə ən böyük nemət həyat və sağlamlıqdır. Allah Özü bizim həyat və sağlamlığımızı müdafiə edir: «Sizin isə qanınız tökülərsə, əvəzini hökmən alacağam… Kim insan qanı töksə, onun da qanı insan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb» (Yar 9, 5-6). Həyat və sağlamlıq insanın şəxsi mülkiyyəti deyil, Allahın ənamıdır, buna görə də biz həyatı qorumalıyıq, onun qayğısına qalmalıyıq, ona ziyan gətirən yaxud təhlükə törədən hər şeyi özümüzdən uzaqlaşdırmalıyıq. Yer üzündə həyat və sağlamlıq bizə ona görə verilib ki, biz onları öz ruhani inkişafımız, lütfdə və Allaha məhəbbətdə böyümək üçün istifadə edək və xeyirxah əməllər vasitəsilə əbədi həyatı miras alaq. Buradan da müqəddəs borc yaranır – öz həyatını və başqalarının həyatını qorumaq borcu.

«İnsan həyatı müqəddəsdir, çünki ən başlanğıcdan o özündə Allahın yaradıcılığını daşıyır… Həyatın Hökmdarı onun əvvəlindən sonunadək yalnız Allahdır; heç kimin heç bir vəziyyətdə günahsız insanı məhv etməyə ixtiyarı yoxdur» (KKK 2258).

Sağlamlığın qayğısına qalan zaman ifrata varmaq lazım deyil – sağlamlığa heç qayğı göstərməmək və həddindən artıq qayğı göstərmək (yəni ciddi xəstəlikləri müalicə etməmək yaxud özündə xəstəliklər axtarmaq, həmçinin özünü müalicə etmək) düzgün deyil. Müvafiq qaydada qidalanmaq və geyinmək, sağlam gigiyena normalarına riayət etmək, xəstələnən zaman müalicə olunmaq lazımdır.

Allahın beşinci əmri avtomobili idarə edərkən və küçəni keçər­kən yol hərəkəti qaydalarına riayət etməyi, özünün və başqa insanların həyatını təhlükəyə qoymamağı öyrədir. Üzrsüz səbəb­dən öz həyatını və sağlamlığını təhlükə altına qoymaq olmaz (həyatı təhlükəyə salmağa icazə verən üzürlü səbəb başqa insanın həyatının xilasıdır, ailənin yaxud vətənin müdafiəsidir). Şöh­rətlənmək arzusu ilə yaxud yüngül qazanc əldə etmək məq­sədi ilə öz həyatını təhlükəyə qoymaq günahdır.

Hər kəs öz həyatını qorumaq üçün Allahdan aldığı hüquqa və borca malikdir. «Öz həyatını müdafiə edən şəxs hətta təcavüz­kara ölümlə nəticələnən zərbə vurmağa məcbur olsa, qətldə təqsirkar deyil» (KKK 2264). Amma insan öz həyatını həyatına olan təhlükəyə uyğun müdafiə etməlidir, çünki Allah başqasının da həyatını qorumağı əmr edir. «Əgər öz həyatını müdafiə edən insan lazım olandan daha təcavüzkarcasına hərəkət edirsə, onun hərəkəti qeyri-qanunidir» (KKK 2264).

İsa Məsih Dağüstü Vəzində «qətl etmə» əmrini xatırladaraq könüllü qəzəb, nifrət hisslərini və qisas arzusunu qadağan edir və bizə öz düşmənlərimizi sevməyi əmr edir. Bununla İsa Məsih bizə beşinci əmrin mahiyyətini açır: «Siz qədim zamanlarda adamlara “qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq» (Mat 5, 21-22).

Allahın beşinci əmri nəyi qadağan edir?

«Allahın Beşinci Əmri ağır günah olan bilavasitə və qəsdən edilən qətli qadağan edir. Qatil və onun könüllü cinayət yoldaşları fəryadla səmalardan qisas istəyən günahı edirlər» (KKK 2268). Yalnız Rəbb Allah həyat və ölümün Hökmdarıdır. Buna görə də qətl həmişə ən ağır cinayətlərdən biri hesab olunur və ciddi cəzalarla təqib olunur. Müqəddəs Kitabın ilk səhifələrində ilk qətlin dəhşətli təsviri ilə rastlaşırıq – Qabil öz qardaşı Habili öldürür. O vaxtdan etibarən ilk qatilin mənfi surəti ailələrin, qəbilələrin və xalqların tarixində görünür. İblis «başlanğıcdan qatil idi» (Yəh 8, 44). Ürəyinə bu iblisi buraxan qatil öz qardaşının qanını tökür. Qabil kimi hər bir qatilin arxasınca qisas üçün fəryad edən qanın səsi gəlir. «Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. Buna görə də bu torpaqda lənət almısan; o torpaq ki sənin əlinlə tökülən qardaş qanını udmaq üçün ağzını açdı» (Yar 4, 10 11). İnsan həyatı Rəbbin yandırdığı sirli alovdur və onu qırmaq ən ağır cinayətdir. Müqəddəs Yazı xəbərdarlıq edir: «…Qor­xaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehr­bazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq» (Vəhy 21, 8).

Heç kim qatil olaraq dünyaya gəlmir və dərhal qatil olmur, amma buna tədricən gəlir. Əgər uşaq dua etmir, günahlarını etiraf etmir və Evxaristiyanı qəbul etmirsə, onda özündə qəzəb, nifrət, paxıllıq, hərislik və qisas hisslərinə qalib gələ bilmir, böyüyərək tədricən başqasını öldürməyə qadir olur. Buna görə də valideynlər ən erkən illərdən uşaqlarda adamlara və heyvanlara şəfqət hissi tərbiyələndirməlidirlər. Heyvanlara əziyyət verməyə vərdiş edən uşaq böyüyüb alicənablıq hisslərindən məhrum, «ürəksiz» insan olur və onun zalımlığı tez yaxud gec insanlara, həmçinin öz valideynlərinə qarşı təcavüzdə üzə çıxacaq.

Evtanaziya («şəfqət» səbəbli qətl) Allaha qarşı ağır günahdır. Allah hər bir insana həyat verir və onu Öz xilas planı ilə təmin edir. «Evtanaziya niyyət və vasitələrdən asılı olmadan bundan ibarətdir ki, əlilin, xəstənin yaxud ölüm ayağında olan insanın həyatına kənardan son qoyurlar. Evtanaziya mənəvi cəhətdən qəbuledilməzdir» (KKK 2277). Eləcə də əzab çəkənlərin özləri ölüm diləyəndə evtanaziya yolverilməzdir. Məsihçi imanı öyrədir ki, əzab çəkənlərin yanında olaraq dua və əbədi həyat barədə iman sözü ilə onları dəstəkləmək lazımdır. Onlara əzab­larını öz şəxsi və dünyanın günahlarına görə cəza kimi qəbul etməyə vadar etmək, öz əzablarını İsa Məsihin çarmıxdakı əzabları ilə birləşdirməyi nəsihət etmək lazımdır.

Müqəddəs Yazı döyüş zamanı yaralanan, sağ ikən əsirliyə düşmək istəməyən, özünü öldürməyi qərara alan ilk yəhudi padşahı Şaul barədə bəhs edir. Amma o dərhal ölmədi və Amaleqli bir adamdan onu öldürüb qurtarmağı xahiş etdi, o da bunu etdi, sonra padşahın tacını və qolbağını Davuda gətirdi və buna görə müəyyən bir mükafat yaxud üstünlük almağı arzulayırdı. Saleh qəzəbə bürünmüş Davud ölümcül yaralı insanı öldürdüyünə görə onu yerindəcə cazalandırmaq əmrini verdi.

İntihar ağır günahdır. «İntihar insanın öz həyatını qorumaq və davam etdirmək kimi təbii meyllərinin əleyhinədir. İntihar insanın özünə olan qanuni məhəbbətinə tamamilə ziddir. İntihar insanın yaxınına olan məhəbbətini təhqir edir. İntihar Var Olan Allaha münasibətdə məhəbbətə ziddir» (KKK 2281). Bir vaxtlar bütpərəstlər özünü qurban verməyi mədh edirdilər, onu cəsarətin əlaməti adlandırırdılar. İsa Məsih buna düzgün münasibəti qaytardı. İntihar – insanın təbiətə qarşı (heç bir heyvan özünü öldürmür), özünə və başqa insanlara qarşı, ən əsası isə həyat verən Rəbb Allaha qarşı günahdır.

İntihar əzablardan, utancaqlıq yaxud çətin öhdəliklərdən və sınaqlardan qaçma cəhdidir. İnsanlar müvəqqəti olan hisslərin (məyusluq) təsiri ilə özünü öldürürlər. Bu günahın səbəbi şəxsiyyətin mənəvi tənəzzülü, imanın itirilməsi yaxud «həyatdan bezmə» də ola bilər. İntihar çarmıxını daşımaqdan, Allahın iradəsini yerinə yetirməkdən qaçmaq cəhdidir. Buna görə də intihar insana layiq olmayan əməldir.

Bir müəllim parkda hərəkətlərindən böyük həyəcan keçirdiyi görünən bir insana rast gəldi. Müəllim ona yaxınlaşdı və onunla söhbət etmək istədi. O sərt cavab verdi. Lakin ağıllı müəllim incimədi, çünki bu insanın qeyri-adi həyəcan vəziyyətində olduğunu hiss edirdi. Hər halda müəllim söhbəti başlaya bildi və o adam intihar etmək istədiyini etiraf etdi. Müəllim soruşdu: «Bunun faydası olacaqmı?» Bu sözlər zavallını sarsıtdı və o özünə gəldi. Həqiqətən, özünü öldürmək nə fayda verəcək? Bu dünyanın əzablarından qaçıb iblis və rədd olunmuşlarla birgə cəhənnəmdə əbədi əzab vəziyyətinə düşməyə gətirib çıxaracaq.

Müqəddəs Yazı intiharı çox dəhşətli bir şey kimi təsvir edir. Padşah Şaul qılıncın üstünə atılır. Bundan əvvəl o, məsləhət almaq üçün falçıya müraciət edərək Allaha öz nankorluğunu və sədaqətsizliyini göstərmişdi. Xain Axitofel atası padşah Davuda qarşı üsyan edən Avşalom onun məsləhətinə qulaq asmayanda özünü asır. Öz müəllimini 30 gümüş pula satan Yəhudanın özünü öldürməsinin təsviri insanı dəhşətə gətirir. İntihar satqınların xəyanəti və günahıdır. Onlar Allaha, özlərinə və yaxınlarına xəyanət edirlər.

Maddi ehtiyac üzündən bir ailədə ata özünü asdı və arvadını altı övladla tək qoydu. Qadın məyus olmadı, böyük çətinliklərlə mübarizə edərək övladlarına tərbiyə verdi və onları böyüdüb xeyirxah adam etdi. Burada həqiqi qəhrəman kimdir: məyusluq hisslərinə uyan, öz ailəsinə və Allaha xainlik edən kişi yaxud sadiq Allaha, öz vicdanına və öz uşaqlarına sadiq qalan qadın?

Bir neçə onillik bundan əvvəl Neapolda nikahdan əvvəlki gecə öz otağında knyaz Pinyaletti özünü güllələdi. O bunu yazı masasının yanında etdi; həmin masanın üstündə məsihçi imanının və mənəviyyatının məşhur əleyhdarı Nitşenin kitabını açıq qoymuşdu. Hamı bir təfsilata diqqət yetirmişdi: zavallının masasının üstündə divarda Allah Anasının ikonası asılmışdı; özünü öldürməzdən əvvəl o, ikonanı divara tərəf çevirmişdi. Allah Anasının baxışını hiss edərək o öz xəcalətli hərəkətini edə bilmirdi.

Hamiləliyin ləğvi Allahdan qisas üçün fəryad edən günahlarla bir sıradadır. Müqəddəs Yazı iddia edir ki, Allah ana bətnindəki hər bir insanın həyatından xəbərdardır: «Mən sənə ananın bətnində surət verməzdən əvvəl səni tanıdım, doğulmazdan əvvəl səni təqdis etdim» (Yer 1, 5), – deyə Rəbb bildirir. «İnsan həyatına döllənmə anından tam hörmət göstərilməlidir və o müdafiə olunmalıdır. Mövcudluğunun birinci anından insan bütün insan şəxsiyyətinin hüquqlarına malik olmalıdır, bunların arasında hər bir günahsız məxluqun yaşamaq üçün pozulmaz hüququ da var» (KKK 2270).

Katolik Kilsəsi öz başlanğıcından hələ dünyaya gəlməmiş uşaqların həyatını müdafiə edir: insanın dölü inkişafının birinci fazasında artıq insandır. Dölün ləğvi ananın bətnində öz mövcudluğunu başlayan insanın qətlidir. «Didaxe» kitabında (On iki Həvarinin təlimi) oxuyuruq: «Ananın bətnində dölü, həmçinin təzə doğulmuş körpəni öldürməyəcəksən». İkinci Vatikan Məclisi deyir: «Hamiləliyin ləğvi və uşaqların qətli dəhşətli cinayətlərdir». Döllənmiş həyat barədə Katolik Kilsəsinin təlimi həmişə dəyişməz olaraq qalır: hansı yolla icra edilməsindən asılı olmayaraq, mənəvi qanuna qarşı olduğuna görə bilavasitə məqsəd yaxud vasitə olan hamiləliyin ləğvi dözülməzdir. Yəni dölün yetkinliyinin (bir neçə həftə, bir ay, üç yaxud daha çox ay, çünki insanın həyatı döllənmə anında başlayır), həmçinin hamiləliyin ləğvinin hansı yolla olmasının (requlyasiya, «spiral», həb yaxud iynə vurma vasitəsilə icra edilən abort) əhəmiyyəti yoxdur.

Kilsə insan həyatına qarşı olan bu cinayətə kilsə qaydaları ilə müəyyən olunmuş kilsədən uzaqlaşdırma cəzasını tətbiq edir. «Əgər abort edən məqsədinə nail olsa, kilsədən uzaqlaşdırmalıdır (ekskommunikasiya) latae sententiae (qanunun özünün gücü ilə bağlanan)» (KKK 2272). Əgər hamiləlik ləğv olunursa, nəinki ölən uşağın anası, eləcə də buna razılıq verən atası, bu proseduranı həyata keçirən həkim, həmçinin ananın bətnindəki uşağın öldürülməsi barədə qərarın qəbul edilməsinə hədələri, yaxud məsləhətləri ilə təsir göstərən başqa adamlar da Kilsədən uzaqlaşdırılmalıdır.

Hər bir həkim təsdiq edir ki, ananın bətnindəki döl insandır. Döllənmədən başlayaraq, hər bir insanın tərcümeyi-halı belədir:

* 18-25 gün – ürək döyünməyə başlayır;

* 20 gün – sinir sistemi formalaşır;

* 45 gün – beynindəki elektromaqnit dalğaları qeyd olunur;

* 8 həftə – beyin və fizioloji sistem formalaşır;

* 9-10 həftə – uşaq gözlərini qıyır, dilini tərpədir, yumruğunu sıxır;

* 11-12 həftə – uşaq baş barmağını sorur, mayeni udur, tənəffüs orqanları inkişaf edir, dırnaqları yaranır;

* 16 həftə – göz qapağı yaranır.

Bunu bilən insaflı və hər bir həyatın xilası barədə Hippokrat andını xatırlayan həkim ananın bətnindəki insanın həyatını məhv edə bilməz.

Tibb elmi hamiləliyin ləğvinin təhlükəli prosedura olduğunu söyləyir. Statistika təsdiq edir ki, daha çox qadın ağır doğuş səbə­bindən deyil, hamiləliyin ləğvi səbəbindən ölür. Bu pro­se­dura qadının ölümünə səbəb olmasa da, bir çox xəstəliklərin səbəbi olur. Bəzi ölkələrdə bətnindəki insan həyatını məhv etməyə qərar verən hər bir qadın növbəti ərizəyə qol çəkməlidir:

Mən, ……………………………………………………, hamiləliyin ləğvinə qərar verirəm və bildirirəm ki, mümkün olan növbəti ağırlaşmalar barədə məlumatım var: uşaqlığın deşilməsi, qanaxma, yoluxma, həmçinin xərçəngə, venaların tromb iltihabına, uşaqlıq xaricində olan hamiləliyə, hamiləliyə qabil olmamağa gətirib çıxaran eroziya.

Tarix: İmza:

Bu, qadının psixikasına daha ağır təsir göstərir. Allah ona güclü analıq hissi və incə ürək verib, buna görə də öz bətnində canlı uşağın öldürülməsi onun psixikasına ağır və unudulmaz təsir göstərir, bu da əsəbilik, vicdan əzabı, depressiya və nevroz vəziyyətlərinə gətirib çıxarır. Ürəyinin altında daşıdığı uşağını öldürəndən sonra qadın (təşviq, qərəzli söhbətlər yaxud əri və yaxınları tərəfindən təzyiqlər nəticəsində), əzab çəkir və çox vaxt özü bunun səbəbini anlamır, çünki vicdanın səsini boğmaq mümkün deyil. Qadın Allahın ona verdiyi analıq təbiətinə, uşaqlara olan məhəbbətinə qarşı gedərək qəlbində harmoniyanı və həyatın sevincini qoruyub saxlaya bilmir.

Yer üzündəki birinci qətli yada salaq: Qabil öz qardaşı Habilin qanını tökür. Allah ondan soruşur: «Qardaşın Habil haradadır?» (Yar 4, 9). Vicdan səsinin təkrarladığı bu sual Qabilə çox xoşa­gəlməzdir, o bu barədə fikirləşmək və danışmaq istəmir, bunu unutmaq istəyir və ona görə də qəzəblə cavab verir: «Məgər mən qardaşımın keşikçisiyəm?» (Yar 4, 9). Qabilin tövbə etmə­di­yini görən Allah deyir: «Sən nə etdin? Qardaşının qanının səsi tor­paqdan Mənə fəryad edir… Buna görə də bu torpaqda lənət almısan» (Yar 4,9-11). Eləcə də bu gün Allah doğulmamış insanı öldürən ata və ananın vicdanına daim müraciət edir: «Övladın haradadır?» Onlardan bir çoxu qəzəblə cavab verir: «Nədir, bütün uşaqlara yemək verməliyik?! Bəs onların sayı üç yaxud dörd olsa, necə? Bəs Öz ləzzətim üçün nə vaxt yaşayım?» Onda Allah deyir: «Siz nə etdiniz? Uşağınızın qanının səsi Mənə fəryad edir!»

Bu gün ailələrin əksəriyyəti seçim qarşısındadır: öz vicdanını tapdalayaraq uşaqdan azad olmaq yaxud qəhrəmanlığı seçmək – bütün çətinliklərə və pul çatışmazlığına, xəstəliklərə və zəif sağlamlığa baxmayaraq, Allaha etibar etməklə uşağı qəbul etmək. Məsihin sözlərinə diqqət yetirək: «Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər» (Mat 18, 5).

Pulun azlığı barədə deyə bilərik ki, həyatda ecazkar paradoks görünür: bundan çox vaxt varlı adamlar şikayətlənirlər və onların da ən az övladı olur. Mərhəmətli Allah isə Onun Əmrlərinə uyğun yaşamaq istəyənlərə kömək edir. Dünyaya gəlməmiş uşaqların öldürülməsinin kökü insanların ürəyindəki günahlardadır. Zəngin adamın pulu həmişə azdır, o, övladlarını deyil, pulu sevir. İmanlı insan isə Allaha ümid edir, Allah da onu tək qoymur. Atalar sözü nahaq yerə demir: «Əgər Allah insana həyat veribsə, ona ruzi da verib».

Dünyaya gəlməmiş övladını öldürən valideynlər öz xalqına və öz vətəninə də əl qaldırırlar. Öz övladını səmanı və günəşi görməkdən məhrum edən valideynlər nəinki özlərinə və öz övladlarına, həmçinin vətənə və həmyerlilərinə Allahın cəzasını gətirirlər. Onlar öz xalqının sayını azaldır, onu ola bilsin ən yaxşı oğul və qızlarından məhrum edirlər. Tarixi tədqiqatlar təsdiq edir ki, Katolik Kilsəsinin ən yaxşı övladları, xalqın havadarları və alimləri çoxuşaqlı ailələrdən gəlir. Müqəddəs Yekaterina Siyenli ailədə iyirmi beşinci, Müqəddəs Tereza Avilalı ailədə doqquzuncu uşaq olub, Müqəddəs Foma Akvinalının beş, Müqəddəs İqnati Loyolanın on, Müqəddəs Bernardın altı qardaşı və bacısı olub. Böyük şair Lessinq ailədə on üçüncü, məşhur bəstəkar Hayden on ikinci, rəssam Dürer on yeddinci, Bencamin Franklin on yeddinci uşaq olub.

Spirtli içkilərdən sui-istifadə etmək zəmanəmizin ciddi problemlərindən biridir. Bu, təhlükəli dərəcədə artır, insanı ləyaqətdən məhrum edən və onu heyvanlardan aşağı endirən bu günahın nəticələrinə qiymət qoymaq həddindən artıq çətindir.

Sərxoşluq Allahı təhqir edir, çünki sərxoşluq vəziyyətində Allahın «surətində» (Yar 1, 27) yaranan, yer üzündə bütün məxluqların ağası, Allahın övladı və Səmavi Padşahlığın varisi olan insan könüllü olaraq ağıldan istifadə etmə qabiliyyətini (könüllü dəlilik) və öz əməllərinə görə cavabdehlik hissini itirir. Müqəddəs Yazı xəbərdarlıq edir: «Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşah­lı­ğını irs olaraq almayacaq» (1 Kor 6, 9-10). İsa Məsih xəbərdarlıq edir ki, spirtli içkilərdən sui-istifadə etmək vicdanın kütləşməsinə və əbədi mühakiməyə gətirib çıxarır: «Özünüzə fikir verin! Qoy ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları ilə yüklənməsin. Qoy qiyamət günü bir tələ kimi üzərinizə qəflətən gəlməsin» (Luka 21, 34).

Müqəddəs Yazı spirtli içkilərdən sui-istifadə səbəbi ilə xəcalətli ölüm nümunələrini gətirir. Daniel peyğəmbər vasitəsilə Allahdan xəbərdarlıq almasına baxmayaraq, sərxoşluq orgiyası zamanı Babil padşahı Valtasar ölür. Aşşur qoşununun baş komandanı Olofern Yuditin əli ilə xəcalətli ölümlə ölür. Davud və onun adamlarına qarşı qərəzli olan Naval sərxoşluq orgiyasından sonra növbəti gün ölümə yaxın olduğunu biləndə qorxudan ölür.

Sərxoşluq bir çox bəlanın səbəbi olur. Sərxoşluq cinayət məktəbi və həbsxanaya yoldur. Sosioloji məlumata görə, məh­busların 50%-i spirtli içkilər səbəbindən azadlıqdan məhrum olurlar. Ən ağır cinayətlər – qətl, ağır yaralama, zorakılıq, arvad­larını, övladlarını və valideynləri döymək, yaxın qohumlar arasında cinsi əlaqə əksər hallarda sərxoşluq vəziyyətində törədilir. Müharibələrdən çox spirtli içkilər dəfnlərə səbəb olur.

Doqquz yaşlı oğlan məktəbdən qayıdan zaman böyük sürətlə hərəkət edən avtomobil səkiyə çıxır və uşağı əzir, o da yerindəcə həlak olur. Avtomobildən sərxoş kişi çıxır və dumanlı gözləri ilə baş verənlərə baxır…

Sərxoşluq əzabların, ailədəki davaların ən əsas səbəbidir. Spirtli içkilərdən sui-istifadə ailəyə yoxsulluq, məyusluq və göz yaşı gətirir, nifrət və boşanmaya gətirib çıxarır.

4-cü sinif şagirdləri «Həyatımın ən xoşbəxt günü» mövzusunda inşa yazırlar. Bir qız yazmışdı ki, onun həyatında ən xoşbəxt gün atasının həbs olunduğu gündür, çünki o gündən etibarən evdə sakitlik hökm sürür. Heç kim ananı döymür, heç kim onun saçlarını yolmur və ayağı ilə təpikləmir, heç kim onu lənətləmir. Həqiqətən, spirtli içkilərdən sui-istifadə ailə həyatını əsl cəhənnəmə çevirir.

Spirtli içkilər sağlamlığı məhv edir. Spirtli içkilərin törətdiyi şəxsiyyətin tənəzzülünə xüsusi diqqət yetirmək lazımdır. İçki düşkünü tədricən hadisələrə normal insani reaksiya göstərmə qabiliyyətini itirir: o, ailəyə laqeyd olur, ailədə əzabların səbəbi olduğuna, öhdəliklərini yerinə yetirmədiyinə, tənbəl olduğuna görə vicdan əzabı hissini itirir. İçki düşkünü arvadının və övlad­larının xəstəliklərinə heç diqqət yetirmir. Onun emosionallığı son dərəcədə güclənir, o əsəbi olur və tez özündən çıxır, özünü idarə etmir, onun əhvalı sürətlə dəyişir, orqanizmi zəifləyir və insan sistematik səylərə qadir olmur, düşünmək qabiliyyəti, yaddaşı və diqqəti kütləşir. Şəxsiyyətin tam tənəzzülü tədricən baş verir. İçki düşkünü bunu görmür, yaxınları isə ondan uzaqlaşır. Lakin ən dəhşətlisi odur ki, bu tənəzzül onun övladlarına keçir.

Bu gün zehni cəhətdən geridə qalmış uşaqlar üçün xüsusi təşkilatların sayı kifayət qədər deyil. Bu təşkilatlardakı uşaqların 90%-i spirtli içkilərin qurbanlarıdır. Onların bədbəxt üzlərində valideynlərindən aldığı böyük inciklik və zərər barədə yazılıb. Tədqiqatlar göstərir ki, spirtli içkilər səbəbi ilə yaranan xəstəliklər üçüncü və dördüncü nəslə qədər ötürülür.

Gənclərin törətdiyi xuliqanlıq, kobudluq və əxlaqsızlıq, demək olar ki, həmişə spirtli içkilərdən istifadə etməyin nəticəsi olub. Spirtli içkilərin təsiri altında olan insan özünü idarə edə bilmir və ayıq vəziyyətdə ağlına belə, gətirə bilmədiyini edə bilər. Spirtli içkilərin təsiri ilə gənc oğlan və qızlar utancaqlıq və ləyaqət hisslərini itirirlər. Müqəddəs Yazı deyir: «Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır» (Ef 5, 18). «Şərabın al rənginə, qədəhdə parlamasına, rahat içilməsinə baxma, axırda ilan kimi sancar, əfi ilan kimi zəhərləyər» (Sül 23, 31). Spirtli içkinin təsiri ilə edilən əməl bütün sonrakı həyatı korlaya bilər.

Allah, Katolik Kilsəsi, vicdan, öz xalqına və vətəninə məhəbbət bizə spirtli içkilərdən sui-istifadə ilə mübarizə etməyi əmr edir. İradəsiz, ruhani cəhdləri itirən xalqı idarə etmək asan olduğuna görə düşmənlər həmişə bizi içkiyə alışdırmağa çalışırlar.

Əl çəkmədən spirtli içki təklif etmək və başqasını içməyə məcbur etmək olmaz. Əgər kimsə içmək istəmirsə, ona mənəvi təzyiq göstərmək və spirtli içki içmək üçün yola gətirmək lazım deyil. İnsanın əqidəsinə və onun vicdanına hörmət etmək lazımdır.

Uşağın Birinci Müqəddəs Şəriklik Ayininə yaxud dəfnə gələnlərə spirtli içki təklif etmək olmaz. Məsihçilik oyaqlıq və fədakarlıq imanıdır. Allah bizə sağlam düşüncə, möhkəm olmaq, əxlaq və məhəbbət ruhunu verdi.

Spirtli içkilər barədə deyilənlərin hamısını narkotik mad­dələrin istifadəsinə də aid etmək olar. Lakin narkotik maddələrin təsiri daha güclüdür və onlar daha sürətlə sağlamlığı və insanın ruhani həyatını məhv edirlər. Buna görə də narkotik maddələrin istifadəsi həmişə ağır günah olur.

Yoldan çıxarma sözü yaxud nümunəsi ilə başqa adamı günaha salmaqdır. Bu, Allahın beşinci əmrinə qarşı ən ağır günahdır, çünki insanın canını ölümə aparır. Yoldan çıxarma insan canını öldürür, amma bunun mənası insanın ölməz şəxsiyyətinin məhvi deyil, insanda ağır günah vasitəsilə İlahi həyatın məhv edilməsidir. Bu da insanı «əbədi ölümə» (müqayisə edin: Vəhy 20, 11-15) – cəhənnəmdə əbədi əzablara məhkum­luğa gətirib çıxarır.

Rəbbimiz İsa Məsih deyir: «İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalın­mazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir» (Mat 18, 7). Müqəddəs Yazı başqasını yoldan çıxaran söz və əməlləri çox ciddi pisləyir. İsa Məsih uşaqları yoldan çıxaranlara qarşı xüsusilə kəskin sözlər söyləyirdi: «Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar» (Mat 18, 6).

Bu həm təəccüblü, həm də dəhşətlidir, çünki çox vaxt öz övladlarını yoldan çıxaran məhz valideynlər olurlar. Əslində isə Allah valideynlərə oyaq olmaq və övladlarının ruhani və fiziki sağlamlığına diqqət yetirməyi tapşırdı. Öz davranışı və ətraflı düşünülməmiş sözləri ilə övladlarını Allahdan döndərən və onlara xilas yolunu bağlayan valideynlərin vay halına!

Bir nəfər həmişə uşaqlıqda imanını itirdiyini xatırlayırdı. Onun atası sözündə və zarafatlarında yüngülxasiyyət bir insan idi və bir dəfə onlarda qonaqlıq olanda o, badəsini qaldırıb dedi: «Birlikdə olmağımız yaxşıdır, gəlin şadlanaq! Kim bilir, gələcək həyatda sevinə biləcəyikmi?». Qonaqlardan bir nəfər isə əlavə etdi: «Kim bilir, əbədi həyat varmı?». Bunu eşidən oğlan daxilində sarsıntı keçirdi və yoldan azdı – Allaha imanını uzun müddət üçün itirdi.

Yoldan çıxarma o vaxt iblisanə adlanır ki, kimsə başqasını imandan məhrum etmək niyyəti ilə yoldan çıxarır: ona ateist kitablar təklif edir, Katolik Kilsəsi və keşişlər, müqəddəs ayinlər barədə pis fikirlər söyləyir. Müqəddəs Həvari Pavlos xəbərdarlıq edir: «Aldanmayın: «Pis adamlarla ünsiyyət yaxşı əxlaqı pozur» (1 Kor 15, 33).

Lakin demək lazımdır ki, yoldan çıxmaq da pisdir. Yoldan çıxan (başqasından nümunə götürərək ona bənzəyən) hər kəs ürəyində pis iş etdiyini anlayır. Hamımız bilirik ki, Allahın məhkəməsində hər kəs öz pis əməllərinə görə cavab verəcək, xeyirxah işlərinə görə isə mükafat alacaq. Allah bütün insanları və ayrı-ayrılıqda hər kəsi mühakimə edəcək, bizim isə başqasını mühakimə etməyə, həmçinin onların pis əməllərinin təsirinə düşüb yoldan çıxmağa ixtiyarımız yoxdur.

Yekunda fariseylərin yoldan çıxarmasını yada salmaq yaxşı olardı. Bu halda yoldan çıxarmanın səbəbi başqasının əməli deyil, yoldan çıxanın daxilindəki pozğunluqdur. Daxilən pozğun olan insanlar başqasında hətta yaxşı əməllər görsələr belə, yoldan çıxırlar, onlarda pis cəhətlər və natəmiz niyyətlər axtarırlar. Məsələn, İsa Məsih camaat qarşısında günahkarlara tövbə barədə danışanda, şənbə günündə möcüzələr edəndə, Özünü Allah Oğlu adlandıranda fariseylər yoldan çıxırdılar. Bunun təqsirkarı Məsih deyil, onların özləri idi, çünki daxili korlanma onlara həqiqəti görməyə imkan vermirdi. Eləcə də bu gün elə adamlar var ki, bəzi kilsə mərasimlərini (məsələn, xaçı öpmək) görüb yoldan çıxırlar, başqalarının tez-tez tövbə etdiyini və Evxaristiyada iştirak etdiyini görüb yoldan azırlar, Onlar Katolik Kilsəsinin ər-arvad həyatına aid bəzi tələblərinə, dünyaya gəlməmiş uşaqlarının həyatının müdafiəsinə, nikahdan əvvəl əxlaqı qorumaq tələblərinə görə yoldan çıxırlar. Belə farisey yoldan çıxarmalarına fikir vermək lazım deyil.

VI. zİna etmə

IX. Heç kİmİn HƏYAT YOLDAŞINA tamah salma

Rəbb insanı can və bədənin birliyi kimi yaratdı. Bədən insanın əhəmiyyətli tərkib hissəsidir, buna görə də Katolik imanı insan bədəninə böyük ehtiramla yanaşır. Vəftiz günündən başlayaraq, Kilsə insan bədəninin sağlamlığı barədə dua edir, ona xeyir-dua verir, onu təqdis olunmuş su ilə çiləyir, müqəddəs ətirli yağla məsh edir, çünki bədən Məsihlə birgə əbədi padşahlıq etmək üçün nəzərdə tutulub.

İnsanın bədəni Müqəddəs Ruhun müqəddəs yeridir, O bizdə Vəftiz anından etibarən yaşayır. Müqəddəs Pavlos deyir: «Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin» (1 Kor 6, 19-20).

İnsani bədənin iştirakı ilə yeni həyat dünyaya gəlir, həyat isə əhəmiyyətli və müqəddəsdir, onun başlanğıcı da müqəddəsdir, çünki onda Rəbb Allahın yaradıcı gücü təzahür edir. Buna görə də insani bədən ehtirama layiqdir və onu alçaltmaq olmaz. Allah insanı gələcək nəsillərə həyatı ötürmə (nəslin davamı) məsələlərində sui-istifadədən qorumaq üçün ona utancaqlıq və ləyaqət hissləri verdi. Yaradanın gözlərində həyatı ötürmə müqəddəs hərəkətdir, buna görə də Rəbb onu çox ağır əmrlə qoruyur: «Heç kimin arvadına tamah salma».

Müqəddəs Yazı xeyirxah və mərhəmətli Allahın insanları həyatı ötürmə instinktlərindən sui-istifadə etdiklərinə və bədənin ləyaqətini təhrif etdiklərinə görə cəzalandırmağa məcbur olduğu barədə bəhs edir. Sodom və Homorra şəhərlərini yada salaq – burada insanlar utancaqlıq, ləyaqət və vicdan hisslərini itirmişdilər. Allahın cəza alovu bu şəhərləri yer üzündən sildi. İnsani bədənin ləyaqətinə qarşı (əxlaqsızlıq) günahlarına görə daşqın o vaxtın bütün sivilizasiyanı məhv etdi, yalnız günahda iştirak etməyən Nuh və onun ailəsi bu cəzadan xilas oldular.

Müqəddəs Həvari Pavlos xəbərdarlıq edir: «Allah əxlaqsızları və zinakarları mühakimə edəcək» (İbr 13, 4). «Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq» (1 Kor 6, 9-10).

Altıncı və doqquzuncu əmrlər nəyi buyurur?

Rəbb Allah insana fikirlərində, sözlərində və əməllərində nikah yaxud subaylıq vəziyyətinə uyğun olaraq əxlaqı (bədən və ürəyin ləyaqətsiz günahlardan təmizliyini) qorumağı əmr edir. Əxlaq kişi və qadın cinsləri arasında fərqə düzgün və sağlam ruhani münasibət, həmçinin gələcək nəsillərə həyatı ötürməyə nizamlı münasibətdir. Nikahdan əvvəl gənc oğlan və qız tam əxlaqi bəkarəti qorumalıdır. Dul qadın və dul kişi də tam dulluq əxlaqını qorumalıdır. Nikahda olanlar ər-arvad əxlaqını, yəni cinsi ər-arvad münasibətlərindəki sədaqət və hörməti qorumalıdırlar. Allaha ölümünədək bəkarəti qorumağı vəd edən rahibə, həmçinin Allah qarşısında nikahsız və tam əxlaqla (daimi subaylıq) yaşamaq barədə and içən keşiş əxlaqi fəziləti daha da ucaldır, onu dini fəzilətə (Allaha ehtiram göstərmə) çevirir. Allah bizə öz vəziyyətimizə  uyğun olaraq əxlaqı nəinki əməllərdə, həmçinin fikir və arzularımızda da qorumağı əmr edir. İsa Məsih deyir: «Qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur» (Mat 5, 28).

Hər bir insan əxlaqi fəziləti sevməlidir, çünki ruhani və hətta ictimai həyatda onun mənası çox böyükdür. İnsanlar arasında əxlaqlı və ədəbli insanın hörmət və etibarı var. Ürəyi və bədəni təmiz olan insanın daxilində azadlıq və sevinc hissi var. O anlayır ki, başqa insana məhəbbət bədən instinktindən üstündür; hər bir insan bədən instinktini idarə etməli və Allahın iradəsinə uyğun olaraq istifadə etməlidir. Əxlaq – şənliyin, həmçinin öyrənmək və işləmək üçün verilən enerjinin mənbəyidir. Ürək və hisslərin təmizliyi sağlam dostluğa imkan yaradır, dua, günahların etirafı, Evxaristiya , ruhani kitab oxuma kimi ruhani məşğuliyyətləri yüngülləşdirir, insanın gözlərini ruhani suallara açır. «Nə bəxti­yardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcəklər» (Mat 5, 8), – deyə İsa öyrədir.

Məsihçi öz vəziyyətinə uyğun olaraq öz əxlaqını – subaylar, dul kişi və dul qadınlar tam əxlaqı, nikahda olanlar isə ər-arvad əxlaqını var qüvvələri ilə qorumağa səy göstərməlidirlər. Vicdanın səsinə qulaq asmaq zəruridir. Vicdan bizə həya hissinə əsaslanmağı və sadəliyi gözləməyi öyrədir. Həya hissi bədənin örtülü qalması gərək olan hissələrini çılpaq etməyə qoymur. Həya pərtlik hissidir; bizi alçaldan vəziyyətdə başqasının qarşısına çıxdığımıza görə, həmçinin başqaları bizim üçün məhrəm olanı görəndə və buna onların ixtiyarı olmayanda biz dərd çəkirik. Bədənimiz şəxsi və məhrəmdir, buna görə də ədəbsiz söhbətlərdən, kitablardan, filmlərdən və zarafatlardan çəkinmək lazımdır. Spirtli içkilərin sui-istifadəsindən çəkinmək zəruridir, çünki bu, utancaqlıq və ləyaqət hisslərinin böyük asanlıqla itirilməsinə gətirib çıxarır. Məryəm Anadan tez-tez dua istəmək, Onun dualarına tapınmaq və əxlaqı qorumaq üçün Onun dualarına etibar etmək lazımdır. Tez-tez günahları etiraf etmək və Evxaristiya Ayinində iştirak etmək lazımdır ki, İsa bizdə əxlaqi fəziləti qorusun. Günaha aparan vəziyyətlərdən (yerlərdən, adamlardan, utancaqlıq hissinin itirilməsinə və günaha gətirə bilən əşyalardan) çəkinmək lazımdır.

Bir dəfə Müqəddəs Avqustinin yanına bir gənc gəlib ondan məsləhət istədi – natəmiz meyllərdən necə azad olmaq olar? Yepiskop ona cavab verdi: «Oğlum, günaha aparan şeylərdən çəkinmək lazımdır – bundan daha təsirli vasitə yoxdur». Gənc sözə baxdı, əxlaqsız dostlarını tərk etdi, daha çox dua etməyə başladı, faydalı əməklə məşğul oldu və natəmiz meyllər azaldı. O bu barədə Yepiskopa söylədi və o dedi: «Günaha aparan vəziyyətlərdən həmişə çəkin. Əgər sən yüz dəfə məsləhətə gəlsən, mən sənə eyni sözü deyəcəyəm – günaha batmağına səbəb ola biləcək yer və insanlardan çəkin, çünki bu, ədəbsiz günahdan yeganə xilas yoludur».

Təmiz dağ çayının özünün böyük enerjisi var ki, bundan dəyirmanların və elektrik stansiyalarının turbinlərini işlətmək üçün istifadə etmək olar. Bu halda çay fayda verir. Lakin su axını kənara çıxsa və kirli dalğaları ilə tarlalardan və kəndlərdən keçsə, lənətə çevriləcək. Eləcə də Rəbb Allahın verdiyi nəsli davam etdirmə instinktini insan Yaradanın iradəsinə uyğun olaraq istifadə etsə və onu idarə etsə – o fəzilət olur, lakin insan bu qüvvəyə yiyəlik etmirsə və o, insanı Allaha və məqsədə diqqət yetirməmək halında ardınca sürükləyirsə, bu instinkt onun özünün və başqalarının bədbəxtliyinin səbəbinə çevrilir.

Allahın altıncı və doqquzuncu əmrlər nəyi qadağan edir?

Qeyd etmək lazımdır ki, Allahın VI və IX əmrlərini şüurlu və könüllü şəkildə pozmaq həmişə ağır günah hesab olunur. Günahlı fikir, hiss yaxud arzu tam şüurlu və könüllü şəkildə insana gəlməyəndə günah kiçik olur. Əxlaqa qarşı ağır günahlar bunlardır:

Əxlaqsızlıq – subay kişi və subay qadın arasında cinsi yaxınlıq.

Zina – ər-arvad sədaqətinə xəyanət.

Nikah ayini icra edilmədən birgə yaşamaq, həmçinin konkubinat (VVAQ-da qeyd olunmadan birgə yaşamaq) Allahın VI ­əmrinə qarşı ağır günahdır və ər-arvadın birgə həyatlarından Allahı kənar etməsidir.

Nikahdan əvvəl yoxlama – əxlaqi əmri ağır şəkildə pozur və yoxlamanın hədəfinə çevrilən insanın ləyaqətini təhqir edir.

Yaxın qohumlar arasında cinsi əlaqə – yaxın qohumlar və qudalar arasında cinsi əlaqə.

Masturbasiya (istimna) – təklikdə ədəbsiz hərəkətlər.

Qanuni ər-arvad olmayan şəxslər arasında olan ehtiraslı toxunmalar, sözlər, baxışlar, sözatmalar və öpüşlər.

Homoseksualizm iki kişi yaxud iki qadın arasında cinsi əlaqədir. Bu nəinki əxlaqa, həm də insanın təbiətinə qarşı olan ölümə aparan günahdır və «səmalardan cəza üçün fəryad edən» günahlara aiddir (həmçinin «Sodom» günahı adlanır).

Heyvanlarla cinsi əlaqə «səmalardan cəza üçün fəryad edən» xüsusilə, ağır cinayətdir.

Könüllü ədəbsiz fikir və arzular günahdır, insan onlara qalib gəlməyə və diqqətini onlardan çəkindirməyə çalışmır, əksinə, şüurlu və könüllü olaraq onlarda ləzzət axtarır.

Pornoqrafiya – ağır günahdır. Buna görə də ehtirası qızış­dıran ədəbsiz filmlərə baxan, ədəbsiz jurnal və kitab oxuyan kəs ağır günah etmiş olur. İsa Məsih deyir: «Qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur» (Mat 5, 28).

Boşanma barədə isə deyə bilərik ki, ər yaxud arvadla birgə yaşamağın nəticəsində insan imanın itirilməsi, ağır günah içində yaşamaq, xəstəlik yaxud ölüm təhlükəsi ilə qarşılaşırsa, həmçinin övladlarını məsihçi olaraq böyütmək mümkün deyilsə, bu hallarda Katolik Kilsəsi ər-arvadın ayırmasına icazə verir (ər-arvadın fiziki ayrılması və birgə yaşamalarının sonu). Lakin qanuni həyat yoldaşı sağ ola-ola ikinci dəfə evlənməyi Allah qadağan edir .

Əxlaqa qarşı günah ilk növbədə Yaradana qarşı günahdır. Allah adamlara verdiyi həyatı ötürmə ənamını çox ağır qanunu ilə məhdudlaşdırdı. Altıncı əmrə qarşı edilən günahlar insanın özünə qarşı etdiyi günahlardır. Müqəddəs Pavlos deyir: «İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir» (1 Kor 6, 18).

İnsanın ləyaqətini təhqir edən murdar günah artıq bu həyatda cəza gətirir: vicdan əzabları, həyatda məyusluq, iradəsizlik və ümidsizlik – bunlar imanın itirilməsinə və hətta özünü öldürməyə gətirib çıxarır.

Əxlaqsızlıq və hər şeyə yol vermə ailələri dağıdır, onlara dava, əzab və lənət gətirir. Pozğunluğa görə arvadlar, ərlər, uşaqlar əzab çəkir. Ər-arvad münasibətlərinə xəyanət və boşanmalar övladların mənəvi pozğunluğuna gətirib çıxarır, həmçinin valideynlərin və əcdadların xatirəsini ləkələyir. Bir insan dörd dəfə evləndi və hər bir qadını uşaqla tərk etdi. Onun ailəsi haradadır, o necə insandır və o, sözün tam mənasında insandırmı? Axı insana ən çox məxsus olan xüsusiyyətlərdən biri ailədə doğul­maq və yaşamaqdır.

Həyatı ötürmə sahəsində sui-istifadələr xalqları məhv edir. Roma imperatorluğu bir neçə əsr ərzində, demək olar ki, dün­yanın yarısına hökm edirdi. Sanki onun qüvvəti sarsılmaz idi. Lakin o yox oldu. Kim ona qalib gəldi? Roma şairi Horasi cavab verir: «Zorakılıq və əxlaqsızlıq onu dəfn etdi». Əxlaqsızlıq roma­lıların qəlblərinə xəlvətcə girdi və onlardan həyat suyunu sorub çıxartdı.

Bu gün gözlərimizin qarşısında hər şeyə yol vermə şəxsiy­yətləri, ailələri və hətta xalqları məhv edir; sanki istehlak ruhu ilə sərxoş olmuş bu adamlar ürəklərində və ictimai həyatda əxlaqsızlığa getdikcə daha çox yol verirlər.

Allahın əmrləri bizim üçün düzgün və yaxşıdır. Buna görə də olduqca güclü əxlaqsızlıq təbliğatının təsiri altına düşməyək, əksinə, tam ciddiyyətlə cinsi ifratçılığın faciəvi nəticələrini dərk edərək gəncləri fəlakətli səhvlərdən qoruyub saxlamağa çalışaq.

VII. oğurluq etmə

X. Heç kİmİn heç bir şeyİnə tamah salma

Torpağı və onun zənginliyini yaradan Rəbb Allah onu adam­lara tapşırdı, torpağın qayğısına qalmalarını, hökm və idarə etmələrini, həmçinin onun sərvətindən istifadə etmələrini arzulayırdı. Hər kəsin torpağın maddi nemətlərinə sahib olmaq və onlardan istifadə etmək hüququ var. Maddi nemətlərin məqsədi həyatı dəstəkləməkdir. Belə nemətlərdən istifadə insan üçün məqsəd olmamalıdır, çünki bu yalnız həyatı dəstəkləyən, ruhani inkişaf və Allahla əbədi birlik əldə etmək üçün bir vasitələrdir.

Xüsusi mülkiyyət hüququ həyatın təbii təməllərindən irəli gəlir. İnsan müəyyən əşyaya sahibolma hüququna yalnız onu qanuni yolla əldə edəndə malik olur: əşyanı özü düzəldir, alır, hədiyyə verir yaxud miras alır.

Mülkiyyət xüsusi (şəxsi), ümumi (məsələn, ailəyə məxsus: mebel, qab-qacaq) və dövlətin (məktəblər, xəstəxanalar, nəqliyyat, parklar və meşələr) ola bilər.

Allahın VII və X əmrləri nəyi buyurur?

«Yeddinci Əmr dünyəvi nemətlər və insan əməyinin bəhrəsini idarə edəndə ədalət və mərhəmət prinsiplərindən istifadə etməyə göstəriş verir» (KKK 2451).

Xüsusi mülkiyyət hüququ təbii hüquqdur. Bizə qalan bəşəriy­yətin ən qədim sənədləri şəhadət edir ki, hər bir dövlət vətən­daş­larının xüsusi mülkiyyətini qoruyub və bu hüququ pozanları (oğruları və quldurları) çox ciddi cəzalandırıb.

Ailənin mülkiyyətini qorumaq və mümkün qədər onu çoxalt­maq zəruridir. Valideynlər övladlarında ailələri üçün əziyyətlə əldə etdikləri hər şeyə ehmallı münasibəti tərbiyələn­dir­məlidirlər.

İctimai mülkiyyəti qorumaq lazımdır. Buna görə də ağacların kəsilməsi, suların çirkləndirilməsi, heyvanların və quşların məhvi, abidələrin və ictimai binaların uçurulması günahdır. Məsihçi öz Vətənini, əcdadlarının yaşadığı, özünün doğulduğu və hal-hazırda sakin olduğu torpağı sevməlidir. Vətənini sevməyən və öz xalqına qayğı göstərməyən insan mükəmməl şəxsiyyət ola bilməz.

Sahibkar vaxtında və ədalətlə işçilərə muzd verməlidir. O həmçinin müvafiq əmək şəraiti də yaratmalıdır.

Yeddinci və onuncu əmrlər nəyi qadağan edir?

Oğurluq – sahibinin iradəsinə zidd olaraq özgənin əşyalarını gizlicə mənimsəməkdir.

Qarət – əşyanı zorakılıqla almaqdır.

Fırıldaq – yalanın köməyi ilə maddi mənfəətin əldə edilməsidir. Məsələn, müəyyən bir əşyanın alqı-satqısı zamanı meydana çıxa bilər: satıcı onu dəyərindən baha satmağa çalışaraq köhnə əşyanı təzə yaxud xarab olmuş əşyanı yeni əşya kimi göstərir. Belə əldə edilmiş gəlir qanunsuzdur və onu aldadılmış şəxsə qaytarmaq lazımdır.

Korrupsiya – pulla, rüşvətlə, bəxşiş və s. ilə şəxsləri qanun və ədalətə qarşı hərəkət etməyə meylləndirmək.

Sələmçilik – faiz əldə etmək niyyəti ilə borc pul vermək. Müqəddəs Yazı sələmçiliyi pisləyir.

Ədalətlə işləyən adama əmək haqqını verməmək. Bu, Allaha qisas üçün fəryad edən günahlara aiddir.

Spekulyasiya – süni yolla malların qiymətini qaldırmaq (alıcının son dərəcədə ehtiyacından yaxud xəbərsiz olmasından istifadə edərək).

Qumar oyunu – mənəvi cəhətdən yolverilməzdir, çünki oyunda qalib gələn qanunsuz yolla maddi nemətə sahib olur (qazanmır, hədiyyə yaxud miras almır), oyunda uduzan isə həyat üçün zəruri olan vasitələrdən məhrum olur.

Keyfiyyətsiz əmək vicdanla yerinə yetirilməmiş işə görə verilən muzdu almağa ixtiyar vermir.

Sənədlərin saxtalaşdırılması vasitəsilə insan oğru kimi haqsızlıqla maddi neməti əldə edir.

İsrafçılıq günahdır, çünki ailəni yaxud digər bir cəmiyyəti zəruri olan şeylərdən məhrum edir. Məsələn, övladlarını yararlı qidadan məhrum edərək bahalı mebel, paltar, spirtli içkilər almaq.

Tapılan əşyanı mənimsəmə o vaxt günah olur ki, əşyanı tapan imkanı olanda onu sahibinə qaytarmır yaxud sahibini axtarmağa cəhd etmir.

Borcu saxlama – o vaxt günah olur ki, borclu borc verənin bunu unutduğundan istifadə edərək borcunu qaytarmır yaxud borcu qaytarmaqdan qaçmağa çalışır.

Özü oğurlamayan və başqasına ziyan verməyən, lakin başqasını öyrədən, onu maddi ziyan vurmağa təhrik edən yaxud bunu tövsiyə edən şəxs də günah edir. O, vurulmuş ziyanın nəticələrinə görə, bilavasitə ziyan vuranla eyni məsuliyyət daşıyır.

Oğurlamaq yaxud ziyan vurmaq barədə könüllü arzular və cəhdlər də insanın onlara qalib gəlməyə və rədd etməyə çalışmadığı təqdirdə günaha çevrilir, çünki hər bir günah fikirlərdən başlayır.

VII əmrə qarşı günahın ağırlığı qanunsuz mənimsənilmiş əşyanın dəyərindən, həmçinin vurulmuş ziyanın həcmindən asılıdır, çünki oğurlanmış eyni məbləğdə əşya zənginə az, kasıb dul qadına isə böyük ziyan vurur.

Müqəddəs Yazı deyir ki, oğurluq edən kəs özü özünə düş­məndir (müqayisə edin: Məsəl 29, 24). Oğurluq ilk növbədə oğur­luq edəni bədbəxt edir: «Bu bütün yer üzünə yağacaq lənətdir… Oğrunun evinə və Mənim adımla yalandan and içən adamın evinə lənət girəcək, o evin içində qalacaq, taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək» (Zək 5, 3-4).

Bu lənət yerinə yetir – haqsızlıqla əldə edilən şey xoşbəxtlik gətirmir. Asanlıqla gələn asanlıqla da gedir. Oğurluq edənlər bunu bilir. Həbsxanada olan belə zavallılardan biri özü barədə kitab yazdı və burada həyatının bədbəxt hadisələr, xəcalət və təhqirlər silsiləsindən ibarət olduğunu etiraf etdi.

Lakin ən böyük ziyanı insan özü özünə vurur. Həvari Pavlos deyir: «Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq» (1 Kor 6, 9-10).

Bir ata oğlunu cüzi oğurluğa görə çox ciddi cəzalandırdı. Ağlayan oğul deyirdi: «Bu əhəmiyyətsiz bir şeyə görə sən mənə çox böyük cəza verirsən!» Ata isə cavab verdi: «Səni çox ciddi cəzalandırıram, çünki mən səni cəzalandırmasam, gələcəkdə səni həbsxana cəzalandıracaq».

Həqiqətən, həbsxanalar oğrularla doludur, bu cinayət daha çox məhbus toplayır.

Vurulmuş ziyanın əvəzi barədə

Allahın VII əmrinə qarşı günahını dərk etmək, onun üçün təəssüf etmək, səmimiyyətlə günahı etiraf etmək kifayət deyil, vurulmuş ziyanın əvəzini vermək zəruridir.

Haqsızlıqla mənimsənilmiş əşya yaxud pulu kim qay­tar­malıdır? Ziyanı vuran şəxs. Lakin bir qrup insan maddi ziyan vurursa, əvəzvermə məsuliyyəti ziyan vuran qrupun təqsirinə uyğun olaraq hər bir üzvünün üzərindədir. Həmçinin oğurluq etməyə kömək edən, imkan yaradan yaxud məsləhət verən şəxs də ziyanın əvəzini verməlidir.

Кimə ziyanın əvəzini vermək lazımdır? Sahibinə; lakin bu mümkün deyilsə, haqsızlıqla mənimsənilmiş əşyanı sahibinin arvadına yaxud ərinə, uşaqlarına yaxud valideynlərinə qaytarmaq lazımdır. Lakin bu da mümkün deyilsə, vurulmuş ziyanın ölçüsündə pul məbləğini yoxsullara paylamaq yaxud mərhəmət işləri (uşaq evi, məbədin təmiri) üçün sərf etmək lazımdır.

Nəyi qaytarmaq lazımdır? Haqsızlıqla mənimsənilmiş əşyanı. Lakin əgər bu əşya artıq istifadə olunub yaxud xarab olubsa, təzəsini almaq və sahibinə qaytarmaq lazımdır. Əgər bu mümkün deyilsə, əşyanın o vaxtda olan müvafiq dəyərində pul məbləğini qaytarmaq lazımdır. Lakin əgər bu əşya oğruda olduğu müddət ərzində sahibinə maddi fayda gətirə bilərdisə, bu maddi faydanı da ona ödəmək lazımdır.

Ziyanı nə vaxt ödəmək lazımdır? Mümkün qədər tez.

Necə ödəmək lazımdır? Əvəz verməyin üsulu böyük əhəmiy­yət daşımır. Bunu şəxsən, vasitəçi bir adamla, özünü göstər­mədən də etmək olar, poçtla göndərmək yaxud xəlvətcə əşyanı elə bir yerə qoymaq olar ki, sahibi onu götürə bilsin, çünki haqsızlıqla mənimsənilmiş əşyanın qaytarılması utancaqlıq və təhqir hissi ilə bağlıdır. Lakin vurulmuş ziyanın əvəzini elə qaytarmaq lazımdır ki, sahibi çətinlik çəkmədən öz malını götürə bilsin.

Sahibindən borcu bağışlamasını diləmək olar. Əgər o, borcu bağışlayır və onu geri tələb etmirsə, borcu qaytarmaq məsuliyyəti aradan qalxır. Çox vaxt valideynlər öz uşaqlarına ailəyə vurduqları maddi ziyanı bağışlayırlar.

Ölüm yatağında olan bir ata bir insana verdiyi maddi ziyanı ödəməyi öz oğullarından diləyirdi. O sağ olanda borcun qaytarılmasını ləngidirdi, lakin ölümündən əvvəl öz səhvini dərk etdi və vicdan əzabı çəkdi. O, oğullarından borcunu qaytarmağı xahiş etdi və onlar bunu etməyi ona söz verdilər. Onun ölümündən sonra oğlanları dedilər: «Borcu qaytarsaq, atamıza nə olacaq? Əgər o, göydədirsə bu daha lazım deyil, əgər atanız cəhənnəmdədirsə, borcu qaytarmağımız ona kömək etməyəcək. Lakin o, ərafdadırsa, təmizlənməsi üçün onsuz da əzab çəkəcək». Onlar atalarının borcunu qaytarmadılar. Beləliklə, onlar atalarının günahını və günaha görə cəzanı üzərlərinə götürdülər. Bu kədərli nümunə bizi öyrədir ki, başqa insana vurulan ziyanın əvəzini verməyi yubatmaq olmaz.

Müjdə bizə səmimi tövbə edən vergiyığan Zakkayın müsbət nümunəsini göstərir. Bu insan Roma dövləti üçün vergi toplamaqla məşğul idi. O, insanlardan lazım olandan daha çox pul alırdı və beləcə böyük sərvət toplamışdı. Lakin o, İsanı gördü, Onun sözlərini eşitdi və ürəyi qəmlə doldu. Məsihi öz evinə gətirib burada olan adamların qarşısında söz verdi ki, sərvətinin yarısını yoxsullara paylayacaq, incitdiyi adamlara isə dördqat artıq əvəzini qaytaracaq. Bu sözləri eşidən Xilaskar dedi: «Bu gün bu evə xilas gəldi» (Luka 19, 9).

«Mərhəmətli olun» (Luka 6, 36)

Şəxsi mülkiyyət hüququ üzərimizə mərhəmət borcunu həvalə edir. Kasıb və zavallı adamlar ümid edə bilərlər ki, Məsih imanlıları onlara kömək edəcək. Məsih dəfələrlə təkrar edir ki, əbədi xilasımız mərhəmət işlərini edib-etməyimizdən asılıdır. O, Qiyamət Günü mərhəmət edənlərə deyəcək: «Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz» (Mat 25, 34-35).

İsa vurğulayır ki, zəngin olanların borcu kasıb olanların qayğısına qalmaqdır: «Qonaqlıq verəndə yoxsulları, əlilləri, topalları, korları çağır» (Luka 14, 13).

Məsih Kilsəsi həvarilərin dövründən Məsihin bu əmrini yerinə yetirməyə çalışır. Müqəddəs Pavlos Qalatlılara məktubunda yazır ki, Həvarilər Peter, Yəhya, Yaqub ona və Barnabaya Həvarilərin fəaliyyəti üçün xeyir-dua verəndə onlara yoxsulların qayğısına qalmağı xatırlatdılar (bax. Qal 2, 10). Buna görə də həvarilərin dövründə məsihçilərdə hər şey ümumi idi. Daha varlı olanlar mülkiyyətini satır və ehtiyacı olanlarla bölüşürdülər. İmanlıların sanki bir ürəyi və bir canı var idi, heç kim heç nəyi özününkü adlandırmırdı, lakin hər şey ümumi idi.

Sonralar imanlıların sayı çox artdı və belə həyat tərzi qeyri-mümkün oldu, lakin ehtiyacı olanlara mərhəmət ruhu Məsih Kilsəsinin Ruhu olaraq qaldı. Yerusəlimdə ərzaq qıtlığı olanda həvari Pavlos Asiyada və başqa ölkələrdə olan məsihçilər arasında pul topladı və məsihçilər arasında məhəbbət və həmrəylik işarəsi olan bu ianələri Yerusəlimə gətirdi.

Katolik Kilsəsinin tarixi təsdiq edir ki, xəstə və zavallı adamlara göstərilən qayğı imanlıların əsas qayğılarından biri olmuşdur. Xəstələr, evsizlər və səyyahlar üçün ilk sığınacaq – «hospissiya» (bu sözdən «hospital» sözü yarandı) Müqəddəs Böyük Vasili və Müqəddəs Qriqori Nazianlı tərəfindən təşkil olunmuşdu. Məsihçi məbədlərinin yanında yetim və yolçular üçün sığınacaq yerləri yaranırdı. Əsrlər boyunca bir çox kişi və qadın rahib cəmiyyətləri yarandı; onlar özlərini xəstələrə, əlillərə, həyatın zərbə vurduğu adamlara və yetimlərə xidmətə həsr edirdilər. Bu gün iki yüzə yaxın belə rahib cəmiyyəti mövcuddur.

Hər birimiz bir məsihçi kimi imkanımıza görə ehtiyacda olan qonşularımıza və iş yoldaşlarımıza kömək etməliyik. Həqiqi məsihçi ehtiyac içində olanı görməlidir və ədəblə ona kömək təklif etməlidir. Bunun əvəzini bizə Rəbb Özü verəcək.

1937-ci ildə Hindistanın ən zəngin adamı Qvaliorlu Maharaca Londona gəldi. Təntənəli qarşılanmadan sonra o, ingilislərin həyatını görmək istədi və paltarını dəyişib, nökərsiz tək şəhərə getdi. O, tramvaya mindi və gözlənilməz hadisə ilə rastlaşdı; onun yanına konduktor yaxınlaşdı və ondan yol biletinin haqqını ödəməsini xahiş etdi. Milyonçu heç vaxt özü ilə pul gəzdirmirdi, çünki həmişə yanında olan köməkçisi onun üçün pul ödəyirdi. Milyonçunun yanında bir fəhlə oturmuşdu. Qonşusunu pərt vəziyyətdə görüb onun əvəzinə pul verdi. Milyonçu bilmirdi ki, ona öz minnətdarlığını necə bildirsin. Qonşusunun ünvanını soruşdu və «mən Hindistandan gələn Qvaliorlu Maharacayam» deyə təkrarlayaraq əvəzində səxavətlə mükafatlandıracağına söz verdi. Fəhlə milyonçunun Londona gəldiyi barədə eşitmişdi, amma sərnişinin zarafat etdiyini fikirləşib cavab verdi: «Siz nə danışırsınız, bu kiçik bir şeydir, mən isə Belçika kralıyam!» Bir neçə gün sonra o zəmanə üçün əfsanəvi bir məbləğ – beş yüz funt sterlinq alanda fəhlənin təəccübünün həddi yox idi!

Allah Hindistanlı Maharacadan daha səxavətlidir, O bizə Məsih naminə başqa insana məhəbbətlə etdiyiniz hər bir, hətta kiçik xeyirxah əməlin əvəzini səxavətlə verəcək. Məsih deyir: «Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq» (Mat 10, 42).

İşləmək borcu barədə

Müasir insanlardan bir çoxu onları həyat sevincindən məhrum edən əməyə ağır və dözülməz boyunduruq kimi yanaşırlar. Buna görə də onlar hesab edirlər ki, əmək dözülməsi lazım olan şərdir və ondan qaçmağa çalışırlar.

Bir universitet professoru öz kabinetinin pəncərəsindən küçədə işləyən adamları müşahidə edərkən belə nəticəyə gəldi ki, beş nəfərdən yalnız biri vicdanla işləyir.

İman isə bizi öyrədir ki, insanı yaradan Rəbb Allah ona dünyaya sahib olmağı və digər məxluqlar üzərində padşahlıq etməyi tapşırdı. Allah istəyirdi ki, təbiət qanunlarını öyrənən insan onları öz rifahı üçün istifadə etsin. Buna görə də İlahi plana uyğun olaraq, əmək insana sevinc gətirməlidir. Yaxşı icra olunmuş iş insanı sevindirir və onu nəcib edir.

Bir keşişi müharibə zamanı həbsxanaya saldılar. Kamera məhbuslarla dolu idi, hava, qida, su çatışmırdı, bitlər dözülməz dərəcədə bezdirirdi. Amma ən dəhşətli cəza hərəkətsizlik idi. Onda keşiş başa düşdü ki, insan üçün əmək nə qədər böyük nemətdir! Əməkdə insan özünü reallaşdırır və əməyinin səmərəsini görüb məmnun olur.

Məsihçi əməyə münasibəti Məsihdən öyrənir. Allah və insan olan Xilaskarımız otuz il ərzində ağır işdə çalışıb, Öz qəyyumu Müqəddəs Yusifə kömək edib. Onun Müqəddəs Anası Bakirə Məryəm də bütün həyatı boyu zəhmət çəkib. Otuz ildən sonra İsa tamamilə Özünü həvari əməyinə həsr etdi; O daim kənddən kəndə, şəhərdən şəhərə səyahət edib, çox vaxt ac olub, istirahəti olmayıb, açıq səma altında gecələyib, hətta çarmıxda əzab içində ölüb.

Məsihçi əmək vasitəsilə xilasa nail olur. Hər kəs öz çağırışına və bacarığına uyğun olaraq, fiziki, zehni yaxud ruhani işdə çalışmalıdır. İşləmək istəməyən şəxs öz borcunu yerinə yetirmək istəmir və bununla da günah edir. Müqəddəs Pavlos deyir: «Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər. Kim işləmək istəmirsə, yemək də yeməsin» (2Sal 3, 12. 10). «Dua et və işlə» – Allahı sevən insanların şüarı həmişə belə olub.

Bütün həyatı boyu dərzi işləyən bir imanlı ölümündən əvvəl ona iynəsini gətirməyi xahiş etdi. O, iynəni yuxarı qaldırıb dedi: «Səmalara açarım budur!» Bu insan öz vicdanlı əməyini və həyatını qurban verməyini Allahın mərhəmətlə qəbul edəcəyinin ümidinə əsaslanırdı.

Pula və maddi nemətlərə münasibət barədə

«Saxta, yalan sözlər qoy məndən uzaq olsun; məni nə yoxsul, nə də zəngin et, ancaq mənə gündəlik çörəyimi ver. Varlansam, «Rəbb kimdir?» deyə Sənə küfr edərəm, yoxsul olsam, oğurlayaram və Allahımın adını ləkələyərəm» (Sül 30, 8 9), – deyə Məsəllərin ilhamlı müəllifi nida edir. O, Allahdan maddi nemətlərə düzgün münasibət diləyir. Müqəddəs Avqustin deyir: «Dünyəvi nemətlər yaxşı şeydir, onları pis hesab etmək olmaz. Lakin insan onları ali nemət hesab etməməlidir, həmçinin onlardan şər məqsədlə istifadə etməməlidir». Bir nəfər demişdi: «Pulun yeri ürək deyil, cibdir».

İsa Məsih maddi nemətlərə səhv münasibət yaranmasının böyük təhlükəsi barədə tez-tez xəbərdarlıq edirdi. O, pula və zənginliyə olan məhəbbətin həlakedici nəticələri barədə durmadan deyirdi: «Sizə doğrusunu deyirəm: varlı adamın Səmavi Padşahlığa daxil olması çətindir. Yenə sizə deyirəm ki, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır» (Mat 19, 23-24). «Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz» (Mat 6, 24). «İnsan bütün dünyanı qazanıb canını itirərsə, ona nə xeyri var? Yaxud insan öz canının əvəzinə nə verə bilər?» (Mat 16, 26). «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır» (Mat 5, 3).

Gördüyümüz kimi, İsa Məsih insanın istifadə etdiyi maddi nemətləri pisləmir. İsa bunlara qeyri-sağlam münasibəti – ehtirası və onlara bağlılığı mühakimə edir. İnsan Allahı və ətrafdakı insanları sevməlidir, sərvəti isə Allahın iradəsinə və mərhəmət əmrinə uyğun olaraq istifadə etmək lazımdır, sərvəti sevmək lazım deyil, çünki bu, insanın ürəyinə layiq deyil.

Məsih Özü kasıb olub: Bet-Lexemdə tövlədə doğulub, otuz yaşa qədər ağır işdə çalışıb, insanları öyrədəndə isə başını qoymağa bir yerin olmadığını söyləyirdi. Ondan nümunə götürən bir çox məsihçilər könüllü olaraq kasıbçılıqla həyatlarını Allaha xidmətə həsr etməyi arzulayırdılar. Beləliklə, çoxsaylı monastırlar yarandı, burada məsihçilər həyatlarında Məsih kimi yaşamağa çalışırdılar.

Sərvət insanın ürəyində yer tutanda onun üçün lənətə çevrilir, həmçinin çoxsaylı bəla və cinayətlərin səbəbi olur.

1901-ci ildə üç cinayətkar Kolorado ştatından çıxan qatara hücum etdi. Onlar beş mühafizəçini öldürdülər və qızılı götürüb qaçdılar. Qızılı böləndə mübahisə başladı və onlardan biri öldürüldü. İki nəfər – Brons və Peros yox oldular. İyirmi yeddi il keçdi. Alimlərdən ibarət olan bir qrup Kolorado mağaralarına yollandılar. Labirintlərdən birində insan skeleti, yanında isə çoxlu qızıl tapdılar. Yaxınlıqda bir başqa skelet də tapdılar, onun kəlləsi güllə ilə vurulub deşilmişdi. Bunlar Brons və Peros idi. İyirmi yeddi il əvvəl onlar Kolorado mağaralarında gizləndilər və burada azdılar. Aclıqdan əzab çəkərək onlar dava etdilər və Peros Bronsu güllə ilə öldürdü. Bundan sonra o, hesaba gəlməyən sərvətin yeganə sahibi oldu. Lakin dağ mağaralarında onlardan istifadə edə bilmədi və aclıqdan öldü. Zənginliyə məhəbbətin lənəti belə olur.

VIII. Heç kİmə qarşı yalandan şahİdlİk etmə

«Səkkizinci əmr digər adamlarla münasibətdə həqiqətin saxtalaşdırılmasını qadağan edir» (KKK 2464), həmçinin düzgün olmağı öyrədir.

Düzgünlük barədə

Düzgünlük (səmimiyyət, açıqlıq) əməl və sözlə həqiqəti söyləmək, riyakarlıq, hiylə və ikiüzlülükdən çəkinməkdir.

Rəbb Allah Özü bizdən düzgünlük tələb edir, çünki O Özü düzgün və həqiqidir, Həqiqətin özüdür. İsa Məsih deyir: «Yol, həqiqət və həyat Mənəm» (Yəh 14, 6). İsa bizə həqiqəti öyrətməyə gəlmişdi. O deyir: «Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək» (Yəh 8, 32). Məsih bizə Müqəddəs Ru­hu göndərir və Onun barəsində «O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək» (bax. Yəh 16, 13) söyləyir. İsa Mə­sih Öz şagirdlərinə sözlərində düzgün və səmimi olmağı əmr edir: «Sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun» (Mat 5, 37).

Hər bir insan öz təbiətinə görə həqiqətə can atır, həqiqəti axtarır, yalana nifrət hiss edir, yalandan xəcalət çəkir və düzgün adam kimi tanınmaq istəyir. Adamlar həmişə həqiqəti söyləyən­ləri sevir və yalan danışanlardan inciyirlər. Müqəddəs Foma Akvinalı deyir ki, bizim danışmaq qabiliyyətimizin məqsədi öz fikirlərimizi söyləməkdir, əks halda insan öz təbiətinə qarşı günah edir.

İctimai həyat bizdən düzgünlük tələb edir, əks halda o çox ağır olur; əgər adamlar arasında səmimi münasibət çox pozulsa, ictimai həyat dözülməz olar.

Lakin düzgünlük fəziləti təmkinli və ədəbli olmağı istisna etmir. Hər şeyi hamıya həmişə demək olmaz, çünki çox vaxt vicdan bizə etibar olunmuş sirri başqasına söyləməyə imkan vermir; söhbət etdiyimiz insanın bilmək istədiyi bütün şeyləri bilməyə ixtiyarı yoxdur. Açıqlıq bizə söylənilməsi və sirr olaraq qalması lazım olan şeylər arasında «qızıl ortanı» qoruyub-saxlamağı öyrədir. Düzgünlük isə bildiyini və fikirləşdiyini hər bir kəsə demək deyil, ağzından çıxan sözlərin öz fikirlərinə və vicdanına uyğun olmasıdır.

Allahın səkkizinci əmri nəyi qadağan edir?

Məsihçi «yalanı» (Ef 4, 25), həmçinin «hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı» (1 Peter 2, 1) kənara ataraq yaşamalıdır.

Məhkəmədə yalan şahidlik – ağır günahdır, çünki günahsızın məhkum olmasına, təqsirkarın bəraət qazanmasına yaxud müttəhimin daha ciddi cəzalanmasına səbəb olur. Əgər and içəndən sonra yalan şahidlik verilirsə, andı pozma günahı daha da ağırlaşdırır.

Düşüncəsiz mühakimə – kifayət qədər əsas olmadan başqa insanın səfeh əməllər etdiyini, sözlər, fikir yaxud niyyətlər daşıdığını zənn etməkdir.

Adamın arxasınca danışmaq (qeybət) – obyektiv zəruriy­yət olmadan başqa insanın günah və nöqsanlarını adamlar qarşısında ifşa etməkdir. Bununla o təmiz addan məhrum olur. Adamın arxasınca danışan şəxs başqasını alçaltmaqdan, özünü öz gözündə yüksəltməkdən ləzzət alır. Adamın arxasınca danışmaq yaxınına olan məhəbbətə qarşı günahdır. Xoş niyyət və zəruriyyət olmadan başqası barədə pis söz danışan kəs bununla onu sevmədiyini göstərir. Amma nöqsanları düzəldə bilən adama başqaları barədə söyləyəndə onun arxasınca danışmırıq (mə­sələn, valideynlərə onların övladlarının nöqsanları barədə söyləyəndə), çünki bu halda biz onlara yaxşılıq arzulayırıq.

Böhtan – insanların gözündə bir kəsin adını ləkələmək niyyəti ilə onun barəsində qəsdən yalan ittihamlar söyləmək və yaymaqdır. Böhtan ağır günahdır.

Xəbərçilik və qeybət – bunların məqsədi dostların yaxud yaxşı münasibətdə olan insanların aralarını vurmaqdır. Xəbərçilik və qeybət cəmiyyətdə inamsızlıq və nifrət yaradır.

İntriqa və etibardan salma – bunların məqsədi bir kəsi iş yerində yaxud cəmiyyətdə mövqeyindən məhrum etmək yaxud da bunları özünə və ya başqasına verməkdir.

Yaltaqlıq və quyruq bulama ağır günah o zaman olur ki, başqasını günaha itələyir yaxud onu pislikdə möhkəmləndirir. Yaltaqlığın məqsədi yalnız ləzzət vermək, şərdən uzaqlaşmaq, çətinliklərə qalib gəlmək yaxud ədalətli üstünlüyə nail olmaqdırsa, kiçik günaha çevrilə bilər.

Lovğalıq həqiqətə ziddir, çünki onun vasitəsilə insan başqasını özü barədə aldadır.

Qərəzli rişxənd – bunun niyyəti başqasını alçaltmaq və onu lağa qoymaqdır.

«Yalan bundan ibarətdir ki, aldatma məqsədi ilə uydurma söylənilir. Rəbb yalanı iblis əməli adlandırır: “Siz (yalançılar) atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz… Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır“ (Yəh 8, 44)» (KKK 2482). Yalan başqalarına həqiqət biliyini ötürmək vəzifəsini daşıyan sözlərin qiymətdən düşməsidir. Bu günahın ağırlığı həqiqətin nə qədər təhrif edilməsindən, yalan danışanın vəziyyətindən, niyyətindən, həm­çinin yaxınına vurduğu ziyandan asılıdır. Müqəddəs Yazı yalanı çox ciddi mühakimə edir: «Rəbb yalançı dilə ikrah edər» (Sül 12, 22), «günahkarlar qan tökürlər» (Sül 1, 11).

İsa Məsih qeyd edir ki, öz nitqində insan şişirtmə, tərifləmə və uzunçuluqdan çəkinməlidir: «Sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır» (Mat 5, 37). Sözlərimiz fikirlərimizə uyğun olmalıdır: əgər fikirlər «bəli» deyirsə, onda dil də «bəli» deməlidir; lakin fikirlər «xeyr» deyirsə, dodaqlar da «xeyr» deməlidir.

Riyakarlıq – əməllərdə olan yalandır. İnsan olduğu kimi görünməlidir: zahiri davranışı və əməlləri onun daxili əqidəsinə uyğun olmalıdır. Əgər bu belə deyilsə, insan riyakarlıq edir. Bunun səbəbi qürur və şöhrətpərəstlikdir. İsa Məsih riyakarlığı çox ciddi damğalayır və xəbərdarlıq edir: «Fariseylərin maya­sından, yəni ikiüzlülükdən özünüzü gözləyin» (Luka 12, 1).

Günahlı və çox vaxt həqiqətə uyğun olmayan sözlə təhqirlər edilir.

Başqasının sirrini bilməyə çalışan günah edir: qapının arxasında qulaq asır, özgəsinin məktub və sənədlərini oxuyur, telefon söhbətlərinə qulaq asır. Həmçinin ciddi səbəb olmadan ona etibar edilmiş sirri üzə çıxaran və bununla ona etibar edənə böyük ziyan gətirən və onu təhqir edən şəxs də (məsələn, həkim, vəkil) günah edir.

Sözlə edilən pisliyi düzəltmək lazımdır: böhtanı geri götürmək, qeybətlə ləkələnmiş təmiz adı insanın fəzilətlərinə işarə edərək bərpa etmək, təhqirlərə görə üzr istəmək lazımdır.

İngiltərənin lordlar palatasının sədri Müqəddəs Tomas Mor yaxınlarının təmiz adını qorumağa və eyni zamanda başqalarının xətrinə dəyməməyə çalışırdı. Əgər onun yanında bir kəs iclasda iştirak etməyən şəxs barədə pis söz deyərdisə, Mor zarafatla deyirdi: «Qoy başqaları istədiyini fikirləşsinlər, amma məncə, bu ev yaxşı tikilmişdi və inşaatçı yaxşı usta olub». Burada olanlar onun söz atmasını anlayırdılar və incimədən söhbətin mövzusunu dəyişirdilər.

B. KİLSƏ ƏMRlərİ

Ruhani həyatımız Kilsənin müqəddəs ibadəti ilə əlaqədardır və buradan özünə güc alır. Buna görə də mənəvi həyatımızın qayğısına qalan müqəddəs Kilsə xeyirxah ana kimi bizi Allahın müqəddəs ayinlərdən ibarət olan lütf və mərhəmət mənbəyinə birləşdirməyi arzulayır. Öz əmrləri ilə Kilsə bizi dua və mənəvi cəhdin minimum həddinə həvəsləndirir; bunlar iman, ümid və məhəbbətimizin nəinki zəifləməməsi, həmçinin daim inkişaf etməsi və böyüməsi üçün zəruridir. Gəlin bu əmrləri daha yaxşı anlamağa çalışaq.

1. Bayram günlərini təqdis etmək.

Bəşəriyyətin xilas hekayətinin bütün əsas hadisələrini Kilsə il ərzində təntənəli şəkildə qeyd edir, bununla imanımızın əsas ayinlərini bizə açır, Allaha və Məsihə sitayiş edir, həmçinin Müqəddəs Bakirə Məryəmə və Müqəddəslərə hörmət edir. Bu təntənəli bayramları Rəbbin Günü səviyyəsində qeyd etmək lazımdır.

25 dekabr – Rəbbimiz İsa Məsihin Milad bayramı;

1 yanvar – Müqəddəs Allah Anası Məryəmin günü;

6 yanvar – İsa Məsihin Vəftiz olunması;

19 mart – Müqəddəs Yusifin günü;

25 mart – Məryəmə Xoş Xəbərin çatdırılması;

Rəbbin göylərə yüksəlməsi (tarixi dəyişilən bayram);

Məsihin Müqəddəs Bədəni və Qanı (tarixi dəyişilən bayram);

29 iyun – Müqəddəs Həvarilər Peter və Pavlosun günü;

15 avqust – Müqəddəs Allah Anasının göyə çəkilməsi;

1 noyabr – bütün Müqəddəslərin günü;

8 dekabr – Müqəddəs Bakirə Məryəmin Günahsız Döllənməsi.

2. Bazar günlərində və bayram günlərində müqəddəs Messada iştirak etmək lazımdır.

Kilsə imanlılardan hər bazar günündə və hər vacib bayram günündə müqəddəs Evxaristiyada iştirak etməyi tələb edir. Müqəddəs Messada iştirak insana hədsiz lütf və xeyir-dua, iştirak etməmək isə saysız ruhani itki gətirir.

Amerikanı kəşf edən Xristofor Kolumb müqəddəs günlərin bayram etmək barədə Kilsə əmrlərinə diqqətlə riayət edirdi. Bayram günlərində onun gəmiləri lövbərlərini qaldırmırdılar, ağır iş qadağan olunurdu. Bayram günlərində onun donanmasının gəmiləri üzən məbədlərə çevrilirdi, burada hamı dua edir və dini mahnılarla Allahı izzətləndirirdi.

3. Təyin edilmiş oruc və özünü saxlama dövrlərini gözləmək.

Kilsə özünü saxlama və tövbə dövrlərini müəyyən edib; bunlar imanlıları Məsihin Miladından və Məsihin Dirilməsindən ibarət olan əsas məsihçi Bayramlarına hazırlaşdırmağa xidmət edir, həmçinin pis meyllərimizə qalib gəlmək və ürəyimizin azadlığına nail olmaqda bizə kömək edirlər. Advent (dörd həftə davam edən Milada hazırlıq dövrü) və Böyük Oruc (Rəbbin Dirilmə günündən yeddi həftə əvvəl) – bu dövrlər tövbə və böyük bayramlara hazırlıq vaxtıdır. Bu dövrlərdə Kilsə bizi diqqəti cəmləşdirməyə və həyatımızın istiqamətinin düzgün olub-olmaması barədə düşünməyə çağırır və əyləncə tədbirlərində (toylarda, diskoteka­larda, rəqslərdə, televiziya əyləncə verilişlərində) iştirak etməkdən çəkinməyə çağırır.

Oruc yeməkdən çəkinməkdir; on səkkiz yaşdan altmış yaşadək bütün sağlam məsihçilər ənənəyə görə, Kül Çərşənbəsi və Kədərli Cümə (eləcə də Məsihin Milad bayramının axşamı («Vigiliya») günlərində oruc tutmalıdırlar. Bu günlərdə biz ət yemirik və gündə yalnız bir dəfə doyunca yeyirik. Onu da qeyd etmək lazımdır ki, yeməkdən çəkinmək yeganə oruc tutmaq yolu deyil (şirniyyat, musiqi, televizordan imtina etmək, daha çox dua etmək, xeyirxah əməllər, müqəddəs yazını oxumaq – bunları hamısı oruc tutmağın yollarıdır).

Bundan başqa, məsihçi il ərzində hər cümə günü ət yeməklərindən çəkinməlidir.

Xəstələr, ağır işdə çalışan, oruca görə borclarını yerinə yetirə bilməyən zəif sağlamlığa malik olan insanlar, oruc üzündən böyük çətinlik çəkən adamlar mütləq oruc və ət yeməklərindən çəkinməyə məcbur deyil. Eləcə də seçim edə bilməyən və ac qala bilmək səbəbi ilə cümə günlərində ət yeməklərindən çəkinə bilməyənlər, məsələn, məktəb yeməkxanasında qidalanan uşaqlar, ordudakı əsgərlər, ailədə imansızlarla birgə yaşayan və ayrıca qidalanma onlara çox çətin olan katoliklər cümə günlərində ət yeməklərindən çəkinmək əvəzinə daha çox dua etməli, niyyətlərində müqəddəs Kilsə ilə tövbə ruhunda birləşməli, bununla da Kilsə ilə birliyini və Allaha kamil surətdə xidmət etmək arzusunu bildirməlidirlər.

Özünü imanlı hesab edən bir insan cümə günlərində ət yediyinə görə dostunun qarşısında özünü doğruldaraq deyirdi: «Kilsənin əmrləri yalnız keşiş, yəni insan göstərişləridir». Dostu isə ona cavab verdi: «Mən isə hesab etmirəm ki, Kilsənin əmrlərini pozan insan Allahın əmrlərinə diqqətlə riayət edə bilər. Əksinə, mən Kilsənin əmrləri ilə hesablaşmayan, Allahın əmrlərini də böyük asanlıqla pozan bir çox insana rast gəlmişəm. Amma Ümumdünya Kilsəsinin göstərişlərinə riayət edənlər sədaqətlə Allahın əmrlərini də yerinə yetirirlər».

4. Ən azı ildə bir dəfə – Pasxa zamanı Tövbə və Evxaristiya sirlərini qəbul etmək lazımdır.

Kilsənin bu tələbi məsihçi üçün tövbənin və canının qayğısına qalmağın ən minimum səviyyəsini müəyyən edir. Özünü həqiqi məhəbbətlə sevən kəs günahda qalmaz və mümkün qədər tez Allahla tövbə vasitəsilə barışmağa səy göstərər. Kilsə ona sadiq olanları mümkün qədər tez-tez Allahın mərhəmət mənbəyindən istifadə etməyə, ən azı ayda bir dəfə günahları etiraf etməyə çağırır.

Eyni sözü Müqəddəs Evxaristiya barədə də demək olar. İmanlı həyatını elə yaşamalıdır ki, hər dəfə Messada iştirak edəndə Məsihin bədəni və qanını qəbul edə bilsin.

5. Həmçinin imanlılar öz imkanlarına görə Kilsənin maddi ehtiyaclarının qayğısına qalmalıdırlar.

IV-cü Hİssə

Məsihçi duası

«…və Ona səcdə etdi» (Yəh 9, 38)

Məsihin gözlərini açdığı kor adam əvvəllər görmədiyi dünyaya sevinclə baxırdı. İsa Özü onu tapdı və onun qarşısına çıxdı. Onda o, Xilaskarı ilk dəfə gördü. Heç kim onu öyrətməmişdi, amma o, imanını göstərmək üçün intuisiya hissi ilə Məsihin qarşısında baş əydi. Məsihə imanı və minnətdarlıq hissi onu belə etməyə vadar etdi.

Eləcə də İsa ilə görüşən və həqiqətə gözləri açılan hər bir insanla bu baş verir: o, Allaha sitayiş etməyə başlayır və Onu izzətləndirir. İsa da onu tərk etmir – daim onun qarşısına çıxır və onu duaya istiqamətləndirən lütf verir.

Müqəddəs İohann Damaskin deyir: «Dua insanın qəlbinin Allaha yüksəlməsidir yaxud Ona müraciət edilən bir xeyirxahlıq barədə xahişdir». Müqəddəs Foma Akvinalı öyrədir ki, dua ağılın və ürəyin Allaha yüksəlməsidir. Sadə sözlə desək, dua Allahla söhbət, Onunla ünsiyyətdir.

Müqəddəs Yazı deyir ki, dua insanın ürəyindən gəlir. Lakin insanın ürəyi duada iştirak etmirsə, dua boş qalır. Ürək insanın Yaradanla görüş yeridir, hətta insanın özü üçün sezilə bilməyən mərkəzidir. Yalnız Allahın Ruhu insanın ürəyinə daxil olub onu tanıya bilər.

Dua Ata Allaha istiqamətlənən İlahi Ruhun bizdə olan hərəkətidir. Müqəddəs Pavlos deyir: «Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir» (Rom 8, 26). Dua həyatı Allahın hüzurunda və Onunla birlikdə olmaqdan ibarətdir. Məsihçi duası Məsih və Onun Bədəni olan Kilsəsi ilə birlikdə Allaha yüksəlir.

Duaya çağırış və onun zəruriliyi

Allah bizi yaradaraq bizi yoxluqdan mövcudluğa çağırdı. Hətta ilk günahdan sonra insan özündə Yaradan Allahın surətini daşıyır və onu yaradan Allahı tanımaq arzusunu qoruyub saxlayır. Buna görə də hər bir insan çox vaxt heç bunu dərk etmədən daim Allahı axtarır. Dünyanın bütün dinləri insanın onu Yaradanla bir yerdə olmaq arzusu barədə şəhadət edirlər.

Allah isə Özü insanı Ona tərəf dönməyə çağırır. Hətta insan Ondan üz döndərərək yaratdığı bütlərə xidmət edəndə Allah dəyişməz olaraq insanı Onunla duada görüşməyə çağırır. Müqəddəs Avqustin «Allah Onu istəməyimizi arzulayır» deyir. Bu barədə Müqəddəs Yazının bizə bəhs etdiyi bütün fidya hekayəsi şəhadət edir. «Adəm, haradasan? Həvva, sən niyə belə etdin?» (bax. Yar 3, 9. 13) – bədbəxt və günaha batdıqlarına görə qorxuya düşmüş ilk adamlara Öz çağırışı ilə Allah Ona ürəklərini açmağı, inamla qəlblərini Ona yüksəltməyi və bağışlanmanı almağı təklif edir. Habil öz təmiz əllərini duada qaldırır, Xanok duada Allahın adını çağırır. Saleh olan Nuh Allahın hüzurunu yadda saxlayaraq, vicdanının dərinliyində Onun səsini dinləyərək və Onunla söhbət edərək Onun qarşısında yaşayır. İlahi çağırışa tam etibar edən və Onun ardınca gedən İbrahim öz ürəyini Ona açır və Allahla dost kimi söhbət edir. Çox sadə, yer üzündə yaşayanların ən təvazökarı olan Musa Allahla «üz-üzə» söhbət edir; Müqəddəs Yazıya görə Musa daim dua edən insanın, seyrçi duanın, İsrail xalqını ölümdən dəfələrlə xilas edən duanın rəmzi olur. Padşah Davud Allahı Öz Məzmurları ilə izzətləndirir; həmin Məzmurları biz bu günədək Liturgiyada oxuyuruq. Peyğəmbərlər və Patriarxlar öz duaları ilə nəinki tarixin gedişinə, həmçinin təbiət təzahürlərinə də təsir edirdilər, məsələn, peyğəmbər İlyasın duası ilə yağış kəsdi və dua ilə yenidən başladı, onun duasına cavab olaraq alov səmadan enib Allaha təqdim olunan Qurbanı yandırdı.

Duanın mahiyyəti daha tam bizə İsa Məsihdə açıldı. Allah Oğlu Bakirə Məryəmin Oğlu oldu, Ondan və Öz Qəyyumu Müqəddəs Yusifdən dua etməyi öyrəndi. İsa Nazaretdəki sinaqoqda, həmçinin Yerusəlim məbədində dua etməyi öyrənirdi. Amma Onun duasının mənbəyi fərqli idi, Onun insani təbiətinin Allahla birləşmə sirrindən doğurdu. Bu əsl Oğul duası idi. Allah Öz övladları olan insanlardan məhz bu duanı gözləyir.

İsa Məsih çox dua edirdi. Vəftiz olunanda, Həvariləri seçməzdən əvvəl, Favor dağında simasını dəyişəndə və çarmıxda əzab çəkəndə İsa dua edir. İsa Peter və Həvarilər, dünyanın sonuna qədər Ona iman edəcək bütün insanlar üçün dua edir. Çox vaxt Məsih Həvarilərini tək qoyub bütün gecə boyu dağda təklikdə dua edirdi. Məsih Lazarı dirildəndə dua edirdi və Ata Allahı izzətləndirmək üçün Öz vəzini tez-tez dayandırırdı.

Onun dua nümunəsi şagirdlərini dua etməyə həvəsləndirir: «İsa bir yerdə dua edirdi. Duasını bitirəndə şagirdlərindən biri Ona dedi: «Ya Rəbb, Yəhya öz şagirdlərinə öyrətdiyi kimi Sən də bizə dua etməyi öyrət» (Luka 11, 1). O vaxt Xilaskar onlara «Göylərdə olan Atamız» duasını öyrətdi. Bu dua Allah xalqının və bütün dövrlərdə yaşayan hər bir insan şəxsiyyətinin xahiş və arzularını özündə birləşdirir. Dağüstü Vəzdən başlayaraq, İsa dua etməyi öyrədir və Allaha məqbul olan duaya çağırır. Duanı ürəyi Allaha, göylərə yüksəltməklə başlamaq lazımdır: duadan əvvəl incikliyin olan bütün adamları bağışlamaq lazımdır, duanı başqalarına göstərməkdən çəkinmək, «gizlində» (Mat 6, 6) dua etmək, çox söz söyləməkdən çəkinmək (ürəkdən gəlməyən sözləri Allaha söyləməmək) lazımdır; daxili təmizlik və Allahın Padşahlığını arzulamaq, Ata Allahın iradəsini yerinə yetirməyi arzulamaq zəruridir. Xilaskarımız bizi imanla və övlada xas olan cəsarətlə dua etməyi öyrədir: «Dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək» (Мark 11, 24); «İman edən üçün hər şey mümkündür» (Мark 9, 23); «Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq» (Mat 7, 7).

Yer üzündə yaşayarkən Allah Oğlu İsa insanların xahişlərini dinləyirdi: O, cüzamlıların xahişlərini, Kənanlı qadının, çarmıxda həyatının son dəqiqələrində tövbə edən quldurun dualarını eşitdi. Məsih hətta insan ürəyinin dərinliyindəki xahişləri – sağlamlıq arzulayan iflic insanı, şəfa arzulayan xəstə qadını, tövbə edən günahkar qadının vicdan əzablarını duyurdu. O bu gün də Ona yalvaranların xahişlərini eşidir.

Lakin Allah Oğlunun dünyada təzahür etməsindən əvvəl Ona məqbul olan insanın – Müqəddəs Bakirə Məryəmin duasını böyük sevinclə qəbul etdi. O öz xahişləri ilə insan nəslinin günahlarını bağışlanma planının icra olunmasına kömək etdi: Məryəmə Xoş Xəbər verilən zaman O, Məsihin Bədəndə Gəlməsi üçün dua edirdi; Müqəddəs Ruhun enməsini gözləyərək Məsihin Kilsəsi üçün dua edirdi. Məryəm öz «Maqnifikat» («Qəlbim Rəbbi yüksəldir») mədhiyyəsi ilə Allahın mərhəmətini mədh və tərif edir. Onun xahişi ilə Xilaskar Qalileyanın Qana şəhərində ilk möcüzəsini edir; İsanın əzabları zamanı Məryəm öz duası ilə Onunla birləşir, çarmıxın yanında dayanaraq əzablarda öldüyü anda Onu dəstəkləyir.

Oksigen və yeməksiz qalan insan bədəni öldüyü kimi, sahilə atılmış balıq öldüyü kimi, susuz qalan bitki quruduğu kimi dua etməyən insanın da qəlbini ölüm gözləyir. Dua etməyən insan müharibə meydanında silahsız əsgərə yaxud sükanı olmayan gəmini idarə edən sükançıya bənzəyir.

Müqəddəslərin hamısı çox dua ediblər və başqalarını da duaya çağırıblar. Müqəddəs İohann Xrizostom deyir: «Dua etməmək və öz qəlbini məhv etmək eyni şeydir». Müqəddəs Alfons Liquori də deyirdi ki, səmalarda xilas olanlar əbədi həyatı dua etdiklərinə görə aldılar, məhkum olunanlar isə dua etməkdən imtina etdiklərinə görə əbədi alova düşdülər. Müqəddəs Fransisk Assizli deyirdi: «Dua etməyən insandan xeyir gözləmə». Müqəddəs Tereza Avilalı deyir ki, dua «hər cür lütfün qapısıdır». «Duadan vacib şey yoxdur. Dua mümkün olmayanı mümkün edir, ağır olanı yüngül edir. Dua edən insanın günah etməsi mümkün deyil», – deyir Müqəddəs İohann Xrizostom. «Mənsiz heç nə edə bilməzsiniz» (Yəh 15, 5); İsa «daim dua etmək və heç ruhdan düşməmək» barədə təlim verirdi (Luka 18, 1).

Mümkün qədər tez-tez dua etmək lazımdır. Hər gün səhər və axşam dua etmək zəruridir. Qarşımızda olan günə Allahdan xeyir-dua və lütf diləmək üçün səhər, Ona minnətdarlıq etmək və günahlara görə bağışlanma diləmək üçün axşam dua etmək lazımdır. Tovlanmalar zamanı dua xüsusilə zəruridir, çünki insanın tovlanmaya qalib gəlməsi və qəlbində lütfü qoruması üçün Allahın köməyinə ehtiyacı var. İsa deyir: «Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz» (Mat 26, 41). Həmçinin həyatımız təhlükə altında olanda da dua etmək zəruridir. Vacib qərar qəbul etməzdən, iş yaxud təhsilə başlamazdan, səyahətdən və s. əvvəl duada Allahı çağırmaq və Ondan aydınlıq, məsləhət və kömək diləmək lazımdır.

Duanın şərtləri

Duamızın Allaha məqbul olması üçün lütf vəziyyətində dua etmək zəruridir yaxud ən azı buna səy göstərməliyik.

Duanı övlada məxsus olan ehtiram və diqqətlə etmək lazımdır. İmkan daxilində diqqətsizlik yaradan hər şeydən çəkinmək lazımdır. Dua zamanı insan könüllü olaraq kənar fikirlərə uyursa, diqqətsizlik günah olur. Lakin kənar fikirlər könüllü deyilsə və insan mümkün qədər daha diqqətlə dua etmək istəyirsə, onda günah olmur.

Məsihçi duası təvazökar olmalıdır, çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər» (Yaq 4, 6). İnsan Allah qarşısında çox kiçik və zəif olduğunu dərk edəndə, malik olduğu hər şeyi Allahdan aldığını dərk edəndə təvazökarlıqla dua edir və bir sözlə Müjdədə təsvir olunan, təvazökarlıqla Xilaskardan mərhəmət diləyən yoxsula yaxud günahkara bənzəyir.

Allaha ümid və etibar edərək dua etmək lazımdır. «Lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq» (İbr 4, 16), – deyir Müqəddəs Yazı. Həvari Yaqub öyrədir ki, dua edən kəs «heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir» (Yaq 1, 6). Etibar ondan ibarətdir ki, biz qeyd-şərtsiz olaraq iman edirik ki, Allaha mümkün olmayan bir şey yoxdur və ona görə də O, əgər bunu bizim xeyrimizə hesab edəcəksə, xahişimizi yerinə yetirə bilər, çünki O xeyirxahdır və bizi Ata kimi sevir.

Dua israrlı olmalıdır. Çox vaxt Allah xahişlərimizi yerinə yetirməyə tələsmir. O özümüzün heç nə edə bilməməyimizi və heç nəyimizin olmadığını, amma hər şeyi Ondan aldığımızı dərk etməyimizi istəyir. O istəyir ki, Onun hədiyyələrini qəbul etmək üçün ürəklərimizi mümkün qədər daha yaxşı hazırlayaq. Müqəddəs Avqustin deyir: «Dilədiyini Allahdan dərhal almayanda kədərlənmə. Bu o deməkdir ki, Allah sənin Ona duada israrlığın vasitəsilə sənə xeyirxahlığını çoxaltmaq istəyir. O arzumuzun duada təsdiqlənməsini istəyir. Beləliklə, O bizə verməyə hazır olduğu şeyi qəbul etməyimizə bizi hazırlayır». Çox vaxt biz dilədiyimizi bir neçə il sonra – ruhani cəhətdən yetkin olandan sonra alırıq, çünki bu halda biz Allahın ənamını daha böyük minnətdarlıqla qəbul edə bilərik və onu daha yaxşı istifadə edə bilərik.

Bəzən duamız Allaha məqbul deyil, çünki biz həddindən çox Ondan duada dilədiyimiz nemətə bağlı oluruq və ona görə də bunu Allahın izzəti üçün deyil, özümüz üçün diləyirik. Sadə sözlə desək, biz Allahdan istifadə etmək, Onu iradəmizi yerinə yetirməyə razı salmaq istəyirik. Bununla biz hər şeyi «baş-ayaq» qoyuruq, çünki səylərimiz bizim üçün həmişə ali nemət olan Allahın iradəsinin sədaqətlə icra edilməsinə istiqamətlənməlidir. İsa Məsih deyir: «Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir» (Mat 6, 8). Dua vaxtı biz Rəbbin əzəldən müəyyən etdiyi və bizə vermək istədiyi şeyi düşünməliyik. Rəbb yalnız istəyir ki, biz onu ala bilək və onu ləyaqətlə qəbul etməyi arzulayaq.

Duanın formaları

«Məsihçi ənənəsində üç əsas dua forması mövcuddur: şifahi dua, meditasiya və seyrçi dua. Onların ümumi xüsusiyyəti ürəyin cəmləşdirilməsidir» (KKK 2721).

İnsan bədən və candan ibarətdir, buna görə də öz hisslərini ifadə etməyə ehtiyacı var. Eləcə də duanın daha qüdrətli olması üçün bütün varlığınla dua etmək lazımdır. Allah hər şeydən əvvəl ürəyimizin dərinliyindən gələn duanı gözləyir, lakin onun zahiri ifadəsi də əhəmiyyətlidir, çünki bu yolla o ürəkdə möhkəmlənir və Allaha edilən mədh artır. Müqəddəs Müjdə bəhs edir ki, İsa çox vaxt ucadan dua edirdi. Ürəyimizdəki dua sözlərlə ifadə ediləndə müəyyən bir forma alır.

Şifahi dua yalnız dua edənin ürəyini dolduran şeyə uyğun olanda həqiqi dua olur. Müqəddəs İohann Xrizostom «Duamızın eşidiləcəyi sözlərimizin sayından deyil, qəlbimizdəki alovdan asılıdır» deyir. Rozari duası, həmçinin səhər və axşam dualarının oxunması, dua kitabındakı dualar yaxud Allaha öz sözlərimizlə fikir və hisslərimizi söyləməyimiz şifahi dualara aiddir.

Duanın daha kamil forması meditasiyadır (düşüncə). «Meditasiya fikri, təsəvvürü, emosiya və arzuları işlədən dua axtarışıdır» (KKK 2723). Düşüncə prosesində ruh iman və mənəviyyatın dərk edilmiş həqiqətini sevmək və həyata keçirmək üçün «necə və nə üçün» iman etməyi və yaşamaq gərək olduğunu anlamağa çalışır. Dini ədəbiyyatı – Müqəddəs Yazını və ruhani həyat barədə kitabları oxumaq düşünməyə kömək edir. Balaca mətni oxuyandan sonra fikirlərini burada toplayıb sax­lamaq və onu dərindən anlamağa çalışmaq, sonra dərk edilmiş həqiqəti öz daxili ruhani mövqeyin və təcrübi həyatınla (fikirlər, sözlər və əməllərlə) müqayisə etmək lazımdır. Bu müqayisənin nəticəsində kədərlənmə olmalıdır, çünki bu günə qədər bizim konkret əməllərimiz Məsihin təliminə tam uyğun olmayıb. Kədərlənmə hissi böyüyüb Allaha məhəbbət hissinə çevrilir və islah olmaq qərarında özünü göstərir. Bundan sonra Allaha dua başlayır və insan Ondan öz xeyirxah niyyətini yerinə yetirmək üçün kömək istəyir. Məsihçi düşünmək üçün vaxt ayırmalıdır. Düşüncə zamanı Allah ağılı təqdis edir və Müqəddəs Ruh ürəklərimizi Onun iradəsini yerinə yetirmək arzusu ilə doldurur.

Seyrçi dua duanın kamil formasıdır. Müqəddəs Tereza deyir: «Məncə, seyrçi dua yalnız yaxın dost ünsiyyətidir, sən tez-tez Allahla təklikdə söhbət edirsən və Onun səni sevdiyini bilirsən» (bax. KKK 2709). Bu, Allahın lütfünün ənamıdır. Seyrçi dua Allahı sadə, məhəbbət dolu seyrlə, dərin sülh və özünü Onda cəmləşdirməklə, Onun kamilliyinə heyran olmaqla və iradəmizi Rəbbin iradəsi ilə birləşdirməklə xarakterizə edilir.

Rəbbin duası barədə

Müqəddəs Müjdə bəhs edir ki, şagirdlərin «Ya Rəbb, bizə dua etməyi öyrət» (Luka 11, 1) xahişinə cavab olaraq Məsih onlara «Göylərdə olan Atamız» duasını etibar edir. Bu dua «Rəbbin Duası» adlanır, çünki onu Rəbb Özü verib. «Göylərdə olan Atamız» duası bütün duaların ən kamilidir. Müqəddəs Foma Akvinalı deyir: «Bu duada biz nəinki ədalətlə arzulaya bildiyimizi diləyirik, həmçinin bunu düzgün ardıcıllıqla diləyirik». Müqəddəs Avqustin deyir ki, Müqəddəs Yazıda olan və bizim qoşduğumuz bütün dualar «Göylərdə olan Atamız» duasında deyiləndən artıq heç nəyi daxil edə bilməz. Bu dua Müjdənin qısa ifadəsidir. Buna görə də müqəddəs Kilsə Rəbbin duasını sədaqətlə qoruyur, onu imanlılara ötürür, onları gənc yaşlarından Allaha onun sözləri ilə müraciət etməyi öyrədir və onu bütün ibadətlərdə – Evxaristiya, Vəftiz, Mirro yağı ilə məshetmə zamanı istifadə edir.

«Rəbbin Duası»nın ilk sözlərində biz Ona sitayiş edirik və Ona izzət veririk, Allahı «Ata» adlandırırıq, çünki Allah Oğlu Özü bizə Onu göstərdi, Vəftiz vasitəsilə biz Allahın övladları olduq və hal-hazırda biz Allah övladlarıyıq. Allaha «Göylərdə olan Atamız» sözləri ilə müraciət edəndə biz şahidlik edirik ki, Allah bizim Rəbbimizdir, biz Onun xalqıyıq və Ona məxsusuq. «Biz» sözündən istifadə edərək biz fərdiyyətçilikdən yan keçirik, çünki praktiki olaraq biz bütün məsihçilərin və hətta dinindən asılı olmayaraq, bütün vicdanlı insanların adından bu duanı ucaldırıq və hamı üçün mərhəmət diləyirik. Əgər «Göylərdə olan Atamız» duasını oxuyan bir kəs könüllü olaraq və şüurlu olaraq kimisə öz duasından kənar etsə, əlbəttə, bu dua Allaha məqbul olmaz və Allah onu qəbul etməz.

«Göylərdə olan» Allahın olduğu yeri deyil, Onun möv­cudluğunun vasitəsini, Onun böyüklüyünü və müqəddəsliyini göstərir. Bunu başqa sözlə belə ifadə etmək olardı: «Bütün yaradılışdan, mövcud olan hər şeydən üstün, Öz qüvvəti və müqəddəsliyi ilə hər şeyin üzərində hökm edən Ata Allah». Biz Allahın ürəyimizdə hökm etməsinə can atmalıyıq, Onun hökm etməsini və idarə etməsini arzulamalıyıq ki, ürəyimiz Allahın «göylər»i olsun.

Bu ilk sitayiş və izzətləndirmə ifadəsindən sonra biz Allaha ürəklərimizin dərinliyindən yeddi xahişimizi bildiririk: ilk üç xahiş Onu mədh edir, növbəti dörd xahiş arzularımızı ifadə edir.

«Adın müqəddəs tutulsun» sözləri ilə biz arzumuzu bildiririk ki, ürəyimizdə və həyatımızda Allah daha böyük yer tutsun; bunun da nəticəsində həyatımız başqa insanların, xüsusilə də, imanlı olmayan insanların gözləri qarşısında Onun xeyirxahlığı və mərhəmətinə getdikcə daha çox izzət gətirsin və onlar üçün Allah müqəddəs və həyatda ən vacib olsun. Bu xahişdə biz arzumuzu bildiririk ki, yer üzündə yaşayan hər bir insan və bütün xalqlar tezliklə həqiqi Allahı və yeganə Xilaskar İsa Məsihi tanısınlar və müqəddəs Vəftiz vasitəsilə Onun övladları olsunlar.

«Padşahlığın gəlsin» deyərək xahiş edəndə biz ilk növbədə Məsihin ikinci gəlişi zamanı olacaq Allahın son Padşahlığını nəzərdə tuturuq, həmçinin Allah Padşahlığının bu gün yayılması barədə də dua edirik. Kilsənin Müqəddəs Ruhu qəbul etdiyi Pentikost günündən etibarən Kilsə dayanmadan bütün dünyaya yayılır, ona «Müqəddəs Ruhda salehlik, sülh və sevinc» (Rom 14, 17) gətirir. Allah Padşahlığının gəlişini çağırmaq üçün ağır günahdan azad olan ürəyə sahib olmaq və Rəbbin qarşısına çıxmağa hazır olmaq lazımdır. «Əməllərində, fikirlərində və sözlərində özünü təmizlikdə qoruyan insan Allaha: “Padşahlığın gəlsin” deyə bilər», – deyərək Müqəddəs Кiril bildirir.

«Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun».

Bu müraciətlə biz Allahın dünyanı xilasetmə planının icra edilməsini diləyirik, çünki səmavi Atamızın iradəsi belədir: O «bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir» (1 Tim 2, 4). İsanın sözləri Allahın insanlara münasibətində iradəsinin qısa ifadəsidir: «Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin» (Yəh 13, 34). Allahın xilas planı hər bir insanın təcrübi həyatında – Allahın və Kilsənin əmrlərinin icra edilməsində, xeyirxah ilhamlanmalara riayət etməkdə, bacarıq və çağırışlarda, ətrafda olan və hər gün görüşdüyümüz adamların sağlamlıq vəziyyət­lərində, doğulduğumuz torpaqda və böyüdüyümüz xalqda görünür. Bizə aid olan bu xilas planını təvazökarlıqla qəbul etməli və Rəbbin bizim üçün müəyyən etdiyi yolla getməliyik. İsa Məsih Özü bizim üçün nümunədir: «O, (Allaha) Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi» (İbr 5, 8). Buna görə də biz öz iradəmizi Onun Oğlunun iradəsi ilə birləşdirməyi Allahdan diləyirik ki, Onun iradəsini yerinə yetirərək qətiyyətlə İsanın seçdiyini seçək – Allaha məqbul olanı etmək və bizim fikrimizcə Ona məqbul olmayan şeylərdən özümüzü gözləyək. İsa xatırladır: «Göylərdə olan Atamın iradəsini yerinə yetirən» (Mat 7, 21) Səmavi Padşahlığa girəcək.

«Gündəlik çörəyimizi bizə bu gün ver» – bu sözlərlə biz Allaha etibar etdiyimizi bildiririk və uşaqlar öz valideynlərindən gözlədiyi kimi, biz də hər şeyi Ondan gözləyirik. Allahdan zəruri nemətləri diləyirik. «Gündəlik» şeyləri «bu gün üçün» diləyirik, mötədilliyimizi göstəririk; «çox» və «həmişəlik» diləmirik, çünki onda ürəklərimiz məğrur ola bilər, Allahın əmrlərinə kor və laqeyd qala bilər. Ürəyimizdə təvazökar arzularımız olsa belə, biz Onun daim qayğımıza qalmasına cəsarətlə ümid edə bilərik. Məsihin «insan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər sözlə yaşayar» (Mat 4, 4) sözlərini yadda saxlayaraq biz Allahdan həmçinin ruhani çörəyi də – ürəklərimizi təqdis edən İlahi lütfü, ruhani susuzluğumuzu doyduran və bizi möhkəmləndirən Həyat Çörəyini (Müqəddəs Evxaristiyanı) diləyirik.

«Bizə borclu olanları bağışladığımız kimi bizim borc­larımızı da bağışla» – bu beşinci xahişdə daim günah edən bizlər üçün Allahdan mərhəmət diləyirik. İnsanlar arasında birlik ən çox məhz bu xahişdə görünür: biz hamımız qardaşıq, Allah isə bizim Atamızdır. Lakin qarşımızda təqsirkar olanları biz özümüz bağışlamasaq, Allahın mərhəməti ürəklərimizə daxil olub bizi günahdan təmizləyə bilməz. Bizim şəxsi fəzilətimiz əldə etdiyimiz İlahi mərhəmətin qədərinə bərabərdir. Əgər biz yaxınlarımızı bağışlamaq istəmiriksə, öz günahlarımız da bizə bağışlan­ma­ya­caq. Əgər biz səmimi, bütün ürəyimizlə başqasını bağışlayırıqsa, Allah da comərdliklə bizi bağışlayır.

«Bizi sınağa çəkmə». Hər bir günah sınaqda güzəştə getməyin nəticəsidir: insan onunla razılaşır və onun ardınca gedir. Bu xahişlə biz Allahdan bizi, ümumiyyətlə, bütün sınaqlardan azad etməsini diləmirik, çünki bu mümkün deyil, amma Ondan həmişə bizi dəstəkləməyi diləyirik ki, aldanmayaq və günaha aparan yola düşməyək. Bu xahişdə biz Müqəddəs Ruhla nurlanmaq arzumuzu bildiririk, çünki Müqəddəs Ruh bizə qəlbimizdə hiss etdiyimiz xeyirxah niyyətləri pis niyyətlərdən fərqləndirməkdə kömək edəcək.

«Rəbbin Duası»nı biz «lakin bizi şər olandan xilas et» sözləri ilə bitiririk. Burada adı çəkilən şər müəyyən bir abstrakt şey deyil, üsyan etmiş mələk Lüsiferin konkret şəxsiyyətidir. Onu həmçinin «iblis», «şeytan», «şər ruh» yaxud «murdar ruh» da adlandırırıq. Biz daha heç vaxt onun səlahiyyəti altında olmamağımızı diləyirik, çünki o, Allahın düşmənidir və bizim də düşmənimizdir. Məsih Öz ölümü və dirilməsi ilə iblisə qalib gəldi və Allahın övladları olan bizlər Xilaskarımızla bir və oyaq olmalıyıq ki, şər ruh bizi öz toruna sala bilməsin. Şərdən xilas olmağı diləyərkən biz həmçinin keçmişdə, indiki və gələcək zamanda olacaq hər cür şərdən azad olmağımızı da diləyirik; sülh içində və sağlam vəziyyətdə Allaha və yaxınlarımıza xidmət etməyimizi xahiş edirik.

«Rəbbin Duasının» sonunda «Amin» sözü ilə öz yeddi xahişimiz üçün «Fiat» («Qoy belə olsun») bəyan edirik (KKK 2865).

Mələk salamı barədə

Allah Anasına ünvanlanan ən məşhur dua «Mələk salamı» adlanır, çünki o, Baş Mələk Cəbrayılın sözləri ilə başlayır. Baş Mələk Cəbrayıl Məryəmə xoş xəbəri gətirəndə Ona bu sözlərlə müraciət etdi: «Salam, ey lütfə nail olmuş Məryəm! Rəbb səninlədir!» (Luka 1, 28). Baş mələk Rəbb Allah tərəfindən göndərilmişdi, buna görə də onun söylədi sözlər Allahdan idi.

«Salam, mübarək Məryəm» – deyə Baş mələk sevinclə çağırır, çünki Allahın böyük mərhəməti ilə bəşəriyyətin İlahi xilas planı həyata keçirilməyə başlayır. Allah dünyaya Məryəm vasitəsilə gəlməyi qərara aldı. Onun Adəm və Həvvanın bədbəxt nəslinə yazığı gəlib onlara xilas əlini uzatdı. Bu sevinc, xüsusilə, biz məsihçilər üçün aktualdır.

Mələk «ey lütfə nail olmuş Məryəm!» deyir. Allahın lütfü Məryəmin mövcudluğunun ilk anından onunla idi: Adəmin nəslinə mənsub olmasına baxmayaraq, o, döllənmə anından günahsız idi. Məryəm heç vaxt Rəbb Allaha məqbul olmayan bir iş görməyib.

«Rəbb səninlədir!» Rəbb Allah Məryəmlədir, çünki Məryəm, Onun bətnində Bədəndə Gəlmə sirri vasitəsilə Allah Oğunun məbədi olmaq üçün seçilmişdi. Rəbb Onunladır, çünki Məsih otuz il ərzində ona itaətli olub. Duada və Allahın iradəsini tam icra etməklə Məryəm həmişə Rəbb Allahladır.

«Sən qadınlar arasında xeyir-dualısan», – deyə Baş Mələk nida edir. Xilaskarın Anası olmaq üçün Məryəm Allah tərəfindən seçilib. Onun məziyyəti bütün Mələklər və Müqəddəslərin şərəf-ləyaqətlərindən üstündür. Müqəddəs Ruhla dolan Məryəm Özü də təvazökarcasına peyğəmbərlik edir: «Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq» (Luka 1, 48). Kilsə imanlıların dili ilə Müqəddəs Bakirəyə başlanğıcdan hörmət verir və Onu həmişə məhd edəcək.

Mələk salamı” duasının sonrakı sözləri Vəftizçi Yəhyanın anası Müqəddəs Elizavetə məxsusdur. Bakirə Məryəm onun yanına gələndə o qəflətən Müqəddəs Ruhla doldu və Baş Mələk Cəbrayılın sözlərini təkrarladı və çoxdan gözlənilən Məsihin gəli­şinə görə öz coşqun sevinc sözlərini də əlavə etdi: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır» (Luka 1, 42). Elizavetin sözləri həmçinin yuxarıdan verilmiş söz­lərdir, çünki o, Müqəddəs Ruhla ilhamlanıb peyğəmbərlik edərək insan nəslinin Xilaskarı olan Körpəni Məryəmin ürəyi altında daşıdığını etiraf etmişdi.

Allah Anasının duasının ikinci hissəsini bizə Kilsə verdi: «Müqəddəs Məryəm, Allah Anası, biz günahkarlar üçün indi və ölüm saatımızda dua et. Amin». Bu sözlər İsgəndəriyyəli Müqəddəs Kirilə və 431-ci ildə keçirilən III Ümümdünya Məclisinin Atalarına aid edilir. Məclisdə Nestorun təlimi mühakimə edildi. Nestor Məsihdə İlahi təbiəti inkar edir, Məryəmi «Allah Anası» deyil, yalnız «Məsih Anası» deyə çağır­maq lazım olduğunu hər vəchlə sübut etməyə çalışırdı. Bütün dünyadan gələn iki yüz Yepiskop bu sualı müzakirə etdikləri zaman minlərlə imanlı səhərdən axşama qədər meydanda dayanıb qərar gözləyirdi. Budur, qapı açılır və Müqəddəs Kiril təntənəli şəkildə elan edir ki, İsa Məsihdə İlahi və bəşəri – iki təbiət ayrılmaz olaraq birləşib. Buna görə də Məryəm döllənib həqiqi insan olan İsa Məsihi dünyaya gətirdiyinə və İsa Məsihdən İlahi təbiəti ayırmaq mümkün olmadığına görə Məryəmi Allah Anası deyə çağırmaq olar və Onu belə çağırmaq lazımdır. Bu xəbər coşqun sevinclə qəbul olundu.

Mələyin dəyərli salamlama sözləri tez-tez məsihçinin dodaqlarında olmalıdır. Gün ərzində dəfələrlə İsa Məsihin Mü­qəddəs Anasına təşəkkür etmək5 və Onun himayəçiliyini diləmək lazımdır. Müqəddəs Bernard deyir: «Təhlükələrdə, kədər və qəm zamanı, şübhələrin olanda Məryəm barədə düşün, Məryəmin yanına gəl. Qoy bu Ad həmişə sənin ürəyində və dodaqlarında olsun. Əgər onun köməyinə və Allah qarşısında himayəçiliyinə layiq olmaq istəyirsənsə, Ondan nümunə götür. Əgər Onun ardınca getsən, azmazsan. Onun barəsində düşünsən, səhv etməzsən. Ona dua etsən, məyus olmayacaqsan. Əgər O səni dəstəkləsə, yıxılmayacaqsan. Əgər O səni müdafiə etsə, qorx­mayacaqsan, əgər O səni irəli aparsa, yorulmaya­caqsan. Əgər O sənə mərhəmət etsə, sən məqsədə nail olacaqsan».

əlavələr

A. Əsas dualar və Katolik imanın təliminin ifadələri

XAÇ İŞARƏSİ

Ata, Oğul və Müqəddəs Ruhun adı ilə. Amin.

RƏBBİN DUAsı

Ey göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Səltənətin gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla. Bizi sınağa çəkmə, lakin bizi şərdən xilas et. Çünki səltənət, qüdrət və izzət əbədi olaraq Sənindir. Amin”.

MƏLƏYİN SALAMI

Salam, mübarək Məryəm, Rəbb Səninlədir.

Sən qadınlar arasında bəxtiyarsan

və Sənin bətninin səmərəsi İsa bəxtiyardır.

Müqəddəs Məryəm, Allah Anası,

indi və ölüm saatımızda biz günahkarlar üçün dua et. Amin.

HƏVARİ İMAN

İman edirəm.

Yeri və göyü yaradan külli-ixtiyar Ata Allaha ve Onun Yeganə Oğlu, Müqəddəs Ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış, külli-ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm.

Müqəddəs Ruha, Müqəddəs Ümumdünya Kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata iman edirəm. Amin.

QORUYUCU MƏLƏyə DUA

Ey məni qoruyan Allahın Mələyi,

həmişə yanımda dayan,

səhər, axşam, gündüz, gecə

mənim köməyimə tələs,

hər bir şərdən məni qoru,

əbədi həyata çatdır. Amin

Rəbbİn MƏLƏyİ

Rəbbin mələyi Məryəmə xəbər verdi

– və O, Müqəddəs Ruhdan dölləndi.

Salam, mübarək Məryəm …

Budur, Mən Rəbbin quluyam,

– Mənə söylədiyin kimi olsun.

Salam, mübarək Məryəm …

Kəlam cism oldu

– və bizimlə yaşadı.

Salam, mübarək Məryəm …

Ey müqəddəs Allah Anası, bizim üçün dua et ki,

Məsihin vədlərinin yerinə yetirilməsinə layiq görülək.

Dua edək.

Ya Allah, qəlblərimizi Öz lütfünlə doldur ki, mələyin xəbəri vasitəsilə biz Oğlunun cism olmasını bilək, çarmıxda Onun əzabları və ölümü ilə dirilmənin izzətinə çataq. Bunu Səndən, Rəbbimiz İsa Məsihin adına diləyirik. Amin.

Ya Rəbb, mərhumlara əbədi sülh ver, Qoy onlara əbədi nur saçsın.

Sülh içində istirahət etsinlər. Amin

İkİ MƏHƏBBƏT ƏMRİ

Rəbb Allahı bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev. Yaxınını özün kimi sev.

ALLAHIN ON ƏMRİ

1: Məndən başqa allahların olmasın

2: Rəbb Allahın adını boş yerə dilinə gətirmə

3: Bayram günlərini təqdis etmək borcunu yadda saxla

4: Ata-anana hörmət et

5: Qətl etmə

6: Zina etmə

7: Oğurluq etmə

8: Yalan şahidlik etmə

9: Heç kimin arvadına tamah salma

10: Heç kimin əmlakına tamah salma

KİLSƏnİn Beş ƏMRİ

1. Rəbbin Gününü (bazar günü) və bayram günlərini təqdis et (müqəddəs Messada iştirak edərək, işdən azad olaraq və s.).

2. Ən azı ildə bir dəfə Tövbə sirrini qəbul et.

3. Ən azı ildə bir dəfə – Pasxa zamanı Evxaristiya sirrini qəbul et.

4. Təyin edilmiş oruc dövrlərinə riayət et.

5. Kilsənin maddi ehtiyaclarının qayğısına qal.

İMANIN ƏSAS HƏQİQƏTlərİ

1. Bir Allah var.

2. Allah ədalətlidir: xeyirxahlığa görə mükafatlandırır, şərə görə cəzalandırır.

3. Allah üç Simada Təkdir: Ata Allah, Oğul Allah (Kəlam) və Müqəddəs Ruh.

4. Allah Oğlu insan oldu və bizim xilasımıza görə çarmıxda öldü.

5. İnsanın ruhu ölməzdir.

6. Xilas üçün Allahın lütfü zəruridir.

yeddİ MÜQƏDDƏS AYİN

1. Vəftiz

2. Mirro yağı ilə məshetmə (Konfirmasiya)

3. Evxaristiya

4. Tövbə

5. Xəstələrin mərhəm yağı ilə yağlanması

6. Ruhanilik

7. Nikah

TÖVBƏ AYİNİnİn beş ŞƏRTİ

1. Vicdanın sınağı

2. Günahlara görə peşman olmaq

3. Daha günah etməmək barədə qəti niyyət

4. Səmimi tövbə

5. Allaha və yaxınına günahların əvəzini ödəmə

MÜQƏDDƏS RUHUN ƏNAMLARI

1. Müdriklik

2. Ağıl

3. Məsləhət

4. Möhkəm olmaq (cəsarət)

5. Bilik (bacarıq)

6. Salehlik

7. Allah qorxusu

BİRİNCİ dərəcəlİ XEYİRXAH İşlər

  1. Dua. 2. Oruc. 3. Sədəqə.

İnsanın ruhu üçün MƏRHƏMƏT İşlərİ

1. Günahkara Tövbə barədə nəsihət vermək.

2. Nadanı öyrətmək.

3. Şübhə edənə xeyirxah məsləhət vermək.

4. Kədərlənənə təsəlli vermək.

5. Yaxınının nöqsanlarına səbirlə dözmək.

6. İncikliyi bağışlamaq.

7. Sağ və dünyadan köçənlər üçün dua etmək.

İnsanın bədənİ üçün MƏRHƏMƏT İşlərİ

1. Ac adamı yedizdirmək.

2. Susayana su vermək.

3. Çılpağı geyindirmək.

4. Yolçunu evinə qəbul etmək.

5. Məhbusa baş çəkmək.

6. Xəstəyə baş çəkmək.

7. Ölünü basdırmaq.

yeddİ ƏSAS GÜNAH

1. Təkəbbür

2. Xəsislik

3. Zina

4. Paxıllıq

5. Qarınqululuq

6. Qəzəb

7. Tənbəllik (ümidsizlik)

İNSANIn son aqİbətİ

Ölüm. Allahın məhkəməsi. Cənnət yaxud cəhənnəm.

B. TÖVBƏ AYİNİ

1. VİCDAN SINAğından ƏVVƏL DUA

Ey Rəbbim İsa, ürəyimə kədərlənmə ver.

Müqəddəs Ruha dua

Ey əbədi işıq mənbəyi, Müqəddəs Ruh, qəlbimdəki zülməti yox et ki, günahlarımı görüm, mənə səmimi tövbə hissi, günaha nifrət hissi ver, məni həyatımın son gününədək Allahın iradəsi və əmrlərinə riayət etmək üçün möhkəm arzu ilə doldur. Amin.

Müqəddəs Allah Anasına dua

Ey Müqəddəs Məryəm Ana, Sən bir çox günahkar üçün Tövbə lütfünü diləmisən. Mənə də bütün günahlarımı görməyə, onları ürəkdən tövbə etməyə və günahları yaxşıca etiraf etməyə kömək et.

2. VİCDAN SINAğı

Fariseylərdən biri Rəbb İsa Məsihi «sınayaraq» soruşdu: «Müəllim, Qanunda ən böyük əmr hansıdır?» İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. Bu, böyük və əsas əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. Bütün Qanun və Pey­ğəm­bərlərin sözləri bu iki əmrə əsaslanır» (Mat 22, 36-40).

Allaha və yaxınımıza məhəbbətimiz nədə görünməlidir? Allahın Sina dağında Musa peyğəmbərə verdiyi On əmr bunu öyrədir. İlk üç əmr Allaha münasibətimizdə, növbəti yeddi əmr isə yaxın­larımıza münasibətimizdə borcumuzu göstərir (Çıx 20, 1-17).

Sonuncu dəfə tövbədə nə vaxt olmusan? Tövbədə günahını səmimi etiraf etmisənmi? Hansısa ağır bir günahı etiraf etməyi unutmamısanmı? Yalançı utancaqlıq üzündən bir şey gizlətməmisənmi? Müəyyən olunmuş cəzanı yerinə yetirmisənmi? Əsas qüsurunla mübarizə aparmaq barədə qərar qəbul etmi­sənmi? Əgər qərar qəbul etmisənsə, onu yerinə yetirdinmi? Günahlı meyllərinlə mübarizədə ruhdan düşməmisənmi?

A. Allah qarşısında Borclar

İman

Allahın mövcudluğuna şübhə etmisənmi, İlahi iradəyə görə şikayət etmisənmi, Onun müqəddəs Adını ləkələmisənmi, müqəddəs Kilsənin təlimini və onun ayinlərini inkar etmisənmi? Məsihçi imanının həqiqətləri barədə öz biliyini dərinləşdirməyə çalışmısanmı? Öz imanına görə xəcalət çəkmisənmi? İmana şübhən olanda Rəbdən kömək diləmisənmi? Həyatını islah etmək, qəlbini təmizləmək və onda məhəbbəti artırmaq üçün sənə verilmiş sınaqları səbirlə keçirmisənmi?

Ümid

Lazımi qədər Allaha ümid etmisənmi? Sınaq yaxud cansıxıcı dəqiqələrdə Ona ümid etmisənmi? Öz gücünə güvənmisənmi? Məyus olmusanmı? Ölüm təhlükəsi zamanı bizə əbədi həyat verən Allaha ümid etmisənmi?

Məhəbbət

Hər şeydən çox Allahı sevmisənmi? Dünyəvi nemətləri yaxud bağlılığı Ondan üstün tutmısanmı? Onu daha da çox sevməyə və hər bir işi Onunla birlikdə etməyə can atmısanmı? Öz işini, istirahətini, sevinc və əzablarını Ona həsr etmisənmi? Səni əhatə edənlərdə, hətta sənə xoş olmayanlarda Allahı görmüsənmi?

Allaha Ehtiram

Allahın, Məsihin, Məryəm Ananın və müqəddəslərin adını boş yerə çəkmisənmi? Ehtiyac olmadan Allahı şahid çağırmısanmı? Yalandan and içmisənmi? Allaha verdiyin vədi yerinə yetirmisənmi? Müvafiq ehtiram göstərmədən müqəddəs olan şey barədə danışmısanmı?

Dua

Gündəlik duaları etmisənmi? Heç olmasa bəzən Allahla öz sözlərinlə danışmağa cəhd etmisənmi? Duaların yalnız niyazlardan ibarət olubmu? Hətta sınaqlarda belə, Allahı izzətləndirib, Ona minnətdarlığını bildirmisənmi? Duaları həddindən tez və fikir dağınıqlığı ilə oxumusanmı?

Rəbbin Günü (bazar) və bayram günləri

Rəbbin Günü və bayram günlərində müntəzəm olaraq İlahi Liturgiyada iştirak etmisənmi? Öz təqsirinlə ibadətə gecikmi­sənmi? Özünü məbəddə necə aparmısan? Sənin üçün Rəbbin Günü və bayram günləri, həqiqətən, Rəbbin günləridirmi? Asudə vaxtlarından istifadə edərək dini kitablar oxuyur, ailə üzvlərinə sevinc gətirir, xəstələrə baş çəkib yaxud başqa xeyirxah işlər görürsənmi?

Kilsədə həyat

Sən özünü Kilsə üzvü hiss edirsənmi, Məsihin işığını dünyada yaymaq barədə Kilsənin missiyasına görə cavabdehlik hiss edirsənmi? Bu müqəddəs işdə kömək göstərməyə çalışmısanmı? İnsani nöqsanlarına baxmayaraq, Məsihin yer üzündəki nümayəndələri olan ruhanilərə lazımi hörmət göstərirsənmi? Davranışın Kilsə barədə mənfi fikir yaranmasına səbəb olubmı?

B. İnsanın özü qarşısında Borcu

Təkəbbürlə mübarizə etmisənmi? Təkəbbürlə davranmısanmı? Öz üstünlüyünü göstərməyə və başqasını alçaltmağa çalışmısanmı? Təqsirini asanlıqla etiraf etmisənmi? Tənqidi əsəbiləşmədən qəbul etmisənmi? Səhvlərini gizlətmək üçün yalan danışmısanmı?

Maddi nemətlərə bağlı deyilsənmi? Öz vəziyyətindən razı­sanmı? Başqalarının maddi vəziyyətinə və müvəffəqiyyətinə paxıllıq edirsənmi? Kilsəyə ianə verirsənmi və yaxınlarına ehtiyac zamanı kömək edirsənmi? Simic yaxud israfçı olmusanmı?

Ürəyini təmizlikdə qorumağa çalışırsanmı? Zina günahını etmisənmi? Əgər etmisənsə, bunu neçə dəfə etmisən? Murdar fikir və arzularla mübarizə aparırsanmı? Pornoqrafiya ədəbiyyatını oxuyursanmı və onu başqalarına oxumağa verirsənmi? Utanmaz söhbətlər edirsənmi, ədəbsiz tamaşalarla maraqlanırsanmı? Öz bədəninə hörmətlə yanaşırsanmı? Onanizmdən çəkinirsənmi? Səfeh mühitdən uzaqsanmı? Başqalarını yoldan çıxarmağa çalışırsanmı? Başqasının hisslərinə düşüncəsiz münasibət göstərir­sənmi? Allahdan kömək istəyərək öz günahlı meyllərinə qalib gəlməyə çalışırsanmı?

Yemək və içməkdə sadəsənmi? Sərxoşluq qüsuruna təslim olursanmı? Narkotik maddədən istifadə edirsənmi? Onların yayılmasında iştirak etmisənmi?

Vaxtdan səmərəli istifadə etməyə çalışırsanmı? Özünə aid Allahın iradəsini öyrənməyə çalışırsanmı? Allahın izzəti və yaxınının xeyri üçün Onun sənə verdiyi bacarıqları inkişaf etdirmisənmi?

C. İnsanın yaxını qarşısında Borcu

Valideynlərinə necə münasibət göstərirsən? Onlara məhəbbət və hörmət göstərirsənmi? Onlara itaətlisənmi? Onlara etibarla yanaşırsanmı? Yalan danışmısanmı? Onlarla kobud olmusanmı? Onlara kömək etməyə çalışırsanmı? Onlarla münasibətdə səbirli­sənmi? Valideynlərinin qocalığında kasıbçılıq və tənhalıqdan əzab çəkməməsi üçün çalışırsanmı? Onlara görə xəcalət çəkirsənmi?

Ailənin başqa üzvlərinə necə münasibət göstərirsən? Yaxınlarının dava və vuruşmalarının səbəbi olmusanmı? Kiçiklərə nümunə göstərirsənmi?

Həyat yoldaşına münasibətin necədir? Ər-arvad sədaqətinə riayət edirsənmi? Ana bətnində başlayan həyatı dayandır­mısanmı? Buna meyl etmisənmi?

Başqasını anlamağa çalışırsanmı? Onunla məhəbbət və razılıqda yaşamağa çalışırsanmı? Xudbinliklə davranırsanmı? Başqasına görə dua edirsənmi? Başqasının sağlamlığı və ruhani həyatının qayğısına qalırsanmı? Öz uşaqlarının lazımi qayğısına qalırsanmı? Onları anlamağa və onların etibarını qazanmağa çalışırsanmı? Uşaqlara münasibətdə ədalətli olmağa çalışırsanmı? Həddindən artıq ciddi və əsəbi olursanmı? Onların şıltaqlığına yol verirsənmi? Kilsə övladı və cəmiyyətin layiq üzvləri kimi onların formalaşmasına kömək edirsənmi? Boyümüş övladların ailə həyatlarına qarışırsanmı? Evini həqiqi məsihçi ocağına çevirməyə çalışırsanmı?

İşdə, məktəbdə və s. daim rast gəldiyin adamlara görə məsuliyyət hiss edirsənmi? Onlara zəruri olanda kömək edirsənmi? Yaxınının həyatını təhlükəyə qoymusanmı? Bir kəsə nifrət yaxud antipatiya hiss etmisənmi və əgər hiss etmisənsə, buna qalib gəlməyə çalışmısanmı? Kimdənsə küsmüsənmi? Yaxınına qəzəblənmisənmi? Sözündə yaxud əməlində kimisə incitmisənmi? Yaxınını mühakimə edərək yaxud onu aldadaraq ona pislik etmisənmi? Kiməsə böhtan atmısanmı? Yalan şəhadət vermisənmi? Başqasının müvəffəqiyyətinə paxıllıq etmisənmi? Başqasının günah və nöqsanlarını aləmə yaymısanmı? Yaxınına gülmək vərdişin varmı? Başqasının fəlakətinə sevinmisənmi? Əslinə, zəifliyinə yaxud nöqsanlarına görə bir kəsə etinasızlıq göstərmisənmi? Yaxınına maddi ziyan vurmusanmı? Əgər vurmusansa, əvəzini ödəmisənmi? Bir kəsi yoldan çıxarmısanmı və onu müəyyən bir günaha həvəsləndirmisənmi?

İşdə, məktəbdə öz vəzifəni yerinə yetirirsənmi? Vəzifə başında düşüncəsiz davranırsanmı? Sənə tapşırılan işləri vicdanla yerinə yetirirsənmi?

Ruhani həyatında tərəqqi varmı? Sonuncu tövbədən sonrakı dövrdə sən hansı günahları tez-tez etmisən? Sənin əsas nöqsanın yaxud qüsurun nədir? Onunla necə mübarizə edirsən?

3. günahlara görə kədərlənmə barədə akt

Vicdan sınağını bitirəndən sonra etdiyin bütün günahlara görə kədərlənməyə çalış. Özünü Allah qarşısında təsəvvür et və özündən soruş: sən kimsən və Allah kimdir? Mahiyyətində Müqəddəslik və Məhəbbət olan Hər şeyə Qadir Allahı sən necə təhqir edə bildin? Gələcəkdə nə etməlisən, günahdan necə çəkinməlisən, günahlara görə Allahı necə məmnun edəcəksən?

Hökmdarım və Allahım, mən bütün günahlarıma görə kədərlənirəm; mərhəmətli və xeyirxah Xilaskarım olan Səni təhqir etdiyimə görə səmimiyyətlə təəssüf edirəm; bu saata qədər etdiyim bütün günahlarıma nifrət edirəm və təvazökarlıqla Səndən diləyirəm: könüllü yaxud bilmədən Sənin əmrlərinə və Müqəddəs iradənə qarşı etdiyim hər şeyə görə cəzanı mənə yumşalt, burax və bağışla. Ya Rəbb, Sənə hər cür könüllü günahdan və ona gətirib çıxaran hər şeydən çəkinməyə söz verirəm və qəti qərar qəbul edirəm; Sənin mərhəmətinə və hər cür xeyirxah işdə məni möhkəmlədən lütflü köməyinə ümid edirəm. Məryəm Ananın və bütün müqəddəslərinin duaları ilə mənə kömək etdiyinə tam inanıram. Amin.

İtkin oğul kimi durub Atamın yanına gedəcəyəm və müqəddəs tövbədə Ona deyəcəyəm: Ata, mən göyə və sənə qarşı günah etdim. Mən artıq Sənin oğlun adlanmağa layiq deyiləm. Məni öz muzdlu işçilərinin biri kimi qəbul et. Amin.

4. tövbə

Tövbə hücrəsinə gəlib diz çök, xaç işarəsi çək və de : İsa Məsihə həmd olsun!

Sonra sonuncu dəfə nə vaxt tövbə etdiyini, bağışlanmanı alıb-almadığını, sonuncu tövbədə nəyi isə gizlətmədinmi yaxud unut­madınmı, keşişin təyin etdiyi cəzanı yerinə yetirib-yetirmə­diyini söylə. Axırıncı tövbədən sonra etdiyin, vicdan sınağı zamanı yada saldığın bütün günahlarını etiraf et; onların sayını, şərait­lərini, öz günahlı meyllərini, səndə hökm edən ehtirası göstər. Keşişə ruhani vəziyyətinin aydın olması və onun sənə müvafiq nəsihət verə bilməsi üçün hər şeyi söyləmək lazımdır. Tövbəni bitirəndən sonra söylə:

Bu və ola bilsin unutduğum başqa günahlarıma görə, həmçinin həyatımın bütün günahlarına görə bütün ürəyimlə kədərlənirəm. Allahın lütfünün köməyi ilə daha günah etməmək istəyirəm və buna ümid edirəm; xahiş edirəm, ata, mənə nəsihət və xilasedici cəza ver.

Keşiş cəza təyin edir və günahları buraxır. O, əlini tövbə edə­nin başı üstündə tutub deyir: «Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə səni günahlarından azad edirəm. Amin».

Keşiş azad edən duanı oxuduğu vaxt tövbə hissləri ilə Rəbbə müraciət et:

Rəbb, günah etdiyim üçün peşmanam, islah olmaq və günahlarımın bağışlanmasını istəyirəm, Rəbb, mən günahkara qarşı mərhəmətli ol. Rəbb İsa Məsih, mən günahkarı bağışla.

5. TÖVBƏdən SONRAkı DUA

Xilaskarım, Allahım, Öz böyük mərhəmətinə görə günahlarımı bağışladığın üçün Sənə minnətdaram. Ey Allah, daha heç vaxt əmrlərini pozmamaqda mənə kömək et. Rəbb, böyük mərhəmətinin əvəzinə Sənə nə verə bilərəm? Məhəbbətinə görə necə minnətdarlıq edə bilərəm? Günahdan başqa məndə bir şey yoxdur, amma, ey çox mərhəmətli və insansevər olan Allah, layiq olmadığım halda mənim yanıma gəl, ürəkdən olan etiraf və minnətdarlığımı qəbul et və Səndən uzaqlaşmağıma yol vermə. Amin.

C. ROZARI

Qədim Romada olduğu kimi orta əsrlərdə də adlı-sanlı adamlar arasında onlara tabe olanların yaxud hörmət edənlərin təqdim etdikləri çiçəklərdən toxunmuş tacı başında gəzdirmək adəti var idi. Kilsə bu adəti ruhani planda tətbiq etməyi və Məryəm Anaya dualardan toxunmuş tac – «Rozari» təqdim etməyi, duada Onu Atanın Qızı, Oğulun Anası və Müqəddəs Ruhun Nişanlısı kimi izzətləndirməyi bizə nəsihət edir.

Katolik Kilsəsində çox məşhur olan bu dua «Göylərdə olan Atamız», «Ey Məryəm, sevin», «İzzət Ataya» dualarının oxunmasından ibarətdir və Rəbbimiz İsa Məsihin və Allah Anasının yer üzündəki həyatında olan iyirmi sirr barədə düşüncə ilə müşayiət edilir.

Bütün Rozari dörd hissəyə bölünür:

SEVİNCLİ sİrlər:

1. Bakirə Məryəmə verilən Xoş Xəbər.

2. Müqəddəs Elizavetin yanına getmə.

3. İsa Məsihin doğulması.

4. Məbəddə həsr etmə.

5. Yeniyetmə İsanın Yerusəlim Məbədində tapılması.

İŞIQ sİrlərİ

1. Rəbb İsanın İordan çayında vəftizi.

2. İsanın Qalileya Qanasında etdiyi ilk möcüzə.

3. Allahın Səltənətinin vəzi və Allaha tərəf dönməyə çağırış.

4. İsa Məsihin surətinin dəyişilməsi.

5. Evxaristiyanın təyin edilməsi.

Kədərlİ sİrlər

1. Getsemani bağında dua

2. İsa Məsihin qamçılanması.

3. Tikanlı tacın qoyulması.

4. Çarmıx yolu.

5. Rəbb İsa Məsihin çarmıxa çəkilməsi.

İzzətlİ sİrləR

1. Məsihin Dirilməsi.

2. Rəbbin Göylərə yüksəlməsi.

3. Müqəddəs Ruhun enməsi.

4. Müqəddəs Məryəm Ananın göyə çəkilməsi

5. Bakirə Məryəmin səmavi izzət ilə taclanması.

Rozari duasından əvvəl adətən bu dua oxunur:

Rəbb İsa Məsih, Sənə bu Rozarini Adının izzəti üçün Sənin Müqəddəs Ananın şərəfinə və insan ruhlarının xilası üçün təqdim edirəm.

Adətən Rozari duası zamanı böyük və kiçik muncuq dənələ­rin­dən ibarət olan təsbeh istifadə olunur. Dua edənlər əvvəlcə özlə­rinə xaç işarəsini çəkirlər, sonra balaca xaçın üzərində «İman edirəm» duasını, birinci böyük muncuq dənəsində «Ey göy­lərdə olan Atamız», üç kiçik muncuq dənəsində üç dəfə «Sa­lam, mübarək Məryəm» (iman, ümid və məhəbbətin çoxalması üçün), sonra ilk sirrini adı çəkilir və böyük muncuq dənəsində «Ey göylərdə olan Atamız», kiçik muncuq dənə­sində on dəfə «Salam, mübarək Məryəm» sonda «Ata­ya, Oğula və Müqəddəs Ruha indi də, həmişə də, əbədi olaraq da həmd olsun. Amin.» mədhiyyəsini söyləyirlər;

Həmçinin bu müraciətnaməni də sonda əlavə etmək olar:

Əzəldən günahsız olan Məryəm, Sənin yanına gələn bizlər üçün Allaha dua et.

Yaxud 1917-ci ildə Məryəm Ananın Fatimada uşaqlara öyrətdiyi duanı söyləmək olar:

Rəbb İsa Məsih, bizim günahlarımızı bağışla, cəhən­nəm alovundan bizi xilas et və bütün insanları, xüsusilə də, Sənin mərhəmətinə daha çox ehtiyacı olanları cən­nətə apar.

Rozari duasını tam yaxud qismən oxuyandan sonra adətən Müqəddəs Məryəm Ananya litaniya oxunur.

ROZARI zamanı DÜŞÜNCƏlər

Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə. Amin.

«İman edirəm» (xaç üstündə)

«Ey göylərdə olan Atamız» (birinci böyük muncuq dənəsi üzərində)

«Salam, mübarək Məryəm» (növbəti üç kiçik muncuq dənəsi üzərində)

«Müqəddəs Üçlüyə Həmd» (Ataya, Oğula və Müqəddəs Ruha indi də, həmişə də, əbədi olaraq da həmd olsun. Amin)

SEVİNC sİrlərİ

1. Məryəmə Xoş Xəbərin verilməsi: «Mən Rəbbin quluyam» (Luka 1, 38).

Sirrin bəhrəsi – təvazökarlıq.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

2. Bakirə Məryəmin Elizavetə baş çəkməsi: «Qəlbim Rəbbi ucaldır…» (Luka 1, 46).

Sirrin bəhrəsi – yaxınına məhəbbət.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

3. İsa Məsihin doğulması: «Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm… Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir» (Luka 2, 10).

Sirrin bəhrəsi – tamahsızlıq ruhu.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

4. Həsretmə: «Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər» (Luka 2, 22).

Sirrin bəhrəsi – saflıq və itaət.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

5. Yeniyetmə İsanın Məbəddə tapılması: «Mən Atamın evində olmalıyam» (Luka 2, 49).

Sirrin bəhrəsi – Məsihi tapmaq arzusu.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

İŞIQ sİrlərİ

1. Rəbb İsanın İordan çayında vəftizi. «Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam» (Mat 3, 17).

Sirrin bəhrəsi – Allahın məhəbbətinə etibar.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

2. İsa Qanadakı toyda ilk möcüzəsini edir. «Isa… izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi» (Yəh 2, 11).

Sirrin bəhrəsi – yaxınımıza mərhəmət.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

3. Allahın Səltənətinin vəzi və Allaha tərəf dönməyə çağırış. «Tövbə edin və Müjdəyə inanın» (Мark 1, 15)

Sirrin bəhrəsi – günahlara görə peşman olmaq.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

4. İsa Məsihin surətinin dəyişilməsi. «Dua edərkən üzünün görünüşü dəyişdi və libası gözqamaşdırıcı ağ rəng aldı… Bu Mənim Oğlumdur, seçilmişimdir, Ona qulaq asın» (Luka 9, 29. 35).

Sirrin bəhrəsi – Müqəddəs Bəxşişlərdə İsaуa səcdə.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

5. Evxaristiyanın təyin edilməsi. «Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi» (Yəh 13, 1).

Sirrin bəhrəsi – Evxaristiyada müntəzəm iştirak.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

Kədər sİrlərİ

1. Getsemanidə dua: «Mənim yox, Sənin iradən olsun» (Luka 22, 42).

Sirrin bəhrəsi – Allahın iradəsinə tabe olma.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

2. Qamçılanma: «Onun yaraları ilə biz şəfa tapdıq» (Yeş 53, 5).

Sirrin bəhrəsi – cismin ehtiraslarına qalib gəlmək.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

3. Tikanlı tacın qoyulması: «Padşahınız budur» (Yəh 19, 14).

Sirrin bəhrəsi – təkəbbür qüsuruna qalib gəlmə.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

4. Çarmıx yolu: «Kəsilməyə aparılan quzu kimi» (Yeş 53, 7).

Sirrin bəhrəsi – sınaqlarda səbir.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

5. İsa Məsihin çarmıxa çəkilməsi: «bədənini deşdikləri Şəxsə baxacaqlar» (Зək 12, 10; Yəh 19, 37).

Sirrin bəhrəsi – Allaha məhəbbət və insanın xilas olunması üçün səy göstərmə.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

İzzət sİrlərİ

1. Dirilmə: «Mən dövrün sonuna qədər hər gün sizinləyəm» (Mat 28, 20).

Sirrin bəhrəsi – ruhani yeniləşmə.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

2. Göylərə yüksəlmə: «Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram» (Yəh 20, 17).

Sirrin bəhrəsi – Məsihlə səmalarda olmaq arzusu.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

3. Müqəddəs Ruhun enməsi: «gedin, bütün millətləri Mənim şagirdim edin» (Mat 28, 19).

Sirrin bəhrəsi – həvarilik ruhu.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

4. Məryəm ananın göyə çəkilməsi: «Salam, lütf ilə dolu olan…» (Luka 1, 28).

Sirrin bəhrəsi – sülh içində dünyadan köçmə

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

5. Bakirə Məryəmin səmavi izzəti ilə taclanması: Rəbb «qulunun yazıq halını gördü» (Luka 1, 48).

Sirrin bəhrəsi – Məryəm Ananın himayəçiliyinə ümid.

«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək Məryəm», «Müqəddəs Üçlüyə Həmd»

1 Ordular Rəbbi – Sabaot (ibrani dilində) – İlahiyyətçilərin bir hissəsi hesab edir ki, ordular sözü altında müəlif İsrail xalqını nəzərdə tutur. O biri hissəsi isə Səmavi mələklər ordusunun nəzərdə tutulmasını ehtimal edir.